“Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının müvafiq Sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Cəfər Cabbarlı həftəsi” başa çatıb. "Cəfər Cabbarlı həftəsi"nin növbəti təqdimatı Akademik Milli Dram Teatrında olub.
Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, teatrsevərlər C. Cabbarlının “Yaşar” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya baxıblar.
Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissorları Mehman Fətullayev və Emil Əskərov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənоvаdır.
Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (İmamyar), Ramiz Məlik, (İvanov), Cəfər Namiq Kamal (Əmirqulu), Əli Nurzadə (Niyaz), əməkdar artistlər Elnar Qarayev (Yaşar), Rəşad Bəxtiyarov və aktyor Cavidan Novruzov (Toğrul), əməkdar artistlər Məsmə Aslanqızı (Türkan), Ayşad Məmmədov (Belekurov), aktyorlar Rada Nəsibova (Yaqut), İlyas Əhmədov (Türbət), Rüstəm Rüstəmov (Nüsrət), aktyor Ramin Şıxəliyev (Əmirqulu), əməkdar artist Mehriban Xanlarova və aktyor Firuzə Balayeva (Şərəbanu), aktyorlar Elnur Qədirov (Əliverdi), Vüsal Mustafayev (Həsən), əməkdar artistlər Elşən Rüstəmov (Prokuror) və Elxan Quliyev (Sədr) çıxış edirlər.
Qeyd edək ki, müəllif "Yaşar" pyesini 1932-ci ildə tamamlayıb və həmin il də səhnəyə qoyulub. Yaşar, onun dostları olan gənc alimlər və onların elmi rəhbəri Belokurov şoranlıq torpaqları əkin sahələri üçün yararlı edib, pambıq tarlalarına çevirmək istəyirlər. Pyes əsas qəhrəmanın adi ilə "Yaşar" adlandırılıb. "Yaşar"dakı obrazlar, müsbət və mənfi olmalarından asılı olmayaraq dövrünün gerçəkliyinin özü qədər sərt, canlı və realdırlar. Dramda konflikt real və məzmunludur.
Akademik Milli Dram Teatrının təqdimatında “Cəfər Cabbarlı həftəsi”nə töhfə olan bu sənə əsəri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycan Respublikasının paytaxtında 2GIS - şəhərin ətraflı 3D xəritəsi ilə avtomobil naviqatoru və təşkilatların detallı kataloqu işə başladı.
Azərbaycanın paytaxtında, xidmətin mövcud olduğu digər şəhərlərdə olduğu kimi, 2GIS mütəxəssisləri də yerlərdə məlumatları topladılar. Nəticədə xəritədə 131 mindən çox bina peyda oldu və kataloqda isə 33000 təşkilat, onların iş cədvəli, əlaqə, xidmətlər üçün ödəniş üsulları və digər məlumatlar daxil olmaqla yer aldı.
Azərbaycan paytaxtının özəlliyi köhnə və yeni ünvan sistemlərinin bir-birinə qarışmasıdır. Evlər, blok və mağaza girişləri üçün həm köhnə, həm də yeni nömrələmə sistemləri tez-tez istifadə olunur. Bakıda 2GIS yaradarkən bu nəzərə alınıb.
Istifadəçi bina və ya şirkət axtararkən yalnız yeni ünvanı deyil, həm də bu obyektin tapıla biləcəyi bütün digər ünvanları da görəcəkdir. Bundan əlavə, 2GIS təşkilata düzgün giriş göstərəcək - çətin ünvanlaması olan bir şəhər üçün bu aktualdır.
Xidmət sizə kafe və restoranlarda orta hesabı, ən yaxın açıq apteki, idman mərkəzinə abunə və ya otel otaqlarının qiymətini göstərəcəkdir. 2GIS-də iki dildə - Rus və ya Azərbaycan dilində axtarış edə bilərsiniz.
2GIS ünvanınıza çatmağın ən optimal yolu barədə sizə məlumat verəcəkdir. İctimai nəqliyyat və ya avtomobil ilə bir marşrut qura bilərsiniz, mobil tətbiqetmədə isə - naviqatoru işə salın. Xidmət yol nişanlarını nəzərə alır, sürət həddi barədə xəbərdarlıq edir, tıxacları nəzərə alaraq bir marşrut qurur. Səsli köməkçinin dilini seçə bilərsiniz - Rus və ya Azərbaycan.
