Dövlət Tərcümə Mərkəzi “Gürcüstan poeziyası günləri” çərçivəsində müasir gürcü poeziyasının tanınmış simaları David Şemokmedelinin “Astananın iki üzü”, Makvala Qonaşvilinin “Min ikinci gecə” və Bela Keburianın “Sayrışan şəfəqlər” kitablarının təqdimat mərasimini keçirib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud son illər Azərbaycan-Gürcüstan ədəbi əlaqə və mübadilələr istiqamətində həyata keçirilən tərcümə və nəşr layihələrindən danışıb.
Sonra Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri, yazıçı-tərcüməçi Yaşar Əliyev, Mərkəzin Elm, təhsil, mədəniyyət idarəsinin rəisi, yazıçı-tərcüməçi Etimad Başkeçid, şair-tərcüməçi Mahir Qarayev, şair-tərcüməçi İmir Məmmədli və Gürcüstanın Azərbaycandakı səfirliyinin baş müşaviri Avtandil Napetvaridze çıxış edərək son illər Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafından, Dövlət Tərcümə Mərkəzinin Gürcüstan Yazıçılar Birliyi, Rustaveli Cəmiyyəti, Batumi Yazıçılar Evi, “Merani” və “İverioni” nəşriyyatları ilə birgə həyata keçirdiyi layihələrdən, Azərbaycan ədəbiyyatının Gürcüstanda, gürcü ədəbiyyatının Azərbaycanda tanıdılması və təbliği istiqamətində görülən işlərdən danışıblar.
Gürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, şair David Şemokmedeli deyib: “Mərkəzdə yüksək səviyyədə təşkil olunan “Gürcü poeziyası günləri” bizim ədəbiyyatımıza göstərilən ali mənəvi dəstəkdir ki, onun da əhəmiyyəti və dəyəri zaman-zaman artacaq, bugünkü və gələcək azərbaycanlı oxucular bu kitablar vasitəsilə gürcü poetik ruhunun mənzərəsi ilə tanışlıq imkanı qazanacaqlar”.
Tədbirin sonunda şairlərin imza mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri keçirilir. Görüşlərdə sakinlərin problem və təklifləri yerində dinlənilir, məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır.
Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu mayın 6-da Quba rayonunda gerçəkləşib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl nazir və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Ümummilli Liderin Quba şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra mərkəzin foyesində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə nümayiş etdirilən Quba, Qusar və Xaçmaz uşaq incəsənət məktəbləri şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış olub.
Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən, Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan vətəndaşlar iştirak ediblər. Vətəndaşların müraciətləri işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
Bu gün 2024/2025-ci tədris ili üçün musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb.
"Report" xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki həmin məktəblərə şagird qəbulu ilk dəfə olaraq elektron qaydada həyata keçirilir.
Mayın 6-sı 12:00-dan start götürən qəbul prosesi "my.culture.az" vahid şəxsi kabineti vasitəsilə mayın 31-dək həyata keçiriləcək.
Qeyd edək ki, mayın 6-31-də tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır.
Yayın gəlişi ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) Avropa və Asiya şəhərlərinə uçuş proqramını genişləndirməyi planlaşdırır və sərnişinlərinə 60-a yaxın istiqamət üzrə uçuşlar təklif edir.
"Report" xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.
Bu yay “Azərbaycan Hava Yolları” aviaşirkəti sərnişinləri Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Pakistan və digər ölkələrin bir çox şəhərlərinə səyahət etməyə dəvət edir.
Aviaşirkətin Avropa üzrə uçuş coğrafiyası iyun ayından etibarən Buxarest və Sofiyaya reyslərin açılması ilə daha da genişlənəcək. Yayda AZAL sərnişinlərinin səyahət edə biləcəyi Avropa şəhərlərinin ümumi sayı 10-a qədər artacaq. Belə ki, səyahətçilər, məsələn, ləzzətli yerli mətbəxdən zövq almaq üçün İtaliyaya, çimərlikdə dincəlmək və müxtəlif bayramlarda iştirak etmək üçün İspaniyaya, gözəl dağ mənzərələrini izləmək üçün Avstriyaya, orta əsr qalalarını ziyarət etmək üçün Çexiyaya və bir çox digər ölkələrə yollana bilərlər.
Aviaşirkət Qara dəniz, Aralıq dənizi və Egey dənizindəki çimərlik kurortlarına, eləcə də Qırmızı dəniz və Fars körfəzi sahillərində yerləşən şəhərlərə və digər mükəmməl istirahət məkanlarına çox sayda uçuşlar təklif edir. AZAL-ın reysləri ilə sərnişinlərin Bakıdan Barselona, Batumi, Soçi, Trabzon, Antalya, Dalaman, Bodrum, İzmir kimi heyrətamiz yerlərə, həmçinin Dubay, Tivat, Bəhreyn və gözəl çimərlikləri və maraqlı görməli yerləri olan dünyanın digər şəhərlərinə səfər etmək imkanı var.
