2019-cu ildə Azərbaycanda milli ödəniş sistemi ilə əməliyyatların ümumi dəyəri 41% artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəov sahibkarla görüşdə məlçumat verib.
“Bu da kifayət qədər yüksək dinamikadır, ölkədəki iqtisadi artımı 20 dəfə üstələyir. Kəskin artım ölkədə şəffaflıqla bağlı atılan addımların, eləcə də AMB-nin ödəniş sistemlərinin inkişaf ilə bağlı reallaşdırdığı proqramların nəticə verdiyini göstərir”, - deyə o, qeyd edib.
Bundan başqa, AMB sədrinin sözlərinə görə, son 5 ildə kartlarla aparılan əməliyyatlarda nağdsız ödənişlərin xüsusi çəkisi 8%-dən 20%-ə yüksəlib: “Bu da yaxşı dinamikadır, amma bizi qane etmir. Bu il də bu nisbətin artırılması üçün addımlar atılacaq”.
2019-cu il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 3809 müraciət daxil olub.
Agentlikdən verilən məlumata görə, onların 1393-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 2416-sı telefon vasitəsilə edilib.
Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.
Agentliyə daxil olan müraciətlərin 1055-i müayinə, müalicə və cərrahi əməliyyatlar, 466-sı əlillik məsələləri, 316-sı işə qəbul və əmək münasibətləri, 201-i ambulator dərman təminatı, 259-u tibbi xidmətlərlə bağlı ödənişlər, 181-i göndərişlərin verilməsi və 537-si isə digər məsələlər üzrə mövzuları əhatə edib. Telefon vasitəsilə edilən sorğu xarakterli müraciətlərin 794-ü icbari tibbi sığortanın ölkə üzrə tətbiqi, icbari tibbi sığorta haqqı, bu sahəni tənzimləyən qanunvericiliklə bağlı olub və əsasən digər regionların sakinləri tərəfindən ünvanlanıb.
2018-ci il (96 müraciət) ilə müqayisədə sorğu xarakterli müraciətlərin sayında 25 dəfə artım müşahidə olunub.
Həmçinin Agentliyin sosial şəbəkələrdəki səhifələrinə 2019-cu il ərzində 1931 sorğu daxil olub.
Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.
Qəbul qrafikinə uyğun olaraq ötən il ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 283 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Qeyd edək ki, ötən il vətəndaşların müraciət etmək imkanlarını artırmaq məqsədilə Agentliyin rəsmi internet səhifəsində (www.its.gov.az) onlar üçün xüsusi bölmə yaradılmışdır. Bölmədə vətəndaşların qəbulu cədvəli, vətəndaşların müraciətlərinə dair qanunvericilik aktları yerləşdirilmiş, habelə onların elektron qaydada müraciət göndərmələri və aidiyyəti vəzifəli şəxsin qəbuluna yazılmaları təmin edilmişdir.
Bildiyimiz kimi, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini gücləndirmək, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilmişdir.
Ölkəmizdə könüllülük fəaliyyəti artıq bir çox sahəyə nüfuz edərək, böyük hərəkata və ictimai həyatımızın müxtəlif sahələrinə yayılaraq gənclərimizin yaşam tərzinə çevrilib. Əminliklə deyə bilərik ki, könüllülük hərəkatı ölkəmizin hər tərəfinə yayılaraq, cəmiyyətin bütün təbəqələrini əhatə edir.
ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllüləri hərəkatlarının fəaliyyəti, o cümlədən digər qurumların tərkibində yaranan könüllü qrupları öz təşəbbüskarlıqları, müasir dünyagörüşləri ilə seçilmiş, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin təşkilində əvəssiz xidmətlər göstərmişlər.
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da fəaliyyətə başladığı gündən etibarən, tələbələrin ölkədə həyata keçirilən könüllülük fəaliyyətində fəal olmağa, ölkəmizin inkişafı üçün səylə çalışmağa, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə xüsusi əhəmiyyət verir.
İnstitutda könüllülük fəaliyyətinin sistemləşdirilməsi, könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün zənginləşdirilməsi və onların təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyinin təmin edilməsi məqsədilə davamlı maarifləndirmə görüşləri keçirilir.
Bu istiqamətdə baş tutan görüşlərdən biri də BMT-nin Azərbaycan üzrə Könüllülər Proqramının təmsilçisi Kiyoun Kimin “BMT-nin Könüllülər Proqramı” barədə İnstitutumuzda olan təqdimatının keçirilməsidir.
Bundan başqa qeyd etmək lazımdır ki, İnstitutumuz Təhsil Nazirliyinin "Bir" Tələbə Könüllü Proqramına qoşulub. Bu layihə gənclərin fərdi inkişafına, müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarını artırmasına, fəal tələbə həyatı yaşamalarına şərait yaradır.
“Könüllülər ili” çərçivəsində tələbələrimizin daha fəal olmasına inanır, İnstitutumuzda bu istiqamətdə tədbirlər və maarifləndirici görüşlərin keçirilməsini planlaşdırırıq.
