Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Nazirlər Kabineti: Kirayə müqaviləsi ilə veriləcək mənzillərdə hər ailə üzvünə 16 kvadratmetr müəyyən edilib

    Nazirlər Kabineti sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında 459 saylı qərara aydınlıq gətirib.

    Trend-in Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilir:

    "Bu qərar ehtiyacı olan, aztəminatlı ailələrin dövlət tərəfindən kirayə evlə təmin edilməsi üçün normaları müəyyənləşdirir. Yəni dövlət və bələdiyyələr gələcəkdə ehtiyacı olan vətəndaşları sosial kirayə şərtləri ilə yaşamaq üçün nəzərdə tutulmuş xüsusi mənzil fondundan mənzillərlə təmin etməyi planlaşdırır. Belə mənzillər ailələrin mülkiyyətinə verilmir. Bu qərara görə gələcəkdə belə mənzillər verilərkən ailənin hər üzvü üçün 16 kvadratmetr yaşayış sahəsi nəzərdə tutulur. Bu Avropa standartlarına uyğun bir ölçüdür. Xatırladırıq ki, sovet dövründə bu normalar əvvəl adambaşına 5, daha sonra 8 kvadratmetr olmuşdu. İndi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu norma dövlət sosial mənzil fondundan veriləcək mənzillər üçün adambaşına 16 kvadratmetrdir. Bələdiyyələr isə daha artıq ölçüdə mənzillər təqdim edə bilərlər. Hazırda belə mənzillərə ehtiyacı olan vətəndaşların uçota alınması normaları da müvafiq dövlət qurumlarında müzakirə olunur və yaxın müddətdə təsdiq olunacağı gözlənilir. Sosial təyinatlı mənzil fondundan istifadə edəcək vətəndaşlar yerli icra hakimiyyəti orqanlarında uçota alınacaq və növbəlilik prinsipi ilə təmin ediləcəklər. Növbədənkənar təmin ediləcək vətəndaşlar sırasına isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, habelə xroniki xəstəliklərə tutulmuş vətəndaşlar daxildir. Sosial kirayə müqaviləsi yerli icra hakimiyyəti orqanları ilə vətəndaşlar arasında müddətsiz olaraq bağlanır, qarşılıqlı razılıq əsasında və yaşayış yerini dəyişdikdə və s. hallarda ləğv edilə bilər".

  • 2019-cu ilin ən populyar mahnıları açıqlanıb

    “Shazam” musiqi axtarış xidməti 2019-cu ildə ən çox axtarılan mahnıların reytinqini açıqlayıb.

    Trend-in məlumatına görə, siyahıda birinci yerdə amerikalı müğənni Billi Aylişin “Bad Guy” mahnısı yer alıb.

    İkinci yerdə şotlandiyalı müğənni Lyuis Kapaldinin “Someone You Loved” mahnısı, üçüncü yerdə avstraliyalı musiqiçi “Tones and I”ın “Dance Monkey” mahnısı qərarlaşıb.

    İlk beşlikdə həmçinin Pedro Kapo və Farrukonun ifasında “Calma” və “Meduza” və “Goodboys” qruplarının “Piece of Your Heart” mahnıları yer alıb.

  • Alimlər il ərzində təravətini itirməyən yeni alma sortu yetişdiriblər

    ABŞ-ın Corc Vaşinqton Universitetinin tədqiqatçıları saxlama şəraitinə riayət etməklə il ərzində xarab olmayan yeni alma sortu yetişdiriblər. Meyvələr artıq ABŞ-da satışa çıxarılıb.

    Trend-in məlumatına görə, “Enterprise” və “Honeycrisp” növlərinin birləşdirilməsi nəticəsində yaranan yeni sort almalar “Cosmic Crunch” (“Kosmik xırtıltı”) adlandırılıb.

    Sıx toxuma strukturuna, yüksək miqdarda turşuluq və şəkərə malik olan bu alma növü +10 dərəcə temperaturda 12 aya qədər, soyuducuda altı aya qədər, otaq temperaturunda isə bir neçə həftə saxlanıla bilər.