Yeni mədəniyyət və ənənələrə qərq olmaq istəyən səyahətçilər aviaşirkətin Pekin, Mumbay, Nyu-Dehli, İslamabad, Kəraçi və ya Lahor kimi istiqamətləri üzrə səyahət edə bilərlər.
Bu ilin yay cədvəli çərçivəsində, xüsusən də məşhur beynəlxalq marşrutlarda, uçuşların tezliyinin əhəmiyyətli dərəcədə artırılması səyahətlərin planlaşdırılmasında rahatlığı təmin edəcək. Uçuş tezliklərinin artacağı istiqamətlərə Berlin, Moskva, Sankt-Peterburq, Ufa, Soçi, Antalya, İzmir, Trabzon, Bodrum, Tel-Əviv, Kişineu, Almatı, Batumi, Pekin, Sofiya, Tivat, Dammam, Dehli, Mumbay və s. daxildir.
Qeyd edək ki, 2022-ci ildə “Azərbaycan Hava Yolları” aviaşirkəti yay cədvəli çərçivəsində 27 istiqamət təklif edib, 2023 və 2024-cü illərdə bu göstərici 2 dəfədən çox artaraq müvafiq olaraq 55 və 58 istiqamətə çatıb.
AZAL-ın bu yay beynəlxalq istiqamətlər üzrə ən çox reys həyata keçirəcəyi şəhərlər siyahısında ilk beşlikdə İstanbul, Antalya, Moskva, Dubay və Tbilisi yer alır.
AZAL ilə unudulmaz anlar yaşamaq fürsətini qaçırmayın! Aviaşirkət tələbatın yüksək olduğu yay aylarında – tətil və məzuniyyət dövründə səyahət xərclərinə qənaət etmək üçün səfərinizi əvvəlcədən planlaşdırmağı tövsiyə edir.
Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala, mobil tətbiqinə daxil ola, eləcə də AZAL-ın kassalarına və akkreditə olunmuş agentliklərinə müraciət edə bilərsiniz.
“Bakcell” Fəvvarələr Meydanında yeni brend kimliyinə uyğun innovativ mağazasını təqdim edib. Mayın 3-dən etibarən fəaliyyətə başlayan mağazanın açılışında “Bakcell”in süni intellekt dəstəkli insanabənzər robotu Ardi iştirak edib.
Yenilənmiş mağaza üstün xidmət mərkəzi olmaqla birgə müasir müştəri yanaşmasını sərgiləyən "high-tech" təcrübə məkanıdır. Belə ki, mağaza müştərilərə yüksək keyfiyyətli xidmətlərlə yanaşı, oyun həvəskarları üçün VR zona, yeni nəsil texnologiya aləti “Apple Vision Pro” və rəqəmsallaşdırılmış monitorlar da təqdim edir.
Müştərilər “Bakcell”in növbəti həftələrdə təqdim edəcəyi yeni məhsullarla yerində tanış ola və onları birbaşa mağazadan əldə edə bilərlər. Hacı Zeynalabdin Tağıyev küçəsi 19 (Fəvvarələr Meydanı) ünvanında yerləşən yenilənmiş mağaza həftəiçi 9:00-dan 20:00-a, həftəsonu 10:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.
Qeyd edək ki, “Bakcell”in yeni təqdim olunmuş brend strategiyası gələcəyə hədəflənərək Azərbaycan üçün innovativ xidmətlər təqdim etməkdir.
Qazaxıstanın Kokşetau şəhərində Şaxmet Xusainov adına Akmola Vilayət Qazax Musiqili və Dram Teatrında Qazaxıstanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı, dramaturq Saken Junusovun 90 illik yubileyinə həsr olunmuş “SALEM” II Beynəlxalq Komediya Tamaşaları Festivalı keçirilib. Festival çərçivəsində Kokşetau tamaşaçıları teatr səhnəsində Qazaxıstan, Azərbaycan və Türkiyənin aparıcı teatrlarının ifasında tanınmış dramaturqların əsərlərindən ibarət tamaşaları seyr ediblər.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalda Dövlət Pantomim Teatrının Xalq artisti Bəxtiyar Xanızadə və aktyor Bəhruz Əhmədlinin quruluşunda "Son Ştrix“ tamaşası ilə təmsil olunub.
Tamaşa Qazaxıstan teatrsevərlərinin yüksək rəğbətini qazanaraq münsiflər heyətinin qərarı ilə "Ən yaxşı pantomima tamaşası” nominasiyası və xüsusi pul mükafatına layiq görülüb.
