Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirməkdədir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Çinin Guandzhou şəhərində keçirilən "İmperial Spring - 2019" toplantısında tərəfdaş kimi çıxış edib. Toplantıda NGBM-nin Həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vaira Vike-Freiberqa rəhbərliyi ilə Mərkəzin üzvü olan ondan çox sabiq ölkə və hökumət başçıları iştirak edib.
Multilaletarizm, BMT-nin Davamlı İnkişaf proqramı və Beynəlxalq qaydalara əsaslanan dünya nizamına həsr olunmuş konfransın açılışında Çin Xalq Respublikasının vitse-prezidenti Wang Qishan da iştirakçılardan olub. Tədbir çərçivəsində Çin Xalq Respublikasının Prezidenti Xi Jinping toplantıda iştirak edən sabiq ölkə və hökumət başçılarını qəbul edərək toplantı çərçivəsində qaldırılan məsələləri müzakirə edilib.
Görüş zamanı xanım Vaira Vike-Freiberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu əməkdaşlığa qoşulmasının əhəmiyyəti, Mərkəz tərəfindən illik təşkil olunan Qlobal Bakı Forumunun artan Beynəlxalq nüfuzunu xüsusi olaraq vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən cari ilin "Nəsimi ili" elan olunması ilə bağlı dövr ərzində silsilə tədbirlər keçirilib.
Tədbirlərin davamı olaraq dekabrın 27-də Heydər Əliyev Sarayında Xalq artisti Firəngiz Əlizadənin "Nasimi Passion" əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi nəzərdə tutulmuşdur.
Əsərin xoreoqrafik quruluşu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti Edvald Smirnova həvalə olunmuşdur. Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə "Nəsimi poeziyası" adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak edəcəklər.
Hazırda yaradıcılıq prosesinə start verilmiş "Nasimi Passion" vokal-xoreoqrafik tamaşasının dirijoru Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.
Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq.
Bu münasibətlə hazırlanan “Şaxta Baba və Befan nənələr" adlı səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır.
Tamaşada əməkdar artistlər Mətləb Abdullayev və Əlvida Cəfərov (Şaxta Baba), aktrisa Fəridə Şahbazova (Qar Qız), əməkdar artist Mehriban Xanlarova (Befan nənə-1), aktrisa Dilarə Nəzərova (Befan nənə-2), əməkdar artist Sevinc Əliyeva (Befan nənə-3), aktyorlar Vüsal Mustafayev və Elsevər Rəhimov (Şaxta nəvə 1), Ramin Şıxəliyev və Şahin Tağızadə (Şaxta nəvə-2), Elçin Hacıyev (Şaxta nəvə-3), Əlləz Əhmədov (Şrek), əməkdar artist Əminə Cəfərova (Panda), aktyorlar Vüsal Məmmədov (Ərincək), Firuzə Balayeva (Pinqvin) çıxış edirlər.
Yeni il tamaşası dekabrın 27-dən yanvarın 6-dək nümayiş olunacaq. Səhnə əsəri müvafiq olaraq 10:00, 12:00, 14:00, 16:00-da oynanılacaq. Biletlərin qiyməti 8 manatdır. Bu qiymətə azyaşlı tamaşaçılara hədiyyələr də daxildir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən “Danışan məktub” bədii filminin tiflo və surdo şərhi hazırlanıb.
Nazirlikdən verilən məlumata görə, filmin bu versiyasının hazırlanmasında məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır.
“Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində filmin təqdimat mərasimi keçirilib.
Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq müxtəlif sosial tədbirlərin həyata keçirildiyini bildirən nazir müavini “Danışan məktub” bədii filminin görmə və eşitmə məhdudiyyətli insanlar üçün uyğunlaşdırılmasının əhəmiyyətindən danışıb.
Elmir Vəlizadənin sözlərinə görə, bu film müharibə dövründən bəhs etdiyi üçün hazırda da öz aktuallığını qoruyub saxlayır.
IMDb portalı 2019-cu ilin ən populyar 10 aktyor-aktrisasının adını açıqlayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Top-10"da 6 qadın, 4 kişi aktyor var.
Rreytinqə "Kapitan Marvel"də Marvel rolunu canlandıran Bri Larson başçılıq edir. Onun ardınca sıralamada Erin Moriarti ("Oğlanlar" serialında Starlayt rolu), Emiliya Klark ("Taxtlar oyunu"ndan Deyneris Tarqarien), Naomi Skott ("Ələddin"də şahzadə Jasmin), "Çox qəribə şeylər" serialından Dakre Montqomeri, "Şazam!" filmindən Zakari Livay yer alıb.
"Top-10"da həmçinin Kianu Rivz, Roza Salazar, Margo Robbi və "Coker"də eyniadlı personajı canlandıran Xoakin Feniks də özünə yer edib.