    Tədqiqatçılar qeyd edirlər ki, adi alma sortlardan fərqli olaraq yeni sort tünd ləkələrin yaranması, donma, yerə düşmə zamanı əzilmə, həmçinin karbon qazının yüksək konsentrasiyası və oksigenin aşağı olması kimi prosseslərə qarşı zəif həssaslığa malikdir.

    Qeyd edək ki, alimlər yeni alma sortunun yetişdirilməsi ilə 1997-ci ildən məşğuldurlar.

  • Əbülfəs Qarayev bir sıra ölkələrin səfirləri ilə görüşüb

    Mədəniyyət naziri Əbülfəs Qarayev Latviya, İordaniya və İndoneziyanın ölkəmizdəki səfirlərini qəbul edib.

    Nazirlikdən Trend-ə verilən məlumata görə, Ə.Qarayev Latviyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Garançs ilə görüşdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçiriləcək tədbirlərə dair Fəaliyyət Planının işlənib hazırlanmasının vacibliyini vurğuladı. Əbülfəs Qarayev Latviya ilə yaradıcı mədəniyyət sənayeləri istiqamətində də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirdi.

    Səfir Dainis Garançs səmimi qəbula görə nazirə təşəkkürünü bildirdi və birgə həyata keçiriləcək layihələrdə əməkdaşlığa hazır olduğunu qeyd etdi.

    Mədəniyyət naziri Əbülfəs Qarayevin İordaniya Haşimilər Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehi ilə görüşündə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə film festivallarının və sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi, həmçinin həyata keçiriləcək layihələr ətrafında müzakirələr aparıldı.

    Nazir ölkələrimiz arasındakı dostluq münasibətlərinin mədəniyyət sahəsində də əməkdaşlığın inkişafına təsir etdiyini diqqətə çatdırdı.

    İordaniya səfiri iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirdi, əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını bildirdi.

    Daha sonra naziri Əbülfəs Qarayev İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fananini qəbul etdi.

    Azərbaycanla İndoneziya arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edən nazir bu sahədə daha geniş imkanların olduğunu bildirdi.

    Səmimi qəbula görə minnətdarlığını bildirən diplomat ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, mədəniyyət sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılması əhəmiyyət kəsb edir.

    Səfir yaxın gələcəkdə İndoneziyada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında eyniadlı filmin ərsəyə gətirildiyini və geniş ictimaiyyətə çatdırılması istiqamətində hazırlıqların getdiyini söylədi.

    Sonda nazir Əbülfəs Qarayev qonaqlara uğurlar arzuladı və filmin işıqlandırılması ilə bağlı nazirlik tərəfindən dəstək verilməsinə hazır olduqlarını bildirdi.

  • Prezident İlham Əliyev vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunu imzalayıb

    Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunu imzalayıb.

    Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə və 96-cı maddəsinin VI hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

    Maddə 1. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququ

    Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihəsini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına mənsubdur.

    Maddə 2. Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi

    Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü (bundan sonra – vətəndaşların qanunvericilik təşəbbüsü) hüququndan istifadə ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının Seçki Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

    Maddə 3. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsinə dair tələblər

    3.1. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 50-ci, 53-58-ci və 62.4-cü maddələrində müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

    3.2. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsində (bundan sonra – layihə) aşağıdakı məsələlər nəzərdə tutula bilməz:

    3.2.1. dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi;

    3.2.2. əmək haqqının məbləği və onun ödənilməsi qaydası;

    3.2.3. cinayət və ya inzibati xətalar;

    3.2.4. ailə münasibətləri;

    3.2.5. ərazi quruluşu və inzibati ərazi bölgüsü;

    3.2.6. dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;

    3.2.7. seçki və referendum;

    3.2.8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad;

    3.2.9. amnistiya;

    3.2.10. seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

    3.3. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Konstitusiya qanunlarının layihələri təqdim oluna bilməz.

