Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Bu gün “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtının açılış mərasimi keçiriləcək
30.03.2022

“Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtının açılış mərasiminə hazırlıq işləri başa çatıb. Artıq türk dünyasını təmsil edən qonaqların, eləcə də jurnalistlərin şəhər gəzintisi başlayıb. Bursa qonaqlarını zəngin bədii proqramla qarşılayır.

AZƏRTAC xəbər verir ki, bu il ərzində türk dünyasının əsas mədəniyyət mərasimlərinə ev sahibliyi edəcək qədim Bursa şəhəri rəsmi heyətlər başda olmaqla qonaqları qarşılayıb.

Martın 30-da Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sədrliyi ilə türk dövlətlərini təmsil edən heyət və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə Bursada toplantı keçiriləcək. Axşam isə geniş ictimaiyyətin iştirakı ilə “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtının açılış mərasimini olacaq.

Tədbirdə Azərbaycanı mədəniyyət naziri Anar Kərimov, Qırğızıstanı mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstanı mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlunun rəhbərliyi ilə nümayəndə heyətləri təmsil edir.

Mərasimdə Türkmənistan ölkənin Türkiyədəki səfiri İşankuli Amanlıyev, Macarıstan isə İstanbuldakı Baş konsulu Laszlo Keller səviyyəsində təmsil olunurlar. Bundan başqa, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov; TÜRKSOY Baş katibliyinə namizəd Sultanbay Raev, TÜRKPA Baş katibi Mehmet Sureyya Er, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər rəsmi şəxslər, həmçinin Türk Dövlətləri Təşkilatının Ankaradakı səfirləri mərasimdə iştirak edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclası martın 31-də Bursa şəhərində keçiriləcək. İclasda təşkilati və cari məsələlərə baxılacaq.

Oxşar Xəbərlər

    ×