“Oskar-2022” mükafatının təqdimat mərasimində qalmaqal yaşanıb.
AZƏRTAC “İndependent” portalına istinadla xəbər verir ki, məşhur Amerika aktyoru Vill Smit həyat yoldaşı, aktrisa Cada Pinkett Smiti ələ saldığı üçün səhnəyə çıxaraq verilişin aparıcısı Kris Roka sillə vurub.
Buna səbəb aparıcının xanım Smiti ələ salaraq qısa kəsdirdiyi saçlarına görə ona “əsgər Ceyn” deyə müraciət etməsi olub. Qeyd edək ki, Cada Smit saçları töküldüyü üçün qısa kəsim elətdirir.
2022-ci ilin ən yaxşı kişi roluna görə birinci mükafata layiq görülən Vill Smit ürək sözlərini dilə gətirərkən emosional hərəkəti üçün üzr istəyib. Amma qeyd edib ki, peşəsindən asılı olmayaraq hər bir insanın bu həyatda əsas vəzifələrindən biri də ailəsini qorumaqdır. Aktyor buna misal olaraq “Kral Riçard” filmindəki özünün canlandırdığı Riçard Vilyams obrazını misal çəkib. Yeri gəlmişkən, Riçard Vilyams məşhur tennis ustaları Serena və Venus Vilyams bacılarının atasıdır.
Xatırladaq ki, Hollivud ulduzları arasında ən çox qazanan 53 yaşlı Vill Smitin illik qazancı 80 milyon dollar təşkil edir.