    Maddə 4. Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupunun yaradılması

    4.1. Layihəni Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan ən azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu (bundan sonra – təşəbbüs qrupu) yaradılır.

    4.2. Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edə bilər.

    4.3. Təşəbbüs qrupunun yaradılmasının məqsədləri Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsidir.

    4.4. Təşəbbüs qrupunun ilk iclasında onun yaradılması barədə qərar qəbul olunur, təşəbbüs qrupunun sədri və ən azı iki sədr müavini, həmçinin seçki dairələri üzrə koordinatorları seçilir və təklif olunan layihənin mətni təsdiq olunur. Həmin iclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır və iclasda iştirak edən vətəndaşların siyahısı protokola əlavə olunur. Bu siyahıda onların soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti, həmçinin vətəndaşın təklif olunan layihənin lehinə və ya əleyhinə səs verməsi qeyd olunur. Siyahıda qeyd edilən hər bir vətəndaş özünə aid məlumatları imzası ilə təsdiq edir.

    4.5. Təşəbbüs qrupunu onun sədri təmsil edir. Sədr müvəqqəti olmadıqda onun səlahiyyətlərini sədrin müəyyən etdiyi müavinlərdən biri icra edir.

    4.6. Təşəbbüs qrupunun iclası onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Təşəbbüs qrupunun iclasında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

    Maddə 5. Təşəbbüs qrupunun və layihənin qeydiyyatı

    5.1. Təşəbbüs qrupu onun yaradıldığı gündən bir ay ərzində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edir.

    5.2. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

    5.2.1. bu Qanunun 4.4-cü maddəsinə uyğun olaraq tərtib olunmuş təşəbbüs qrupunun yaradılması, onun sədrinin və müavinlərinin, həmçinin seçki dairələri üzrə koordinatorlarının seçilməsi və layihənin təsdiqi barədə iclas protokolu və həmin protokola əlavə edilən iclas iştirakçılarının siyahısı;

    5.2.2. bu Qanunun 3-cü maddəsində müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib edilmiş layihə (kağız daşıyıcısında və eyni zamanda, elektron daşıyıcıda);

    5.2.3. layihənin qəbul edilməsi zərurətinin əsaslandırılması;

    5.2.4. layihəyə dair ekspert rəyləri;

    5.2.5. layihəni hazırlamış şəxslərin siyahısı;

    5.2.6. layihəyə aid digər sənədlər (təşəbbüs qrupunun qərarına əsasən).

    5.3. Bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan sənədlər Mərkəzi Seçki Komissiyasına daxil olduğu gündən iki ay ərzində Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs qrupunun və təklif olunan layihənin bu Qanuna uyğun olaraq qeydiyyata alınması və yaxud bundan imtina edilməsi barədə qərar qəbul edilir.

    5.4. Mərkəzi Seçki Komissiyası təşəbbüs qrupunun təqdim etdiyi sənədlər əsasında təşəbbüs qrupunun yaradılmasının bu Qanunun tələblərinə uyğunluğunu yoxlayır. Təşəbbüs qrupunun təqdim etdiyi layihə və bu Qanunun 5.2.3-5.2.6-cı maddələrində göstərilən sənədlər layihənin bu Qanunun 3-cü maddəsində müəyyən edilmiş tələblərə uyğun olub-olmaması barədə bir ay ərzində rəyin hazırlanması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin istifadəsini nəzərdə tutan layihə və bu Qanunun 5.2.3-5.2.6-cı maddələrində göstərilən sənədlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq bir ay ərzində maliyyə ekspertizası rəyinin hazırlanması üçün həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.

    5.5. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərar qəbul edildiyi gündən həmin layihə Milli Məclisə təqdim edilənədək layihədə dəyişiklik edilə bilməz.

