Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü il oktyabrın 14-də Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasında TÜRKSOY ölkələrinin dəstəyi ilə "Molla Nəsrəddin. Çətin günlərimin dostu" adlı tammetrajlı bədii filmin (quruluşçu rejissor Xalq artisti Vaqif Mustafayev) birgə istehsalı qərara alınıb.
AZƏRTAC xəbər verir ki, filmin çəkiliş prosesi ilə bağlı mayın 2-də mətbuat konfransı keçirilib.
TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, bu layihədə bütün Türk dövlətləri iştirak edəcək. Qeyd olunub ki, filmin çəkilişlərinin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanda aparılması, hər bir ölkədə həyata keçiriləcək çəkilişlərin həmin ölkə tərəfindən maliyyələşdirilməsi ilə bağlı razılığa gəlinib.
Kinorejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev ekran əsərinin çəkilişlərinə cari ilin avqustundan başlanacağını deyib. Qeyd edib ki, filmin çəkilişləri bu ilin sonunda bitəcək. Filmin xronometrajı 100 dəqiqədir. Həmçinin bu ekran əsəri Kann, Venesiya film festivallarında da nümayiş olunacaq.
Diqqətə çatdırılıb ki, Türk dövlətləri kinematoqrafçılarının iştirakı ilə həyata keçiriləcək filmin istehsalına Azərbaycan tərəfdən məsul qurum olan "Nasreddin Production" şirkəti tərəfindən ilkin hazırlıq işləri görülüb. Filmin çəkilişlərinin aparılacağı Türk dövlətlərində məkanların seçilməsi, yaradıcı heyət üzvlərinin müəyyən olunması, geyim və rekvizitlərin hazırlanması, həmçinin digər istiqamətlərdə bir çox işlər həyata keçirilib.
Türk dövlətləri arasında ortaq mədəni dəyərlərə söykənən “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filminin istehsalı ilə əlaqədar hazırda layihədə iştirak edən ölkələrlə işlər əlaqələndirilmiş şəkildə davam etdirilir.
Azərbaycanda mədəni irs abidələri iqlim dəyişikliyinin təsirlərindən birbaşa sığortalanmayıb. İqlim dəyişiklikləri torpağın təkinə təsir edir ki, nəticədə torpaqların eroziyası sürətlənir. 1918-ci ilin martında ermənilərin törətdikləri soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi üçün Qubada yaradılan memorial kompleksdə aparılan müvafiq qazıntılar zamanı torpaq eroziyasının xeyli artdığı müşahidə edildi. Qobustandakı qayaüstü rəsmlərdə də iqlim dəyişikliyinin təsirindən müəyyən mənfi proseslər gedib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də təşkil edilmiş “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı plenar sessiyada açılış nitqi ilə çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.
"Yağışların həcminin azalması Damcılı kimi digər tarixi obyektlərin də mövcud durumunu çətinləşdirib. Memarlıq obyektləri əsrlərin sınağından çıxmasına baxmayaraq, təbiətin təsirinə məruz qalırlar. Burada daha çox bioloji və kimyəvi amillər üzə çıxır. Onların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində görüləcək işlər çətinləşir. Azərbaycan ərazisində UNESCO-nun siyahısında olan azı 6 obyekt təhlükədədir”, - deyə nazir müavini bildirib.
İqlim dəyişikliyi səbəbindən milli parklarda, yasaqlıqlarda vəziyyətin heç də ürəkaçan olmadığını söyləyən S.Yusifova bununla bağlı tədqiqatların aparıldığını deyib. Qeyd edib ki, təhlillər əsasında təkliflər hazırlanıb. “Biz təbiətin və milli mədəni irs obyektlərinin qorunması ilə bağlı Yol Xəritəsi tərtib etmişik. Bu da vahid strategiyaların tətbiqi ilə bağlı yeni imkanlar açıb. Bu gün bir çox ölkə eyni problemlə üzləşib. Odur ki, effektiv uyğunlaşma strategiyalarının həm milli, həm də beynəlxalq səviyyədə hazırlanmasına ehtiyac duyulur. Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizəyə ardıcıl töhfələrini verir. COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan bu istiqamətdə irəli sürüləcək hər hansısa strategiyalara dəstək verməyə hazırdır”, - deyə o əlavə edib.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də mədəniyyət naziri Adil Kərimli bir sıra ölkələrin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-UNESCO əməkdaşlığından söz açılıb, ölkəmizin təşkilatın fəaliyyətində yaxından iştirak etdiyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, 2022-ci ilin oktyabrında Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi “Bakı Prosesi”: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək” adlı qərar layihəsi yekdilliklə qəbul olunub. Bu dəstəyə görə ölkəmiz adından UNESCO-nun İcraiyyə Şurasına minnətdarlıq ifadə edilib.
