Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • 2020-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb

    AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtlarını açıqlayıb.

     

    Rəsədxanadan bildirilib ki, bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək.

     

    İyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

     

    Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.

  • BSU-da payız semestrinin imtahan sessiyası başladı

    Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 6 dekabr 2019-cu il tarixli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb.

    Bakı Slavyan Universitetində (BSU) bu əmrin icrası ilə bağlı universitetin rektoru, professor Nurlana Əliyeva tərəfindən müvafiq əmr imzalanıb. Rektorun həmin əmrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının tədris planlarına uyğun olaraq 7 yanvar-1 fevral 2020-ci il tarixlərində keçirilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilinin müvafiq strukturlar tərəfindən təmin edilməsi, imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə çevik həll edilməsini təmin etmək məqsədilə universitet rəhbərliyinin, universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə ictimai təşkilatlarının, Mətbuat Xidmətinin və ictimaiyyətin nümayəndələrinin tərkibinə daxil edildiyi 15 nəfərdən ibarət İmtahan Qərargahının yaradılması öz əksini tapıb. İmtahan Qərargahına edilən müraciətlərə çevik şəkildə baxılması, eyni zamanda fakültə və şöbələrdə yaradılmış münaqişə komissiyalarının qərarlarından narazı qalan tələbələrin işlərinin yenidən nəzərdən keçirilməsi məqsədilə BSU üzrə 12 nəfərdən ibarət Münaqişə Komissiyası yaradılıb.

    Eyni zamanda 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin cavab kartlarının kodlaşdırılması, imtahan sənədlərinin düzgün və səliqəli şəkildə tərtib edilməsi üçün BSU-nun I tədris binasında 7 nəfərdən ibarət, II tədris binasında isə 4 nəfərdən ibarət işçi qrupları yaradılıb. Ehtiyac yarandığı təqdirdə Münaqişə Komissiyasının işinə müxtəlif ixtisasları təmsil edən mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur. Bütövlükdə BSU-da imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi universitet rəhbərliyinin diqqət mərkəzindədir.

    BSU-nun rektoru, professor Nurlana Əliyeva yanvarın 7-də auditoriyalarda olaraq imtahan prosesini müşahidə edib, imtahanların aşkarlıq şəraitində, ədalətli, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib, tələbə-gənclərə uğurlar arzulayıb.

  • Yol polisindən xəbərdarlıq - Cərimələnə bilərsiniz

    Son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranıb, bu səbəbdən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmaması müşahidə olunur. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) növbəti dəfə xəbərdarlıq edib.

    BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir.”

    Polis polkovnik-leytenantı qeyd edib ki, hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artması səbəbindən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət yetirilməlidir:

    “Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamadıqları, hətta bilərəkdən nişanların üstünü süni şəkildə biraz da çirkləndirilməsi yolverilməzdir”.

    “Xatırladırıq ki, AR İXM-nin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur”, - deyə şöbə rəisi vurğulayıb.

  • Ötən il Azərbaycan teatrları üçün məhsuldar il olub

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, bəşəri dəyərlərin təbliği, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi, günün tələblərinə uyğun repertuarın formalaşması istiqamətində məqsədyönlü layihələr ötən il də davam etdirilib.

    Məlumata görə, Mədəniyyət Nazirliyinin 2019-cu il üçün təsdiq olunmuş repertuar planına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında V.Şekspirin “On ikinci gecə və yaxud hər nə istəsəniz”, A.Tolstoyun “Buratino”, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında A.S.Ekzüperinin “Balaca Şahzadə”, V.Hüqonun “Paris Notr -Dama ithaf”, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Elçinin “Şeytan əməlləri”, B.Şounun “Millionçu qadın”, C.Cabbarlının “Aydın”, V.Səmədoğlunun “Yayda qar topu oyunu”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında E.Şmittin “Tanrıya on dörd məktub”, Şərq nağılları əsasında “Sindibad”, C.Cabbarlının “Oqtay Eloğlu”, Azərbaycan Dövlət Pantomima Teatrında B.Xanızadənin “Xocalı-bu olub”, Dövlət “YUĞ” Teatrında V.Şekspirin “III Riçard.Lənət”, Sumqayıt Dövlət Dram Teatrında C.Cabbarlının “Solğun çiçəklər”, Qusar Dövlət Ləzgi Dram Teatrında R.Rəhimlinin “Sönmüş talelər” tamaşalarının premyeraları olub.

