Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Buktreyler Festivalının 5-ci sezon videoloqosu təqdim olunub

    Kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi, Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi və ölkənin lider mobil operatoru olan “Azercell” şirkətinin əsas tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının!” sloqanlı Buktreyler Festivalının 5-ci sezon videoloqosu təqdim olunub.

    V Buktreyler Festivalının yubiley səsi şair, yazıçı, kinossenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Ramiz Rövşəndir.

    Bu barədə kinoaktyor Ruslan Sabirli məlumat verərək deyib: “Bildiyiniz kimi, bu il Buktreyler Festivalı artıq 5 illik yubileyini qeyd edir. Ona görə də festivalın builki səsinin aparıcılardan kiminsə deyil, məhz ədəbiyyat sahəsində öz sözünü demiş bir şəxsiyyətin, sənətkarın olmasını istədik və bu şəxsin hər kəsin sevimlisi olan Ramiz Rövşən olacağına qərar verdik. Ramiz müəllimə təşəkkür edirik ki, etiraz etmədi və bizim layihəyə dəstək olmağa razılıq verdi. Düşünürəm ki, belə bir sənətkarın V Buktreyler Festivalının səsi olması həm bir təşkilatçı olaraq mənə, həm də festival iştirakçılarına böyük bir hədiyyədir”.

    Qeyd edək ki, festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir. Buktreylerlərin son qeydiyyatı aprelin 1-dəkdir.

    Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya treylerdir.

    Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür.

  • Vətənə və sözə məhəbbətlə yaşanan ömür

    Bu gün Xalq şairi Süleyman Rüstəmin anadan olmasından 114 il ötür

    Xalq şairi Süleyman Rüstəm Azərbaycan şeirinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. Onun yaradıcılığında yeni həyatın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur. Süleyman Rüstəmin yazdığı bütün əsərlər isə sevgidən, inamdan qaynaqlanıb. Onun hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. Təsadüfi deyil ki, Süleyman Rüstəm XX əsr Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub.

    O, yaradıcılığında Azərbaycanın bütün dilbər guşələrini vəsf edib, elə buna görə də vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edir.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Süleyman Rüstəmin anadan olmasından 114 il ötür.

    Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.

    Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.

    Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyasının incilərindəndir.

    “Ələmdən nəşəyə” kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq.

    Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb.

    İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.

    Gün o gün olsun ki, qurtarsın dava,

    Dağılsın buludlar, açılsın hava.

    Alınsın düşməndən ömürlük qisas,

    Torpaq nəfəs alıb dincəlsin bir az.

    Silinsin ürəkdən, könüldən ağrı,

    Bir də tapdanmasın vətənin bağrı.

    Bu şeir İkinci Dünya müharibəsi zamanı qələmə alınsa da, bu günün özündə də aktuallığını itirməyib. Müharibə mövzusunda şeir yazan şairlər arasında Süleyman Rüstəmin məhz öz yeri vardı. O, qanlı səngərlərdə və arxa cəbhədə mərdlik nümunəsi göstərən soydaşlarımızın ovqatını poetik portretləşdirib desək, yanılmarıq. Bu qəbildən şairin "Ana və poçtalyon" adlı məşhur əsəri həmişə dillər əzbəri olub. Şair böyük məharət və həssaslıqla cəbhədən – oğlundan məktub gözləyən ananın iztirabını təbii, təsirli qələmə alıb.

