2019-cu ilin noyabr ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 459 müraciət daxil olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, onların 103-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 356-sı telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.
Agentliyə daxil olan müraciətlərin 129-u müayinə, müalicə və cərrahi əməliyyatlar, 56-sı əlillik məsələləri, 32-si işə qəbul və əmək münasibətləri, 8-i ambulator dərman təminatı, 25-i tibbi xidmətlərlə bağlı ödənişlər və 34-ü isə digər məsələlər üzrə mövzuları əhatə edib. Telefon vasitəsilə edilən sorğu xarakterli müraciətlərin 175-i icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi, icbari tibbi sığorta haqları və bu sahəni tənzimləyən qanunvericiliklə bağlı olub.
Həmçinin noyabr ayında Agentliyin sosial şəbəkələrdəki səhifələrinə 270 vətəndaş müraciəti daxil olub.
Bu gündən müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdü də elektron qaydada aparılacaq.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, bu e-sistemlər ildə təqribən 3 mindən çox şəxsi əhatə edəcək. Bununla da cari ilin ötən dövründə artıq 10-dək sosial təminat növünün təyinatı elektronlaşmış olur: "Yaxın günlərdə yeni e-təyinat sistemləri də istifadəyə veriləcək. Avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək təyinat vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan, elektron şəkildə, proaktiv qaydada həyata keçiriləcək".
A.Kərimov nazirliyin “e-sosial” internet portalının məlumat bazası əsasında bu günlərdə 6 yeni “e-arayış” xidmətinin də təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, bununla da nazirliyin e-arayış xidmətlərinin sayı 8-ə çatıb. Dekabr ayının sonuna qədər bu göstərici 15-ə çatdırılacaq. 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən “e-sosial” portalının “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərir. Artıq bu gündən İOS əməliyyat sistemi üçün "e-sosial" mobil tətbiqi mexanizmi də işə salınır. Bu da vətəndaşların e-sosial internet portalından rahat istifadəsinə və portalın daha əlçatan olmasına imkan verir.
Azərbaycan Mərkəzi Bankı 10 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, dekabrın 10-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,8813 manat təşkil edir.
1 türk lirəsi 0,2926 manat, 1 rus rublu 0,0268 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5823 manatdır.
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, dekabrın 9-da qızılın qiyməti dekabrın 6-ı ilə müqayisədə 25,704 manat azalaraq 1 unsiya üçün 2482,8245 manat təşkil edib.
Gümüş 0,6509 manat ucuzlaşaraq 1 unsiya üçün 28,1886 manata bərabər olub.
Platinin qiyməti 9,724 manat azalaraq 1518,27 manat, palladiumun qiyməti 7,7435 manat artaraq 3191,291 manat təşkil edib.
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 69,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,9 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel çoxdur.
Bakcell şirkəti 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində təqdim etdiyi stendə görə “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb. Sertifikat “BakuTel-2019” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) tərəfindən təqdim edilib.
"Bakcell"dən Trend-ə verilən məlumata görə, şirkət öz ənənəsinə sadiq qalaraq stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini nümayiş etdirib, həmçinin bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edib. Bundan əlavə, Bakcell öz stendində şirkət üçün yeni ayrılan “099” prefiksinin də yaxın gələcəkdə istifadəyə veriləcəyini elan edib.
“Bakutel sərgisi şirkətimizin şəbəkəsinin üstünlüklərini nümayiş etdirmək üçün əla fürsət yaradıb. Bu il beynəlxalq nüfuza malik olan “Ookla” şirkəti növbəti dəfə Bakcell şirkətini Azərbaycanın ən sürətli mobil şəbəkəsi adlandırıb. Mobil operator abunəçisi üçün ən vacib olan məsələ şəbəkənin keyfiyyəti və sürətidir. Biz isə bu sahədə üstünlüyümüzü praktiki şəkildə ardıcıl olaraq 3-cü dəfə sübut etmişik!”, deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.
Belə ki, Bakutel 2019 ərzində Bakcell stendinə gəlmiş minlərlə qonaq Bakcell şəbəkəsinin üstünlüyü və ölkənin telekommunikasiya bazarında ilk və ən reytinqli virtual müştəri xidmətləri aləti olan “Mənim Bakcellim” mobil tətbiqetməsinin yenilikləri ilə taniş olub, Azərbaycan gəncləri üçün yeni imkanlar yaradan “AppLab” startap inkubasiya proqramı barədə məlumat almaq və hədiyyələr qazanmaq üçün “Ulduzum” loyallıq proqramının oyunu, lotereyalar və digər oyunlarda iştirak etmək imkanını qazanıb.