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 10-da Abşeron yarımadasında tutqun, rütubətli hava şəraitinin və arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Təhsil Nazirliyində yeni təyinatlar olub.
Məlumata görə, bu barədə Təhsil Naziri Ceyhun Bayramov müvafiq əmrlər imzalayıb.
Nazirin əmri ilə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Təhsil İnstitutunun direktor müavini təyin edilib. Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə isə bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktoru vəzifəsində çalışan Vəfa Yaqublu təyin olunub.
Bundan əlavə, Təhsil nazirinin əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsi isə bu şöbənin müdir müavini vəzifəsində çalışan Nərminə Hüseynovaya həvalə olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılması elan edilən “Uşaq Səfirlər Məclisi”nin əsasnaməsi təsdiqlənib.
Bu əsasnamə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi “Uşaq Səfirlər Məclisi” layihəsinin icrasını təmin etmək, eləcə də layihə əsasında qurulacaq Məclisin təşkilati və hüquqi fəaliyyətinin əsas prinsiplərini tənzimləmək məqsədilə tərtib edilib.
Əsasnaməyə əlavə və dəyişikliklər yalnız Komitənin səlahiyyətli şəxsləri tərəfindən edilə bilər.
“Uşaq Səfirlər Məclisi” uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının formalaşması, ictimai fəallığının artırılması, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi, iştirak hüququnun təmin olunması, eləcə də, onlarda idarəetmə mədəniyyətinin formalaşdırılması, uşaqların fəal vətəndaşlıq və qanunun aliliyi ruhunda istiqamətlənməsi, uşaq hüquqlarının pozulması və ya ona səbəb ola biləcək hallarla rastlaşdıqda müvafiq məsələlərin aidiyyəti icra orqanı qarşısında qaldırılması və bu problemlərin həlli istiqamətində tədbirlərin görülməsi məqsədi daşıyır.
Əsasnamə ilə Məclis üzvlərinin vəzifələri müəyyənləşib və nəzərdə tutulan gözləntilər qeyd olunub.
Belə ki, Məclisin müvafiq qaydalarını anlamaq və ona uyğun davranmaq, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında fəal iştirak etmək, lider olaraq xidmət etmək üstünlüyünü anlayaraq uşaqların ən yaxşı maraqları naminə hərəkət etmək, bütün üzvlərə münasibətdə hörmət, açıq fikirlilik və dözümlülük göstərmək, Məclisin fəal üzvü olaraq onun inkişafına töhfə verəcəyini anlayaraq ictimai və şəxsi mühitdə peşəkarlıq nümayiş etdirmək, birlikdə və fərdi olaraq şəhər və rayonları təmsil etmək məsuliyyətini anlamaq, Məclis üzvü olaraq şəxsi məsuliyyətini anlamaq, qaydalara əməl etmədiyi təqdirdə Məclisdən kənarlaşdırılacağını anlamaq əsas vəzifələrdən hesab edilib.
Əsasnamədə qeyd olunub ki, “Uşaq Səfirlər Məclisi”nə sədr rəhbərlik edir. Məclis sədri iş bölgüsü aparır, iclaslar keçirir və ümumi fəaliyyət üçün məsuliyyət daşıyır. Sədr və müavinlər seçilmiş səfirlərin gizli səsverməsi yolu ilə təyin olunur.
Belə ki, aylıq görüşlərə qatılmaq (xəstələnmə və digər üzrlü səbəblər istisna olmaqla), Məclis görüşlərinin planını hazırlamaq və görüşləri təşkil etmək, ayda 40 saata qədər (məcburi tələb deyil) işləmək, Məclis üzvləri ilə mütəmadi ünsiyyət saxlamaq, Məclis üzvlərinin davamiyyətini yoxlamaq, Komitə ilə mütəmadi əlaqədə olmaq və bir layihəni həyata keçirmək Məclis sədrinin vəzifələridir.
Qeyd olunub ki, uşaqlara Məclisin üzvü olaraq xidmət etmək, müvafiq dövlət və qeyri-dövlət orqanlarının rəhbərləri, nümayəndələri ilə görüşərək uşaqların təşəbbüslərini çatdırmaq imkanı əldə etmək, liderlik, idarəetmə bacarıqlarını inkişaf etdirmə imkanı qazanmaq, təmsilçiliyi öyrənmək, müvafiq sahədə fəaliyyət göstərən təşkilatlar, icma orqanları ilə əlaqələr qurmaq, dövlət, hökumət anlayışına sahib olmaq və bu sahədə biliklərini artırmaq uşaqlara yaradılan imkanlar olacaq.
Əsasnamədə qeyd olunub ki, bütün üzvlər Məclis daxilində etik normalar və nizam-intizama əməl etməli, hər hansı qaydanın pozulması halında Məclis tərəfindən müvafiq tədbirlər görüləcək.