Reytinq son bir ildə portaldakı axtarış sorğularına əsaslanıb.
Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.
Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.
Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var.
Müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib.
XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizin tarixinin dinamik və hərtərəfli inkişaf mərhələsi başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac yaranmışdı və təbii ki, bu sahədə könüllülük fəaliyyəti mühüm önəm daşıması başladı. Məhz bu dövrdə - 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.
2012-ci il dekabrın 29-da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı zamanı bir qrup “ASAN könüllüsü” ilə görüşən Prezident İlham Əliyev “ASAN” könüllülük hərəkatına xeyir-duasını verib. Təbii ki, “ASAN xidmət”ə qədər də müxtəlif qeyri-hökumət və beynəlxalq təşkilatlarda yüzlərlə azərbaycanlı gənci könüllü kimi fəaliyyət göstərib. Lakin könüllülük hərəkatı olaraq bu fəaliyyət məhz “ASAN xidmət”dən başlayıb. 2016-cı il dekabrın 28-də 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinin açılışı zamanı dövlətimizin başçısının sözləri bunun bariz sübutudur: “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır”.
Məhz Azərbaycan Prezidentinin bu sahəyə yüksək diqqət və qayğısı və fəal dəstəyi könüllülüyün bugünkü yüksək inkişaf səviyyəsinə çatmasını təmin etməklə yanaşı, gənclər üçün yeni fürsətlər yaradıb. Xüsusilə son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllü cəlb olunub. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb.
Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində qeyd olunan mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı. Ən əsasən, könüllülərin əməyi yüksək qiymətləndirildi və bu iş davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı nitqində könüllülərin ölkə həyatının bütün sahələrindəki fəallığına yüksək qiymət verərək deyib: “Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir”.
Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev onların iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləməsini, gəncləri dövlət təşkilatlarında önə çəkilməsini, bütün dövlət təşkilatlarına könüllülərin cəlb olunmasını tövsiyə edib. Bu tövsiyədən irəli gələrək müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına başlanılıb və bu iş uğurla davam etdirilir. Qeyd etmək lazımdır ki, dövlətimizin başçısının bu tövsiyəsi Azərbaycanda könüllülük hərəkatının inkişafına əlavə təkan verib. Bu tövsiyədən irəli gələn vəzifələrin icrası nəticəsində təkcə 2019-cu ildə 9 mərkəzi icra hakimiyyəti orqanı və bütün yerli icra hakimiyyəti orqanları yanında könüllü qrupları yaradılıb. Belə ki, bu gün ölkəmizdə “Gənc Könüllülər”, “ASAN Könüllülər”, “RİİB Könüllüləri”, “BİR Tələbə-Könüllülər”, “Aqrar İnkişaf Könüllüləri”, “KOB Könüllüləri”, “Miqrasiya Könüllüləri”, “Ədliyyə könüllüləri” və s. qurumlarda müxtəlif könüllülər təşkilatları uğurla fəaliyyət göstərirlər.
Ölkəmizdə könüllülük hərəkatının inkişafında Gənclər Fondunun da fəaliyyəti xüsusi qeyd edilməlidir. Qrant müsabiqələri, xüsusi layihə, tədbir və düşərgələr yolu ilə könüllülüyün təşviqi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Ötən il Beynəlxalq Könüllülər Günü ərəfəsində Gənclər Fondu tərəfindən yüzlərlə gəncin və ölkəmizdə ilk dəfə olaraq bütün könüllü hərəkatlarının iştirak etdiyi “Azərbaycan həmrəylik festivalı” keçirilib.
Azərbaycanda könüllülük hərəkatının inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsindən biri də dekabrın 1-də start verilən və ayın 9-dək davam edəcək “Azərbaycan könüllülük həftəsi”dir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Könüllülük həftəsi” çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında könüllülərin iştirakı ilə ekoloji, sosial və mədəni tədbirlərin, Könüllülərin 2-ci Respublika Həmrəylik Forumunun, onlar üçün xüsusi konsert-əyləncə proqramının, 300-dən çox könüllünün iştirakı ilə Azərbaycan könüllülərinin həmrəylik düşərgəsinin və digər tədbirlərin təşkili nəzərdə tutulub.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə könüllülük fəaliyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri qarşıdakı dövrdə daha böyük uğurların qazanılacağını deməyə ciddi əsas yaradır.
Bundan sonra vətəndaşların müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və dövlət tərəfindən avtomobillə təmin olunma barədə arayışları almaları üçün hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Onlar həmin arayışları artıq özləri istənilən vaxt e-qaydada əldə edə bilərlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazirlik tərəfindən təşkil edilmiş həmin 6 yeni “e-arayış” xidmətinin təqdim edilməsi tədbirində məlumat verilib.
