Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Tanınmış gürcü şairinin şeirləri Azərbaycan dilində

    Dövlət Tərcümə Mərkəzi tərəfindən tanınmış gürcü şairi, Çariça Tamara ədəbi mükafatı laureatı Bela Keburianın “Sayrışan şəfəqlər” adlı şeirlər toplusu Azərbaycan dilində işıq üzü görüb.

    Kitaba şairin “Damlaların diliylə”, “Tanrı”, “Düşünürəm”, “Başlayacaq” kimi 110 şeiri daxil edilib.

    Şeirlərin tərcümə və “Ön söz”ünün müəllifi İmir Məmmədli, redaktoru Mahir Qarayevdir.

    Kitaba yazılmış “Ön söz”də deyilir: “Bela Keburia rasional biliyə əsaslanan poetik cərəyanın parlaq nümayəndələrindəndir. Başqa sözlə desək, o, ənənəvi gürcü şeirinin sadiq davamçılarındandır. Yəqin, oxucu başa düşdü ki, ənənəvi gürcü şeiri də Azərbaycan şeiri kimi rasional biliyə əsaslanan poetik xəzinədir.

    Bela xanım ədəbiyyata ötən əsrin 80-ci illərində gəlib. Həmin dövrdə gürcü poeziyasında 60-cı illərdə başlanan yeni deyim tərzi, yeni forma axtarışı geniş vüsət almışdı. Bu meyil gənclərdə daha güclü idi. Amma Bela Keburia ənənəvi gürcü şeirinə üstünlük verdi, yaradıcılığını ona köklədi və axıra qədər seçiminə sadiq qaldı”.

     
  • Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb

    Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” tarixi-kulturoloji traktatı işıq üzü görüb.

    AYB-dən bildirilib ki, kitab Azərbaycanın qədim dövrdən bu günümüzə qədərki tarixi əhatə edir. Əsərdə bütövlükdə ümumtürk tarixinə ekskursiya olunur.

    Qədim türk abidəsi olan Orxon-Yenisey kitabələrindən üzü bəri bir çox mühüm yazılı mənbəyə müraciət edən müəllif tarixi hadisələr, görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər, maarifçilərimiz haqqında şəxsi mülahizələrini bölüşür.

    Anar həyat təcrübəsinə və dərin mütaliəyə dayanan yazıçı baxışı ilə əsərdə xalqımızın millət olaraq formalaşması, özünüdərk prosesinin hansı çətin mərhələlərdən keçdiyi; dil problemi, işğalçıların ana dilimizə təcavüz siyasəti, çar Rusiyasının xanlıqlarla müharibələri, Azərbaycanın ikiyə parçalanması, Şərqdə ilk demokratik cümhuriyyətin yaranışı, sovet imperiyasının qurulması, Stalin hakimiyyəti, repressiyalar, kütləvi qırğınların tariximizdə nə kimi izlər buraxdığı; əsrlərboyu Azərbaycanın başına gətirilmiş bəlaların ədəbiyyatımıza, incəsənətimizə necə sirayət etdiyi; ermənilərin torpaqlarımıza təcavüzü və Qarabağın işğalı, 20 Yanvar, Xocalı faciəsi kimi qanlı-qadalı, ağrılı-acılı hadisələrin kökündə hansı məkrli niyyətlərin gizləndiyi; vətəndaş müharibəsi təhlükəsi və ölkədə vəziyyətin kritik həddə çatması, hakimiyyət çəkişmələri, belə bir vaxtda Heydər Əliyevin yenidən hakimiyyətə dönüşü, bundan sonra respublikanın mədəni, iqtisadi, ictimai həyatında baş verən dəyişikliklərin Azərbaycanı hansı təhlükələrdən xilas etdiyi ilə bağlı bütün bu suallara cavab axtarır, tariximizə müxtəlif rakurslardan işıq salır.