    5.6. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən 3 iş günü müddətində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarın surəti və imza toplanması üçün imza vərəqələrinin nümunəsi təşəbbüs qrupunun sədrinə təqdim edilir, həmçinin təşəbbüs qrupunun sədrinə, müavinlərinə və seçki dairələri üzrə koordinatorlarına müvafiq vəsiqələr verilir.

    5.7. İmza toplanması üçün imza vərəqələrinin və təşəbbüs qrupunun sədrinə, müavinlərinə və seçki dairələri üzrə koordinatorlarına verilən vəsiqələrin nümunələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunur.

    5.8. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilir:

    5.8.1. təşəbbüs qrupunun yaradılmasının bu Qanunla müəyyən edilmiş qaydası pozulduqda;

    5.8.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinə əsasən təşəbbüs qrupunun təqdim etdiyi layihə bu Qanunun 3-cü maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda;

    5.8.3. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin istifadəsini nəzərdə tutan layihəyə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinə əsasən layihənin tətbiqinin maliyyələşdirilməsi üçün müvafiq vəsait olmadıqda.

    5.9. Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınmasından imtina barədə Mərkəzi Seçki Komissiyasının qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.

    Maddə 6. Layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanması qaydası

    6.1. Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanması təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən iki ay ərzində yalnız təşəbbüs qrupunun üzvləri tərəfindən həyata keçirilir.

    6.2. Təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplamalıdırlar. İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır.

    6.3. İmza toplanması üçün imza vərəqəsində layihənin adı, imza toplayan təşəbbüs qrupu üzvünün soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti, təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarın tarixi və nömrəsi, təklif olunan layihəni dəstəkləyən vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti göstərilməlidir.

    6.4. Təşəbbüs qrupunun imza toplayan üzvü vətəndaşa təklif olunan layihənin tam mətnini təqdim etməli, layihənin məzmununu izah etməli və oxuması üçün vaxt verməlidir.

    6.5. Bir imza vərəqəsinə yalnız eyni seçki dairəsinin ərazisi üzrə seçici siyahılarında olan vətəndaşlar daxil edilir.

    6.6. Layihəni dəstəkləyən vətəndaş imza vərəqəsində öz imzasını qoyur, soyadını yazır və imzalama tarixini qeyd edir.

    6.7. Layihəni dəstəkləyən vətəndaş yalnız bir dəfə imza qoya bilər.

    6.8. Dövlət orqanlarının, bələdiyyə qurumlarının və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində vətəndaşları imza qoymağa məcbur etmək və ya imza qoymağa imkan verməmək, yaxud bunlara görə onları hər hansı formada mükafatlandırmaq qadağandır.

    6.9. İmza toplanması prosesinin və vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı bu Qanunla nəzərdə tutulan digər tədbirlərin maliyyələşdirilməsi üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi şəxslərin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin təsisçisi xarici dövlət, beynəlxalq təşkilat, xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən istifadə oluna bilməz. Bu qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarının ləğv edilməsi üçün əsas hesab edilir.

    6.10. Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzası toplandıqdan sonra vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokol tərtib edilir, təşəbbüs qrupunun sədri və seçki dairələri üzrə koordinatorları tərəfindən imzalanır.

    6.11. Vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokolun nümunəsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunur.

    Maddə 7. İmza vərəqələrində olan məlumatların yoxlanılması və imza toplanmasının nəticələrinin təsdiqi

    7.1. Bu Qanunun 6.10-cu maddəsində nəzərdə tutulan protokol imzalandığı gündən bir ay ərzində həmin protokolun 2 nüsxəsi və imza vərəqələri təşəbbüs qrupu tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim olunur. Mərkəzi Seçki Komissiyasına təqdim edilən imza vərəqələri nömrələnməli və qovluq formasında səhifələnməlidir.

    7.2. Mərkəzi Seçki Komissiyası sənədləri qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələrinin sayının vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini qeyd edərək, təşəbbüs qrupunun sədrinə, qəbul edilmiş imza vərəqələrinin sayını və oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir.

