Qazaxıstanın Çimkənt şəhərində cari martın 20–də keçirilməsi nəzərdə tutulan MDB mədəniyyət paytaxtı ilinin rəsmi açılış mərasimi ləğv edilib.
Qazaxıstan Mədəniyyət və İdman naziri Aktota Raimkulova koronavirusun yayılması, təhlükəsizliyin qorunması səbəbindən nəzərdə tutulan 2020–ci il Çimkənt mədəniyyət paytaxtı ilinin rəsmi açılışı keçirlməyəcəyini bəyan edib. Nazir bildirib ki, vəziyyət stabilləşdikdən sonra tədbirin keçirilməsi haqda məlumat veriləcək.
Qeyd edək ki, Qazaxıstanın Çimkənt şəhərində “Mədəniyyət ili” çərçivəsində ümumilikdə 40-a yaxın tədbir, incəsənət xadimlərinin konserləri, "Böyük İpək Yolu" sənət festivalı, “Avrasiyanın ruhu” estrada ifaçılarının birinci Beynəlxalq festivalı, yazıçı və şairlərin yaradıcılıq görüşlərinin keçirilməsi planlaşdırılmışdı.
Xatırladaq ki, 2019-cu il dekabrın 10-da Belarusun Brest şəhərində 2020-ci il MDB mədəniyyət paytaxtı statusu Qazaxıstanın Çimkənt şəhərinə keçib.
Qədim Misir ehramları və abidələrlə yanaşı, bu ölkədə maraqlı eksponatları olan muzeylər də turistləri cəlb edir. Onlardan ən maraqlısı olan Antik Misir Muzeyi turistləri qibti və İslam mədəni irsinin nümunələri ilə tanış edir.
Qeyd edək ki, Qahirədəki Antik Misir Muzeyində müqəddəs Quranın ən qədim nüsxələrindən biri saxlanılır. Paytaxtın mərkəzində yerləşən muzeydə qorunan bu unikal nüsxə ilə yanaşı, qibti mədəniyyətinə aid olan atifaktlar da nümayiş etdirilir. Muzeyin ətrafındakı mərmər fəvvarə də XI əsrə aiddir. Buradakı Ümməyad və Abbasi bölməsində Məmlüklər, Osmanlı imperiyası dövrlərindən qalan müxtəlif məişət əşyaları, əlyazmalar, sikkələr, silahlar və xalçalar da qiymətli eksponatlardandır. Digər bölmədə XIII əsrdə İrandan gətirilmiş çini qablar və xalçalar nümayiş etdirilir. İslam inancına görə insan fiqurunun təsviri qadağan olunduğundan, onların üzərində flora və fauna nümunələri, kalliqrafiya eskizləri əks olunub. Muzeydə daha bir maraqlı eksponat qibtilərin perqament kağızların üzərindəki yazıları, habelə sonralar İslam xəttatlarının kalliqrafiya nümunələridir.
Antik Misir Muzeyi 1902-ci ildən fəaliyyət göstərir. Burada təxminən 120 min eksponat var. Muzeydə fironlara məxsus dünyanın ən geniş antik əsərlər kolleksiyası və Tutanhamonun xəzinəsi də saxlanılır. İki mərtəbədən ibarət olan muzeydə Qədim Misirə aid və iki min ildən çox yaşı olan sikkə və papirus kolleksiyaları xüsusi maraq doğurur. Papiruslardakı yazılar yunan, latın, ərəb dillərindədir. Sikkələr isə qızıl , gümüş, bürüncdən hazırlanıb. Onların arşında təkcə Misirin deyil, həm də yunan, Roma və İslam numizmatikasının nümunələri var.
Muzeyin ikinci mərtəbəsində Misir fironlarının son iki sülaləsinə aid olan artifaktlar diqqəti cəlb edir. 2011-ci ildə baş verən iğtişaşlar zamanı muzeydən 50 eksponat aparılıb, bütpərəstlik rəmzi olduqları bəhanə edilərək iki mumiya sındırılıb. Onlardan yalnız 25-ni tapmaq mümkün olub. Muzey iki il sonra yenidən bərpa olunub və əlavə eksponatlarla zənginləşdirilib. Bu eksponatların arasında Tutanhamonun əsası, qızılla örtülmüş heykəli, firon Exnatonun və Nubiya hökmdarlarının heykəlləri də var.