2GIS-də 28 Mall və Park Bulvar ticarət mərkəzlərinin mərtəbə planları vardır - alış-veriş mərkəzinin bankomatların, dükanların, pilləkənlərin və tualetlərin tam yerləşdiyi yerləri tapmaq asandır.
Oriyentiri tapmaq daha asan olması üçün Bakının bir çox əlamətli binalarını ətraflı nəzərdən keçirmək olar: xəritədə 10 detallı 3D model var. Onların arasında Hökümət Evi, Qız Qalası, “Alov Güllələri”.
kompleksi, Heydər Əliyev Muzeyi, Bakı Konqres Mərkəzi və s.
2GIS Bakı sakinləri üçün iPhone, Android smartfonları üçün pulsuz mobil tətbiqetmə formasında və 2gis.az.saytında onlayn versiyada mövcuddur.
2GIS texnoloji bir şirkətdir, şəhərdə rahat bir həyat üçün müxtəlif xidmət təqdim edir. Əsas məhsul isə özündə xəritə, təşkilatların kataloqu və bir naviqatoru birləşdirən 2GIS xidmətidir. Mobil tətbiqetmələrdə oflayn olaraq və 2gis.az saytında onlayn olaraq işləyir. Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, BƏƏ-nin 380-dən çox şəhərini əhatə edir. 2GIS auditoriyası - ayda 49 milyondan çox istifadəçi təşkil edir.
“myGov” platforması üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, bu, Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb.
Vətəndaşlar “myGov” şəxsi kabinetində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Eyni zamanda xidmətin həyata keçirilməsi üçün zəruri olan məlumatları əldə etmək mümkündür. Yəni etibarnamənin yaradılması ilə bağlı müvafiq məlumatlar daxil edildikdən sonra vətəndaş “ASAN ödəniş” sistemi üzərindən ödəniş etməklə müraciətini tamamlayır. Sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir.
Sonda vətəndaşın şəxsi kabinetində bildiriş vasitəsi ilə etibarnamə müraciətinin statusu ilə bağlı məlumat göndərilir. "Elektron hökumət" konseptinin müasir versiyası olan “myGov” portalı vasitəsi ilə vətəndaşlara nikah üçün müraciətin və doğumun elektron qaydada qeydə alınması prosesi kimi digər ədliyyə xidmətləri də göstərilir.
Portal üzərindən ilkin olaraq 19 dövlət və 16 bildiriş xidməti təqdim olunur. Bundan başqa, “myGov” portalından “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “Birja Auksion” sistemlərinə keçid mümkündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli Fərmanı ilə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi prioritet kimi müəyyənləşdirilib.
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Gəncə sürətli elektrik qatarının marşrutunun Ağstafaya çatdırılmasına hazırlıq görür.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, Gəncə-Ağstafa sahəsində dəmir yolu xəttinin əsaslı təmiri başa çatıb. Hazırda yoldəyişən qurğuların yenilənməsi, sabit cərəyandan dəyişən cərəyana keçidlə əlaqədar olaraq, enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi işləri aparılır.
Xatırladaq ki, Bakı-Gəncə qatarı ötən il dekabrın 30-dan fəaliyyət göstərir. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur.
Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sabunçu sürət elektrik qatarının marşrutunu Pirşağı qəsəbəsinə çatdırıb.
“Report” xəbər verir ki, artıq qatarla Sabunçu stansiyasından sonra yerləşən Zabrat-1, Zabrat-2, Məhəmmədi və Pirşağı stansiyalarına getmək və əks istiqamətdə qayıtmaq mümkündür.
Bu istiqamətdə səhər tezdən 4 qatar, axşam saatlarında isə yenə 4 qatar (ümumilikdə 8 qatar) hərəkət edir. Gediş haqqının məbləği Bakı sərnişin stansiyasından hər 2 Zabrat stansiyasına qədər 0,6-1,7 manat, Məhəmmədi stansiyasına qədər 0,7-1,8 manat, Pirşağı stansiyasına qədər isə 0,8-1,9 manat təşkil edib. Əks istiqamətdə də eyni qiymətlər qüvvədədir. Konkret məbləğ ödənişin plastik kartla və yaxud nağd ödənilməsindən, vaqonun “ekonom” və yaxud “biznes” tipli olmasından asılıdır.
