Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı “Qanı ilə tarix yazan Rəşid Abdullayev” adlı videoçarx hazırlayıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda şəhidin keçdiyi döyüş yolu haqda faktlar öz əksini tapıb.
2002-ci ildə Samux rayonunda doğulan Rəşid Abdullayev orta məktəbi bitirdikdən sonra, 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Tarix müəllimi olmağı arzulayan Rəşid, hərbi xidmətini bitirdikdən sonra yenidən imtahanlara hazırlaşacaqdı. Lakin o, cəmi 18 yaşında olmasına baxmayaraq, qorxmazlığı və igidliyi ilə torpaqlarımızın azadlığı uğrunda qanı ilə tarix yazdı.
Şəhid valideynləri onunla təsəlli tapırlar ki, Rəşid cəmi 18 il yaşamasına baxmayaraq, mənalı ömür sürüb və əbədiyaşar ad qoyub gedib bu dünyadan, neçə-neçə Rəşidlər azad, müstəqil ölkədə yaşasın deyə...
Ailəsi Rəşidin şəhid olması xəbərini noyabrın 9-da alıb. İgid əsgər Bayraq Günü elə müqəddəs bayrağa bükülərək evlərinə gəlib.
Şəhid Rəşid Abdullayev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.