Prezident İlham Əliyev martın 12-də görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə Mədəniyyət Nazirliyinə tapşırılıb.
Milli kino və teatrımızın səhnəsində yaratdığı obrazlar, elə bil onun “əyninə biçilmişdi”, onun üçün yazılmışdı. Başqa biri heç vaxt onun kimi bu obrazları yarada bilməzdi və ya yaratsaydı belə bu qədər böyük tamaşaçı alqışı qazanmazdı. O, təkcə rollarına görə deyil, həm də xarici görünüşü, mimikası, özünü tamaşaçıya təqdimetmə bacarığı ilə də daim seçilib-fərqlənib. İllər, qərinələr ötsə də Azərbaycan sənət tarixinə adı böyük hərflərlə yazılan, cəmi 44 il ömür yaşamış Bəşir Səfəroğlu hər zaman hörmət və rəğbətlə yad ediləcək.
Bu gün sevimli sənətkarımızın anadan olmasının 95-cü ildönümü tamam olur.
Azərbaycan Dövlət Musiqili Teatrında ciddi yumorun sənət keşikçilərindən olan, həm yumorlu, həm satirik elementli personajların məharətli ifaçısı, xarakterik satira obrazlarına psixologizm aşılamaqda səriştəli hesab edilən Bəşir Səfəroğlu Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib. Aktyorun yaradıcılığında xüsusi yer tutan Möhsün (“Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir Hacıbəyli), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov) və başqa obrazlar tamaşaçı qəlbinə yol tapıb.
Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. Yeddiillik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşıb.
Görkəmli aktyorun yumoru sərtdir, çevikdir, bitkindir. Komik ampluanın bu qolu yalnız Bəşir Səfəroğlu yaradıcılığı üçün xasdır. Sənətkar heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də olmayıb. İlk dəfə səhnəyə 14 yaşında çıxıb və “Sevil” tamaşasında Gündüzü oynayıb. Bir il sonra Azərbaycan Dövlət Musiqili Teatrına gələrək tamaşalarda sözsüz rollarda çıxış edib. 1941-ci ilin noyabrında yaşı çatmasa da könüllü cəbhəyə gedib. 1942-ci ildə kontuziya alaraq eşitmə və danışma qabiliyyətini itirib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifovun məsləhəti ilə müntəzəm olaraq teatrın tamaşalarına baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.
Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bununla da dili açılır. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.
Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) bu yeddiliyi təşkil edir.
Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.
Bəşir Səfəroğlunun rolun səhnə həllinə, qəhrəmanların sözlərinə münasibətdə fərqli mövqeyi vardı. Məsələn, o hər kəlməni müxtəlif intonasiyalarla mənadəyişiminə məruz qoyurdu. Bəşir Səfəroğlu qəhrəmanın vəziyyətinə psixoloji zəmindən yanaşırdı və oyununda gözgörəsi ifşa - özünü ifşa yox idi. O, sadəcə qəhrəmanın xarakterini və vəziyyətinin komikliyini açırdı. Onun öz obrazlarına münasibəti ciddi və bütöv idi. Nadan professora da, bürokrat Murtuzova da, səfeh polis rəisinə də ciddi məntiqlə yanaşırdı.
Bəşir Səfəroğlunun sənəti daim yüksək qiymətləndirilmiş və o, 1964-cü ildə Əməkdar artist , 1968-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.
Şöhrətli sənətkar Bəşir Səfəroğlu 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Bəşir Səfəroğlu dünən olduğu kimi, bu gün də, sabah da bənzərsiz obrazları ilə qəlblərdə yaşayacaq.