     
  • Xətai Sənət Mərkəzində təşkil edilməsi nəzərdə tutulan tədbirlər təxirə salınıb

    Xətai Sənət Mərkəzində də bu ayın sonunadək təşkil edilməsi nəzərdə tutulan tədbirlər COVID-19 koronavirusunun yayılmasının qarşısının alınması məqsədilə aprel ayınadək təxirə salınıb.

    Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. Onun sözlərinə görə, ölkədə vəziyyət stabilləşəndən sonra bütün sərgi və tədbirlər növbəti ayın müvafiq günlərində təqdim ediləcək.

     
  • Azərbaycanlı rəssamların əsərləri Moskvada keçiriləcək uşaq rəsm müsabiqəsinə göndərilib

    Müstəqil dövlətlərin Kitab Yayımı Assosiasiyası Rusiya Federasiyası Mətbuat və Kütləvi Kommunikasiyalar Federal Agentliyinin tapşırığı ilə Uşaq Kitabı Həftəsi çərçivəsində uşaq rəsm müsabiqəsi təşkil edəcək. Xatırladırıq ki, müsabiqə ənənəvi olaraq 1943-cü ildən keçirilir.

    Bakı səhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) ikinci dəfədir ki, müsabiqədə iştirak edir.

    Oxucularla virtual rejimdə işləyən M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası altı ən yaxşı rəsmi seçərək Moskvada keçirilən müsabiqəyə göndərib.

    Müsabiqəyə Böyük Vətən müharibəsində qələbənin 75-illiyinə həsr olunmuş rəsm, 2020-ci ilin yazıçı-yubilyarlarının H.X.Andersenin nağıllarının və A.Sent-Eksüperinin “Balaca şahzadə” əsərinin motivlərinə çəkilmiş şəkillər də təqdim olub.

    Müsabiqədə uşaqlar iki yaş kateqoriyası üzrə (5 –11 və 12 – 16) iştirak edirlər.

    Moskvada keçirilən müsabiqəyə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Aminə Hidayətli, Surə Sadiqova, Mədinə Həmzətovanın, habelə 6 nömrəli liseyin və 46 nömrəli orta məktəbin şagirdləri İradə Hacızadə və Anastasiya Bekeşanın çəkdiyi rəsmlər göndərilib.

     
  • Gənc yazıçının kitabı təqdim edilib

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı, filoloq Nargiz İsmayılovanın “Metakədər” kitabının təqdimatı olub.

    AYB-dən bildirilib ki, mərasimdə birliyin katibliyi, tanınmış qələm adamları, yazıçının oxucuları və media nümayəndələri iştirak ediblər.

    Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq N.İsmayılovanın yaradıcılığı haqqında geniş məlumat verib, onun Naxçıvan ədəbi mühitini ümumən Azərbaycan ədəbiyyatında layiqli şəkildə təmsil etdiyini vurğulayıb.

    R.Məcid deyib ki, Nargiz Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, ölkə Prezidentinin gənc yazıçılar üçün nəzərdə tutulmuş fərdi təqaüdünə layiq görülüb: “Nargiz xanım həm də elmi fəaliyyətlə məşğuldur. Bu, onun təqdimatında iştirak etdiyim növbəti kitabıdır. Bu münasibətlə Nargiz xanımı təbrik edir, ona yaradıcılığında yeni uğurlar arzulayıram”.

    Sonra AYB-nin katibi İlqar Fəhmi çıxış edərək bildirib ki, Nargiz ədəbi yaradıcılıqda seçilən imzalardandır: “Nargiz xanım ədəbiyyatın həm elmi, həm də bədii istiqamətləri ilə eyni anda məşğul olur, onları yaradıcılığında böyük uğurla birləşdirə bilir”.