Hər ayı müxtəlif sənət layihələri, festival və sərgilər, konsert proqramları və yeni tamaşalarla bol olan paytaxtın mədəni həyatında 2019-cu ilin son ayı gəlib çatdı. Dekabr ayında da şəhərin teatr-konsert müəssisələrinin afişa-repertuarları tədbir və təqdimatlar sarıdan çox zəngindir. Üstəlik, həmişəki kimi, Bakı yenə qonaq-qaralı olacaq.
Bu ay İspaniyadan və Macarıstandan pianoçular Senya Son və Tamaş Erdi, Belçikadan violin ifaçısı Mark Buşko, Türkiyənin caz vokalçısı Sibel Köse və digər məşhurlar konsert zallarımızda çıxış edəcək. “Azərbaycan vokalçıları” festivalı ayın konsert proqramlarına əlavə rəng qatacaq. “Rusiya Teatrı ili” çərçivəsində “Sankt-Peterburq Opera” teatrı paytaxtımıza qastrol səfərinə gələcək. Akademik Rus Dram, Gənc Tamaşaçılar teatrları hərəsi dekabrda iki premyera planlaşdırıb. Yuğ teatrı bu ay (3 dekabr) 30 illiyini qeyd edir. Akademik Milli Dram və digər teatrlar noyabrın sonlarında “Cəfər Cabbarlı həftəsi”ndə premyerasını etdikləri tamaşaları bu ay da sənətsevərlərə təqdim edəcəklər. Heydər Əliyev Sarayında Nəsiminin 650 illiyi münasibətilə F.Əlizadənin “Nəsimi passion” vokal-xoreoqrafik tamaşasının nümayişi nəzərdə tutulub. Ayın son həftəsi isə ənənəvi olaraq mədəniyyət ocaqlarında Yeni il şənlikləri – tamaşa və konsertlərlə yadda qalacaq.
Bir sözlə, dekabr ayının mədəniyyət mənzərəsi olduqca rəngarəngdir və uşaqdan böyüyə hər kəsin marağına uyğun geniş seçim imkanları var. “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsi isə sizlərə bu işdə bələdçilik edə bilər.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hər ay nəşr olunan “Mədəniyyət+Afişa” mədəniyyət ocaqlarında pulsuz yayılır, həmçinin “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Afişa” əlavəsinin dekabr sayında Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarının, eləcə də Şuşa Dövlət Musiqili Dram Teatrının göstərəcəyi tamaşalar barədə ətraflı məlumat almaq mümkündür. Bundan əlavə, ay ərzində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrı və Bakı Musiqi Akademiyasının Opera studiyasında təqdim olunacaq konsertlər də diqqətə çatdırılır. Nizami Kino Mərkəzində ekrana çıxan filmlər, yaxud Bakı Dövlət Sirkindəki yeni proqram barədə məlumat almaq istəyənlər də nəşrdən yararlana bilərlər. Teatrların ayılıq afişası ilə bərabər, ayrı-ayrı tamaşaların mövzusu, yaradıcı heyəti, həmçinin konsertlər, sərgilər və s. haqqında təqdimat yazıları, anons-informasiyalar da verilib.
Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs zövqünə, maraq dairəsinə uyğun məkanı, istədiyi günə, saata uyğun mədəni tədbiri seçərək vaxtını səmərəli dəyərləndirə bilər.
Qeyd edək ki, “Afişa” əlavəsinin yeni nömrəsi noyabrın 30-dan etibarən paytaxtdakı 1, 3 saylı “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində, eləcə də teatr-konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Nəşrin yeni buraxılışını Azərbaycan Milli Kitabxanası, Respublika Gənclər Kitabxanası və Respublika Uşaq Kitabxanasının oxucuları, şəhərdəki muzeylərin ziyarətçiləri, habelə ali bədii təhsil ocaqlarında müəllim və tələbələr əldə də edə bilərlər.