    7.3. Mərkəzi Seçki Komissiyası iki ay müddətində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59-cu maddəsi ilə müəyyən edilmiş qaydada imza vərəqələrində olan məlumatların düzgünlüyünü, həmçinin təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməsini yoxlayır.

    7.4. Aşağıdakı imzalar qeyri-düzgün (etibarsız) hesab edilir:

    7.4.1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59-cu maddəsinə əsasən qeyri-düzgün (etibarsız) hesab edilən imza;

    7.4.2. bu Qanunun 6.6-6.9-cu maddələrinin tələbləri pozulmaqla toplanmış imza;

    7.4.3. imza vərəqəsinə imza qoymuş vətəndaşlar eyni seçki dairəsinin ərazisi üzrə seçici siyahılarında olmadıqda, yaxud imza vərəqəsi imza toplayan təşəbbüs qrupunun üzvü tərəfindən imzalanmadıqda və ya onun imzası qeyri-düzgün olduqda həmin imza vərəqəsindəki bütün imzalar.

    7.5. İmza vərəqələrinin yoxlanılmasının nəticələri haqqında Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq yaradılmış işçi qrupunun rəhbəri (Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvü) tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Protokolda vətəndaşların yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir. Protokol Mərkəzi Seçki Komissiyasının müvafiq qərarına əlavə olunur.

    7.6. Bu Qanunun 7.7-ci maddəsində nəzərdə tutulan hallar olmadıqda, Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməsi barədə qərar qəbul edilir. Həmin qərarın və bu Qanunun 7.5-ci maddəsində nəzərdə tutulan protokolun surəti qərarın qəbul edildiyi gündən 3 iş günü müddətində təşəbbüs qrupunun sədrinə təqdim olunur.

    7.7. Təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarının qəbul edilməsi üçün əsaslar aşağıdakılardır:

    7.7.1. imzaların toplanması zamanı bu Qanunun 6.8-ci və 6.9-cu maddələrinin tələblərinin pozulması;

    7.7.2. bu Qanunun 7.1-ci maddəsində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması;

    7.7.3. etibarlı imzaların lazımi saydan az olması.

    7.8. Bu Qanunun 7.7.2-ci maddəsində göstərilən hallar müəyyən edildikdə, təşəbbüs qrupunun sədrinə bu barədə yazılı məlumat verilir və müvafiq çatışmazlıqların Mərkəzi Seçki Komissiyasının müvafiq iclasının tarixinə ən geci 3 iş günü qalanadək aradan qaldırılması üçün vaxt verilir.

    7.9. Cinayət məsuliyyətinə səbəb ola biləcək hüquqpozmanın əlamətləri aşkar edildikdə Mərkəzi Seçki Komissiyası təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir.

    7.10. Təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarının və bu Qanunun 7.5-ci maddəsində nəzərdə tutulan protokolun surəti həmin qərarın qəbul edildiyi gündən 3 iş günü müddətində təşəbbüs qrupunun sədrinə təqdim olunur. Lazımi sayda imzaların olmadığı aşkar olunduğu hallarda təşəbbüs qrupu bu Qanunun 7.5-ci maddəsində nəzərdə tutulan protokolun surəti ilə yanaşı, imzaların etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir.

    7.11. Təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.

    Maddə 8. Layihənin Milli Məclisə təqdim edilməsi və müzakirəsi

    8.1. Təşəbbüs qrupunun bu Qanunun tələblərinə riayət etməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı qəbul edildiyi gündən bir ay ərzində layihə və bu Qanunun 5.2.3-5.2.6-cı maddələrində göstərilən sənədlər təşəbbüs qrupu tərəfindən Milli Məclisə təqdim olunur.

    8.2. Layihə təqdim olunmuş şəkildə iki ay ərzində Milli Məclisin müzakirəsinə çıxarılır və səsə qoyulur. Layihədə yalnız texniki xarakter daşıyan dəyişikliklər edilə bilər.