    Xalq yazıçısı, akademik Kamal Abdulla Nargizin yazılarını mətbuatdan izlədiyini deyib və kitabın adına diqqəti yönəldib: “Nargiz müəllif olaraq maraqlıdır. Mən onun yazılarını izləyirəm. Kitabın adı da maraqlı və orijinaldır. Bəzən ədəbiyyatda “kədər” sözünə çox rastlasaq da, burdakı kədər başqadır. “Metakədər” kədərdən sonra deməkdir. Kitabda nikbinlik notları axtaracağam. Çünki hər insan kədəri və kədərdən sonrakı halı özünəməxsus şəkildə yaşayır. Nargiz imzası bölgələrdə də aktiv ədəbiyyatın olduğunun bir göstəricisidir”.

    “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan çıxışında Nargiz İsmayılovanın hər həftə qəzetə yazdığı esse və məqalələrin rezonansa səbəb olduğunu vurğulayıb: “Nargiz xırda esse və yazılarında elə dərin mətləblərə toxunur ki, bəzən başqasının bir kitabda deyə bilmədiklərini deyir. Bu, ədəbi mühitimizdə Kamal Abdulla məktəbidir və Nargiz bu məktəbin ən parlaq nümunəsidir”.

    Tədbirdə İntiqam Yaşar, Varis, Qəşəm Nəcəfzadə, Gülər Abdullabəyova, Zaur Ustac, İbrahim Yusifoğlu, Çalğın Məhəmməd, Sadıq Qarayev, Nuranə Nur, Fəxrəddin Meydanlı, Aləm Kəngərli və başqa qələm adamları da Nargizin yaradıcılığı haqqında fikirlərini bölüşüb, onu yeni kitabı münasibətilə təbrik ediblər.

    Sonda çıxış edən müəllif AYB rəhbərliyinə, təqdimatda iştirak edənlərə, çıxışçılara təşəkkürünü bildirib, yeni kitabına adını verdiyi “Metakədər” şeirini səsləndirib və qonaqlar üçün kitablarını imzalayıb.

     
  • Milli İncəsənət Muzeyinin kolleksiyaları ilə evdən çıxmadan tanış olmaq mümkündür

    Milli İncəsənət Muzeyinin COVID-19 koronavirusunun yayılmasının qarşısını almaq məqsədilə fəaliyyətini dayandırmasına baxmayaraq onun zəngin kolleksiyasının əsas eksponatları ilə müasir və istifadədə rahat olan mobil tətbiqi yükləməklə evdən çıxmadan tanış olmaq mümkündür.

    Muzeydən bildirilib ki, mobil tətbiqetmə həm böyüklər, həm də uşaqlar üçün mövcuddur və 5 dildə- Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində təqdim olunur.

     
  • İsa Həbibbəylinin monoqrafiyası dövlət mükafatına təqdim olunub

    Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti iclasında Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasının Azərbaycan Respublikası Dövlət Mükafatına (ədəbiyyat sahəsi üzrə) təqdim olunması məsələsi müzakirə edilib.

    Kitab Azərbaycan ədəbiyyatı tarixinin elmi-nəzəri cəhətdən dövrləşdirilməsinə həsr edilmiş ilk monoqrafik tədqiqatdır. Ədəbiyyatşünaslıq elmində ilk dəfə akademik İsa Həbibbəyli tərəfindən hazırlanmış sistemli dövrləşdirmə konsepsiyası əsasında çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri müəyyən edilib.

    Kitabda Azərbaycan ədəbiyyatı tarixinin təzkirəçilikdən elmi icmallara, ədəbiyyat tarixlərinə qədərki inkişaf yolu izlənilərək təhlil olunub. Ədəbiyyat tariximizin dövrləşdirməsi zamanı milli maraqlardan və dövlətçilik meyarlarından çıxış edilərək azərbaycançılıq məfkurəsi, sivilizasiya faktoru, ədəbi cərəyanlar və ədəbi-tarixi prosesin reallıqları prinsipləri əsas götürülüb. Kitabda Azərbaycan ədəbiyyatı tarixinin on inkişaf mərhələsi göstərilib və hər bir ədəbi mərhələ elmi-nəzəri cəhətdən geniş şəkildə əsaslandırılıb. Bir cəhət də mühümdür ki, hələlik Müstəqil Dövlətlər Birliyi ölkələrinin heç birində, həmçinin, qonşu ölkələrdə ədəbiyyat tarixinin dövrləşdirilməsi üzrə elmi-nəzəri təsnifat aparılmayıb.

