Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı və dramaturq Firuz Mustafa Daşkənddə “Kitob dunyasi” qəzetinin redaksiyasında olub, nəşrin baş redaktoru, şair Xasiyyət Rüstəmlə görüşüb.
Görüşdə ədəbi əlaqələrimizin indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, son illərdə ölkələrimizin ədəbi əlaqələrində böyük canlanma var, həm Azərbaycanda, həm də Özbəkistanda şair və yazıçılarımızın əsərləri çap edilir. Bu işdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi xüsusi rol oynayır. İndiyədək Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı 60-a yaxın kitab çap olunub.
Firuz Mustafa bildirib ki, Azərbaycanda özbək ədəbiyyatına böyük maraq var, ədəbi qəzet və jurnallarda vaxtaşırı olaraq özbək şair və yazıçılarının əsərləri çap edilir.
Xasiyyət Rüstəm deyib ki, “Kitob dunyasi” qəzeti demək olar hər sayında Azərbaycanın şair və yazıçılarının əsərlərinə geniş yer verir.
Firuz Mustafa səfər çərçivəsində Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin nəzdində yaradılan Çingiz Aytmatov mərkəzinin açılışında da iştirak edib.
Prezident İlham Əliyev Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.
Azərbaycanda əsrlər boyu müxtəlif xalqların və konfessiyaların nümayəndələri mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşamışlar. Cəmiyyətdə etnik-mədəni müxtəlifliyin, multikultural ənənələrin və dözümlülük mühitinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Sivilizasiyalararası və dinlərarası dialoqun möhkəmlənməsinə önəmli töhfələr verən mötəbər tədbirlərin, o cümlədən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya dini liderlərinin II Bakı Sammitinin ölkəmizdə keçirilməsi beynəlxalq miqyasda sülhün, əmin-amanlığın və harmoniyanın bərqərar olunması işində Azərbaycanın mühüm rol oynadığını göstərir.
Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan xristianlar ölkəmizdə gedən böyük quruculuq işlərində və milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, Azərbaycanın tərəqqisi naminə bacarıq və səylərini əsirgəmirlər.
Əziz həmvətənlər!
Mübarək Milad bayramı yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.
Bayramınız mübarək olsun!"
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Böyük Britaniyanın Belfast şəhərində Kvins Universitetinin rektoru təyin edilib.
Bu barədə Kvins Universitetinin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumatda bildirilir: "ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2020-ci ilin yanvar ayının 1-dən etibarən beş il ərzində Belfastda Kvins Universitetinin yeni rektoru olacaq".
Qeyd edilir ki, H.Klinton bu vəzifədə ilk qadın olacaq.
Daşkənddə böyük özbək yazıçısı Abdulla Qədirinin 125 illik yubileyi keçirilib. Tədbirdə Özbəkistanın elm, ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər.
Yubiley mərasimində Azərbaycan Yazıçılar birliyinin katibi Firuz Mustafa “Abdulla Qədirinin yaradıcılığı Azərbaycan ədəbiyyatı kontekstində” mövzusunda çıxış edib. O bildirib ki, yazıçının “Ötən günlər” əsəri Azərbaycanda məşhurdur və bir neçə dəfə çap olunub. Əsər Azərbaycanda ilk dəfə 1928-ci ildə işıq üzü görüb, romanı Azərbaycan dilinə Bakıda yaşayan özbək əsilli Xalid Səid Xocayev tərcümə edib.
F.Mustafa Abdulla Qədirinin ölkəmizdə nəşr olunan digər əsərləri haqqında da məlumat verib.
Mərasimdə çıxış edən şair və yazııçılar Abdulla Qədirinin özbək ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıblar. Yazıçının nəvəsi Xandəmir Qədiri babasının 125 illik yubileyini keçirilməsində əməyi olanlara minnətdarlığını bildirib.
Bu gündən etibarən Azərbaycanda icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılır.
“Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minib.
Nazirlər Kabinetinin 27 dekabr 2019-cu il tarixli qərarına əsasən icbari tibbi sığorta 4 mərhələdə həyata keçiriləcək.
Birinci mərhələdə, sistem bu gündən başlayaraq Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları, Mingəçevir şəhəri, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq ediləcək.
Qeyd edək ki, Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.
İkinci mərhələdə aprel ayından etibarən daha 21 regionun (Gəncə və Naftalan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonları), üçüncü mərhələdə - iyul ayından 15 regionun (Şirvan şəhəri, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları) və dördüncü mərhələdə - oktyabr ayından etibarən 7 regionun (Bakı, Sumqayıt və Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarının) rəsmi qeydiyyatda olan əhalisi icbari tibbi sığorta sistemindən yararlanacaq.
Qanuna müvafiq olaraq aprelin 1-dən isə icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılacaq.
Bununla yanaşı, bu gündən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq.
Qanuna əsasən, icbari tibbi sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), Azərbaycanda qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla Miqrasiya Məcəlləsinə əsasən respublikada müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.