Nazir Forum çərçivəsində mayın 3-də Ağdamda təşkil olunacaq “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya barədə məlumat verib.
Bildirilib ki, sessiya UNESCO-nun 2023-cü ildə qəbul etdiyi “Minaların mədəni mülkiyyətə təsirinə dair qətnamə”yə həsr olunub.
Tədbirdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalının beşinci günü Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə italiyalı qonaq – opera müğənnisi xanım Repalta Bufo, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, beynəlxalq festivalların iştirakçısı, estrada vokalçısı Kamilla Məmmədzadə və digər artistlər iştirak ediblər. Onların ifası Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri tərəfindən müşayiət olunub.
Anşlaqla keçən konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərləri ifa edilib. Sonda vokalçılar Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını oxuyublar.
I Beynəlxalq Opera Festivalı Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə təşkil edilib və mayın 3-dək davam edəcək.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, “ArtXchange Global”ın icraçı direktoru Ornela Ramasauskaitenin moderatorluğu ilə keçirilən sessiyada ABŞ-ın “Stirling Fondu”nun prezidenti və İdarə Heyətinin sədri Maylz Hansen çıxış edərək bildirib ki, dünyada millətçilik və qəbiləçiliyin olması münaqişələrin yaranmasına səbəb olan ən təhlükəli səbəblərdəndir. Onun sözlərinə görə, fəaliyyətlərini bu cür ideyalar üzərində quran qruplar və təşkilatlar bəşəriyyəti qütblərə bölür. Bu tendensiya tək Asiyada, şərqdə deyil, özünü ABŞ və Avropada da göstərir.
“Bu gün Azərbaycanda təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumu fərqli mədəniyyətlər və dinlərin birgə müzakirələr aparmasına şərait yaradır. Bu cür tədbirlər dünya mədəniyyətlərini bir araya gətirir”, - deyə M.Hansen bildirib.
Daha sonra “British Council”ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva məruzəçi kimi çıxış edərək təmsil olunduğu qurumun ölkəmizdə həyata keçirdiyi layihələrlə bağlı danışıb. O əlavə edib ki, “British Councıl” Azərbaycan Mədəniyyət Nazirliyi ilə birlikdə mühüm layihələr hazırlayıb. Bu layihələr nəticəsində Azərbaycan mədəniyyəti Birləşmiş Krallıqda və dünyada tanıdılıb.
“Bu il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın reallaşdırdığı ekoloji və sosial layihələri dünyaya təqdim etməklə yanaşı, gənclərin geniş təcrübə qazanmasına da səbəb olacaq”, - dəyə N.Hacıyeva vurğulayıb.
“Alove Animasiya” studiyasının həmtəsisçisi və “Plastilin-medianın” həmtəsisçisi və rəhbəri Oktay Yusibov isə qeyd edib ki, Azərbaycan animasiya yaradıcılığını inkişaf etdirib qonşu və digər ölkələrdə nümayiş etdirməsi müsbət nəticələrə yol aça bilər. Onun sözlərinə görə, bunun sayəsində uşaqlar müxtəlif xalqların və ölkələrin mədəniyyətini tanıyacaqlar.
Rəqəmsal mediada baş məsləhətçi Nina Lariçeva ilk olaraq ölkəmizlə bağlı təəssüratlarını bildirib. O, Bakıya ilk dəfə gəldiyini deyərək Zaha Hadidin inşa etdiyi Heydər Əliyev Mərkəzinin incəsənət əsəri, Bakının dünyanın gözəl şəhərlərindən biri olduğunu əlavə edib. N.Lariçeva qeyd edib ki, bu gün dünyanın animasiya və film sənayesində ABŞ məhsulları çoxluq təşkil edib. Qlobal bazara digər mədəniyyətlərə aid yaradıcılıq məhsullarının da olması lazımdır.