    Süleyman Rüstəmin böyük məhəbbətlə yaratdığı Ana və poçtalyon obrazları müharibə illərində min bir zillət çəkən Vətən övladlarının unudulmaz surətləridir. Bu surətlərdə çoxunun həyatı var idi. Süleyman Rüstəmin Azərbaycan poeziyasına bəxş etdiyi poetik çələnglərdən ən gözəli və təsirlisi məhz Cənub mövzusunda yazdığı əsərlərdir. Məlumdur ki, İkinci Dünya müharibəsi illərində Süleyman Rüstəm İranda olub, orada yaşamış soydaşlarımızın ağır həyatını gözləri ilə görüb, cənublu şairlərlə görüşüb. Təbii ki, bütün bunlar da sonralar şairin könlündən poetik şəkildə kağızlara naxışlanıb. Süleyman Rüstəm vətən həsrəti ilə dərdi başdan aşan soydaşlarımızın təlaşından, əzablı, cəfalı günlərindən söz açıb. Bir millətin ayrılıq simvoluna çevrilmiş Arazın sularında həsrətin, nisgilin axdığından danışır. Nə vaxtsa bir müjdənin veriləcəyinə - Təbrizlə əbədi görüşəcəyinə ümid bəsləyib. Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı bütün şeirləri gözəl və təsirlidir. Ona görə yox ki, bu şeirlərdə paralanmış torpağımızın harayı eşidilir. Həm də ona görə dəyərlidir ki, şair böyük ustalıqla vətən gözəlliklərinə poetik abidələr yaradıb. Sərabı, Təbrizi, Ərdəbili, Marağanı vəsf edərək vətən torpağı olduğunu misraları ilə, poetik duyumu ilə poeziya tarixinin səhifələrinə möhürləyib.

    Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" adlı bir pərdəli komediyası ilə başlayan Süleyman Rüstəm dramaturq kimi də müəyyən uğurların sahibidir. 1940-cı ildə yazdığı "Qaçaq Nəbi" mənzum dramı, 1948-ci ildə qələmə aldığı "Durna" komediyası teatrlarımızın vaxtilə repertuarından düşməzdi. Bədii yaradıcılıqla, tərcümə ilə müntəzəm məşğul olan Süleyman Rüstəm həm də müxtəlif məsul vəzifələrdə çalışıb. Bir neçə çağırış həm Azərbaycan, həm də keçmiş SSRİ Ali Sovetinin deputatı olub.

    Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub. Könlünü vətəninə verən, onun uca dağlarını, gur çaylarını, yaşıl zəmilərini, geniş düzlərini, zəhmətkeş, sədaqətli insanlarını məhəbbətlə tərənnüm edən Süleyman Rüstəm yazırdı:

    Ey nazlı vətən,

    mən sənə öz könlümü verdim,

    Qarşında günahkarsa,

    Süleymanı bağışla!

  • Vidadi Muradov: Məqsədimiz ölkəmizi təkcə xalça istehsalı deyil, həm də dünyanın xalça ticarəti mərkəzinə çevirməkdir

    Prezident İlham Əliyevin diqqət və qayğısı ilə son illər ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısının ötən həftə bölgələrə səfəri zamanı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarının fəaliyyəti ilə tanış olması ölkə rəhbərinin bu sahəyə nə qədər böyük önəm verdiyinin parlaq təzahürüdür.

    İdarə Heyəti sədrinin AZƏRTAC-a verdiyi məxsusi müsahibəni oxuculara təqdim edirik.

    -Vidadi müəllim, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin indiyədək neçə filialı yaradılıb və daha neçə filialın yaradılması nəzərdə tutulub?

    - Əvvəla onu qeyd edim ki, qədim sənətimiz olan xalçaçılığın qorunması, inkişafı və kütləvi xalça istehsalının təmin edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin xalqımız qarşısındakı mühüm tarixi xidmətərindən biridir. Ölkə rəhbəri belə tədbirləri həyata keçirməklə milli dəyərlərimizə sahib çıxdığını bütün dünyaya nümayiş etdirib, milli ənənələrlə müasirliyi birləşdirən mükəmməl bir dövlət modeli yaradıb. Bu sahənin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri də ayrıca qeyd olunmalıdır.