Bakı Kitab Mərkəzində Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Çingiz Fərzəliyevin “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar iştirak ediblər.
Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva kitabın nəşrində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədlinin aparıcılığı ilə keçirilən tədbirdə, həmçinin Xalq yazıçısı Anar, Xalq rəssamları Ömər Eldarov və Fərhad Xəlilov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, Özbəkistan Milli İncəsənət Qalereyasının direktoru Kamola Akilova, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və başqaları çıxış edib.
Natiqlər Əzim Əzimzadənin təsviri sənətimizin inkişafında böyük rolundan, vətəninə, xalqına məhəbbətindən söz açıblar. Qeyd olunub ki, dahi rəssam əsərləri ilə böyük bir dövrün zəngin personajlar qalereyasını yaradıb.
Tədbir Xalq artisti, bəstəkar Siyavuş Kərimi, Əməkdar artistləri Anar Şuşalı və Emil Əfrasiyabın möhtəşəm ifaları ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən nəşr olunmuş “Əzim Əzimzadə” kitabı görkəmli rəssam, Azərbaycanda karikatura sənətinin banisi Əzim Əzimzadənin zəngin yaradıcılığına həsr olunub. Kitab rəssamın həyatını, dövrü mətbuatdakı fəaliyyətini, teatr sahəsindəki nailiyyətlərini, xeyli sayda nəşr olunmamış əsərlərini, ümumiyyətlə bütün yaradıcılığını əhatə edən nəfis bir nəşrdir.
Ölkəmizdə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir sıra yüksək səviyyəli qonaqları ilə ikitərəfli görüşlər təşkil olunur, əməkdaşlıq əlaqələri müzakirə edilir.
Mədəniyyət naziri Adil Kərimli mayın 3-də İtaliya Respublikası Deputatlar Palatasının vitse-prezidenti Corcio Mulenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Forumda iştiraklarına görə nümayəndə heyətinə təşəkkürünü bildirən nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” və bu qlobal platforma çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib. Deyib ki, builki Forumun da zəngin proqramı var və bəşəriyyəti narahat edən məsələlər ətrafında faydalı müzakirələr aparılıb.
Qeyd olunub ki, Azərbaycan dövləti İtaliya ilə əməkdaşlığa önəm verir. Təsadüfi deyil ki, 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb. İki ölkə arasında mədəni əməkdaşlıq da inkişaf edir. Xüsusilə, tarixi-mədəni irsin qorunması, memarlıq və dizayn kimi sahələrdə əlaqələr ildən-ilə möhkəmlənir. Azərbaycan tərəfi İtaliya ilə kino sahəsində əməkdaşlıqda da maraqlıdır.
Görüşə görə təşəkkür edən İtaliya Deputatlar Palatasının vitse-prezidenti Corcio Mulen Forumda iştirakından məmnunluğunu bildirib.
Azərbaycanın İtaliya üçün vacib tərəfdaş olduğunu deyən qonaq ölkələrimiz arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, iki ölkə arasında ali təhsil sahəsində də yaxşı əlaqələr qurulub. ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi bunun parlaq təzahürüdür. Həmçinin bildirilib ki, İtaliyanın tərəfdaş ali təhsil ocaqlarının professorları ADA Universitetində mütəmadi mühazirələr oxuyurlar.
Söhbət zamanı iki ölkə teatrlarının qarşılıqlı qastrol səfərlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və Avropa Birliyi üzrə departament rəhbəri Gözde Şahinlə görüşüb.
AZƏRTAC xəbər verir ki, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını yüksək qiymətləndirən Gözde Şahin, yeni qurumun mədəni əlaqələrimizin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiyini qeyd edib.
Departament rəhbəri, hər iki ölkənin mədəniyyət nazirliklərinin birgə layihəsi çərçivəsində Azərbaycanda tarixi binaların bərpası üzrə laboratoriyanın yaradılması üzrə işin getdiyini, bu təşəbbüsə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstək verdiyini bildirib.
Mədəniyyət nazirlərinin 2023-cü il noyabr ayında Ankarada keçirdiyi görüş və imzaladıqları Əməkdaşlığa dair Sazişdə nəzərdə tutulan məsələlərin icrası barədə fikir mübadiləsi aparılıb, mədəniyyətin müxtəlif sahələrinə dair təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə ilə mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin dövlətimiz üçün əhəmiyyətini qeyd edərək, dövlət başçılarımızın qarşılıqlı səfərləri, ikitərəfli imzalanan sənədlər, Şuşa Bəyannaməsi, habelə Hökumətlərarası Mədəniyyət sahəsinə dair Əməkdaşlıq Sazişinin əlaqələrin inkişafında mühüm imkanlar açdığını vurğulayıb. O, son illər mədəniyyət sahəsində əməkdaşlığın genişlənməsi barədə görülən işlərdən danışaraq, mədəniyyətin bir çox sahələrində birgə layihələrə ehtiyac olduğunu qeyd edib.