Daha sonra UNESCO-nun Banqladeşdəki daimi nümayəndəsi səfir Xondkar Muhammad Talha, “Bazelevs” film şirkətinin baş prodüseri Lalə Rüstəmova, Daxili Məlumat Yayıcıların Sosial təsir şöbəsinin tərəfdaş və rəhbəri Martina Nadal və Türkiyə Yaradıcı Sənayelər Şurasının Prezidenti WDO-nun (Dünya Dizayn Təşkilatı) Avropa üzrə regional müşaviri Sərtac Əray Ərsayın məruzələrlə çıxış ediblər.
Mayın 3-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərginin açılışı olacaq.
Bu barədə AZƏRTAC-a muzeydən bildirilib. Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçı günü” ərəfəsində keçirilən sərgidə müəllifin ornamental, portret, süjetli xalçaları, xalça eskizləri, eləcə də orijinal tərzdə işlənmiş nəbati və həndəsi naxışlı, süjetli çətənləri nümayiş olunacaq.
Sərgi mayın 12-dək davam edəcək.
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü sessiyalarla davam edir.
AZƏRTAC xəbər verir ki, mayın 2-də “Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilir.
“Turizm Araşdırmaları Salnaməsi”nin təsisçi-redaktoru Cəfər Cəfərinin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edir.
Panel sessiyada Sarayevo Şəhər Şurasının sədri Yasmin Ademoviç, “Songa Africa”nın təsisçisi Roset Şantal Ruqamba, “Get up and go Colombia”nın həmtəsisçisi və direktoru Migel Karvaxal, turizm sektorunda gənclər və istedadların inkişafı üzrə ekspert Lusi Qarner, Dünya Turizm Etikası Komitəsinin sədrinin icraçısı Daniela Otero məruzələrlə çıxış edəcəklər.
Azərbaycan musiqişünaslıq elmində özünəməxsus yeri olan görkəmli alimlərimizdən biri, Azərbaycanın Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun anadan olmasının 85-ci ildönümü tamam olur. Bu münasibətlə Milli Kitabxanada "Xalq artisti Ramiz Zöhrabov" adlı geniş kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, monoqrafiyaları, tərtibçi, “Ön söz”, elmi redaktor və rəy yazdığı, həyat və yaradıcılığına həsr olunmuş kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Ramiz Fərzulla oğlu Zöhrabov 2 may 1939-cu ildə Bakıda anadan olub. 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində, 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində təhsil alan Ramiz Zöhrabov 1965-ci ildə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirib.
1983-cü ildə Moskvada, 1991-ci ildə Təbrizdə nəşr edilən “Azərbaycan təsnifləri”, “Azərbaycan zərbi-muğamları”, “Muğam”, “Bəstəkarlarımızın portreti”, “Rast muğam dəstgahının nəzəri əsasları”, “Çahargah” muğamının nəzəri əsasları” kitabları Azərbaycan musiqişünaslıq elminin diqqətəlayiq nümunələrindəndir. Professor Ramiz Zöhrabov həmçinin “Azərbaycan musiqi ədəbiyyatı”, “Şifahi ənənəli Azərbaycan professional musiqisi” adlı dərsliklərin də müəllifidir.
Musiqi yaradıcılığı ilə məşğul olan R.Zöhrabov xalq çalğı alətləri orkestri üçün “Bayram lövhələri”, “Uşaq səhnələri”, “Ərdəbil lövhələri” süitaları, instrumental pyeslərini yazıb. Müəllifin müxtəlif mahnıları məşhur müğənnilər, uşaq xoru və solistlər tərəfindən maraqla ifa olunub.
Musiqi mədəniyyətimizin öyrənilməsi və təbliğinə mühüm töhfələr verən sənətkar "Əməkdar incəsənət xadimi", "Xalq artisti" fəxri adlarına, “Şöhrət” ordeni və “Humay” milli mükafatına layiq görülüb.
Mayın 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramos ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-UNESCO əlaqələrindən söz açıb Adil Kərimli təşkilatın “Bakı Prosesi” çərçivəsində bu il altıncı dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ənənəvi tərəfdaşları sırasında yer almasını məmnunluqla qeyd edib.