    Ötən il fevralın 25-26-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Dövlət Pantomima Teatrı Bəxtiyar Xanızadənin “Xocalı-bu olub” tamaşası ilə təmsil edib.

    Mədəniyyət Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə martın 10-da Milli Teatr Gününə həsr “Boş məkanın dolğunluğu adlı” II Eksperimental tamaşalar Festivalını gerçəkləşdirib.

    Mayın 23-dən 31-dək rejissor Tərlan Rəsulovun təsis etdiyi “dOM” Teatrı Rusiya Federasiyasının Ufa şəhərində keçirilən V Tuqanlıq Beynəlxalq Teatr Festivalında “Limbo” tamaşası ilə çıxış edib.

    İyunun 1-dən 5-dək Lənkəran şəhərində I Beynəlxalq Uşaq Teatrları Festivalı reallaşıb. Festivala Böyük Britaniya, Gürcüstan və İran İslam Respublikasından teatr kollektivləri qatılıb.

    Bundan başqa, iyunun 1-dən 7-dək Dövlət “Yuğ” Teatrı Rusiyanın Kazan şəhərində keçirilən Navruz Beynəlxalq Teatr Festivalında iştirak edib. Həmçinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqü Hüseynov ABŞ-ın Boston şəhərində P.Zyuskindin “Kontrabas” tamaşası ilə ölkəmizi təmsil edib.

    Oktyabrın 10-15-də Albaniyanın Elbasan şəhərində “Skampa-2019” Modern Teatr Festivalında Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Xalq artisti, professor Fərəc Qarayevin “Gözləmə” və Samuel Bekketin “Qodo həsrətində” əsərləri əsasında hazırlanmış “Qodonun intizarında” tamaşası ilə çıxış edib.

    Noyabrın 16-17-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Rusiya Akademik Malıy Teatrı Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” tamaşası təqdim olunub.

    Azərbaycan Respublikasının Prezidenti “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamın icrasını təmin etmək məqsədilə Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi yolu ilə hazırlanmış və həmin tamaşalar 23-30 noyabr tarixində Bakı şəhərində nümayiş olunub.

    Eyni zamanda, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə dekabrın 2-dən 10-dək “2+1” adlı” III Eksperimental tamaşalar Festivalı keçirib. Festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Kukla, Qax Dövlət Kukla, Gəncə Dövlət Kukla, Qusar Dövlət Ləzgi, Ağdam Dövlət Dram, Qazax Dövlət Dram və Bakı Uşaq Teatrları çıxış ediblər.

    Dekabrın 4-də isə Şuşa Dövlət Musiqili Dram Teatrında Qusar Dövlət Ləzgi Dram Teatrının hazırladığı “Sevimli Sədəfim” tamaşası nümayiş olunub.

  • Təbii qazın limiti ilə bağlı ''Azəriqaz''dan açıqlama

    Son günlər sosial şəbəkələrdə və internet saytlarında təbii qazın illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşdirilməsi ilə bağlı məlumatlar yayılıb.

    Bu kimi məlumatlar geniş yayıldığından əhali arasında ajiotaj yaradıb.

    ''Azəriqaz'' İstehsalat Birlyinin mətbuat katibi Ceyhun Səfərov məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, yayılan məlumatlarla bağlı ''Azəriqaz''ın ''104 və 185'' saylı qaynar xəttinə də paytaxtdan və regionlardan xeyli abonent müraciət edib. Onun dediyinə görə, yayılan məlumatlar əsassızdır.

    Yalnız illik istehlak həcimi 2200 kubmetri keçən abonentlər limitdən artıq hissənin ödənişini 20 qəpikdən etməlidirlər.
    Ceyhun Səfərov deyib ki, 2019-cu il ərzində Azərbaycanda 85% qaz istifadə edən abonent 2200 kubmetri keçməyib. Yəni onların qaz istifadəsi hər kubmetrə görə 10 qəpikdən hesablanıb.

    ''Azəriqaz'' İstehsalat Birlyi insanlara belə yalan məlumatlara inanmamağı və diqqətli olmağı tövsiyə edir.

