Ötən ay Azərbaycanın ən çox ixrac etdiyi məhsulların siyahısı açıqlanıb.
Bu barədə məlumatı Dövlət Gömrük Komitəsi yayıb.
Belə ki, ötən ilin dekabr ayı ərzində Azərbaycan ən çox xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları, neft məhsulları, təbii qaz, elektrik enerjisi, meyvə-tərəvəz, tomat, meşə fındığı, alma, xurma, çay, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alkoqollu və alkoqolsuz içkilər və sirkə, kimya sənayesi məhsulları, plastmas və onlardan hazırlanan məmulatlar, pambıq lifi, pambıq iplik, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar ən çox ixrac olunan məhsullar olub.
İxrac olunan məhsulların ümumi məbləği 19 milyard 635.580 milyon manat təşkil edib.
Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilən “Experience Azerbaijan” tanıtım jurnalının təqdimat mərasimi keçirilib.
Məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid jurnalın xarici vətəndaşlara Azərbaycan haqqında ətraflı məlumat verdiyini bildirərək, təbliğat metodu olaraq nəşrlərin rolunun mühümlüyündən danışıb.
Tədbirdə diqqətə çatdırılıb ki, 15 min tirajla yayımlanan və ölkəni beynəlxalq arenada təbliğ edən “Experience Azerbaijan” jurnalı ildə iki dəfə dərc olunur.
Jurnalda Azərbaycanın turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə ətraflı məlumat verilir.
Yerli və beynəlxalq peşəkarlar tərəfindən hazırlanan jurnal Azərbaycanın xaricdə yerləşən bütün səfirliklərində, beynəxalq sərgi və yarmarkalarda, o cümlədən ölkəmizdə fəaliyyət göstərən əksər hotellərdə paylanılır.
Qeyd edək ki, jurnalı onlayn formada http://bit.ly/35Qn8qu keçidindən istifadə edərək pulsuz əldə etmək mümkündür.
Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Mənim günahım” tamaşası nümayiş ediləcək.
Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa sevgi haqqında pritçadır. Tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev oan tamaşaya İradə Gözəlova quruluş verib.
Səhnə əsərinin quruluşçu rəssamı Elnur Axundov, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.
Tamaşada obrazları Əməkdar artistlər- Nərgiz Kərimova (Nurcahan), İlham Hüseynov (Sahib) və teatrın balet artisti Mələkxanım Səfərova (Ayqız) və başqaları canlandıracaq.
Əsərin süjet xəttində yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinadan bəhs edilir. O, həyat yoldaşını gənc balerina - Ayqıza hədsiz qısqandığı üçün gərgin psixoloji sarsıntılar keçirir. Nurcahan Ayqızı təkçə ərinə yox, həm də sənətinə qısqanır... Bəzən sənətə aşırı dərəcədə sevgi acınacaqlı nəticələr verir... Nurcahan səhnəyə yenicə qədəm qoyan balerinanın gələcəkdə onun yerini tuta biləcəyindən qorxur. Buna görə də qarşısında maneə kimi gördüyü gənc balerinaya zərbə vurmaq üçün böyük bir günah işlədir. Sonra isə əməlindən peşman olub bu günahın mənəvi əzabını çəkir...
Biletləri şəhərin bütün kino-teatr kassaları, “ASAN xidmət” mərkəzləri, eləcə də “İTicket.az” saytından əldə etmək olar.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş “Şəhərin qış gecələri” tamaşası hazırlanıb.
Teatrdan bildirilib ki, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur. Tamaşada Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə, Ramiq Nəsirov rol alıblar.
Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov 30 il öncə xalqımızın yaşadığı böyük faciənin teatr səhnəsində anılmasının mühümlüyünü xüsusi qeyd edib: “Son aylarda bütün qüvvəmizlə Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında “Şəhərin qış gecələri” tamaşasını hazırlayırıq. 20 yanvar faciəsindən otuz il keçib, bu dəhşətli faciə tarixdə silinməz izlər buraxıb və görünür burda da bir məntiq var ki, məhz 30 il sonra böyük yazıçımız Anar bu mövzuya müraciət edib. Bilirsiniz ki, hələ ötən əsrin 80-ci illərində Anarın “Şəhərin yay günləri” əsəri çox məşhur idi, mərhum rejissor Tofiq Kazımov quruluş vermişdi o tamaşaya. Bu dəfə isə artıq 30 il keçib və həmin qəhrəmanlar soyuq bir yanvar axşamında bu faciəni yaşayırlar. Anarın özünəməxsus şəkildə yazdığı, daha doğrusu özünə sadiq qalaraq bütöv millətin faciəsini bir ailənin timsalında göstərdiyi əsəri bədii şərtiliklə və müasir vizual vasitələrdən istifadə edərək qurmağa çalışırıq. Və ümid edirəm ki, bu tamaşa yeni gələn nəsillərin həqiqətlərimizi, tariximizi doğru-dürüst öyrənməsinə faydalı olacaq.”