Qeyd edək ki, icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə hazırlıq məqsədi ilə 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilib. Belə ki, birinci mərhələdə icbari tibbi sığorta sisteminə qoşulacaq regionların (Naxçıvan MR istisna olunmaqla) tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə işlər icra olunub, tibb müəssisələrinin elektron idarəedilməsini təmin edən proqram təminatı yaradılıb və xəstəxanalar kompüter avadanlıqları ilə təchiz olunublar. Həmçinin proqram təminatından istifadə qaydaları, kadr məsələləri, tibbi işçilərinin peşə bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər təşkil edilib, regionlarda əhali arasında maarifləndirmə işləri aparılıb. Eyni tibb müəssisələrinin rəhbər heyəti ilə görüşlər keçirilib. Məqsəd rəhbər heyəti icbari tibbi sığorta sisteminin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı məlumatlandırmaq olub.
Bu gündən Azərbaycanda yaşayış minimumu ölkə üzrə 190 manat müəyyən olunub.
Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunlarda öz əksini tapıb.
Sənəd bu gündən qüvvəyə minib.
Eyni zamanda, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.
Bununla yanaşı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilib.
Bu gündən ölkədə "Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları" qüvvəyə minir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.
AQTA-dan verilən məlumata görə, məqsəd enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasıdır. Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir.
Tələblərə əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı 2-i içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kafein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi sayılır. Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurin maksimum miqdarı 400 mq, inozitol 20 mq, qlükoronolakton 250 mq, kreatinin maksimum miqdarı isə 1 mq müəyyən edilib. Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir. Sənəddə göstərilir ki, bu içkilərin tərkibində karbohidratların kütlə payı 11%-dən, qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar isə 3%-dən artıq olmamalıdır. Enerji içkiləri 0°C – 18°C temperaturda daşınmalı və saxlanmalıdır.
Enerji içkilərinin etiketlərində mütləq "enerji içkisi", "tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə satışı qadağandır", "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur", "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir" yazıları qeyd edilməlidir.
Bu gündən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı müvafiq norma və qaydalara uyğun olaraq tənzimlənəcək. Tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulacaq.
Qeyd edək ki, yeni qaydalar təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil olunmur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində ən sərt tədbirlər həyata keçirəcək.
"Bakı Metropoliteni" QSC retro vaqonların "İçərişəhər" stansiyasında qalma müddətini daha bir gün uzadıb.
Bu barədə qurumun yaydığı xəbərdə qeyd edilir.
Məlumata görə, buna səbəb sərnişin marağıdır: "Sərnişinlərin marağı və çoxsaylı müraciətlər nəzərə alınaraq, retro vaqonlardan ibarət qatar yanvar ayının 2-də də "İçərişəhər" stansiyasının 1-ci baş yolunda nümayiş olunacaq".
Hər il olduğu kimi, bu il də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə yeni tamaşalarla balacaların görüşünə gəlib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının yaradıcı kollektivi qış tətili günlərində uşaqların mənalı istirahətini təmin etmək üçün bu dəfə onları bayram əhval-ruhiyyəli “Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı” tamaşası ilə sevindirib.
Maraqlı və macəra dolu Yeni il tamaşaları yanvarın 5-dək hər gün dörd seans olmaqla - saat 10:30, 12:30, 14:30 və 16:30-da nümayiş olunacaq. Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcək.
Rəngarəng dekorasiyaları, işıq effektləri, şən musiqilərı və teatrın balet truppasının rəqsləri ilə zövq oxşayan tamaşanın quruluşçu rejissorları Anar Babalı və Zaur Əliyev, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşovdur.
Bayram tamaşasında rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Əmrah Dadaşov, Ruslan Mürsəlov, İrana Kərimova, Pərvin Dadaşova, Zaur Əliyev, Zarina Qurbanova, Mehriban Rəcəbova, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Fərid Rzayev, Murad Əliyev, Elməddin Dadaşov, Əli Kərimov, Elnur Zeynalov, kiçik yaşlı aktyor Rahib Məmmədzadə ifa edir.
Yeni təqvim ilinin gəlişinə saatlar qalıb. Ölkəmizin hər yerində olduğu kimi, paytaxt Bakımızda da 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə böyük həvəslə hazırlaşırlar.
Yeni ilin gəlişi ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektləri, park və xiyabanları bayramsayağı bəzədilib. Hər tərəfdə hündür yolka (küknar) ağacları qurulub, ictimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəhərin gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub, küçələrin kənarındakı küknar ağacları al-əlvan bayram oyuncaqları ilə bəzədilib.
Şəhərin mərkəzi meydanlarında qurulan hündür yolka ağacının ətrafında artıq Şaxta baba da gözə dəyir. O da böyük həvəslə Yeni il şənliklərinin başlanmasını gözləyir.
Bütün bunlar paytaxt sakinləri ilə yanaşı, Bakıya üz tutan minlərlə qonağın zövqünü oxşayır.