    Qeyd edək ki, ötən ilin aprelin 30-da Tarif Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib.

    Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.

  • AQTA bayram günlərində ictimai-iaşə obyektləri və satış müəssisələrində reydlər keçirib

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində ictimai-iaşə obyektləri və satış müəssisələrində mütəmadi reydlər keçirib.

    Bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan cinayətkarlara rast gəlinir: "Ötən həftə vətəndaşlarımızı bayram günlərində diqqətli olmağa səslədiyimiz məsələ ilə bağlı Gürcüstanda bədbəxt hadisələr yaşanıb. Bayram günlərində vətəndaşlarımızın ən çox üz tutduğu ölkələrdən biri olan Gürcüstanda kustar üsulla hazırlanmış spirtli içkilərdən kütləvi zəhərlənmə halları artıb. Yerli mətbuatın məlumatına görə, dekabrın 31-dən yanvarın 3-dək xəstəxanalara 1254 müraciət daxil olub ki, onlardan 844-ü spirtli içkilərdən zəhərlənmə ilə əlaqədardır. Bu kimi hallarla bağlı bayram günlərində də əməkdaşlarımız tərəfindən ictimai-iaşə obyektləri və satış müəssisələrində mütəmadi reydlər keçirilib və aşkarlanan faktlarla bağlı qanunmüvafiq tədbirlər görülüb. Aparılan reydlər və görülən tədbirlər barədə qarşıdakı günlərdə ətraflı məlumat verəcəyik. Bu kimi faciəvi hallarla rastlaşmamaq üçün diqqətli olmaq lazımdır. Ucuz olduğu üçün bu içkiləri istifadə etməyi düşünənlər bunun özləri və yaxınları üçün faciə ilə nəticələnəcəyini bilməlidirlər".

    Agentlik rəsmisi bu cür hallarla qarşılaşan vətəndaşlara müraciət edib: "Özümüzü və ətrafımızdakı insanları bu cür dələduzların qeyri-insani əməllərindən qorumaq üçün ehtiyatlı olmalıyıq. Belə qanunazidd hallarla üzləşdikdə Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat vermək lazımdır. Eyni zamanda hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir".

  • Mahaçqaladan Bakıya birbaşa aviareys açılır

    Bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı planlaşdırılır.

    Məlumata görə, bunu "TASS"a "Mahaçqala Aeroportu" Səhmdar Cəmiyyətinin baş direktoru Arsen Pirməhəmmədov deyib.

    A.Pirməhəmmədov bildirib: "Hazırda beynəlxalq istiqamətdə Tehran və Bakıya birbaşa aviareyslərin açılması məsələsi üzərində işləyirik. Bu aviareyslərin bu il açılması planlaşdırılır".

    Onun sözlərinə görə, yeni hava marşrutlarının açılması ilin ortalarında Mahaçqalanın hava limanının yeni beynəlxalq terminalı istifadəyə verildikdən sonra planlaşdırılır.

  • Gəncədə Cavad xanın xatirəsi yad edilib

    Gəncədə Cavad xanın rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə həlak olmasının növbəti ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.

    "Report"un Qərb Mərkəzinin məlumatına görə, Cavad xanın türbəsi önündə baş tutan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbirdə Gəncənin sonuncu xanı, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xanın şücaətindən söz açılıb, onun bütün Azərbaycan xalqının qürur mənbəyi olduğu bildirilib. Qeyd olunub ki, Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan 1804-cü ilin yanvarında general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə, oğulları ilə birlikdə qəhrəmancasına həlak olub. Xanın azadlıq mübarizəsi onu tək gəncəlilərin yox, bütün Azərbaycan xalqının qəhrəmanına çevirib. Məhz elə bu səbəbdəndir ki, iki əsrdən artıq vaxt keçməsinə baxmayaraq, Cavad xanın adı dillərdə, xatirəsi isə qəlblərdə yaşayır.

    Tədbirdə Gəncə Dövlət Dram Teatrının kollektivi Cavad xana həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirib.

    Çıxışlardan sonra mərasim iştirakçıları Cavad xanın türbəsini ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. 

    Qeyd edək ki, Gəncədəki Cavad xanın türbəsi 2004-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.