    Maddə 9. Layihənin geri çağırılması

    9.1. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim olunmuş layihə yekun oxunuşda baxılana qədər təşəbbüs qrupunun iclasında üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilmiş qərar əsasında geri çağırıla bilər.

    9.2. Layihənin geri çağırılması haqqında qərarın qəbul edildiyi iclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır, həmçinin layihənin geri çağırılmasını dəstəkləyən təşəbbüs qrupunun üzvlərinin siyahısı protokola əlavə olunur. Bu siyahıda onların soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti qeyd olunur. Siyahıda qeyd edilən hər bir vətəndaş özünə aid məlumatları imzası ilə təsdiq edir.

    9.3. Bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulan protokol Milli Məclisə daxil olduqda geri çağırılmış layihə Milli Məclisin gündəliyindən çıxarılır və təşəbbüs qrupunun sədrinə bu barədə məlumat verilir.

    Maddə 10. Qanunun pozulmasına görə məsuliyyət

    Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

  • Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub.

    Birinci vitse-prezident Mehriban Əliyevanı salamlayan Əlibaba Məmmədov qeyd edib ki, böyük bir şəxsiyyət, böyük bir insanın qonaq gəldiyinə görə həyəcan keçirir:

    "Mən Sizi təbrik etmək istəyirəm, Birinci vitse-prezident seçilməyinizə görə bu, bir. İkincisi, “Heydər Əliyev” ordeni ilə təltif olunduğunuza görə, - bunların hamısına baxmışam, - bu, iki. Üçüncüsü, Rusiyanın Prezidenti Sizə böyük bir mükafat verdi, bütün dünya buna baxırdı. Sizi inandırım ki, mən bunlara hər dəfə baxdıqca həyəcanlanırdım".

    Əlibaba Məmmədov vurğulayıb ki, Mehriban Əliyevanın gördüyü, görməkdə olduğu və görəcəyi işlər elə bir işlərdir ki, tarixdən də o yanadır, bunu tarix yaza bilməz, bu, mümkün deyil:

    "Siz bizim xalqımızın sevimlisisiniz. Bu adı qazanmaq böyük bir şərəfdir. Vallah düz deyirəm. Siz xalqımızın sevimlisisiniz".

    Xalq artisti Rusiya Prezidenti Vladimir Putinin Birinci vitse-prezidentin ünvanına söylədiyi sözlərə görə Mehriban Əliyevanı təbrik edib:

    "Putinin dediyi o sözləri sözü bütün dünya eşitdi. Hamımız fəxr etdik. Bilirsiniz də, bu, hörmət qayğı idi, çox gözəl hadisə idi. Siz mənə bir ağsaqqal, sənətkar kimi həmişə hörmət etmisiniz, qayğı göstərmisiniz. Mən Sizin qayğınızı heç vaxt unutmamışam, heç vaxt da unutmayacağam, heç mümkün də deyil".

    Söhbət zamanı Əlibaba Məmmədov Birinci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondunun bir neçə il əvvəl start verdiyi Azərbaycanın milli dəyərlərinin qorunub saxlanmasına yönələn böyük layihəyə görə təşəkkür edib:

    "Siz məni təzədən tarixə salmısınız. Nəyə görə, mənim 100 dənə mahnım var, mən onları 50 ildə yaratmışam, hər ildə 2 dənəsini. Bu mahnılar əlli ildir camaatın dilində oxunur. Mən sizdən xahiş etdim ki, onlar itməsin, batmasın, o mənfur qonşularımız götürüb deyirdilər ki, bizimdir. Siz də o saat çox böyük həvəslə gözəl bir layihə yaratdınız. Doğrudan da Siz təkcə mənə yox, xalqa böyük xidmət etdiniz. Xalqımızın musiqisi zənginləşdi, yüz dənə mahnı var, hamısı xalq mahnısıdır. Özü də orada yad nəfəslər heç vaxt olmayıb, yenə də olmayacaq. O yaxşılığı mən necə unudum, kim unuda bilər? Xalqımız da unutmayacaq. Bilirsiniz, Siz çox işlər görmüsünüz, danışmaqla qurtarmır. Amma mən bu sözü deyirəm ki, Siz xalqın sevimlisisiniz, bu, böyük şərəfdir. Xalq sevsə sənətkarı, ona dağ bata bilməz. Siz çox xeyirxah adamsınız. Çox xeyirxah işlər görürsünüz, zəmanəmizin Hacı Zeynalabdinisiniz".