Nazirliyin “Bakutel” sərgisindəki bölməsində - DOST stendində keçirilən təqdimat tədbirində qurumun E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkbərov əmək, məşğulluq, sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdırılması tədbirlərinin davam etdiyini deyib.
Bildirilib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən bu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinat mexanizmi işə salınıb. Həmçinin 2019-cu ildə 19 müavinət və təqaüd növü üzrə təyinatın da elektronlaşdırılması nəzərdə tutulub. Onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün, əlilliyə görə aylıq müavinətin elektron qaydada təyinat mexanizmi artıq istifadəyə verilib. Digər müavinət və təqaüd növləri üzrə təyinatların da elektronlaşdırılması işləri davam etdirilir.
Eyni zamanda, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən nazirliyin hazırladığı və ölkəmizdə ilk sosial reyestr olan “e-sosial” portalı özünün məlumatlar bazası ilə nazirliyə dair sahələr üzrə arayışların verilməsi xidmətlərinin də elektronlaşdırılmasında geniş imkanlar yaradıb. İş yerinə və əlilliyə dair arayışların alınması üçün e-xidmətlər, yəni 2 “e-arayış” növü mövcud idi. “E-sosial” internet portalının məlumatlar bazası əsasında bu gün artıq 6 istiqamət üzrə - müavinət, təqaüd, pensiya, maddi yardım, şəhid vərəsələri kimi birdəfəlik ödəmə və imtiyazlı kateqoriyalardan olan vətəndaşlar kimi dövlət tərəfindən avtomobillə təmin olunma barədə arayışların alınması üçün e-xidmətlər təqdim edilir. Bununla da vətəndaş həmin arayışları istənilən vaxt e-qaydada real vaxt rejimində əldə edə bilər.
Dekabrın 7-si və 8-i Azərbaycan Milli Xalça Muzeyində “Xalça diyarına səyahət” uşaq festivalı keçiriləcək.
Trend-in məlumatına görə, muzeyin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş festival iştirakçıları üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə kvest oyunu, ustad dərsləri təşkil olunacaq, onlara kukla tamaşaları göstəriləcək.
Sürprizlərlə dolu festivalda uşaqlar möhtəşəm karnaval, Transformers Bumblebee şou sevinci yaşayacaq, atəşfəşanlıqdan zövq alacaq, müxtəlif hədiyyələr qazanacaqlar.
Festival günlərində Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin əməkdaşları, “Gülsam” Əlillərin Reabilitasiya İctimai Birliyi, Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq tədbirə qatılan uşaqlar xəyallarından silinməyəcək festival həyəcanı yaşayacaqlar!
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Yuğ Dövlət Teatrının 30, teatrın banisi Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir nazirliyin dəstəyi ilə reallaşıb.
Tədbirdən öncə qonaqlar teatrın foyesində bu sənət ocağının 30 illik fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar. Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı fotosərgidə bu sənət ocağının yaranma və inkişaf tarixinin müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər nümayiş olunub.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Yuğ Dövlət Teatrının tarixinə və inkişaf yoluna nəzər salıb. Bildirib ki, Vaqif İbrahimoğlu Azərbaycan incəsənətində tamamilə yeni bir mühitə malik teatr yaradıb. Bu teatr tez bir zamanda böyük tamaşaçı auditoriyasının formalaşmasına təkan verib.
Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Hemətov qeyd edib ki, teatrın ilk işi M.Şəhriyarın “Heydərbabaya salam” poeması əsasında hazırlanan “Salam” tamaşası olub. Kollektiv bu illər ərzində klassiklərdən M.Füzulinin, N.Gəncəvinin, Ş.İ.Xətainin, müasirlərimizdən R.Rövşənin, V.B.Odərin şeirləri, K.Abdullanın, A.Məsudun, F.Mustafanın, O.Fikrətoğlunun əsərləri əsasında müxtəlif tamaşalara quruluş verib.
Tədbirdə teatrın müxtəlif tamaşalarından parçalar da nümayiş olunub.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə tanıdılması və təbliği məqsədilə 2016-cı ildən etibarən “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi həyata keçirilir.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ildə layihə üzrə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 5 poemasından ibarət (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) “Xəmsə”sinin türk dilində nəşri başa çatdırılıb.
Tanınmış elm və ədəbiyyat xadimlərinin iştirakı ilə dekabrın 6-sı, saat 12:00-da Azərbaycan Milli Kitabxanasında “Xəmsə”nin təqdimat mərasimi baş tutacaq.
Qeyd edək ki, şair-tərcüməçi Yurtseven Şenin tərcüməsində “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən nəşr olunan kitabların ilk növbədə Türkiyədəki elmi kütləvi kitabxanaların, ali təhsil ocaqlarının və s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.