Qeyd edək ki, tamaşanın premyerası yanvarın 18-19-na nəzərdə tutulub.
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti sənət ocağının repertuarında maraqlı tamaşalardan sayılan “Metamorfoza”nı təqdim edib.
Yazıçı S. Haqverdiyevanın əsəri əsasında hazırlanan səhnə əsəri rejissor Günay Səttarın quruluşunda izlənilib.
Tamaşada rolları aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov canlandırıb.
A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan səhnə əsərinin xronometrajı 75 dəqiqədir. Səhnə əsərində üç naməlum şəxs düşdükləri şəraitdə “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün özlərindən uzaqlaşırlar.
Tamaşanın məramı belədir: sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.
Yanvarın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək.
Səhnə əsəri Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.
Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcək.
Fransada nəşr olunan “La Revue” jurnalında Bakı haqqında “Bakı: Aralıq dənizi Xəzər hövzəsində” adlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalə müqayisəli ədəbiyyat üzrə doktor, fransızdilli yazıçılar parlamentinin prezidenti, 5 Qitə mükafatı laureatı, ötən il noyabr ayında Bakıda səfərdə olmuş Favziya Zuari tərəfindən yazılıb.
Yazıda Bakıya heyranlığını bildirən müəllif paytaxtımızın tarixindən söz açıb. Paytaxt Bakının əslində ən qədim hissə olan və UNESKO-nun Dünya İrs Siyahısına salınmış İçərişəhərin XX əsrin əvvəllərində neft bumu dövründə Qərb arxitekturası əsasında və nəhayət müasir dövrdə tikilmiş üç hissədən ibarət olduğunu qeyd edib.
Bildirib ki, Bakı “Qafqazın Parisi” adlandırılır. Məqalədə paytaxtımızın görməli yerləri, muzeyləri, abidələri haqqında məlumat verilib.
Müəllif ölkəmizdə dövlət strukturlarında aparılan gəncləşmə siyasətindən də söz açıb. F. Zuari ölkəmizdə əhalinin əksəriyyətinin müsəlman olduğunu diqqətə çəkərək Azərbaycanda dini və etnik mənsubiyyətlə bağlı ayrı-seçkiliyin olmadığını vurğulayıb.
Məqalədə müsəlmanlarla bərabər xristianlar, udinlər, yəhudilər, ümumiyyətlə 35 müxtəlif dini icmaların birgə mehriban yaşadığı diqqətə çatdırılıb. O, müsəlman dünyasında ilk dəfə məhz Azərbaycanda qızlar məktəbinin açılması, qadınlara səsvermə hüququnun verilməsi ilə bağlı oxucuları məlumatlandırıb. Azərbaycanın İslam və dünyəviliyin birgə mövcudluğunun nümunəsi olduğu vurğulanıb. Həmçinin yazıda Bakının mədəniyyətlər və dinlər arasında beynəlxalq platforma olması, Dünya dini liderlərinin II Bakı Sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi, eləcə də “Bakı Prosesi” haqqında qeyd olunub.
Yanvarın 17-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” Lab layihəsi çərçivəsində “Başqa şeydən danış” adlı 24 saatlıq studiya sərgisini açılacaq. Layihənin üçüncü studiya təqdimatının başlanğıc nöqtəsi iştirakçıların üç ay müddətində apardıqları intensiv araşdırmalara əsaslanır. Maraq dairələri ilə bir-birindən kəskin surətdə seçilən iştirakçılar – faktlar, müsahibələr, ədəbiyyat, hekayələr və KİV məlumatları toplayaraq müasir incəsənətdə araşdırmanın yollarını, üsullarını və nəticələrinin təqdimatı üzrə işləmiş, həmçinin hər birinin individuallığın əks etdirən fərqli mövzuları bir araya gətiriblər. “Başqa şeydən danış” sərgisi, öncə qrup şəklində müzakirə olunan və təkmilləşən, transformasiyaya uğramış araşdırmaların vizual təqdimatıdır. Hər bir əsər, müraciət olunmuş mövzuya yeni və çoxlaylı nöqteyi-nəzərdən baxmağa və “başqa şeydən” danışmağa təşviq edir.
