Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalanıb

    Dekabrın 9-da Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının XVIII iclasının yekunlarına əsasən protokol imzalanıb.

    "Report" xəbər verir ki, hökumətlərarası Komissiyanın iclası çərçivəsində həmçinin 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksi sahəsində Əməkdaşlıq Proqramı və 2020-2022-ci illər üzrə turizm sahəsində Əməkdaşlıq Proqramı imzalanıb.

    Sənədləri Azərbaycan tərəfindən Baş Nazirinin müavini, komissiyanın həmsədri Şahin Mustafayev və İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin imzalayıblar.

    Bu günə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən 200-dən çox sənəd imzalanıb.

  • “Bank Respublika “100% SƏRFƏLİ” yeni il kampaniyasına başlayır

    Ölkənin lider banklarından biri olan “Bank Respublika” ASC hər zaman olduğu kimi, Yeni il ərəfəsində də, müştərilərini ənənəvi kredit kampaniyası ilə sevindirdi!

    Bankın start verdiyi “100% SƏRFƏLİ” kredit kampaniyasından yararlanan hər bir kəs yeni ildə öz xəyallarını həyata keçirə biləcək!

    Belə ki, bu ilin sonuna qədər “Bank Respublika”ya müraciət edən müştərilərə nağd istehlak kreditləri 100% komissiyasız və illik 16%-dən başlayan SƏRFƏLİ faiz dərəcəsilə təklif olunacaq.

    Kreditin maksimal mәblәği 30 000 manat, müddәti isә 24 ay tәşkil edir.Rəsmigəlirdənasılıolaraq, 20 000 manata qədər məbləğdəkreditzaminsizdətəqdimediləbilər.

    Qeyd edək ki,“Bank Respublikada” kredit götürmənin digər üstünlükləri çevik rəsmiləşdirmə və heç bir sığorta haqqının olmamasıdır.

    Bu Yeni il dostlarınızı, yaxınlarınızı və özünüzü sevindirmək istəyirsinizsə “Bank Respublika”nı seçin, xəyallarınız gerçəkləşsin!

    Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

  • Sabahın hava proqnozu açıqlanıb

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 10-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında əsasən təmiz və oksigenlə zəngin havanın üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

  • Bakının yeni Baş Planının bəzi detalları açıqlanıb

    Yaradıcı sənayelərin inkişaf etdirilməsi üçün şəhərlərin planlaşdırılmasında yeni yanaşma tələb olunur.

    Trend-in məlumatına görə, bunu "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" Nazirlər panelində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev bildirib.

    Onun sözlərinə görə, dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır: "21-ci əsrin ortalarında şəhərlərdə yaşayanların faizi 60, hətta 80-ə çata bilər. Bu isə şəhərlər qarşısında yeni çağırışlar qoyur. Əsas çağırış isə şəhərlərin infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasıdır".

    A.Quliyev deyib ki, Bakı şəhərinin bundan sonrakı inkişafını planlı şəkildə aparmaq lazımdır. Buna görə də Bakının baş planı üzərində işə başlanılıb.

    Komitə rəsmisi qeyd edib ki, davamlı inkişafın təmin edilməsi üçün Bakının ərazilərindən səmərəli istifadə olunmalıdır. Bakının Baş planının planlaşdırılmasında çoxmərkəzli yanaşma tətbiq edilməlidir: "Bu gün Bakının tək mərkəzi var. Bu da yaranan çətinliklərdən biridir. Digər prioritet istiqamət milli mədəni irsin qorunması və gələcək inkişafın bu memarlıq irsinin nəzərə alınaraq təmin edilməsidir. Digər prioritet istiqamət şəhər iqtisadiyyatının postsənaye dövrünə mərhələli keçidini təmin etməkdir".

  • Gələn ildən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq

    2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul artıq yeni təsnifat əsasında aparılacaq.

    Trend-in məlumatına görə, bunu “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində Təhsil naziri Ceyhun Bayramov deyib.

    Onun sözlərinə görə, müasir dünyada peşələr və ixtisaslar çox sürətlə dəyişir. Bunu nəzərə alaraq müəyyən vaxtdan bir yeni ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq edilir: "2019-u ilin fevral ayında Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatı təsdiq edilib. Hazırda ali təhsil müəssisələri tədris proqramlarını yeniləyirlər".

