Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Gürcüstan Aşıqlar Birliyinin sədri dünyasını dəyişib

    Gürcüstan Aşıqlar Birliyinin sədri, ictimai xadim, tanınmış şair- publisist Osman Əhmədoğlu vəfat edib.

    Bu barədə “Mirvari Dilbazi Məclisi”nin sədri Güllü Eldar Tomarlı məlumat verib.

    Qeyd edək ki, 1948-ci ildə Borçalı mahalında dünyaya gələn şair "Borçalıda yanan ocaq", " Mənim söz karvanım" və digər kitabların müəllifidir.

    "Qeyrət" xalq hərəkatının ilk qurucularından olan Osman Əhmədoğlu Borçalıda Aşıqlar Birliyinin sədri, “Dərviş” cəmiyyətinin qurucusu və rəhbəri olub. O, həmçinin Tbilisidə nəşr olunan "Dədə Qorqud" dərgisinin sahibi və baş yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın "Şöhrət" ordeni ilə təltif olunmuş ilk türk şairidir.

    Allah rəhmət eləsin.

     
  • Avstriya radiosunda Azərbaycana həsr olunmuş silsilə verilişlər yayımlanacaq

    Geniş dinləyici kütləsinə malik və Avstriya radiosunun əsas kanalı olan “Ö1”də martın 21-dən 29-dək Azərbaycana həsr olunmuş silsilə verilişlər yayımlanacaq.

    Bu barədə radionun mətbuat xidməti məlumat yayıb.

    Məlumatda bildirilir ki, “Qonşuluqda” adlı layihə çərçivəsində artıq uzun illərdən bəri Avropanın qonşuluğunda yerləşən ölkələrə həsr olunan silsilə verilişlər hazırlanır. Layihənin redaksiyası bu il üçün Azərbaycan haqqında verilişlər hazırlamaq qərarına gəlib və yayım üçün Novruz bayramı ərəfəsini münasib hesab edib.

    Silsilə verilişlər arasında “20-ci əsr Azərbaycan klassik musiqisi“, “Azərbaycanda Zərdüştün varisləri”, “Novruz – bahar bayramı”, “Bakıdan Qobustan Milli Parkına – Azərbaycanda ənənə ilə müasirlik arasında səyahət”, ”Azərbaycan müasir və eksperimental musiqi” və digər mövzular əksini tapacaq.

    Qeyd edək ki, radionun əməkdaşı Sabine Nikolay həmin verilişlər üçün materialların toplanması və müsahibələrin alınması üçün yanvar ayında Azərbaycanda səfərdə olub, eləcə də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edib.

     
  • VI çağırış Milli Məclisin Mədəniyyət komitəsi onlayn sistemlə ilk iclasını keçirib

    VI çağırış Milli Məclisin Mədəniyyət komitəsi martın 18-də onlayn sistemlə ilk iclasını keçirib.

    Parlamentin mətbuat xidmətinə istinadən xəbər verilir ki, komitənin sədri Qənirə Paşayeva ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirib, dövlətimizin qaydalarına uyğun olaraq komitənin iclasının bu sistemlə keçirilməsi zərurətinin yarandığını vurğulayıb. İclasda əvvəlcə komitənin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub. Bildirilib ki, qarşıdakı dövrdə “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında” vacib qanun layihələrinin hazırlanması nəzərdə tutulur. Komitə üzvlərinin sənədlərlə bağlı təklifləri dinlənilib, qanunvericilik işləri planı təsdiq edilib.

    Sonra “Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, sənədlərdə təklif olunan dəyişikliklərin məqsədi “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Qanunun icrası ilə əlaqədardır.

    İclasın gündəliyinə daxil edilən digər sənədin - “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara təklif edilən dəyişikliklərin “Reklam haqqında” Qanuna uyğunlaşdırma məqsədilə aparıldığı qeyd edilib.

    Onlayn müzakirələrin sonunda hər iki sənədin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi barədə qərar qəbul olunub.

     
  • Milli Kitabxanada “Yurdumuza bahar gəlir” adlı sərgi virtual rejimdə oxuculara təqdim olunur

    Koronavirus təhlükəsi ilə əlaqədar respublikada həyata keçirilən tədbirlər çərçivəsində martın 11-dən Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılıb. Kitabxananın əməkdaşları fəaliyyət göstərdikləri üçün oxuculara virtual rejimdə xidməti təmin edirlər.