  • Beynəlxalq Muğam Mərkəzi ili rekord rəqəmlərlə başa vurub

    Muğam sənətinin ocağı funksiyasını daşıyan Beynəlxalq Muğam Mərkəzi 2019-cu ilə uğurla yekun vurub.

    Məlumata görə, yola saldığımız il BMM üçün yaradıcılıq və konsert fəaliyyəti baxımından əlamətdar illərdən biri olub. Belə ki, son 4 ay sentyabr-dekabr ayları ərzində Mərkəzdə Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədilə çoxsaylı tədbir və konsertlər reallaşdırılıb. Təkcə onu qeyd etmək yerinə düşər ki, may ayında mərkəzdə 32 konsert proqramı keçirilmişdisə, noyabr və dekabr aylarında bu konsertlərin sayı hər ay üçün 48 və 51 rəqəmini üstələyib.

    Belə ki, BMM-nin layihələri, “Unudulmayanlar", "Muğam axşamları", "Etnik musiqi inciləri", "Sirlər xəzinəsi", "Qəzəllər" , "Aşıq musiqisi axşamları" çərçivəsində təşkil edilən konsertlər adından da göründüyü kimi milli musiqimizin, muğamlarımızın təbliğinə xidmət edir.
    “Unudulmayanlar” layihəsi çərçivəsində unudulmaz xanəndələr Seyid Mirbabayev, Sara Qədimova, Əbülfət Əliyev, Qədir Rüstəmova həsr olunmuş xatirə gecələri , “Muğam axşamları” layihəsi əsasında “Şur”, “Rast”, “Bayatı Şiraz”, “Çahargah” muğamları dəstgah şəklində muğamsevərlərə təqdim olunmuşdur. "Klassik musiqi axşamları", "Klassik ifaçılıq məktəbimizin görkəmli nümayəndələri" kimi layihələr isə klassik musiqinin, Azərbaycan bəstəkarlıq məktəbinin təbliğinə yönələn ideyalardır. Bu layihələr çərçivəsində klassik musiqi ifaçılıq məktəbinin görkəmli nümayəndələrinin konsert və yubileyləri qeyd edilmiş, həm yerli həm də xarici ifaçıların çoxsaylı konsertləri həyata keçirilmiş, layihə çərçivəsində klassik musiqi ifaçılarının, bəstəkarların yaradıcılıqlarına müraciət olunur, ən gözəl nümunələr təqdim edilib. BMM-nin səhnəsində rusiyalı bəstəkar və ifaçı Senya Son, violin ifaçısı Sergey Doqadin, Maykl Qutman (violin) və Olqa Domninanın (piano), dünyaca məşhur caz ustalarından Jeymi Devis, Denise King və digərlərinin konsertlərini qeyd edə bilərik.

    Ənənəvi olaraq təşkil edilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının konsertləri və digər beynəlxalq layihələrin konsertləri mərkəzdə uğurla reallaşdırılıb.
    Mövsüm ərzində eləcə də səfirliklərlə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən konsertlər xalqların bir-birinin etnik musiqisinin tanımasına xidmət etməklə beynəlxalq əməkdaşlıq üçün yeni yollar açıb. Beynəlxalq əməkdaşlıq çərçivəsində BMM-nin səhnəsində Gürcüstan, Özbəkistan, Meksika, Çin, İndoneziya, Hindistan, Avstriya və digər ölkələrdən olan musiqiçilərin konsertləri keçirilib. 12-14 noyabr tarixlərində macar xalq musiqisindən ibarət müxtəlif janrlarda ifa edən macar musiqiçilərinin iştirakı ilə macar xalq musiqisi, klassik və caz musiqisindən ibarət “Macarıstan musiqisi axşamları " adlı 3 günlük layihə- konsertlər təqdim olunub.