Azərbaycanın aparıcı muzey rəhbərlərinin Türkiyəyə səfəri, onların Ankara və İstanbuldakı böyük və tarixi muzeylərin təcrübələri ilə tanışlıq, birgə görüşlərin keçirilməsi, muzey işi sahəsində yeni təcrübə - İstanbul digital muzeyinin təcrübəsindən Azərbaycanda faydalanmaq, muzey, opera və balet sahəsində əməkdaşlıq da müzakirə predmeti olub.
Simfonik orkestrlərin birgə konsertlərin təşkili (bir sıra iştirakçıların - dirijor, solistlərin qarşı tərəfdən iştirakının təmin edilməsi), Azərbaycanda Beynəlxalq Muğam Mərkəzi ilə Türkiyənin Güzel Sanatlar Universiteti arasında əlaqələrin yaradılması müzakirə olunub. Qeyd olunan təkliflərin reallaşdırılmasına dair birgə plan razılaşdırılıb.
Samir Abbasov son illərdə Türkiyədə keçirilən və milyonlarla insanın iştirak etdiyi “Kültür yolu” (“Mədəniyyət yolu”) festivalına Azərbaycan tərəfinin də maraq göstərdiyini və Festivalda ölkəmizin müxtəlif mədəniyyət kollektivlərinin və yaradıcı qrupların iştirakının milli mədəniyyətimizin daha geniş platformada təbliği və əlaqələrimizin daha da yaxınlaşmasına səbəb ola biləcəyini bildirib.
Gözde Şahin, Türkiyənin 16 şəhərini əhatə edən və 8 ay davam edən festivalın əhəmiyyətini qeyd edib, mədəniyyəti, incəsənəti, tarixi, ədəbiyyatı bir yerdə birləşdirən Türkiyənin ən böyük festivalında Azərbaycan tərəfinin təmsil olunmasının mühüm olduğunu və bu istiqamətdə dəstək göstərməyə hazır olduqlarını qeyd edib.
Görüşdə koordinasiyalı işin aparılması, birgə layihələrin reallaşdırılmasına dair razılıq əldə olunub.
Gözde Şahinə "Aziz Şehir Şuşa" kitabı hədiyyə edilib.
Görüşdə ikitərəfli əlaqələr üzrə şöbə koordinatoru, Azərbaycan üzrə kurator Semin Nurel də iştirak edib.
Mayın 3-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilib.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə cari ilin noyabr-aprel ayları ərzində keçirilən tədbirlərdən, İttifaqın üzvü olan bəstəkar və musiqişünasların geniş fəaliyyətindən danışıb.
Firəngiz Əlizadə musiqi həyatımızla bağlı özünün ətraflı çıxışında Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illiyini də xüsusi vurğulayıb. Bir çox tədbirlərin məhz 90 illiklə bağlı olduğunu qeyd edib. Bu yubiley ilə əlaqədar növbəti tədbirlər haqqında da İdarə Heyətinin üzvlərinə məlumat verdi. Belə ki, mayın 15-dən 20-dək “Gənc bəstəkar və musiqişünasların” Plenumunun keçirilməsini qeyd edib. Həmin Plenumun proqramına əsasən mayın 15-də gənc bəstəkarların Kamera-instrumental əsərləri, mayın 16-da gənc musiqişünasların elmi konfransı, mayın17-də Azərbaycan Dövlət Filarmoniyasında gənc bəstəkarların simfonik əsərlərinin ifası və mayın 20-də Plenumun nəticələri ilə bağlı dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.
Firəngiz xanım Azərbaycan Bəstəkarlar İttifaqının bölgələrimizdə fəaliyyət göstərən bölmələri barədə də danışıb, 90 illik yubileylə əlaqədar olaraq Gəncə şəhərində keçiriləcək tədbirlərdən də söhbət açıb. Qeyd edib ki, uzun illərdir Bəstəkarlar İttifaqının Gəncə bölməsi fəaliyyət göstərir və orada İttifaqın üzvü olan bir neçə bəstəkar və musiqişünas çalışır. “Azərbaycan Bəstəkarlar İttifaqı – 90” silsiləsindən növbəti tədbirin iyunun 15-17-də F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçiriləcək. Bu səyyar Plenum proqramına opera, simfonik, kamera-instrumental əsərlər, ziyalılarla görüşlər daxildir.
Sonra İdarə Heyətinin üzvləri çıxış edərək keçirilən tədbirlər və nəzərdə tutulan planlar barədə öz fikir və mülahizələrini bildirdilər.