    C.Bayramov əlavə edib ki, yaradıcı sahələr üzrə ali təhsil müəssisələrini bitirən məzunların kifayət qədər çoxu - 70 faizi qısa müddətdə əmək bazarına daxil olurlar:

    "Dünya təcrübəsində yaradıcı istiqamətlərlə bağlı özünüməşğulluq faizi olduqca yüksəkdir. Müxtəlif ölkələrdə bu, 30-60 faiz arasında dəyişir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda sahibkarlıq, biznes etikası ilə bağlı olaraq bacarıqların formalaşdırılması vacibdir ki, onlar gələcəkdə iş axtaran deyil, iş yeri yaradan insanlar olsun. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidirlər".

  • Bakıda 23 yerdə bayram yarmarkası fəaliyyətə başladı

    Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

    Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı BŞİH və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən dislokasiya təsdiq olunub. Dislokasiyaya görə, bayram yarmarkaları əsasən şəhərdə, metrostansiyaların qarşısında quraşdırılıb. Hazırda Nəsimi, Nərimanov, Yasamal, Binəqədi, Nizami, Xətai rayonlarında 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb.

    Bayram yarmarkaları 2020-ci il yanvarın 7-dək davam edəcək. Çadırlarda əsasən Yeni il hədiyyələri və meyvə-tərəvəz məhsulları satılır.

    Yarmarkaların təşkil edilməsində məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir. Bayram çadırlarının paytaxtın digər metrostansiyalarının qarşısında da quraşdırılması gözlənilir.

  • "WhatsApp"da daha bir yeni funksiya

    "WhatsApp" mesenceri, tapşırıqlar yaratmağa və müvafiq xatırlatmaları almağa imkan verən yeni bir funksiya ilə təchiz olundu.

    Trend-in məlumatina görə, "Any.do" xatırlatma xidməti ilə birlikdə yaradılan funksiyaya "WhatsApp xatırlatma" adlanır və mesencer quraşdırılmış bütün cihazlarda ödənişli abunə ilə əldə edilə bilər.

    Tapşırıq yaratmaq üçün, xatırlatma vaxtını qeyd etməklə "Any.do" botuna müvafiq mesaj göndərilməlidi. Bundan əlavə, avtomatik olaraq tapşırıqlar yaratmaq üçün digər həmsöhbətlərdən alınan mesajlar yönləndirilə bilər.

    Daha əvvəl "WhatsApp" tədqiqatçıları tərəfindən müəyyən bir müddətdən sonra istifadəçi mesajlarını avtomatik olaraq silən yeni bir funksiyanın sınaqdan keçiriləcəyi barədə məlumat verilmişdi.

  • “Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı keçiriləcək

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan ilin yekun tədbirini keçirəcək.

    İdarədən AZƏRTAC-a bildirilib ki, dekabrın 10-da “Bir əsrlik Nəsimi araşdırmaları” adlı kitabın təqdimatı və eyniadlı elmi-praktik konfrans təşkil olunacaq.

    Təqdimatda “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Əsgər Ələkbərovun, kitabın elmi redaktoru, akademik Rafael Hüseynovun və nəsimişünas alimlərin çıxışları nəzərdə tutulub.

    Sonda Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “Nəsimi” adlı kompozisiya səsləndiriləcək.

  • Bu gün Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyası keçiriləcək

    Bu gün Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyası keçiriləcək.

    Trend-in məlumatına görə, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçiriləcək ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edəcək.

    Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edəcək.

    Qeyd edək ki, Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək.

    Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, zeytun, əncir, qovaq, şaftalı, gavalı, alma, çökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.

  • Bakıda "Viva Opera" adlı qala konsert keçiriləcək

    Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Teatrın aparıcı solistlərinin iştirakı ilə "Viva Opera" adlı qala konserti keçiriləcək.

    Qala konsertdə Azərbaycanın Xalq artistisləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, Respublikanın Əməkdar artistləri Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, solistlər Nina Makarova, Taleh Yahyayev, həmçinin Teatrın xor kollektivi çıxış edəcəklər.

    Proqramda C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səsləndiriləcək.

    Qala-konsertdə Opera və Balet Teatrının simfonik orkestrini Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək.