Coğaz - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, keçmiş Karvansara (İcevan) rayonunda, indi Tavuş vilayətində kənd. Kəndin qədim adı Cuğaz olmuşdur (415,s. 40). Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 22 km şimalda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. Toponim qədim türk dilində su sözünün fonetik forması olan "cu" (со) sözü ilə (339, s. 181; 210 a., s. 109) "ğas/qaz/xaz" qədim türk etnoniminin (78, s. 29-36) variantı olan "ğaz" (xaz, qaz, qas) etnoniminin birləşməsi əsasında əmələ gəlmişdir. Bu etnonim Qazax, Qafqaz toponimlərində öz İzini aydın şəkildə qoruyub saxlamışdır. Su mənasında işlənən "cu" sözü cuvar sözündə, erməni dilində cur (su) sözündə "cu" formalarında öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan dilində gildən, saxsıdan, şüşədən düzəldilən darboğazlı suqabı mənasında işlənən "cürdək" sözünün (12, s. 492) İlk komponenti "cü" də "su" sözünün fonetik formasıdır. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Berkaber" qoyulmuşdur. Kənd "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 46-47). Coğrafi koordinatları: 41°03' şm. e., 45°08' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/