“Radio TMB” (Türk Millətlər Birliyi) ilə “Turkic.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihə arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memoranduma əsasən, media şirkətləri əməkdaşlıq çərçivəsində informasiya mübadiləsi aparacaq, xüsusilə “Radio TMB” 100.5FM hər gün 15:00 –da türk dünyasındakı xəbərləri “Turkic.World”a istinadən dinləyicilərə təqdim edəcək. Memorandumun imzalanması hər iki media qurumuna türk dünyasında baş verən hadisələri daha fəal işıqlandırmağa imkan verəcək. Tərəflər əməkdaşlığı dərinləşdirmək üçün gələcəkdə qarşılıqlı maraq kəsb edən layihələrin həyata keçirilməsi barədə də razılığa gəlib.
Bildirək ki, "TMB - Türk Musiqisini Birləşdirən Radio" devizi ilə fəaliyyət göstərən radionun əsas prioriteti informasiya və media sahəsində layihələr həyata keçirməklə yanaşı, türk xalqlarının mədəniyyətinin tərənnümü, informasiya mübadiləsi və maarifləndirilməsidir. Həmçinin, “Radio TMB” türk musiqi mədəniyyətində mədəni və tarixi irsin, eləcə də milli kimlik və adət-ənənələrin qorunub saxlanmasında beynəlxalq əməkdaşlığa olduqca önəm verən bir media qurumudur.
Onu da xatırladaq ki, “Turkic.World” layihəsinin məqsədi isə türkdilli ölkələrin ortaq tarixi, dini, mədəni və ana dili dəyərlərini əsas götürərək türk dünyasının həmrəy kommunikasiya platformasını yaratmaq və kontenti birbaşa informasiya mənbəyinə çevirməkdir.