Əhməd Nəbiyev öz araşdırmasını Banin adı ilə tanınan azərbaycanlı milyonçu M. Əsədullayevin qızı, Parisdə mühacirət həyatı yaşamış Ümm əl-Banu Əsədullayevaya həsr edib. Rəssam Baninin xatirələr toplusu əsasında onun həyat və yaradıcılığını, eləcə də dövrün məişəti, ənənələri haqda informasiya toplayıb.
“Metamorfozlar” mövzusunu özünə yaxın bilən Murad Əkbərli avtobioqrafik eksperimentə çevrilmiş instalyasiyasında özündə və cəmiyyətdə baş verən dəyişiklikləri vurğulayır.
Ruslan Abbasov öz instalyasiyasını dünyaca məşhur şirkət və brendlərin hərbi müdafiə sənayesinə göstərdikləri dəstək mənbələrini araşdırmasına həsr edib.
Ağababa Bağırovun səs instalyasiyası sosial araşdırmanın nəticəsidir. Bu əsərdə Azərbaycanda mövcud ənənə, qayda və qadağalardan bəhs edilir. Rəssam real hadisələrə əsaslanaraq, lokal xarakterli əşyaların simvolikaları vasitəsilə öz fikirləri ilə bölüşür.
Rəna Bəşirova araşdırma mövzusunu Skandinav mifologiyası və zərdüştlükdə rast gəlinən “həyat ağacı” simvolunun etimologiyası və təcəssümü, eləcə də bu iki mədəniyyətlər arasında bu simvolun paralellərini əks etdirir.
Umay Abdullayeva əsərinin mövzusunu Azərbaycanda müxtəlif zorakılıqlarla əlaqələndirir. Bu mövzunun psixoloji momentlərini açıqlamaq üçün son zaman heyvanlara qarşı şiddətlənən zorakılıq üzərində fokuslaşır. Rəssamın fikrincə, heyvana xələl yetirə biləcək gənc/yeniyetmələrin psixoloji durumuna görə onlar gələcəkdə insan qətli də törədə bilər.
Nurseli Məmmədli öz araşdırmasını qədim dövrlərdən müxtəlif mədəniyyətlərdə mövcud olan magik ayin və tilsimlərə həsr edərək, Azərbaycanda bu deyimlərin folklora keçid etməsini və hətta bu gün həyatın ayrılmaz hissəsi olmasını bildirir.
Günel Axundlu studiya təqdimatı üçün yuxu ilə reallığın əlaqəsindən bəhs edən psixodelik film hazırlayıb. Onun tamaşaçıya verdiyi yeganə sual isə çox subyektiv olaraq, kimin üçün əsl reallığın nə olduğunu araşdırmaqdır.
Sərgi bir gün ərzində “YARAT” emalatxanalarında ziyarətçilər üçün açıq olacaq.
Amerika Kino Sənəti Akademiyasının 92-ci dəfə təqdim ediləcək mükafatına nominasiyalar bazar ertəsi elan olunub.
Rejissor Todd Fillipsin “Coker” filmi 11 nominasiya üzrə liderlik edir. Eyni zamanda, “1917”, “İrlandiyalı” və “Bir dəfə Hollivudda” filmləri hərəyə 10 nominasiya əldə ediblər.
Qadın cinsinin nümayəndələri ən yaxşı rejissor kateqoriyasından bu dəfə tamamilə kənarlaşdırılıb: bu kateqoriyada 5 nominasiyanı Martin Skorseze “İrlandiya”, Todd Fillips “Coker”, Sem Mendes “1917”, Kventin Tarantino “Bir dəfə Hollivudda” və Bonq Cun Ho “Parazit” filmlərinə görə qazanıblar. 2020-ci il “Oskar” nominasiyasında, həmçinin qaradərili aktyorlar da yer almayıb.
Xatırladaq ki, “Oskar-2020” mükafatlarının təqdim edilməsi mərasimi fevralın 9-da təşkil olunacaq. Artıq ardıcıl olaraq ikinci ildir ki, şou aparıcısız keçiriləcək.
Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası nümayiş ediləcək.
Teatrdan bildirilib ki, operada Karmen partiyasını Xalq artisti Fidan Hacıyeva ifa edəcək. F.Hacıyeva ilə yanaşı, səhnə əsərində teatrın solistlərindən Xalq artistləri Əli Əsgərov (Suniqo), Gülnaz İsmayılova (Fraskita), Əməkdar artistlər Fərid Əliyev (Xoze), İlahə Əfəndiyeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio), Əliəhməd İbrahimov (Remendado), Tural Yahyayev (Dankayro), solist Nina Makarova (Mersedes) iştirak edəcəklər.
Opera teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.