Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Xalça Muzeyində yeni layihənin təqdimatı olub
30.03.2022

Azərbaycan Milli Xalça Muzeyində “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sözügedən layihə beynəlxalq nüfuza malik art-menecer və təcrübəli sənətşünas Cahangir Səlimxanovun “Mədəni üfüqlər” adlı müəllif proqramına daxil olan 6 layihədən biridir. Könül Rəfiyevanın kuratoru olduğu layihə innovativ təqdimat üsullarının sərgi məkanına tətbiqi nümunəsidir.

Təqdimat mərasimində layihənin mentoru, sənətşünas Cahangir Səlimxanov çıxış edərək layihə haqqında məlumat verib: “Bu layihə adında da qeyd olunduğu kimi, yeni üfüqlər açacaq. “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsi Almaniya Xarici İşlər Nazirliyinin Mədəniyyət və Təhsil Təşkilatlarına Beynəlxalq Yardım Fondu, Hote İnstitutu və digər tərəfdaşların maliyyələşdirdiyi, mədəniyyət və incəsənət xadimləri üçün nəzərdə tutulan “Mədəni üfüqlər” adlı təhsil proqramı çərçivəsində həyata keçirilir”.

Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova xalçanın muzey kolleksiyasının ən dəyərli eksponatlarından biri olduğunu deyib.

O vurğulayıb ki, videoda xalçanın həyatı nəfs şəkildə canlanır: “Biz istəyirdik ki, musiqi ilə birlikdə mistik bir video yaradaq. Maraqlı bir layihə alındı. Seçimlər zamanı mən ilk olaraq bu xalçanı seçdim. Çünki bu xalçanın çox maraqlı tarixi var. Bu qiymətli xalça on səkkizinci əsrə aiddir. Uzun müddət erməni kolleksiyaçılardan birinin kolleksiyasında saxlanılan xalça on beş ildən artıq bir müddətdə İtaliyada saxlanılıb. Artıq bu xalça bizim muzeyimizdədir”.

Layihənin kuratoru Könül Rəfiyeva bildirib ki, layihə innovativ təqdimat üsullarının sərgi məkanına tətbiqi nümunəsidir. Qeyd edib ki, layihə böyük əhəmiyyətə malikdir: “Biz artıq bir ildən çoxdur ki, Cahangir müəllimlə Azərbaycan muzeylərində innovativ yanaşma üzərində işləyirik. Bu gün layihə üçün Qarabağ xalçasının seçilməsi təsadüfi deyil. Qarabağ xalçaları öz ad-sanı ilə məşhurdur. Bu layihənin davamı olacaq”.

Sonra layihənin təqdimatı olub.

Muzey kolleksiyasının ən dəyərli eksponatlarından olan XVIII əsrə aid unikal Qarabağ xalçasının videoinstalyasiyası nümayiş etdirilib.

Qrafik-dizayner Timur Əmirxanovun vizuallaşdırdığı videoinstalyasiya elektron musiqi prodüseri və tar ifaçısı İbrahim Babayevin “vİBrant” adlı yeni albomuna daxil olan “Muğam+” bəstəsi ilə müşayiət edilib.

Oxşar Xəbərlər

    ×