    Bütün bunlar nəzərə alınaraq, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasının Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim olunması barədə qərar yekdilliklə qəbul edilib.

     
  • “İçərişəhər” Muzey Mərkəzi onlayn iş rejiminə keçib

    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 14 mart 2020-ci il tarixli qərarına (ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri) əsasən “İçərişəhər” Muzey Mərkəzinin bütün muzey və ekspozisiyaları iş fəaliyyətini dayandırıb. Koronavirusun dünyada yayılması səbəbindən əksər dünya muzeyləri onlayn iş rejiminə keçib.

    Bununla əlaqədar martın 16-dan 20-dək “İçərişəhər” Muzey Mərkəzinin muzey və ekspozisiyaları #MuseumFromHome həştəqi altında onlayn ünsiyyət yaradacaq. Gündə 2 dəfə saat 12:00-da və 15:00-da canlı yayımlar, digər vaxtlarda isə “3D” virtual gəzinti, kiçik videoçarxlar, maraqlı fotoşəkillərin tarixçələri təqdim olunacaq. Beləliklə, evdə oturduğunuz halda virtual olaraq İçərişəhərin muzey və ekspozisiyalarını ziyarət edə biləcəksiniz.

    Bununla yanaşı, “İçərişəhər” Muzey Mərkəzinin mütəxəssisləri tərəfindən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, eləcə də bəzi maraqlı və unikal memarlıq abidələri və eksponatlar barədə canlı olaraq sual-cavabda iştirak etməklə məlumat əldə etmək mümkün olacaq.

  • Unudulmaz sənətkar Vaqif Mustafazadənin məzarı ziyarət olunub

    Martın 16-da əfsanəvi musiqiçi, bəstəkar, pianoçu, caz muğamının banisi, Azərbaycanın Əməkdar artisti Vaqif Mustafazadənin 80 illiyi çərçivəsində unudulmaz sənətkarın Fəxri xiyabanda məzarı ziyarət olunub.

    Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və sənətkarın ev-muzeyinin əməkdaşları tərəfindən onun məzarı üstünə tər güllər düzülüb, ruhuna duala oxunub.

    Sonra sənətkarın həyat və yaradıcılığı haqqında danışılıb, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanıb.

    Bildirilib ki, Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.

    1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.

    Qeyd edilib ki, fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. Tanınmış bəstəkar Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

     
  • Xalq artisti Rafael Dadaşov vəfat edib

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

    Bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

    Qeyd edək ki, 1976-cı ildən Akademik Milli Dram Teatrında çalışan sənətkar onlarla səhnə əsəri və filmlərdə maraqlı obrazlarla yadda qalıb.

    Rafael Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu tamaşaların iştirakçısı olub. Həmin teletamaşalar içərisində Anarın "Ötən ilin son gecəsi" (Rüstəm), K.Holdoninin "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanovun "Səni axtarıram" və "Bağışla" (Vasif müəllim), Ruhəngiz Qasımovanın "Yollar görüşəndə " (Həmid), Hüseyn Cavidin "Topal Teymur" (Orxan), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (Həmid), İlyas Əfəndiyevin "Mənim günahım" (Sahib), İslam Səfərlinin "Göz həkimi" (Rauf), A. Rafın "İblis qadın" (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurludur.

    Aktyor "Var olun qızlar" (İsa), "Yarımçıq qalmış serenada" (Saksofonçu), "Bəxt üzüyü" (Rasim), "Mənim ağ şəhərim" (Baş mühəndis) bədii, "Qaçaq Süleyman" (Qraf Vorontsov) televiziya filmlərinə də çəkilib.

    Allah rəhmət eləsin.