    Sualınıza cavab olaraq bildirim ki, Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın 20 rayonunda 21 filialı fəaliyyət göstərir. Prezident İlham Əliyev bölgələrə səfərləri zamanı bu filiallarda da olur, toxucularla görüşür, onların qayğı və problemləri ilə maraqlanır. İndiyədək ölkə rəhbəri “Azərxalça”nın 14 filialının fəaliyyəti ilə tanış olub. Təkcə ötən həftə dövlətimizin başçısı “Azərxalça”nın Goranboy, Qazax, Ağstafa və Tovuz filiallarının fəaliyyəti ilə tanış oldu. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı yaradılacaqdır. Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, gələcəkdə “Azərxalça”nın filiallarının sayının 31-ə çatdırılması nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, xalçaçılığın inkişafı dövlətimizin başçısının diqqət mərkəzindədir.

    -Qeyd etdiniz ki, artıq 21 filial fəaliyyət göstərir. Bu filialların xammalla təmin olunması üçün mühüm tədbirlərin həyata keçirildiyindən xəbərdarıq. Yunəyrici-Boyaq Fabrikinin qurulması istiqamətində görülən işlər hansı mərhələdədir? Səhmdar Cəmiyyətin filiallarında nə vaxt yerli xammaldan xalça toxunacaq?

    - Sumqayıt Kimya Sənaye Parkında yaradılan Yunəyrici-Boyaq Fabrikinin tikintisi artıq başa çatdırılıb. Hazırda fabrikdə Türkiyə, Almaniya, Fransa, İtaliya, İsveçrə və Çin istehsalı olan avadanlıqlar quraşdırılır. Bu fabrikdə təmiz yun, təbii və kimyəvi boyalarla boyanmış yun iplik istehsal ediləcək. Fabrik fəaliyyətə başladıqdan sonra respublikanın xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır. Bu müəssisədə birnövbəli iş rejimində ildə 1500 ton yun emal ediləcək. Fabrikin iplik istehsalı gücü isə birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda ixrac imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaqdır.

    Yunəyrici-Boyaq Fabrikinin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Ancaq Çin Xalq Respublikasında yayılan koronavirus bizim fabrikin qurulub başa çatdırılması prosesinə də təsirsiz ötüşmədi. Fabrikin yunun yuyulması sexinin avadanlıqları Yeni Zelandiya mənşəli Çin istehsalıdır. Ona görə də bu avadanlıqların Çin mütəxəssisləri tərəfindən quraşdırılması nəzərdə tutulmuşdur. Alternativ variantların axtarışı bu prosesi bir az ləngitdi. Hesab edirik ki, may ayının sonuna qədər fabrikin quraşdırılması prosesi başa çatdırılacaq və bu ilin ikinci yarısından xalça emalatxanalarında yerli xammaldan məhsul istehsalına başlanılacaqdır.

    Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Qobustandakı regional məntəqənin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bu məntəqələrin hər birində 300 ton olmaqla, ildə 1500 ton yun qəbul ediləcək. Tədarük məntəqələrinin yerləşdiyi yer seçilərkən nəzərə alınıb ki, onlar ölkəmizin bütün bölgələrini əhatə etsin. Bu ilin may ayında fəaliyyətə başlayan regional məntəqələrdə yun tədarükünü davam etdiririk. Ötən il 300 ton yun tədarük olunub. Bu ildən regional məntəqələrdə boyaq bitkilərinin də qəbulu həyata keçiriləcəkdir.

    -Vidadi müəllim, “Azərxalça”nın filiallarında indiyədək nə qədər xalça toxunub və istehsal olunan məhsulun satışının genişləndirilməsi istiqamətində hansı işlər görülür?