Onun ölməz sənət yolunu bu gün qızı, Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı uğurla davam etdirir. Atasından qalan sevinci insanlarla bölüşmək, onun arzularını həyata keçirmək, ən əsası isə Bəşir Səfəroğlunun yarımçıq qalmış obrazlarını, rollarını tamamlamaq üçün.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Ağır zəhməti ilə ucalan qadın, adına nəğmələr qoşulan qadın!” adlı kitab sərgisi təşkil edilib.
İdarədən bildirilib ki, sərgidə Azərbaycanın elm, mədəniyyət, incəsənət, siyasət sahəsində uğur qazanmış qadınlara həsr edilmiş kitablar nümayiş olunub. Kitabxana əməkdaşı gələn oxuculara bayramın tarixi və kitablar haqqında məlumat verib.
Azərbaycan Yazıçılar İttifaqının üzvü, yazıçı-publisist Zöhrə Əsgərovanın “Dünya, barışmışam səninlə” kitabı işıq üzü görüb.
Zöhrə Əsgərova oxucular arasında daha çox mədəniyyət sahəsi ilə bağlı araşdırmaları, elmi-populyar yazıları ilə tanınır. “Talelərə yazılan musiqi”, “Tarixi yaddaş və qondarma əhvalatlar”, “Odisseya Korablya durakov”, “Zdes proletel angel” adlı kitabları və başqa esseləri oxuculara yaxşı tanışdır.
“Dünya, barışmışam səninlə” kitabında müəllifin fəlsəfi düşüncələri, mənsur şeirləri və xatirələrində yaşayan unudulmaz sənətkarlar haqqında yazılar, rəylər toplanıb. Müəllif insanın cəmiyyət qarşısında vəzifələrini, şəxsiyyətin yetişməsi üçün sağlam mühitin vacibliyi haqda dərin, bəşəri fikirlərini bədii şəkildə oxucularla bölüşüb. Yazıçı bəşəriyyətin gələcək taleyi üçün çox narahatdır.
Zöhrə Əsgərovanın yaradıcılıq axtarışları davam edir. “Dünya, barışmışam səninlə” adlanan yeni kitabın əsas məziyyəti ondan ibarətdir ki, onun qəhrəmanları öz həqiqətinin axtarışında, əqidəsi uğrunda mübarizə əzmindədirlər.
Kitabın “Düşüncələrimlə üz-üzə” bölməsində iyirmi iki, “Mənsur şeirlər” bölməsində otuz, “Xatirələr, rəylər” bölməsində on bir material yerləşdirilib. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.
“YARAT” Müasir İncəsənət Mərkəzində “MIGROS” muzeyi ilə birgə əməkdaşlıq çərçivəsində ekologiya mövzusunu geniş əhatə edən sərgi təşkil edilib.
“YARAT”dan bildirilib ki, “Potensial dünyalar 1: Planetimizlə bağlı xatirələr” adlı sərgi insan və təbiət arasındakı əlaqələri araşdırır. Hər iki sərgidə təqdim olunan əsərlər insanın planetə təsirini öyrənir və Yer kürəsində gələcək həyatın mümkün ssenarilərini təsvir edir. Sərginin kuratorları Hayke Munder (“Migros Museum für Gegenwartskunst”un bədii direktoru) və Suad Qarayeva-Malekidir (“YARAT” Müasir İncəsənət Məkanının bədii direktoru). Sərgi may ayının sonuna kimi davam edəcək. Sərginin ikinci hissəsi, “Potensial Dünyalar 2: Eko-fantaziyalar” isə Sürix Qalereya Həftəsi sonunda və “Art Bazel” ərəfəsində təqdim olunacaq. Adı çəkilən bu sərgi, birinci sərgidə toxunulan məsələlərə yeni həyat və cəmiyyət formalarının spekulyativ tədqiqində, eləcə də insanların qabaqcıl post-insani texnologiyalar dövründə oynadığı daim dəyişən rollarda əsaslanacaq.
Daha sonra, adı çəkilən hər iki sərgi Bakıda, “YARAT” Müasir İncəsənət Mərkəzində açılacaq.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının hazırladığı ən yeni tamaşalardan olan “Şəhərin qış gecələri” adlı tamaşa növbəti dəfə martın 31-də teatrsevərlərin ixtiyarına veriləcək.
