Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Obyektlər parklama yerlərini qanunsuz “özəlləşdirir”

    Bakı yollarında sıxlıq, bir çox hallarda “tıxac” yaradan amillərdən biri də avtomobillərin parklanması ilə bağlıdır. Bu halın qarşısını almaq üçün qanunvericiliyin tələbinə uyğun olaraq, bir çox yerlərdə parklanma qadağan edilir və müvafiq qaydada cərimələr tətbiq edilir.

    Ancaq elə ərazilər var ki, həmin yerlərdə qadağanedici işarələr olmadığı halda, müəyyən obyektlərin qarşısında dayanan şəxslər “bura bizim obyektin ərazisidir” deməklə sürücülərə avtomobil saxlamağa icazə vermir, yaxud da saxlamağa görə ödəniş tələb edirlər. Bunun üçün də ərazini zəncir və digər maneə vasitələri ilə bağlayırlar.

    Ancaq obyektin kimə aid olmasından asılı olmayaraq, qarşısındakı yol və parklama ərazisini kiminsə “özəlləşdirməsi” və obyektə gəlməyən sürücülərə parklanmanı qadağan etmələri qanunsuzdur.

    Açıqlama verən sürücülər tez-tez rastlaşdıqlarını belə halların aradan qaldırılmasını istəyiblər.

    Bu kimi obyektlərin sahibləri isə çəkilişə razı olmasalar da, bildirirlər ki, bir çox hallarda avtomobilləri uzun müddət saxlayaraq gedirlər. Bu isə obyektə mal daşınmasına, yaxud gələn müştərilərin obyektə rahat daxil olmasına maneçilik yaratdığı üçün saxlamanı bu şəkildə məhdudlaşdırırlar.

  • “Dəmir Bank”ın qorunmayan əmanətlərinin qaytarılmasına hazırlıq gedir

    Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmir Bank” ASC-nin qorunmayan əmanətlərinə görə kompenasiya ödəməyə hazırlaşır.

    Bu barədə Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev məlumat verib.

    Onun sözlərinə görə, əmanətlərin qaytarılmasına bu rübdən başlanılacaq.

    V.Abdullayev onu da qeyd edib ki, “Dəmir Bank”ın ADIF-ə borcu tam bağlanıb. 

  • “Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci mərhələsi keçiriləcək

    Cari ilin yanvar-fevral ayları ərzində ölkənin bütün bölgələrində "Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci – rayon (şəhər) mərhələsi keçiriləcək.

    Təhsil Nazirliyindən verilən məlumata görə, müəyyən olunmuş kvota əsasında hər rayon və şəhərdən qalib seçilmiş şagirdlər mart-aprel ayları ərzində keçiriləcək ölkə mərhələsində iştirak edəcəklər.

    “Ədəbiyyat biliciləri” müsabiqəsi məktəb, rayon (şəhər) və ölkə olmaqla 3 mərhələdə təşkil edilir. Müvafiq Qaydalara əsasən, ötən ilin noyabr-dekabr aylarında müsabiqənin ilk - məktəb mərhələsi keçirilib.

    Qeyd edək ki, Təhsil Nazirliyi artıq beşinci ildir ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirir.

    Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.

  • Azərbaycan, Dağıstan və İran arasında yeni aviareyslər açılır

    2020-ci ildə Bakı, Mahaçqala və Tehranı bir-birinə yeni aviareyslər bağlayacaq.

    Rusiya mətbuatına istinadən verilən məlumata görə, Mahaçqala aeroportunun Baş direktoru Arsen Pirmaqomedov bildirib ki, artıq tərəflər aviareysin açılması ilə bağlı danışıqlar aparır: "Bu reysin tezliklərini və uçuş cədvəlini müzakirə edirlər".

    Xüsusilə, bu uçuşların Mahaçqala Beynəlxalq Hava Limanının bazasında inşa edilən beynəlxalq uçuşların yeni binasının açılışı ilə birlikdə istifadəyə verilməsi planlaşdırılır.

    Bununla belə, aeroportun Baş direktor qeyd edib ki, Mahaçqala beynəlxalq qovşaq statusunu qazanmmaqdadır. 

  • Azərbaycan Türkiyənin toxum ixrac etdiyi ölkələrin ilk 3-lüyünə düşüb

    "2019-cu ildə Türkiyə 85 ölkəyə toxum ixrac edib, amma bu rəqəm kifayət deyil və bunu artırmalıyıq". 

    Türkiyə mətbuatına istinadən xəbər verilir ki, bunu qonşu ölkənin Toxum İstehsalçıları Birliyinin İdarə Heyətinin sədri Hacı Ömər Gülər deyib. 