Nazir bildirib ki, Azərbaycan dövlətinin “Bakı Prosesi” qlobal platformasının inkişafı ilə bağlı müxtəlif ideyaları var və bunu UNESCO ilə bölüşməyə hazırdır. Ölkəmiz təşkilatla müxtəlif sahələrdə, o cümlədən süni intellekt sahəsində əməkdaşlıqda maraqlıdır.
UNESCO baş direktorunun köməkçisi Qabriela Ramos görüşə görə təşəkkürünü bildirib, Forumda iştirakından məmnunluğunu ifadə edib.
Söhbət zamanı UNESCO-nun bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təmsil olunmasının, tərəfdaş qismində çıxış etməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yeləşən 19 baramaçılıq rayonundan olan kümçülərə tut ipəkqurdu toxumunun paylanılması həyata keçirilib.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bununla da Azərbaycanda 2024-cü il barama mövsümünə start verilib.
Bildirilir ki, tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, 19 rayondan gəlmiş kümçülər, media təmsilçiləri iştirak ediblər.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, Azərbaycanda qədim ənənələrə malik, tarix və mədəniyyətimizin bir parçası olan ipəkçiliyin bərpasının kənd əhalisinin rifah halının yaxşılaşdırılmasında və məşğulluğunun təmin olunmasında sosial-iqtisadi məsələ kimi xüsusi əhəmiyyətini nəzərə alaraq, barama istehsalının dəstəklənməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Nazirlik tərəfindən cari mövsümdə baramaçılıq sahəsində qabaqcıl təcrübə və ənənələrə malik kümçülərin müəyyənləşdirilməsi və tut ipəkqurdularının hər qutusundan məhsuldarlığın yüksəldilməsi hesabına ölkədə barama istehsalının artımına nail olmaq hədəf kimi müəyyən edib.
Tədbirdə qeyd olunub ki, Nazirlik tərəfindən rayonlarda fəaliyyət göstərən DAİM-lərin məlumatları əsasında qabaqcıl barama istehsalçılarının siyahısı, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatlar toplanılaraq təhlil edilib və müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Nazirliyin mütəxəssisləri tərəfindən bütün baramaçılıq rayonlarının məhsul istehsalçıları üçün maarifləndirici təlimlər təşkil edilib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb və kümçülərə yerində məsləhətlər verilib.
Rayonlar üzrə barama istehsalçılarının sayı, yem ehtiyatı, mövcud kümxanaların sahəsi və vəziyyəti nəzərə alınmaqla cari ildə istehsal olunacaq yaş baramanın həcminə uyğun olaraq aprelin 20-də 9 000 qutu ipəkqurdu toxumu Qax Rayon Damazlıq İpəkçilik Stansiyasında, həmçinin Zərdab, Bərdə, Ağsu, Zaqatala rayonlarında yerləşən baramaqurutma məntəqələrində inkubasiyaya qoyulub.
Tut ipəkqurdularının bölgüsünə dair məlumatlar baramaçılıq rayonlarının DAİM-lərinə göndərilib, rayonun kəndləri üzrə barama istehsalçılarının seçilməsi və siyahısının dəqiqləşdirilməsi, kümxanaların yaradılmasında uyğun tikililərdən istifadə edilməsi və onların aqrozootexniki tələblərə uyğun hazırlanması ilə bağlı tövsiyələr verilib.
İnkubasiya nəticəsində əldə edilmiş ipəkqurduların təbii-iqlim şəraitinə uyğun olaraq iki mərhələdə 40 rayonun kümçülərinə paylanılmasının qrafiki tərtib edilib və məlumat üçün əvvəlcədən Qax Damazlıq İpəkçilik Stansiyasına, baramaqurutma məntəqələrinə və DAİM-lərə təqdim edilib.
Tədbirdə Qax Rayon Damazlıq İpəkçilik Stansiyasında təxminən 3 250 qutu ipəkqurdu toxumlarının aran və dağətəyi zonalarda yeləşən 19 baramaçılıq rayonlarına paylanılması prosesi həyata keçirilib.
Qeyd edək ki, barama istehsalının təşkilinin sınaqdan keçirilməsi məqsədilə cari ildə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasına 30 qutu ipəkqurdu toxumu ayrılıb, bu toxumların inkubasiyasının həyata keçirilməsinə metodiki köməklik göstərilməsi üçün Nazirlik tərəfindən Naxçıvan Muxtar Respublikasına mütəxəssis ezam olunub.