Teatrdan bildirilib ki, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur.
Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə və Ramiq Nəsirov rol alıblar.
Rusiya Dövlət Dumasında faşizm üzərində qələbənin 75 illiyi və 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Böyük Vətən müharibəsi qadınları” adlı sərgi açılıb.
Xəbər verilir ki, 4 gün ərzində davam edəcək sərgi Dövlət Duması yanında Gənclər Parlamentinin təşəbbüsü və Dövlət Dumasının Milli Məsələlər və Ailə, Qadın və Uşaq işləri üzrə Komitələrinin dəstəyi ilə keçirilir.
Tədbiri açan Milli Məsələlər üzrə Komitənin sədri Valeri Qazayev qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən bəhs edib.
Çıxış edən deputatlar İldar Qilmutdinov və Ailə, Qadın və Uşaq işləri üzrə Komitənin sədri Tamara Pletneva bu sərgiyə Moskvanın Azərbaycan icmasının dəstəyini xüsusi qeyd edib, icmaya öz təşəkkürlərini bildiriblər.
Sərgidə Böyük Vətən müharibəsi veteranları çıxış edərək öz döyüş yollarından danışıblar.
Qeyd etmək lazımdır ki, 1941-ci ildə əhalisi 3,4 milyon olmuş Azərbaycanda hər beşinci azərbaycanlı bu müharibədə iştirak edib. Cəbhəyə 681 min azərbaycanlı (onlardan 10 mindən çoxu qadın olmaqla) yollanıb, onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub ki, bu göstəricilər İkinci Dünya müharibəsində ABŞ və Böyük Britaniya kimi ölkələrin itkilərindən çox olub. Böyük Vətən müharibəsində hər onuncu azərbaycanlı həyatını itirib ki, bu da SSRİ-nin digər respublikaları arasında ən böyük göstəricilərdən biridir.
400 mindən çox azərbaycanlı orden və medallarla, 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunub, 14 döyüşçü isə “Şöhrət” ordeninin tam kavalerləridir.
Martın 11-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ictimaiyyətə ölkədaxili turizm kampaniyası təqdim olunub.
“Macəra yaxındadır!” adlı kampaniyanın məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə Azərbaycan Respublikası vətəndaşları üçün təqdim edilən bütün turizm təkliflərini bir araya gətirməkdir.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü ilə yaradılmış kampaniya Azərbaycan Respublikası vətəndaşları və Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan fiziki şəxslər arasında ölkədaxili turizmin inkişaf etdirilməsinə yönəlib. Belə ki, www.macerayaxindadir.az veb-səhifəsində kampaniyanın tərəfdaşı olan turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər yerləşdiriləcək. Kampaniya çərçivəsində bütün yerli şirkətlər əməkdaşlığa dəvət olunurlar.
Ölkədaxili turizm fəaliyyəti üzrə dövlət tənzimlənməsinin bir istiqaməti olaraq kampaniya ölkədaxili turizmin inkişafını və fəallaşmasını təmin edəcəkdir.
Tədbir çərçivəsində, həmçinin xarici turistlər üçün nəzərdə tutulmuş, bir çox funksiyanı özündə cəmləşdirən, turistlərə müxtəlif seçimlər təklif edən “azerbaijan.travel” saytının təkmilləşdirilmiş və yenilənmiş versiyasının təqdimatı keçirilib. Yeni sayt turistlərə ölkənin turizm potensialı haqqında yetərincə məlumat verməklə yanaşı, uçuş biletləri, mehmanxana və müxtəlif tur paketlərini müqayisəli formatda təqdim edərək çoxçeşidli imkanlar yaradır.
Eyni zamanda, Azərbaycanın turizm potensialından bəhs edən xarici auditoriya üçün nəzərdə tutulmuş “Experience Azerbaijan” jurnalının ikinci nüsxəsi ictimaiyyətə təqdim edilib.
Tədbir çərçivəsində DTA və ATB-nin rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib, media nümayəndələrinin sualları cavablandırılıb.