Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Azərbaycan Rəssamlar İttifaqında görüş
11.03.2022

Martın 9-da mədəniyyət naziri Anar Kərimov rəssamlıq sənətinə böyük töhfə vermiş Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdiyini və ərazi bütövlüyümüzün bərpasından ötən müddətdə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Qarabağa mədəniyyətin qaytarılması istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb.

Anar Kərimov “Şuşa İli” ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planından və Mədəniyyət Nazirliyi tərəfindən bir sıra tədbirlərin hazırlanmasından danışıb. Qeyd etdi ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında təsviri sənət sahəsində bir sıra layihələr yer alıb. Belə ki, layihələr çərçivəsində azərbaycanlı rəssamların Şuşaya səfərinin təşkili və onların yaratdıqları əsərlərin Şuşa və Bakı şəhərlərində təqdimat mərasimlərinin keçiriləcəyini və ən yaxşı əsərlərin müəlliflərinin mükafatlandırılacağını bildirib. O, “Şuşa İli” ilə bağlı, həmçinin bir çox beynəlxalq layihələrin də həyata keçiriləcəyini qeyd edib.

Eyni zamanda, o, cari ildə nazirlik tərəfindən “Şuşa İli”nə həsr olunmuş Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltaraşlıq müsabiqəsinin təşkil ediləcəyi barədə məlumat verib. Anar Kərimov gələcəkdə də Mədəniyyət Nazirliyi tərəfindən rəssamların işlərinin alınması, respublika daxilində və xaricdə rəssamların fərdi sərgilərinin təşkil edilməsinə dəstək göstəriləcəyini bildirib.

Daha sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək görüşün rəssamların fəaliyyətini çətinləşdirən amillərin həlli üçün imkan yaradacağını və faydalı olacağını, həmçinin rəssamların fəaliyyətinin daha da yaxşılaşdırılması üçün böyük töhfə verəcəyini söyləyib. Rəssamlar İttifaqının üzvləri- Xalq rəssamları Arif Hüseynov, Aydın Rəcəbov, Xanlar Əhmədov, sənətşünas Ziyadxan Əliyev çıxış edərək rəssamların yaradıcılıq fəaliyyətinin daha da yaxşılaşdırılması üçün təkliflərini səsləndiriblər.

Sonda Mədəniyyət naziri Anar Kərimov “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanını Xalq rəssamı Fərhad Xəlilova təqdim etdi.

Oxşar Xəbərlər

    ×