Qurumsulu (Dostlu) - Tiflis quberniyasının Borçalı qəzasında, keçmiş Barana (Noyemberyan) rayonunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 48 km şimalda, dəniz səviyyəsindən 720 m hündürlükdə yerləşir. Kənd Azərbaycanın Qazax rayonundakı Qaymaqlı kəndi ilə həmsərhəddir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. Toponim türk dilində "yamacda və yaylanın yastı zirvəsində daş qırıqları, qaya parçası" mənasında işlənən "qurum" sözü ilə (339, s. 320) "-lu" şəkilçisi qəbul etmiş "su" sözünün birləşməsindən əmələ gəlmişdir. "Qurum" sözü qədim türk dilində "qaya parçası" mənasında "qorum" (qorum) formasında işlənmişdir (299, s. 46). Kəndin adı ilə relyefi uyğun gəlir. Belə ki kənd daşlı, çınqıllı, dağlı ərazidə yerləşir. Kəndin adı dəyişdirilərək "Bareqamavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 44).
Coğrafi koordinatları: 41°10' şm. e., 45°06' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/