    Xalq artisti son illər Azərbaycanda aparılan abadlıq və quruculuq işlərindən danışıb və öz təəssüratlarını bölüşüb:

    "Prezidentimizi bağrıma basıram. Öz aramızdı, baxın, 15 ildə nə qədər işlər görmüsünüz, kim edə bilər? Prezidentimiz 15 ildir bizə rəhbərlik edir, xalqımızı idarə edir. Baxın, görün, Azərbaycan o Azərbaycandır, Bakı o Bakıdır?Böyük işlər görüb, yenə də görür, indi lap böyük işlər görür. Bunun hamısını yerinə qoyub. Bilirsiniz, mən siyasətçi deyiləm, mən muğam ifaçısıyam, azdan-çoxdan şeriyyat bilirəm, bir də muğamat bilirəm. Başqa bir şeylə işim yoxdur. Amma gözüm görür də, vallah. Bəzən deyirəm ki, bunların ağlı yoxdur, gözləri də yoxdur? Baxmırlar, görmürlər ki, nə işlər görülür? Xalqımızın adından, musiqiçilərin adından, öz adımdan deyirəm ki, var olun, dünyada nə gözəl şeylər var hamısı Sizə qismət olsun".

  • Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq

    Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq.

    Trend-in məlumatına görə, bunu “Dövlət idarəçiliyində səriştə modeli: “Çətinliklər və həll yolları” mövzusunda seminarda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

    Onun sözlərinə görə, bu il intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Hazırda bu istiqamətdə çox ciddi hazırlıq işləri aparılır.

    M.Abbaszadə özəl sektor tərəfindən kompetensiyalar modelinin inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin vacibliyini də qeyd edib. O əlavə edib ki, belə təcrübənin öyrənilməsi və sonra müvafiq modellərin tətbiqi dövlət qulluğuna namizədlərin seçimini daha da çevik və səmərəli edəcək.

  • Azərbaycanda dayanıqlı qida zənciri formalaşdırılır - REPORTAJ

    On gündən sonra Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC-nin (ATT) yaradılmasının 1 ili tamam olacaq. Bəs bu qurum fəaliyyət göstərdiyi müddətdə ölkə iqtisadiyyatına nə verib?

    Hər bir ölkə kimi Azərbaycan üçün də ərzaq məhsulları ilə dayanıqlı təminat, ərzaq təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. ATT də fəaliyyətində bu məsələləri önə çəkib. Şirkət yerli fermerlərin ərsəyə gətirdiyi yüksək keyfiyyətli aqrar məhsulları onlardan münasib qiymətə almağa, dövlət müəssisələrinin bu məhsullara olan tələbatını bacaqdıqca dolğun şəkildə ödəməyə çalışır. Bununla da, ölkədə dayanıqlı qida zəndiri formalaşdırılır.

    Bu günlərdə səhmdar cəmiyyətinin Gəncə Regional İdarəsində jurnalislərə tədarük və təchizat prosesi ilə yaxından tanış olmaq imkanı yaradıldı. Press-tur ATT-nin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mayis Musayevin müşaiyəti ilə baş tutdu.

    ATT-nin Tədarük və Təchizat departamentinin direktoru Rəşad Kərimov bildirdi ki, Gəncə Regional İdarəsinin anbarları 1 550 kvadrat metr ərazini əhatə edir. Bu anbarlara yalnız təzə və keyfiyyətə nəzarət mütəxəssislərinin müsbət rəy verdiyi məhsullar qəbul edilir, onlar gigiyenik normalara uyğun şəkildə yerləşdirirlir. Hətta mal və quş ətindən hazırlanmış məhsullar belə ayrı-ayrı soyuducularda saxlanılır.

