Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Rüstəm İbrahimbəyovun əsərləri dövrünün reallıqlarını parlaq şəkildə əks etdirir
14.03.2022

Moskvada Rüstəm İbrahimbəyov ilə vida mərasimi keçirilib

Moskvada müasir Azərbaycan mədəniyyətinin və kinosunun görkəmli nümayəndəsi, Xalq yazıçısı Rüstəm İbrahimbəyov ilə vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində təşkil olunub. Görkəmli soydaşımız, məşhur incəsənət xadimi ilə vidalaşmağa gələnlər arasında mərhumun qohumları, dostları və yaxınları, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və səfirliyimizin əməkdaşları, elm və mədəniyyət xadimləri var idi.

Vida mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-Prezident Mehriban Əliyevanın imzaladıqları nekroloqun mətni və Rusiya Prezidenti Vladimir Putinin Rüstəm İbrahimbəyovun ailəsinə ünvanlandığı başsağlığı məktubu oxunub.

Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Rüstəm İbrahimbəyovun adı və parlaq yaradıcılığı əsrlər boyu insanların qəlbində yaşayacaq. O, Rüstəm və Maqsud İbrahimbəyovlarla bağlı xatirələrini bölüşərək deyib: “Rüstəm İbrahimbəyov görkəmli dramaturq, yazıçı idi. Onun kino, teatr, ədəbiyyat sahələrində çox böyük uğurları var. Rüstəmin əsərləri dövrünün reallıqlarını parlaq şəkildə əks etdirir. Əlbəttə, belə böyük şəxsiyyət haqqında keçmiş zamanda danışmaq çətindir. O, Azərbaycanın, Sovet İttifaqının və Rusiyanın ən ali mükafatlarına layiq görülüb. Rüstəm İbrahimbəyovun adı əsrlərlə qəlblərdə yaşayacaq”.

Kinorejissor və ssenariçi, Rusiyanın Xalq artisti Andrey Konçalovski bildirib ki, Rüstəm İbrahimbəyov həm Azərbaycan, həm də Rusiya kinematoqrafında bütöv bir dövrün yaradıcısıdır. “O, parlaq simalardan biri idi. Təəssüf ki, rus kinematoqrafiyasının borclu olduğu bir nəsil gedir. Biz və sözsüz ki, Azərbaycan mədəniyyəti Rüstəm İbrahimbəyovu unutmayacağıq”, - deyə rejissor vurğulayıb.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qeyd edib ki, Rüstəm İbrahimbəyov Vətəni Azərbaycanı çox sevirdi. M.Şvıdkoy deyib: “Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində işləyərkən onun həyatında çox mühüm rol oynamışdı. “İstintaq” filmi 1978-ci ildə sovet kinematoqrafiyası sahəsində və siyasi aləmdə kəskin müzakirələrə səbəb olmuşdu. Lakin o zaman məhz Heydər Əliyev Rüstəm İbrahimbəyovun yaradıcılıq cəsarətini dəstəkləmişdi”.

Mərasimdə görkəmli yazısı və rejissorun dostları, həmkarları, yaxınları çıxış ediblər.

Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov atasının xatirəsinə göstərilən dərin ehtirama görə təşəkkürünü bildirib.

Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyov 2022-ci il martın 10-da ömrünün 84-cü ilində Moskvada vəfat edib. Mərhumun nəşi martın 15-də dəfn olunmaq üçün Bakıya gətiriləcək.

Oxşar Xəbərlər

    ×