Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə “Natəvan” klubunda “Dünya ədəbiyyatı” jurnalının “İsrail” nömrəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, AYB-nin sədri Anar, Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Qənirə Paşayeva İsrailin Azərbaycan üçün dost ölkə olduğunu, əlaqələrimizin uzun bir zaman içərisində inkişaf edərək indiki yüksək səviyyəyə qalxdığını qeyd edib. O, İsrail tərəfindən Azərbaycanın haqq işinə güclü mənəvi dəstək verildiyini, xalqlarımız arasında bağlılığın daha da möhkəmləndiyini bildirərək, təqdim olunan nəşrin də bu cəhətdən xüsusi önəm daşıdığını dilə gətirib.
Belə ədəbi-mədəni layihələrin münasibətlərdə çox səmərəli rol oynadığını bildirən Q.Paşayeva Azərbaycan-İsrail arasında mədəni əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkələrimiz arasında sıx əlaqələrin davamlı olacağına inamını ifadə edib. Komitə sədri bu cür layihələri dəstəkləməkdən məmnun olduqlarını deyərək, jurnalın redaksiya heyətinə “İsrail” nömrəsi üçün təşəkkür edib və yeni uğurlar arzulayıb.