    Martın 17-də Milli Kitabxananın əməkdaşları tərəfindən istifadəçilərə “Yurdumuza bahar gəlir” (http://anl.az/el/vsb/novruz/index.htm) adlı virtual sərgi təqdim edilib. Sərgidə mövzuya dair həm şəkillər, həm də kitablar təqdim olunur. Nümayiş olunan hər bir kitab haqqında ətraflı məlumat verilir. Eyni zamanda, kitabxananın saytının “Elektron kataloq və elektron kitabxana” bölməsində tam elektron mətni olan kitabların biblioqrafik təsvirindən sonra onların linkləri də verilib.

  • Kitabxana fondunun inventarizasiya işləri aparılıb

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarı və Mədəniyyət Nazirliyinin əmrinə əsasən, dünya miqyasında genişlənən koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə mədəniyyət müəssisələrində kütləvi tədbirlərin keçirilməsi müvəqqəti dayandırılsa da, funksional fəaliyyət davam etməkdədir.

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, əmrin icrası ilə əlaqədar Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası fondların inventarizasiyası işlərini aparıb.

     
  • Koronavirus təhlükəsi ilə əlaqədar respublikada həyata keçirilən tədbirlər çərçivəsində martın 11-dən Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılıb.

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi həyata keçirilib. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar rayon MKS-ləri də fəal iştirak edirlər.

    İdarədən bildirilib ki, ilk videoçarx Azərbaycanın dilbər güşələrindən biri olan Qubaya həsr olunub. Videoçarxda Quba rayonunun əhalisi, onun təbiəti, tarixi, inkişaf etmiş sənətkarlıq sahələri, mətbəxi haqqında məlumatlar əks olunub. Qubanın tanınmış şəxsiyyətləri, görkəmli dövlət xadimlərinin fotoları verilib. Videoçarxda Qubanın parklarının və müasir tikililərinin fotoları da var.

    Videoçarx Əməkdar artist Səxavət Məmmədovun ifasında “Qubanın ağ alması” xalq mahnısı ilə müşayiət olunur.

    “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan materialları “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsindən və “YouTube” kanalından da izləmək mümkündür.

     
  • İçərişəhər əlçatanlıq və rahat hərəkət baxımından Avropanın 13 tarixi şəhərindən biri seçilib

    Dünya İrs Şəhərləri Təşkilatının Cənubi Avropa və Aralıq dənizi ölkələri üzə Regional Katibliyi “Mobillik və Mədəni irs” mövzusunda növbəti kitabçasını yayımlayıb. Kitabçada hər kəs üçün əlçatanlıq və rahat hərəkət baxımından Avropanın ən yaxşı təcrübəyə malik 13 tarixi şəhəri seçilib.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, həmin 13 şəhərdən biri də İçərişəhərdir.

    İdarə tərəfindən İçərişəhərin sakinləri və ziyarətçiləri üçün rahat hərəkətin və məkanın əlçatanlığının təmin edilməsi istiqamətində həyata keçirilən layihələr və görülən işlər barədə oxuculara 4 dildə (ingilis, fransız, ispan və portuqal) məlumat verilib.

    ⠀ Qeyd edək ki, “Mobillik və Mədəni irs” layihəsi 2014-cü ildən Dünya İrs Şəhərləri Təşkilatı tərəfindən başladılıb. Bu layihənin əsas məqsədi mədəni irsin qorunub saxlanması istiqamətində tarixi abidələrin insanlar üçün rahat və əlçatan olması məqsədilə yerli orqanlara dəstək verməkdir.

     
  • Xalq yazıçısı Süleyman Rəhimovun 120 illiyinə həsr edilən kitab sərgisi açılıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli filialında Xalq yazıçısı Süleyman Rəhimovun 120 illiyinə həsr edilən “Ən böyük abidə əsərləridir” adlı kitab sərgisi təşkil olunub.

    İdarədən bildirilib ki, sərgidə tanınmış yazıçının əsərləri və onun haqqında yazılan kitablar yer alıb.

     
  • “YARAT” bütün tədbirləri aprel ayınadək təxirə salıb

    “YARAT” Müasir İncəsənət Məkanı COVID-19 koronovirusunun yanılmasının qarşısının alınması məqsədilə aprel ayınadək bütün tədbirləri təxirə salıb.

    “YARAT”dan bildirilib ki, ölkədə vəziyyət stabilləşəndən sonra bütün sərgi və tədbirlər növbəti ayın müvafiq günlərində təqdim ediləcək.

     
  • Dünya şöhrətli azərbaycanlı cazmen

    Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür.

    Anadan olmasının 80-ci ildönümü tamam olan orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.

    1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.

    1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.

    Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdır.

    Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. Tanınmış bəstəkar Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

    Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

    V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.