    -Xalça istehsalı emalatxanalarında indiyədək 16 min 662 kvadratmetr xalça toxunub. Həmin xalçaların 4 min 559 kvadratmetri satışa hazırlanıb ki, onun da 1919 kvadratmetri, təqribən, 50 faizi satılıb. “Azərxalça”nın istehsalı olan məhsulların satışının intensivləşməsi Hazır Xalçaların Emalı Mərkəzinin yaradılmasından asılıdır. Hazır xalçanın emalı ilə bağlı insanlarda o qədər də təsəvvür yoxdur. Ancaq dünya bazarı bunu tələb edir. Xalça hanadan kəsildikdən sonra mütləq emal olunmalıdır. Yəni xalça yuyulmalı, dartılmalı, ütülənməli, beləliklə, satışa hazır vəziyyətə gətirilməlidir. Xalça ticarəti ilə məşğul olan şirkətlərin əsas tələbi xalçanın emal edilməsidir. Bu mərkəz fəaliyyətə başladıqdan sonra istehsal etdiyimiz xalçaların satışa çıxarılması prosesi intensivləşəcək, bizim məhsullarımızın hamısı daxili və xarici bazarda satılacaqdır.

    "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

    "Azerbaijan carpet" ("Azərbaycan xalçası") brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdı. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bu istiqamətdə mühüm işlər həyata keçirmişik. Artıq "Azərbaycan xalçası" brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız "Azərbaycan xalçası" brendi adı ilə satılır.

    Ölkə başçısının tapşırıqlarına uyğun olaraq, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan xalçası" brendinin dünya bazarında öz yerini tuta bilməsi və möhkəmlənməsi üçün müvafiq tədbirlər həyata keçirir.

    Ötən dövr ərzində xarici xalça bazarları araşdırılıb, əllə toxunmuş xalça idxal edən ölkələrin bazar payı öyrənilib. Müəyyənləşdirilib ki, ABŞ, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Kanada, İtaliya, İsveçrə dünyanın xalça idxal edən ölkələri sırasında ilk yerləri tuturlar. Bundan başqa, Rusiyanın xalça bazarı haqqında marketinq araşdırması aparılıb. Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, dünya bazarında ən çox əl əməyindən istifadə olunaraq toxunan xalçaların ənənəvi növlərinin satışına üstünlük verilir. Bu istiqamətdə işlər davam etdirilir.

    “Azerbaijan carpet” brendinin xarici bazarlarda təşviqi üçün ardıcıl tədbirlər görülür. Azərbaycan xalçalarının təbliği, yeni toxunan xalçaların reklamı məqsədilə dünyanın bu sahə üzrə ixtisaslaşmış nüfuzlu "Halı" və "Carpet XL" jurnalları ilə əməkdaşlıq edirik.

    Azərbaycan xalçalarının ixracı üçün ABŞ, Rusiya, Yaponiya, İsveç kimi ölkələrin şirkətləri ilə əlaqələr qurulub. 2019-cu ildə İsveçdə fəaliyyət göstərən "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün "Azərxalça"ya müraciət etmişdi. Təklif dəyərləndirildi, həmin şirkətin "Azərxalça"nın İsveçdəki distribütoru olmasına razılıq verildi. Stokholmun "Vikjö" ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarıldı.

    Ötən il "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb. Məqsəd ABŞ-da Azərbaycan xalçalarının təbliğ edilməsi, "Azərxalça"nın məhsullarının satış imkanlarının genişləndirilməsidir. Ötən ilin dekabr ayında Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.

    -Xalçaçılığın inkişafı ölkəmizə nə vəd edir?