    Qələm əhli məhsulların yük maşınlarına yüklənməsi, bağça və xəstəxanaya çatdırılması prosesi ilə də yaxından tanış oldu. R.Kərimovun sözlərinə görə, regional idarə Gəncə şəhərində və ətraf rayonlarda (Samux, Göygöl, Daşkəsən və Kəlbəcər) ümumilikdə 125 dövlət müəssisəsini ərzaqla təmin edir: “Bunun 92-si bağçalardır. Tələbnaməyə uyğun olaraq ay ərzində 2 dəfə 125 adda, 250 ton məhsul bağçalara çatdırılır”.

    Jurnalistlərin iştirakı ilə ərzaq dolu yük maşınları Gəncə şəhərindəki 32 saylı körpələr evi-uşaq bağçasına çatdı və məhsullar təhvil verildi. Bağça müdiri Sahilə Hüseynova ATT-dən 33 adda qida məhsulu tədarük etdiklərini bildirdi: “Bağça bu il Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı şəkildə təmir edilib, yenidən qurulub. Buranın qida təchizatını ayda 2 dəfə olmaqla ATT-nin Gəncə Regional İdarəsi həyata keçirir. İdarə bağçamızı müasir qida təhlükəsizliyi standartlarına uyğun məhsullarla təchiz edir. Məhsulların çeşidi mövsümə uyğun dəyişir. Biz məhsulları keyfiyyət sertifikatı ilə bərabər qəbul edirik. Hazırda bağçada 75 uşaq var və onlara gün ərzində 3 dəfə yemək verilir".

    ATT əməkdaşlarının baş çəkdiyi növbəti ünvan isə Gəncə şəhərindəki Abbas Səhhət adına 1 saylı xəstəxana oldu. Səhiyyə müəssisəsinin anbardarı Fəxrəddin Abbasov ATT-dən 15 adda qida məhsulu tədarük etdiklərini bildirdi: “Sifariş etdiyimiz məhsullar ayda 2 dəfə çatdırılır. Yağ və quş əti kimi məhsulları soyuducularda, digər məhsulları isə qapalı rəflərdə xüsusi şəraitdə saxlayırıq. Xəstəxanada müalicə alan şəxslərə isə gündə üç dəfə yemək verilir".

  • Nizami Gəncəvinin “Xəmsə”si Türkiyə türkcəsində təqdim olunacaq

    Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”si Türkiyə türkcəsində nəşr edilib.

    Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, tanınmış elm və ədəbiyyat xadimlərinin iştirakı ilə dekabrın 6-sı saat 12:00-da Azərbaycan Milli Kitabxanasında “Xəmsə”nin təqdimat mərasimi baş tutacaq.

    Qeyd edək ki, şair-tərcüməçi Yurtseven Şenin tərcüməsində “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən nəşr olunan kitabların ilk növbədə Türkiyədəki elmi kütləvi kitabxanaların, ali təhsil ocaqlarının və s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.

  • Azərbaycanda heyvanların identifikasiyasına başlanılacaq

    Gələn ildən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə ölkədə heyvanların identifikasiyasına başlayacaq.

    “Report” xəbər verir ki, bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli məlumat verib.

    Onun sözlərinə görə, bu yenilik ilk öncə Abşeronda pilot layihə kimi tətbiq ediləcək, tədricən isə bütün Azərbaycan ərazisini əhatə edəcək.

    “Heyvan sağlamlığı olmadan qida təhlükəsizliyini təmin etmək mümkün deyil”, - Q.Təhməzli deyib.

    Xatırladaq ki, Azərbaycanda Abşeron rayonunun xəstəliklərdən azad zona elan edilməsi ilə bağlı dövlət proqramı hazırlanması nəzərdə tutulub.