“Bakcell”in “Bakutel 2019” sərgisində iştirakı ilə bağlı hazırlanmış videoçarxa burada baxa bilərsiniz: https://youtu.be/MsdgGbZHJ94
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər
Dekabrın 9-da Heydər Əliyev Mərkəzində əlilliyi olan və olmayan sənətkarların iştirakı ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib. Qala tədbir Heydər Əliyev Fondu, YUNİSEF və İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirin məqsədi ictimaiyyətə əlilliyi olan və olmayan şəxslər üçün bərabər imkanların yaradılması və inklüziv cəmiyyətinin qurulmasının əhəmiyyətini çatdırmaqdır.
Trend-in məlumatına görə, İtaliyanın "Nazareno" Sosial Kooperativi və "DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkəti layihədə iki ölkənin əlilliyi olan və olmayan sənətkarlarını bir araya gətirib. Sənətkarlar özlərini ifadə etməyə imkan yaradan incəsənəti şəfa mənbəyi seçiblər.
Qala tədbirində "Nazareno" Sosial Kooperativi "Sciá Sciá" orkestrinin çıxışını, "EgoMuto kollektivinin xoreoqraf İren Straççiatinin quruluşunda "Səyyahlar", "DanzaMobiles" komandasının xoreoqraf Manuel Kanadasın quruluşunda "Sara və Manuel: iki vücud fəzada uzaqlaşma yollarını axtarır" rəqsini, müğənni və pianoçu Silvia Zarunun ifasını təqdim edib.
"DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkəti isə xoreoqraf Nigar İbrahimbəylinin quruluşu və rəssam Vüsal Rəhimin tərtibatında "Addım" tamaşasını, həmçinin şirkətin direktoru Nigar Sultanovanın "Əlaqə" meditasiyasını nümayiş etdirib.
Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq.
Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, bu artımın 13-14 faizə yaxın olacağı gözlənilir: "Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər - təxminən 13-14 faizə yaxın artırılacaq. Bu, bütün pensiyalara, o cümlədən minimum pensiayalara şamil olunacaq".
A.Kərimov əlavə edib ki, artımdan sonra minimal pensiyaların məbləğinin 230 manata çatacağı gözlənilir:
"Artıq minimum pensiyaların məbləğini təqribən 72 faiz artıraraq 200 manata çatdırmışıq. Biz gözləyirik ki, indeksləşdirilmə nəticəsində baş verəcək artımdan sonra pensiyaların minimal məbləği 230 manata yaxın olacaq. Prezident İlham Əliyevin də tapşırığı var ki, əhalinin sosial təminatı gücləndirilməli, sosial rifah yaxşılaşdırılmalıdır. Buna görə də hazırda pensiyaların minimal məbləğinin artırılması nəzərdən keçirilir".
AVRO-2020-nin Bakıda keçiriləcək oyunları üçün Uelsdən Bakıya çarter reysləri təşkil olunacaq.
Bu barədə Böyük Britaniyanın “Air Charter Service” şirkətinin kommersiya direktoru Metyu Perton “Business Airport” portalına bildirib. Onun sözlərinə görə, Avropa çempionatının püşkatmasından sonra çoxlu sayda sifariş alıblar: “Püşkatmadan bəri telefonlarımız susmur. Əsasən də futbol federasiyaları və azarkeşlər tərəfindən zənglər olur. Aralarında 4 günlük fərq olacaq matçlara yetişmək üçün uzaq məsafə qət etmək lazımdır. Kardiffdən Bakıya qədər 2500 mil (4000 km) məsafə var. Romadan Azərbaycanın paytaxtına isə məsafə 2000 mil (3200 km) təşkil edir. Biz artıq qarşıdakı pley-off görüşləri üçün çarter reysləri təşkil edəcəyik. Avropa çempionatının final mərhələsi üçün isə artıq 40 çarter reysi bron edilib”.
Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığması hər iki oyunda qalib gəlib (2:1, 2:0).
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.
Böyük Britaniya təmsilçilərindən Şotlandiya və Şimali İrlandiya pley-off mərhələsində çıxış edəcəklər. Bu komandalar müvafiq olaraq İsrail və Bosniya və Herseqovina ilə qarşılaşacaqlar.
Növbəti Xəzər İqtisadi Forumu 2021-ci ilin avqust ayında keçiriləcək.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 18-ci iclasında Rusiyanın İqtisadiyyat naziri Maksim Oreşkin bildirib.
O, iclasın keçirilməsi üçün Həştərxan şəhərinin seçildiyini diqqətə çatdırıb.