Eyni zamanda, Məclisdə üç üzrsüz səbəbdən iştirak etməmə fəaliyyətin dayandırılmasına səbəb olacaq. Məclisin digər üzvlərinə qarşı zorakılıq və kobu davranma halları zamanı faəliyyətin dayandırılması və ya müvafiq cəza tədbirlərin görülməsi həyata keçiriləcək.
Azərbaycanın yeniyetmə yelkənçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, Ayla Babayeva "Laser 4.7" sinfi üzrə qadınlar qrupunda qızıl, Murad İsmayıl kiçik yaş qrupunda gümüş medal qazanıb. İsmayıl Kərimov isə ümumi nəticədə 4-cü yerə layiq görülüb.
Yarış İtaliyanın Qarda gölündə “Optimist” sinfi üzrə keçiriləcək dünya çempionatına, Portuqaliyada “Laser 4.7” sinfi üzrə keçiriləcək Avropa çempionatına, eyni zamanda, 2021-ci ildə Bodrumda “Optimist” sinfi üzrə keçirilməsi planlaşdırılan dünya çempionatına hazırlıq məqsədi daşıyıb.
Qeyd edək ki, bu Azərbaycan idmanı tarixində ilk belə haldır.
Böyük Britaniya kraliçası II Elizabet nəvəsi şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsinin yüksək vəzifəli üzvləri olmaqdan imtina etmələrini öyrəndikdən sonra çox məyus olub.
Rusiya KİV-inə istinadən xəbər verilir ki, bu barədə Bukingem sarayındakı mənbələr məlumat verib.
İnsayderlərin məlumatına görə, hersoq və hersoqinya sosial şəbəkədə iki ölkədə - İngiltərə və ABŞ-da yaşamağa qərar verdiklərini və maddi cəhətdən müstəqil olmağa çalışdıqlarını bildirmədən əvvəl ailə ilə məsləhətləşməyib.
“Times” yazır ki, şahzadə Harri və həyat yoldaşının iki ölkədə yaşamaq qərarı monarx ailəsində görünməmiş hadisədir, çünki ailə üzvlərinin rəsmi və xeyriyyə tədbirlərində iştirak etmələri tələb olunur.
"Bakı Metropoliteni" QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimi prosesinin başlandığını elan edib.
Seçimdə iştirak etmək istəyən namizədin yaşı 24-30 arasında, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı və kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) olmalıdır.
Seçim məntiq, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Mərhələləri uğurla keçən namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.
Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5-6 ay davam edəcək.
Tədris prosesi nəzəri və praktiki məşğələlərdən ibarətdir. Hər təlim-tədris mərhələsinin sonunda müdavimlər imtahanlara cəlb olunacaq və uğur qazanacağı təqdirdə kursu davam etdirəcəklər.
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.
Elektron ərizələr yanvarın 31-dək qəbul edilir.
İki gündən sonra dünyanın ən qədim və mötəbər şahmat festivallardan biri olan Veyk-an Ze Şahmat Festivalı (TATA STEEL) Niderlandın eyniadlı şəhərində start götürəcək.
Məlumata görə, sayca 82-ci olacaq turnirin iştirakçılarının yekun siyahıları da artıq məlumdur. Keçən il iki şahmatçı ilə təmsil olunduğumuz "Tata Steel Masrers" yarışında bu dəfə ölkəmiz təmsil olunmayacaq. Turnirdə isə dünya çempionu norveçli Maqnus Karlsen, amerikalılar Fabiano Karuana və Vesli So, hindistanlı Vişvanatan Anand, polyak Yan-Kşıştof Duda, "Rus kvarteti" Artemyev, Kovalyov, Vitiuqov və Dubov, çinli Yu Yanyi, FİDE-nin bayrağı altında çıxış edəcək olan eks-iranlı AlirzaFiruja və meydan sahibləri Aniş Giri və Yohan Van Forest çıxış edəcəklər.
"Masters" turnirində təmsil olunmasaq da, Azərbaycanın bir şahmatçısı yarışın ikinci turniri sayılan "Tata Steel Chalangers"-də iştirak edəcək. Bu qrossmeysterimiz Rauf Məmmədovdur.
Qeyd edək ki, "Tata Steel Chalangers"-in qalibi növbəti il üçün "Masters" turnirinə birbaşa qatılmaq hüququnu qazanır. Rauf turnirin üçüncü reytinq favoritidir. Ondan daha böyük reytinqə yalnız ispaniyalı David Quiyarro və İsveç təmsilçisi Nils Qrandelius malikdir. Raufun digər rəqiblərinə gəlincə, bunlar meydan sahibləri Ervin Laami, Yan Smits, Lukas Van Forest və Maks Varmerdam, hind şahmatçılar Surya Qanquli və Nihal Sarin, ukraynalı Pavel Elyanov, özbək Nodirbek Abusattorov, Avstriyanı təmsil edən Anton Smirnov, almaniyalı Vinsent Keymer və qazaxstanlı Dinara Saduakassova olacaqlar.