    O, ən çox toxum ixrac etdikləri ölkələrin adlarını da açıqlayıb və ilk 3-lüyə Ukrayna, Kanada və Azərbaycanın düşdüyünü bildirib. 

    Maraqlıdır ki, toxum ixrac edən Türkiyə daxili tələbatını yerli istehsal hesabına ödəyə bilmir. Belə ki, ötən il ölkədə 1,06 milyon ton toxum istehsal olunsa da, tələbat 2 milyon tona yaxın olub. 

  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub

    Prezident İlham Əliyev Anar Quliyevin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

    Dövlət başçısının digər sərəncamı Anar Adil oğlu Quliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad olunub.

  • Fermerlər subsidiyanı elektron kabinetlərindəki kalkulyatorla hesablaya biləcək

    Yeni subsidiya qaydalarına əsasən, fermerlər 6 subsidiya növünü Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən ala biləcəklər. 

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

    Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” qaydası artıq qüvvədədir. Bu qayda fermerlərə dövlət dəstəyi olaraq tətbiq edilən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyalarının EKTİS üzərindən verilməsini nəzərdə tutur. İlk növbədə, verilməsi nəzərdə tutulan əkin və heyvan subsidiyaları üzrə bölmələr www.eagro.azportalında Subsidiya İnformasiya Sistemində fermerin şəxsi kabinetində yerləşdirilib.

    Bütün subsidiya növləri üzrə fermerlərə veriləcək vəsaitin məbləği artıq müəyyənləşdirilib. Yeni qaydaya uyğun olaraq, Aqrar Subsidiya Şurası yanvarın 15-dək subsidiya verilməli olan bitkiçilik məhsulları, onlara düşən subsidiyaların əmsal və məbləğlərini elan etməlidir. Elektron sistemə keçidin sürətlə təmin edilməsi və fermerlərə subsidiyaların vaxtında ödənilməsi üçün Aqrar Subsidiya Şurası 2020-ci ilin bitkilər və regionlara görə əkin, məhsul və toxum subsidiya əmsallarını, toxum və ting kvotalarını 2019-cu ilin sentyabrında elan edib. Elektron şəxsi kabinetində subsidiya üçün müraciət dolduran hər bir fermer ona düşəcək subsidiyanı müraciəti təsdiqləmədən əvvəl kabinetdəki kalkulyatorla hesablaya biləcək.

    Qeyd edək ki, hazırda EKTİS-də 450 000-dək fermer qeydiyyatdan keçib.

  • “Aqrolizinq” mənfəətlə işləməyə başlayıb

    Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC 2018-ci ili 3,5 milyon manat mənfəətlə başa vurub. Halbuki şirkət 2017-ci ildən 21,722 milyon manat zərərlə çıxmışdı.

    Bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verilir.

    Sənədə əsasən, ötən il qurumun yığılmış zərəri 8% azalaraq 40,48 milyon manata düşüb.

    2019-cu il yanvarın 1-nə “Aqrolizinq”in aktivləri 1 148,992 milyon manat olub ki, bu da illik müqayisədə 23,2% çoxdur. Bunun 734,46 milyon manatı və yaxud 63,9%-i debitor borclardır. 2018-ci ildə bu göstərici 30,3% böyüyüb.

    Hesabat dövründə şirkətin öhdəlikləri 19% artaraq 469,856 milyon manata, balans kapitalı isə 26,4% artaraq 679,135 milyon manata çatıb.

    Xatırladaq ki, “Aqrolizinq” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 561,628 milyon manatdır.  

  • Masazır qəsəbəsində zədələnən qaz xətti bərpa edilib

    Masazır qəsəbəsində zədələnən qaz xətti bərpa edilib.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilir ki, dünən axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, "Əlincə" otelinin yanında qazıntı işləri aparılan zaman Mənzil Tikinti Kooperativlərindən (MTK) birinin zədələdiyi diametri 200 mm olan yeraltı polietilen qaz xəttində təmir başa çatıb. Artıq qaz təchizatı bərpa olunub.

     
  • Şabranda bir kəndin qaz təchizatında fasilə yaranıb

    Bu gün günorta saatlarında Şabran rayonunun Pirəmsən kəndində diametri 160 mm olan polietilen qaz xəttini texnika ilə qırıblar.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilir ki, 460 abonentin qaz təchizatında müvəqqəti olaraq fasilə yaranıb. Artıq qaz kəmərində bərpa işlərinə başlanılıb.