    -Əvvəla onu deyim ki, bu sahənin inkişaf etdirilməsinin regionlarda məşğulluğun artırılmasında, xalqımızın milli dəyərlərinin, maddi və mənəvi irsinin qorunub saxlanılmasında, itirilmiş ənənələrin bərpa olunmasında əhəmiyyəti nəzərə alınaraq, ölkəmizdə xalçaçılığın geniş şəbəkəsi yaradılır. Səhmdar Cəmiyyətin istehsalı olan məhsulların “Azərbaycan xalçası” brendi kimi ixrac edilməsinə başlanılması milli xalçalarımızın tarixən bütün dünyada yayılmış şöhrətini özünə qaytarır. Bu, həm də dövlətimizin xalçaçılığa güclü ideoloji faktor kimi münasibətinin nəticəsidir. Xalçaçılığın inkişafı, xalça istehsalı emalatxanalarının yaradılması minlərlə iş yerinin açılmasına, ölkəmizin ixrac imkanlarının genişləndirilməsinə səbəb olur. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 31 xalça istehsalı emalatxanası yaradıldıqdan sonra 4650 toxucunun işlə təmin edilməsi nəzərdə tutulub. İnzibati-təsərrüfat işçiləri ilə birlikdə xalça istehsalı emalatxanalarında 5053 nəfər çalışacaqdır. Yunəyrici-Boyaq Fabrikində, tədarük məntəqələrində, gələcəkdə yaradılması nəzərdə tutulan Emal Mərkəzində fəaliyyət göstərəcək işçilərə birlikdə bu sahədə 6 minə yaxın iş yerinin yaradılması planlaşdırılır. Bu, ölkəmizdə məşğulluq probleminin həllinə mühüm dəstəkdir.

    İlkin mərhələdə 31 emalatxanada il ərzində 39 min 60 kvadratmetr xalça toxunması nəzərdə tutulub. İstehsal olunan məhsulun 70 faizinin xarici bazarda, 30 faizinin daxili bazarda satılması planlaşdırılır.

    Təbii boyadan istifadə edilməklə istehsal olunacaq iplikdən ildə 5 min kvadratmetr xalça toxunacaqdır. Belə xalçalar dünya bazarında daha baha qiymətə satılır. Gələcəkdə hədəf belə xalçaların istehsalını 10 min kvadratmetrə çatdırmaqdır.

    Bu il istifadəyə verilməsi nəzərdə tutulan Yunəyrici-Boyaq Fabrikində iki adda məhsul – yuyulmuş yun və boyanmış yun iplik istehsal olunacaqdır. Burada ikinövbəli iş rejimində ildə 3000 ton çirkli yun emal edilməsi mümkündür. Xarici bazarlara ildə 50 ton xalça ipliyi, 100 ton tekstil ipliyi, 600 tondan çox yuyulmuş yun ixracı planlaşdırılır.

    “Azərxalça”nın qurulması prosesi başa çatdırıldıqdan sonra ilkin mərhələdə bu göstəricilərə nail olunacaqdır. Gələcəkdə Səhmdar Cəmiyyətin istehsalı və buna paralel olaraq gəlirləri daha da artacaqdır. Beləliklə, “Azərxalça” rentabelli işləyən müəssisəyə, xalçaçılıq isə ölkəmizə valyuta gətirən sənaye sahəsinə çevriləcəkdir.

    Onu da qeyd edim ki, bizim məqsədimiz ölkəmizi təkcə xalça istehsalı mərkəzinə deyil, həm də dünyanın xalça ticarəti mərkəzinə çevirməkdir. Azərbaycanın xalça istehsal edən ölkələrlə xalça idxal edən ölkələr arasında ticarət körpüsü rolunu oynamaq üçün geniş potensialı vardır. Ölkəmizin Şərqlə Qərbin qovşağında yerləşməsi, minillik xalçaçılıq ənənələrinin mövcudluğu, geniş xalçaçılıq şəbəkəsinin yaradılması Azərbaycanın dünyanın xalça ticarəti mərkəzinə çevrilməsinə imkan verir. Bütün bunların reallaşdırılması xalçaçılığın qeyri-neft sektorunun aparıcı sahələrindən biri kimi, ölkəmizin inkişafına mühüm töhfələr verməsinə gətirib çıxaracaqdır.

    -Vidadi müəllim, bilirik ki, “Azərxalça” əsasən ənənəvi çeşnilərlə xalça toxunmasına üstünlük verir. Müasir bazarın tələbi isə daha çox modern xalçalardır. Bu, istehsal olunan xalçaların satışına problem yaratmır?