Layihənin məqsədi ictimaiyyəti paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkilində onlara informasiya dəstəyi verməkdir.
Prezident İlham Əliyev Dilarə Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda göstərdiyi xidmətlərə görə Dilarə Bağır qızı Seyidzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Astarada təxminən 4000 ağac əkiləcək.
Bunu Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini İlqar Malıyev deyib.
İ.Malıyevin sözlərinə görə, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ələt-Astara-İran yolunun Astaradan keçən hissəsində yolun hər iki tərəfində yaşıllıq zolağı salınacaq.
İcra başçısının müavini əkin zamanı əsasən, dekorativ bitkilərə üstünlük veriləcəyini söyləyib.
İ.Malyev rayonda əkin işlərinə hazırlıq üçün işlərin aparıldığını, ərazilərin hamarlaşdırılaraq quyuların qazıldığını söyləyib.
Qeyd edək ki, dekabrın 5-də Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.
Trans-Anadolu boru kəmərinin (TANAP) ikinci hissəsinin tikintisinin başa çatması Azərbaycan, Türkiyə və Avropa üçün əlamətdar hadisədir.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir xatırladıb ki, noyabrın 30-da Edirne vilayətinin İpsala rayonunda TANAP-ın ikinci hissəsinin açılışı olacaq:
“Bu onu ifadə edir ki, TANAP-ın tikintisi tamamilə bitir və Azərbaycan qazı Avropaya çatır. Biz hər zaman demişik ki, Azərbaycan TANAP və “Cənub Qaz Dəhlizi” sayəsində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcək. Bu, artıq reallıqdır. Trans-Adriatik boru kəmərinin tikintisi başa çatdıqdan sonra Avropa artıq gələn il daha bir vacib alternativ qaz mənbəyi əldə edəcək”.
Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.
İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.
Rusiyanın tanınmış alimi və ədəbiyyatşünası Konstantin Kedrov “Literaturnaya qazeta” nəşrində Xalq yazıçısı Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” əsəri haqqında “Sözün Xəzər ümmanı” adlı resenziya çap etdirib. Həmin resenziyanı təqdim edirik.
Sözün Xəzər ümmanı
Kamal Abdulla. Введение в поэтику «Китаби-Дядя Коркуд. Заревой вариант. – M.: Художественная литература, 2018.
Akademik Kamal Abdulla qədim epik əsər – “Kitabi-Dədə Qorqud” haqqında çox maraqlı bir monoqrafiya yazıb. Aydındır ki, mənə, 1989-cu ildə “Sovetski pisatel” nəşriyyatının çap etdirdiyi “Poetik kosmos” əsərinin müəllifinə, alimin eposun hələ də yaranmaqda olan dünyamız üçün əzəli başlanğıc olmuş kosmik partlayışın əks-sədasından başqa bir şey olmadığı barədə fikri çox yaxındır.
İnkar etmək olmaz ki, möhtəşəm dastanlar kökləri ilə Frezerin, Freydin, Yunqun, Haydeqerin, M.Eliadenin və arxaik mədəniyyət qatlarının başqa tanınmış tədqiqatçılarının lap çoxdan aşkarlamış olduqları ilkin arxetipik qatlara gedib çıxır. Kamal Abdulla da diqqətinin bu vaxta kimi az öyrənilmiş mağara arxetipi üzərində cəmləyir. O, tamamilə haqlı olaraq, əks sədası Homerin “Odiseya”sından, dənizçi Sindbadın yetərincə öyrənilməmiş səyahətlərindən və “1001 gecə”dən gələn əlahiddə bir mağara sivilizasiyasından danışır. Ən əsası isə, alim öz ruhuna görə Monqolustandan İspaniyaya kimi bütün ibtidai xalqlar üçün doğma olan mağara təsvirlərində bir ümumilik görür.
