Martın 15-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və təşəbbüsü ilə reallaşan “Shusha talks” (“Şuşa söhbətləri”) adlı layihənin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Qarabağın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdir.
Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək layihə haqqında məlumat verib.
Bildirib ki, layihə çərçivəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin “Şuşa İli” ilə bağlı nazirliklə əməkdaşlığını genişləndirmək məqsədilə görüşlər keçiriləcək və fikir mübadiləsi aparılacaq.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək deyib ki, "Şuşa söhbətləri" layihəsi "Şuşa ili"nə həsr edilib: “Bu gün biz önəmli bir layihəyə start veririk. Layihə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin "Şuşa İli" elan edilməsinə həsr olunub. Bütün tədbirlərimizdə Şuşanı ana xətt kimi təbliğ etməliyik. Bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Şuşanın əhəmiyyəti təkcə onun tarixindən yox, həm də Azərbaycan mədəniyyətinin beşiyi olmasındadır. Nazirliyin bütün layihələrində Şuşanın əhəmiyyətinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunmağı vacibdir”.
Nazir vurğulayıb ki, Şuşa mədəniyyət paytaxtımız olaraq azadlığının ikinci ildönümünü yaşamaqdadır: “Bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandana, Ordumuza təşəkkür edirik. İstəyirik ki, Şuşa söhbətləri vasitəsilə Şuşanın dəyərini təbliğ edə bilək. “Şuşa söhbətləri” çərçivəsində biz müxtəlif insanları-jurnalistləri, blogerləri, tarixçiləri dəvət edəcəyik. Bu, bir başlanğıcdır. İlboyu belə müzakirələr keçirəcəyik. Layihənin uğurundan asılı olaraq növbəti illərdə də bunu davam etdirməyi düşünürük. Burada vətəndaş cəmiyyətinin iştirakı çox önəmlidir”.
A.Kərimov hər kəsi layihənin ictimai müzakirəsində fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, bundan sonra hər ay bu mövzuda görüşlər keçiriləcək.
Sonra “Şuşa söhbətləri” layihəsinin təqdimatı olub.
Tədbir müzakirə və çıxışlarla davam edib.
Qeyd edək ki, layihə çərçivəsindəki müzakirələrin Şuşada da keçirilməsi planlaşdırılır.