    -Xüsusilə qeyd etmək istəyirəm ki, “Azərxalça”nın fəaliyyətinin əsas istiqaməti birinci növbədə ənənəvi xalçaçılığımızı qorumaq və yaşatmaqdır. Çünki xalça bizim milli dəyərimizdir və biz bu dəyəri göz bəbəyi kimi qoruyub gələcək nəsillərə ötürməliyik. Ümumilikdə, Azərbaycanın xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə 9 qrup üzrə təsnif və tədqiq olunur: Bakı (Abşeron), Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Qazax-Borçalı, Quba, Təbriz (Cənubi Azərbaycan). Bu təsnifat “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb. “Azərxalça”nın filiallarında bu xalça qruplarının çeşniləri əsasında xalçalar toxunur. Sizin müasir bazarın tələbinin tamamilə modern xalçalar olması fikrinizlə razılaşmıram. Ənənəvi çeşnilər əsasında toxunan Azərbaycan xalçalarına keçmiş dövrlərdə olduğu kimi, bu gün də böyük tələbat vardır. Ancaq biz modern xalçalar istəyən müştəri kontingentini də Azərbaycan xalçaları almağa cəlb etmək üçün ənənəvi çeşnilərimiz əsasında modern çeşnilər hazırlayırıq. Yəni “Azərxalça”nın filiallarında həm klassik, həm də modern xalçalar istehsal ediləcəkdir. Bu da imkan verəcək ki, toxunan xalçaların satış problemi olmasın.

    -Hər hansısa bir sahənin dayanıqlı inkişafını təmin etmək üçün peşəkar kadr potensialı formalaşdırılmalıdır. Əgər bu sahə milli dəyərləri özündə ehtiva edirsə, o zaman varisliyin təmin olunması mütləqdir. Bu istiqamətdə görülən işlər, eləcə də gənclərin xalçaçılığa marağı barədə məlumat verərdiniz?

    -Azərbaycan xalqı tarixən xalçaçılıqla məşğul olub. Xalça bizim məişətimizdə mühüm yer tutub. Ona görə də ilk baxışdan belə təəssürat yaranır ki, bizim xalçaçılıqla bağlı peşəkar kadr problemimiz olmamalıdır. Ancaq bu bir həqiqətdir ki, ötən əsrin 90-cı illərinin əvvələrində xalçaçılığın da diqqət və qayğıdan kənarda qalması insanların bu sənət sahəsinə marağını azaltmışdı. Peşəkar toxucular xalçaçılıqdan uzaqlaşmış, başqa sahələrlə məşğul olmağa başlamışdı. Gənclər isə demək olar ki, bu sənəti öyrənməyə həvəsli deyildi. İlk filialı yaradarkən düşünürdük ki, kadr potensialını formalaşdırmaq bir az çətin olacaq. Ancaq dövlətimizin xalçaçılığa göstərdiyi qayğı Azərbaycan xalqının daxilindəki xalça ruhu ilə birləşərək bu sənət sahəsinə ikinci həyat verdi. Uzun illər ərzində xalçaçılıq peşəsindən ayrılan qadınları yenidən bu sənət sahəsinə qaytara bildik. Xalçaçılıqla məşğul olmaq istəyən gənclərin sayı hər gün artmağa başladı. İndi bizim filiallarımızda çalışan toxucuların əksəriyyəti gənclərdir. Onların bu sənətin sirlərinə yiyələnməsi üçün tədris-hazırlıq kursları təşkil olunur. Gənclərin bu sənətə yönləndirilməsi olduqca vacib və önəmli məsələdir. Çünki xalçaçılıq sənətinin yaşadılması gənclərin bu sənəti davam etdirməsindən asılıdır. Hamımıza məlumdur ki, XXI əsr yüksək texnologiyalar, innovasiyalar və elm tutumlu istehsalatlar əsridir. Müasir dövrün gəncləri elmi-texniki yeniliklərə daha çox meyl edir. Bu isə ənənəvi sahələrin, milli dəyərlərin unudulmasına gətirib çıxarır. Millətlərin və dövlətlərin öz milli dəyərlərini, ənənəvi sahələrini qoruyub saxlaya bilmələri üçün gənclər bu sahələrə istiqamətləndirilməli, onları yaşatmalı və davam etdirməlidirlər. Bu mənada gənclərin "Azərxalça"nın filiallarında işlə təmin olunması, onların toxuculuq peşəsinə yiyələnməsi strateji məqsədlərə xidmət edir. Xalça istehsalı emalatxanalarında işləyən gənclər ömrünü bu sənətə həsr edən, uzun illərdir xalçaçılıqla məşğul olan toxucularla bir yerdə çalışır, onlardan sənətin sirlərini daha dərindən öyrənirlər. Beləliklə, xalçaçılıqda varislik təmin olunur, qədim el sənətimiz yaşadılaraq gələcək nəsillərə ötürülür.