Belə olduqda mağaradan işığa çıxma məqamını xüsusi qeyd etmək vacibdir. Tədqiqatçı haqlı olaraq qeyd edir ki, Platonun mağara zülmətində yaşayan və günəş haqqında bilgiləri yaşadıqları məkanın divarlarında əks olunan kölgələrlə məhdudlaşan məşhur “mağara adamları” surəti Kosmosun və Xaosun, bir az sadə dillə desək, mədəni mifin, yaranış məqamını olduqca dəqiq əks etdirir. İşığı görmək arzusu ilə mağaranı tərk edən qəhrəman – həm Prometey, həm Orfey, həm Odissey və həm də, əlbəttə ki, Dədə Qorquddur. Gerçək işığı gördükdən sonra o, mağaraya qayıdır ki, insanları, sözün həqiqi mənasında maarifləndirsin.
Qorqud təkcə maarifçi deyil, o, eyni zamanda, Prometey kimi allahlara qarşı üsyan edən və daşlaşmış inancları darmadağın edəndir. Onun “çıxan can geri gəlməz” koanı bu gün də ekzistensial olaraq cəsarətli səslənir. Monoqrafiyanın müəllifi Qorqudun XX əsrin ən cəsarətli fəlsəfi mühakimələrinə olan bu gözlənilməz yaxınlığını görür. Bəs bunda təəccüblü nə var? Əgər biz bu gün öz cihazlarımızla Kainatda 13 milyard il bundan əvvəl baş verənləri tuta biliriksə, onda niyə bəs ibtidai-mağara dövrünün şairi gələcəkdən gələn dalğavari titrəyişi hiss etməsin? Epos təkcə keçmiş haqqında deyil, həm də gələcək haqqındadır.
Daha bir vacib müşahidə. Bizim məcaz saydığımız bir nəsnə müəllif-aşıq üçün real möcüzə idi. Müasir dilə tərcümə edirik: “Atlı atını mahmızladı və quş kimi divarı aşdı”. Əsl nüsxədə isə deyilir: “O, atı mahmızladı və quş oldu”. Və ya da, oğul anasına təskinlik verir: “Mən ölərəm, amma sənin mənim kimi cəsur bir oğlun doğulacaq”. Əsl nüsxədə isə belədir: “Mən öləcəyəm, sənin oğlun olacaq, o da mən olacaq”. Bu magiyanın incəliyi ondadır ki, qədim insanlar sözü gerçəkliyin işarəsi kimi deyil, gerçəkliyin özü kimi qəbul edirdilər.
Bu məqamda müəllif dahi filosof Aleksey Losevlə lap yaxın mövqedə durur. Losev özünün Platonla və neoplatoniklərlə mübahisəyə həsr olunmuş çoxcildli əsərində vurğulayır ki, istənilən gerçəkliyin, istənilən şeyin əsasında Platonun təkid etdiyi kimi ideya, Aristotelin hesab etdiyi kimi eydos deyil, Ad durur. Afon müdriklərinin “Tanrı Ad deyil, amma Ad Tanrıdır” tezisi bəşəriyyətin qədim mədəniyyətinin mənbəyinə gedib çıxır. Buna görə də Qorqud, Adəmin də etdiyi kimi, ad qoyur. Nə qədər ki, insan qəhrəmanlıq etməyib, o, sanki, yoxdur, adsızdır. Və qəhrəman etməli olduğu qəhrəmanlığı etdikdən sonra ad yiyəsi olur.
Əsrlərin dərinliklərinə gedib çıxan və oradan bizə sarı gələn Azərbaycan dastanının əsl mənası heç vaxt tükənməyəcək. Belə bir fikirlə razılaşmaq olar ki, XV əsrdə tamamlanmış çoxəsrlik sənət əsəri öz dövründən daha çox əbədiyyətə – xrono¬topa məxsusdur. Fiziklər heç nəyin yoxa çıxmadığı və hər şeyin davam etdiyi, keçmiş və gələcəyin eyni bir gerçəkliyin şərti işarəsi olduğu hansısa bir dünya hadisələri xəttindən danışırlar. Eyni bir hadisənin təkrar-təkrar oynanıldığı, çoxlu sayda təkrarlandığı epik təkrarlar da elə buradan doğur.
