“PAŞA Sığorta” ASC Vergilər Nazirliyininin elan etdiyi açıq tenderin qalibi olub.
Tərəflərin imzaladığı sığorta müqaviləsi nazirliyin əməkdaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasını nəzərdə tutur.
Bu məqsədlə 10 688 manat sığorta haqqı ödəniləcək.
"Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.
Bu barədə qurumdan bildirilib.
Məlumatda deyilir ki, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150 min km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.
Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.
Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır.
Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.
Yanvarın 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Cəza” monotamaşası nümayiş etdiriləcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, psixoloji oyun dramında rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşçusu isə İsa Əsədovdur.
Qeyd edək ki, səhnə əsəri ilk dəfə Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında nümayiş edilib. Aktrisa Kəmalə Hüseynova festivalda “İstedadlı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülüb.
Yanvarın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis nağıllarının motivləri əsasında uşaqlar üçün hazırlanan “Şən Elf və cadugər” tamaşası nümayiş ediləcək.
Səhnə əsərinin quruluşçu rejissoru, rus dilindən tərcümə edən və səhnələşdirəni gənc və istedadlı aktrisa Ayla Osmanovadır.
Səhnə əsərinin quruluşçu rəssamı Nisə Qələmova, musiqi tərtibatçısı Zaur Rəşidov, plastik həlli isə Ceyhun Dadaşova aiddir. Uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edəcək bu səhnə əsərində teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.
Səhnə əsərinin rejissoru, bir çox uşaq tamaşalarına quruluş verən Ayla Osmanova “Şən Elf və cadugər”in balacaları sevindirdiyini söyləyib: “Daha öncələr də qurduğum uşaq tamaşalarında balacaları əyləndirmək, dünyanın gözəl olduğuna inandırmaq niyyətim olub. Onların yerində olmağa, özümü onlarla eyni yaşda hiss etməyə və nə istədiklərini anlamağa çalışmışam. Uşaqlar hər zaman xeyrin qalib gəlməsini istəyirlər. Biz də məhz buna inanmağa və onların da rəngarəng dünyalarını bir az da gözəlləşdirməyə çalışırıq.”
Heydər Əliyev Sarayında “Just Jazz” adlı möhtəşəm caz gecəsi keçirilib.
Saraydan bildirilib ki, gecədə beynəlxalq caz festivalları və tədbirlərin iştirakçısı olan, Əməkdar artisti Şəhriyar İmanov, Əməkdar artist Vüsal İskəndərzadənin (tarzən) rəhbərliyi ilə “Shur Trio” kollektivi, “Coffee Band”, The Passion Band” qrupları, eyni zamanda Nicat Aslanov, Tural Rafael, Nərmin Məmmədli, Aytən Orucəliyeva, Suada Hacızadə, Ləman Abbaszadə iştirak ediblər.
Konsertdə yerli caz kompozisiyaları və dünyaca məşhur əsərlər səsləndirilib.
Bu gündən Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) “2019-cu il üzrə hesabat və 2020-cu il üzrə planlar” mövzusunda toplantısı keçirilib.
Agentlikdən “Report”a verilən məlumata görə, tədbirdə ATBA-nın 2019-cu ildə fəaliyyət istiqamətləri üzrə gördüyü işlərdən, eləcə də Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasına (WFTGA) tamhüquqlu üzv olaraq qəbul edilmənin üstünlüklərindən danışılıb.
Tədbir çərçivəsində turizm bələdçilərinin peşə keyfiyyətlərinin təkmilləşdirilməsi üçün attestasiya prosesinin təqdimatı baş tutub, həmçinin Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruq və muzeylərə ödənişsiz giriş üçün respublika üzrə bələdçilərin qeydiyyatının II çağırışı elan edilib.
2020-ci il üzrə fəaliyyət planı çərçivəsində assosiasiya tərəfindən müxtəlif istiqamət və səviyyələrdə həyata keçiriləcək təlimlər və onların əhatə edəcəyi mövzular açıqlanıb.
Bundan əlavə, turizm bələdçisi sənayesinin hüquqi tənzimlənməsi mexanizmi barədə təqdimatla çıxış edilib.
Sonda Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası tərəfindən keçirilən təlimlərdə iştirak edən bələdçilər sertifikat və şəhadətnamələrlə təltif ediliblər.
2019-cu ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12,537 mlrd. kubmetr təbii qaz ixrac edib.
Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verilir ki, bu miqdarda təbii qazın dəyəri 2,367 mlrd. ABŞ dolları təşkil edib. Ötən il təbii qaz ixracının Azərbaycanın ümumi ixracında payı 12,05% olub.
2019-ci ildə ixrac olunan təbii qazın miqdarı 2018-ci ildən 58,7%, dəyəri isə 57,9% çox olub.
2019-cu il ərzində Energetika Nazirliyinin Çağrı Mərkəzi tərəfindən 1763 zəng qəbul edilib.
Nazirlikdən “Report”a verilən məlumata görə, daxil olan zənglər əsasən, elektrik enerjisi və qaz təchizatı məsələlərini əhatə edib. Bunlardan 798-i enerji təchizatı, 476-ı qaz təchizatı, 75-i elektrik və qaz sayğaclarının quraşdırılması, 13-ü mərkəzi istilik sistemi, 160-ı isə digər məsələlərlə bağlı müraciətlər olub. Zənglərin 241-ni isə sorğu və müraciətlərin həlli ilə bağlı təşəkkür zəngləri təşkil edib.