    Bu ilin oktyabr ayında beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşan möhtəşəm tədbirlərdən biri də Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən "Dəyirmi masa" layihəsi Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və Gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" mövzusuna həsr edilmişdi. Eləcə də Tbilisidə BMM-nin təşkilatçılığı ilə "Qarabağ" muğam qrupunun konserti də keçirildi ki, bu layihə böyük əks sədaya səbəb oldu. Qarşılıqlı əlaqənin nümunəsi kimi Gürcüstanın “Nanina” Qadın Xalq Çalğı Alətləri ansamblı, "Eqari" etno-caz qrupu bizim musiqiçilərlə eyni səhnəni bölüşdülər.
    BMM konsert fəaliyyətini təkcə öz səhnəsində reallaşdırmaqla işini yekunlaşdırmadı. Belə ki, mütəmadi olaraq regionlarda (Ağdam, Füzuli, Horadiz, Şamaxı) eləcə də Bakıətrafı qəsəbələrdə muğam ifaçılarının konsertlərini təşkil edildi. “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarında xanəndələron ifasında təsnif və xalq mahnıları təqdim edildi.
    Elmi -tədqiqat sahəsində işlərini davam etdirən mərkəz "Dəyirmi masa " layihəsi çərçivəsində bir sıra tədqiqat işləri ərsəyə gətirib. Bu işlər nəticəsində eləcə də BMM -nin nəşri olan kitablar və monoqrafiyalar nəşr edilərək ictimaiyyətə təqdim olunub. Muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu “Azərbaycan tarı: dünən, bu gün və sabah”, Aşıq sənətinin bugünkü vəziyyəti və perspektivləri", “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” , Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri ”,Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” elmi tədqiqat mövzulu dəyirmi masalarda alim və mütəxəssislərin çıxışlar edərək bu sahələr üzrə təcrübələrini bölüşüblər.

    Bundan əlavə BMM-dən artıq bir neçə aydır ki, hər gün 2 saat olmaqla Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının səhər efiri canlı yayımlanır bu da tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Azərbaycan və xarici ölkələrin televiziya kanalları milli musiqinin təbliği ilə bağlı bir çox layihə və verilişləri Mərkəzdə həyata keçiriliblər. Eləcə də ölkəmizdə ilk dəfə təşkil edilən “Azərbaycan vokalçıları” festivalının konsertləri uğurla təşkil edilmişdir. Birgə əməkdaşlıq nəticəsində yerli və beynəlxalq təşkilatlarla BMM-də təşkil edilən tədbirlərində minlərlə tamaşaçı mərkəzin foyesində təşkil edilən qədim musiqi alətləri ekspozisiyası ilə tanış olublar.

    Bütün bu sadalananlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkənin hərtərəfli inkişafı, milli mədəni irsimizin, musiqi mədəniyyətimizin həm ölkədə, həm də xaricdə tanıdılması, təbliği üçün göstərdiyi xidmət nəticəsində mümkün olmuşdur. Beynəlxalq Muğam Mərkəzi öz fəaliyyətini 2020-ci ildə daha da genişləndirərək beynəlxalq layihələr, konsert tədbirləri, elmi-tədqiqat sahəsində seminar və konfranslar, milli musiqi, aşıq və muğam sənətimizin inkişafına və təbliğinə xidmət edən yeni layihələr və konsertlərlə tamaşaçıların görüşünə gələcək.

  • Yeni teleskop Yerə bənzər planetlər axtaracaq

    ABŞ Kosmik Agentliyinin (NASA) yeni “HabEx” teleskopu şəraitinə görə Yer kürəsinə bənzəyən planetlərin axtarışı ilə məşğul olacaq. Layihənin dəyəri 7 milyard dollardan çox qiymətləndirilir.

    Məlumata görə, Yer kürəsində baş verə biləcək mümkün potensial ekoloji fəlakətlər və əhali sayının artımı ilə əlaqədar gələcəkdə bəşəriyyət “ehtiyat planetə” ehtiyac duyacaq. Bu məqsədlə “NASA” belə göy cisimlərinin axtarışı üçün teleskop təklif edib: “Habitable Exoplanet Observatory” (HabEx) adlı missiya məhz şəraiti Yerdəkinə yaxın planetləri axtaracaq.

    “Bizim məqsədimiz həyatı dəstəkləyə bilən planeti axtarmaqdır. Tərəfimizdən Günəş sistemindən kənar bir neçə planetin identifikasiya edilməsinə baxmayaraq indiyədək onların heç birində həyat üçün zəruri elementlər aşkarlanmayıb. “HabEx” missiyası bizə bu işin öhdəsindən gəlməyə kömək edəcək”, – “NASA” əməkdaşı və Ohayo Universitetinin elmi əməkdaşı Skott Qaudi bildirib.