Ahəngverici miflə xaosun mübarizəsi bütün süjetlərin içindən keçir. Buna görə süjetlər nə qədər müxtəlif olsa da, dastan təkdir. Burada söz mütləq deyil, o, özlüyündə yetərlidir. Onu təkcə eşitmək yox, həm də görmək lazımdır: “Xan söylәdi, görәk, xanım, nә söylədi”. Bu, çoxminillik adların qoyulması və sözlərin toplanması dövrüdür. Burada deyilmiş sözlə yazıda həkk olunmuş söz ayrılmazdır. Buna görə də Qorqud Sözün Xəzər ümmanıdır. Sözlər də külək zamanı yaranan dalğalar kimi yaranır və təhkiyənin hamar səthinə çevrilə bilirlər. Sözlər ancaq söz haqqında deyilir, onların arxasında gizlənən hansısa bir gerçəklik haqqında yox. İohannın İncilinin əvvəlini xatırlayaq – “Əvvəl Söz olub, və Söz Tanrı idi”.
Mən bu gözəl monoqrafiyanı riyaziyyatçı Qriqori Perelmanın kəşfi ilə – əlaqəlilik adlanan bir hadisə ilə – tamamlayardım: dünyamızın dördölçülü kürəsinin hər bir nöqtəsi bütün kürəni ehtiva edir, bütövlükdə kürə isə istənilən cismin hər bir nöqtəsinə gətirilib çıxarıla bilər. “Odisseya”nın kompozisiyası belədir və Qorqud haqqında dastanın da kompozisiyası bu cürdür. Hamımız eyni bir fikrə qayıdırıq: "Çıxan can geri gəlməz", – ona görə də ötəri həyatın hər bir anına sonsuz dərəcədə böyük dəyər vermək, sənin kimi yox olacaq bütün insanları sevmək lazımdır. Oxşar məqamla Gilgameş haqqında şumer-babil dastanında, eləcə də Orfey və Evridik haqqında mifdə də rastlaşırıq. Ovsunların gücü hesabına Aiddən çağırılmış kölgə Odisseyə deyir: “Yer üzərində qul olmaq ölülər səltənətində çar olmaqdan yaxşıdır.
Qorqud – həyat dərsləri keçən müəllim, peyğəmbər və müəllifdir. Onun kahin magiyası ilə poeziya arasındakı keçid vəziyyəti qədim anlayış olan “maraq” anlayışı ilə tam ifadə edilə bilir. Maraq Hamletin məşhur “Olum, ya ölüm” deyimindəki “ya” kimidir. Qorqud yaramaz insanlara hökm çıxara və ya qəhrəmanların başına şübhəsiz haqlılıq çələngi qoya bilməz. O, “ya” vəziyyətindədir. “Ya” – azadlıq və maraqdır.
Hələ də yetərincə öyrənilməmiş dastana olan marağımız heç vaxt sönməyəcək. “Odisseya”nın, “Bxaqavat-Gita”nın, “Manas”ın, “İqor polku haqqında dastan”ın məna və məzmunu tükənməzdir. Burada cavablardan daha çox sual var. Bu baxımdan bütün araşdırmalar dəyərsizdir. Təsadüfi deyil ki, müəllif Homerə inanaraq Troyanın, bəlkə də Troyanın yox, özünün Troya arzusunun yeddi qatını qazıb üzə çıxarmış Şlimanı xatırlayır. Bu mövqe mənə çox yaxın və aydındır. Odissey haqqında oxuyarkən son nəticədə başa düşürük ki, Odissey – biz özümüzük. Qorqudla birgə dünyamızın qaranlıq mağarasına dönərkən, biz Orfeyin Evridikanı axtararkən keçdiyi yolu təkrarlayırıq. Qorqudlar çoxdur. Onlar hər əsrdə var və eyni zamanda da bunların hamısı tək bir Qorquddur. Epos heroqlif kimidir. Azərbaycan eposu haqqında yeni tədqiqatı oxuyandan sonra bir daha əmin oldum: bütün özəlliklərimizə, zahiri fərqlərimizə baxmayaraq, hamımızın son dərəcə eyniyik. Əbədiyyət axtarışında olan insan haqqında dastan heç vaxt bitməyəcək, çünki insan özü mahiyyətcə sonsuzdur.
Konstantin Kedrov
Fəlsəfə elmləri doktoru, filosof, ədəbi tənqidçi, Rusiya Pen Klubunun İdarə Heyətinin və Beynəlxalq Əsilzadələr Birliyinin üzvü