    Bu sahədə görülən işlər təkcə peşəkar toxucu kadrların yetişdirilməsi ilə məhdudlaşmır. “Azərxalça”nın kadr potensialının formalaşdırılması istiqamətində görülən işlər kompleks xarakter daşıyır. Yaxın gələcəkdə peşəkar toxucularla yanaşı, peşəkar yun mütəxəssisləri, boyaqçılar, xalça bərpaçıları, xalça tacirləri də yetişəcək və bu sahənin uzunmüddətli perspektivdə sürətli inkişafı təmin ediləcəkdir.

    -Maraqlı müsahibə üçün sağ olun!

  • Xalq artisti Əşrəf Abbasovun xatirəsi anılacaq

    Martın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, professor Əşrəf Abbasovun “Qaraca qız” baleti növbəti dəfə nümayiş ediləcək.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşa unudulmaz bəstəkarın 100 illiyinə həsr olunacaq.

    Balet həyatda bir çox çətinliklər və ədalətsizliklərlə qarşılaşan balaca Tutunun - Qaraca qızın bədbəxt taleyindən bəhs edir. Üzləşdiyi bütün çətinliklərə baxmayaraq Qaraca qız insanlara olan sonsuz məhəbbətini, sədaqət və xeyirxahlıq kimi hissləri qoruyub saxlayır.

    Səhnə əsərində Əməkdar artist Cəmilə Kərimova (Qaraca qız), solistlərdən Yuliya Ferştandt (Ağca qız), Timur Oduşev (Pərviz bəy), Liana Mirabdullayeva (Yasəmən), İslam Məmmədov (Yusuf), Faiq Qubatov (Piri baba) və başqaları çıxış edəcək.

    “Qaraca qız”ın quruluşçu baletmeysteri Əməkdar artist Samir Səmədov, dirijoru A.Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur.

     
  • “İçərişəhər” Muzey Mərkəzi “Gümüş könüllülər” adlı sosial layihəyə başlayıb

    “İçərişəhər” Muzey Mərkəzi “Könüllülər ili” ilə əlaqədar əhəmiyyətli mədəniyyət abidələrini, tarixi yerləri qorumaq və sənədləşdirmək üçün həvəsli təqaüdçü qruplar tərəfindən tədqiqat və maarifləndirici işlərin təşkili üçün “Gümüş könüllülər” adlı sosial layihəyə başlayıb.

    Layihə yaşlı insanların könüllü xidmət göstərmələrinə və xeyriyyəçilik proqramlarına cəlb olunmalarına imkan yaradacaq.

    Layihə İçərişəhər ərazisində və Qala qoruğunda tətbiq olunacaq.

    “İçərişəhər” Muzey Mərkəzinin fond saxlanc yerlərində məsləhətçi işlərinin aparılması və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerli əhəmiyyətli mədəniyyət abidələrinin, dəfn və müqəddəs yerlərin bərpası, toplanmış materialların sənədləşdirilməsi, yerli adət-ənənələrin və sənətkarlıq nümunələrinin (dulusçuluq, dəmirçilik, xalçaçılıq və milli mətbəx) nəsildən-nəslə ötürülməsi və qorunub saxlanılması könüllülər tərəfindən təşviq ediləcək.