Hesabat dövründə qaz təchizatı üzrə qəbul edilən zənglərdən 191-i Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər olub ki, bu zənglər operativ şəkildə “Azəriqaz” İB-nin qaynar xətt nömrələrinə ötürülərək yaranmış vəziyyətlə bağlı məlumat verilib.
Çağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zənglər çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Azərbaycan “Tech Diaspora”sı yaradılır.
Bu barədə “Report”a agentlikdən məlumat verilib.
Əsas hədəflər Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır.
Bu məqsədlə San-Fransisko şəhərindən Qərib Mehdiyev və Emin Şərifov, Berlin şəhərindən Nail Vəliyev və Bakı şəhərindən Məmməd Kərimov olmaqla 4 nəfərdən ibarət təşkilat komitəsi, həmçinin Azərbaycanda və dünyanın bir sıra ölkələrində yaşayan həmyerlilərimizdən ibarət 21 nəfərlik təşəbbüs qrupu yaradılmışdır (Təşəbbüs qrupunun üzvləri mətnin sonunda göstərilib). Yaradılmış təşəbbüs qrupuna “INNOLAND” və “Next Step” administrativ dəstək göstərir.
“Tech Diaspora”nın nümayəndəlikləri ilkin olaraq startap ekosisteminin inkişaf etdiyi Bakı, Berlin və San-Fransisko şəhərlərində fəaliyyətə başlayacaq.
Bununla əlaqədar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Silikon Vadisində “Azərbaycan İnnovasiyalar Evi”nin yaradılması nəzərdə tutulub. Ölkəmizin innovasiyalar və texnoloji inkişafın mərkəzinə yaxın olması məqsədi ilə fəaliyyətə başlayacaq “Azərbaycan İnnovasiyalar Evi” Silikon Vadisində və yaxın ərazidə yaşayan və innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların bir araya gətirilməsi burada “Tech Diaspora”nın fəaliyyətinin formalaşmasına təkan verəcək.
“Tech Diaspora”nın təşkil edilməsi, həmçinin yerli startaplara xarici investisiyaların cəlb edilməsi istiqamətində önəmli addım olacaq. Prosesin həyata keçirilməsi ölkəmizin daha çox innovasiyaya yatırım edən və intellektual məhsul ixrac etmə potensialı olan ölkə kimi mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.
Diasporaların fəaliyyəti, eləcə də innovativ texnoloji sahədə olan trendləri daim yaxından izləməyə və texnologiyaların Azərbaycanda da tətbiqinə təkan verəcək. Yerli startapçıların ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı startapçılarla əlaqələndirilməsi yerli startapların qlobal bazara çıxış imkanlarını da artıracaq.
“Tech Diaspora”nın yaradılmasının təşəbbüs qrupunun üzvləri:
Qərib Mehdiyev - WeTravel, həmtəsisçi (SF)
Fuad Məlikov - Hazelcast, həmtəsisçi (SF)
Emin Şərifov - Expedia Qrup (SF)
Tural Bədirxanlı - Namomedia, Twitter (SF)
Teymur Sadıxov - Silicon Valley Technology Consulting Group (SF)
Altay Əliyev - Amazon, baş proqram mühəndisi (LX)
Vüsal Dadaşov - Uber, baş proqram mühəndisi (LX)
Aslan Bəkirov - Facebook, istehsal mühəndisi
Şəfi Rəsulov - Google, proqram mühəndisi
Rüstəm Əliyev - OneDome, həmtəsisçi (UK)
Nail Vəliyev - Sport total (GE)
Anar Hacıyev - NMS, həmtəsisçi (NY)
Şəhriyar Məmmədov - OpenGov Inc., DevOps
Araz Cavadov - Walmart eCommerce, məhsul meneceri
Aytəkin Əliyeva - Femigrants platforması qurucusu (SF)
Elşad Abbasov - Next Step, Tech Academy, həmtəsisçi (AZ)
Anar Əligulov - Next Step, Tech Academy, həmtəsisçi (AZ)
Məmməd Kərimov - “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru (AZ)
Tağı Tağızadə - “İnnovasiyalar Mərkəzi”nin direktoru (AZ)
Fərid Musayev - Khazar Ventures (AZ)
Samir Məmmədov - “Sand Hill Angels” qrupunun üzvü, “Global Innovation Catalyst”ın tərəfdaşı, “Tech Academy”nin həmtəsisçisi (AZ)
Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov erməni soprano Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina edib.
Bu barədə Forumopera.com saytı məlumat yayıb.
Bildirilib ki, Y. Eyvazov fevralın 7-də erməni sənətçi Ruzan Mantaşyanla Drezden Opera Ballında birlikdə səhnəyə çıxmalı idi. Lakin, həmyerlimiz erməni əsilli soprano ilə eyni səhnəyə çıxmaq istəməyib:
“Tədbir fevralın 7-də baş tutacaqdı. Amma erməni müğənni orada iştirak etməyəcək. Tenor qazandı və sopranonun tərk edilməsi istənilib”- məqalə müəllifi Loran Byuri yazıb.