     
  • Doxsan doqquz yaşlı İstiqlal Marşı

    Türkiyənin İstiqlal Marşının qəbul edilməsindən 99 il ötür. Marşın sözləri tanınmış türk şairi Mehmet Akif Ərsoy tərəfindən yazılıb.

    1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılması ilə bu ölkənin “Hakimiyet-i Milliye” qəzetinin 1920-ci il 25 oktyabr buraxılışında dövlət himninin yazılması ilə bağlı müsabiqə elan edilir. O zamanın tanınmış şairi Mehmet Akif Ərsoy yarışmada iştirak etmir. Belə ki, o, milli marşın müsabiqə yolu ilə seçilməsini düzgün hesab etmir. Yarışma 1920-ci il dekabrın 23-dək davam edir. Bura, ümumilikdə, 724 əsər göndərilsə də, onların heç biri qəbul edilmir. Bundan sonra o zamanlar Türkiyənin Maarif naziri olan Hamdullah Suphi bəy Mehmet Akifə məktub göndərərək ondan himnin sözlərinin yazılması üçün kömək istəyir. Hər kəsin səbirsizliklə gözlədiyi Milli Marşın sözləri on günə hazır olur və 1921-ci il fevralın 17-də “Sebilürreşad” jurnalında “Qəhrəman Ordumuza” başlığı ilə dərc olunur.

    1921-ci il martın 12-də Hamdullah Suphi bəyin Böyük Millət Məclisinin kürsüsündən oxuduğu Mehmet Akif tərəfindən yazılan şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilir.

    İstiqlal Marşının yazılması üçün Mehmet Akifə verilən 500 lirə mükafat isə şair tərəfindən yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlanır.

    Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnir.

    99 il əvvəl qəbul edilən Türkiyənin Dövlət Himni ölkənin müstəqillik və suverenliyinin ən vacib rəmzlərindən biridir.

     
  • İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib

    İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib.

    Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, COVID-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə martın 19-dan 29-dək planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilir.

     
  • “Dəli yığıncağı” tamaşası növbəti dəfə səhnədə

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi tərəfindən yeni hazırlanmış, Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “Dəli yığıncağı” tamaşası növbəti dəfə martın 29-da nümayiş olunacaq.

    Səhnə əsəri Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanıb.

    Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyev, bəstəkar Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

    Səhnə əsərində rolları Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları çıxış edəcəklər.

    Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini, Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu, Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı, Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev canlandıracaq.

    Səhnə əsəri fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulub.

     
  • Nizamişünaslıq elminə yeni töhfə

    Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətovanın “Nizami Gəncəvi və ezoterizm” kitabı işıq üzü görüb.

    Monoqrafiyanın elmi redaktoru, filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyeva və Lalə Əlizadədir.

    Kitabda XII əsr Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin məsnəvilərindəki təsəvvüflə bağlı fikirləri, beyt və misralarında olan ezoterik bilgiləri təhlil olunub. Monoqrafiyada İslam dini və onun müqəddəs kitabı “Qurani-Kərim”in ideyaları Nizami yaradıcılığını təmin edən ən başlıca faktor kimi araşdırılıb. Şair məsnəvilərində dövrünün təsəvvüf ideyalarını öz bədii düşüncəsindən keçirmiş, onlara orijinal istiqamət vermiş, müvafiq bədii nümunələr işığında oxuculara çatdırmışdır. Kitabda sənətkarın dövrünün fəlsəfi-ideoloji görüşlərinə, təsəvvüf elminə dərindən bələd olduğunu və məsnəvilərində yetərincə bu elmdən istifadəsi faktik materiallarla isbat olunur.

     
  • Sabah 24 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında martın 13-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.

    Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, martın 13-14-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.