Noyabrın 14-15-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 110-cu mövsümün ilk premyerası - böyük fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Paris Notr-Dama ithaf” tamaşası təqdim olunacaq.
İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprel ayının 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.
Səhnə əsərinin süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirlib.
Tamaşada “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.
Qeyd edək ki, möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı, gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edəcəklər.
Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Urgəncdəki Gənclər mərkəzində bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə iki xalq arasında tarixi dostluğa həsr olunan “Dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib.
Tədbirdə Xarəzm vilayət hakimiyyətinin nümayəndələri, elm, mədəniyyət, incəsənət xadimləri, gənclər, jurnalistlər iştirak ediblər.
Əvvəlcə qonaqlarla Gənclər mərkəzində görüş keçirib.
İştirakçıları Xarəzm Vilayət Mədəniyyət İdarəsinin rəhbəri Şavkat Yaxşıbayev salamlayaraq Azərbaycan-Özbəkistan dostluğu, vilayətdə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri haqqında geniş məlumat verib. O, qardaş ölkənin mədəniyyəti və ədəbiyyatı bayramı çərçivəsində vilayətdə çoxlu tədbirlərin keçirildiyini qeyd edib, dövlət başçılarımız arasında səmimi münasibətlərin ikitərəfli əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar açdığını vurğulayıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrindən danışıb, AMM-nin layihəsi ilə vilayətdə keçirilən tədbirlər barədə məlumat verib, xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi, habelə milli mədəniyyətimizin qardaş ölkədə tanıdılması və təbliği istiqamətində aparılan işlərdən və həyata keçirilən layihələrdən danışıb.
Sonra iştirakçılara “Dostluq riştələri” adlı sənədli film təqdim olunub. Azərbaycan və özbək xalqlarının mədəni irsi, tarixən yaxınlığı, xalqlarımızın yaratdığı əsərlər, tanınmış elm, ədəbiyyat xadimləri haqqında məlumatlar filmdə öz əksini tapıb.
Özbək dilində hazırlanmış bu ekran əsərində tariximizin, mədəniyyətimizin şanlı səhifələri, hər iki dövlətin müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar, müstəqillik illərində dostluq əlaqələrinin möhkəmlənməsi, dövlətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması, bu işdə dövlət başçılarının xidmətləri, qarşılıqlı səfərlər, Daşkənddəki Heydər Əliyev küçəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı, mərasimdə o zaman Baş Nazir olan Şavkat Mirziyoyevin və Azərbaycan Prezidenti İlham Əliyevin iki xalq arasında dostluq əlaqələrinə dair dəyərli fikirləri, Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin abidələrinin açılışı, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi festivallarında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar yer alıb.
Sənədli filmdə Özbəkistanda yaşamış tanınmış azərbaycanlılar, onların Özbəkistanın ictimai-mədəni həyatında rolu və verdiyi töhfələr, soydaşlarımızın irsinin təbliği, əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələr geniş işıqlandırılıb.
Filmin ssenari müəllifi AMM-nin direktoru Samir Abbasov, rejissoru Eldar Məmmədovdur.
Film təqdim edildikdən sonra mərkəzin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.
Bu barədə Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən salınacaq yeni park barədə məlumat verərək dedi:
-Cənab Prezident, bura parkın ən hündür nöqtəsidir. Buradan bütün ərazi görünür. Parkın ərazisi 37,2 hektardır.
Prezident İlham Əliyev: Buradan gözəl mənzərə açılır.
Anar Ələkbərov: Elədir. Mehriban xanımın tapşırığına əsasən biz buraları qoruyub saxlamışıq və çalışırıq ki, tezliklə bu parkı insanların istifadəsinə verək. Bu ərazinin yeni planı nəzərdə tutulub. Burada böyük, özü də sadə bir park olacaq.
Birinci xanım Mehriban Əliyeva: Təbii park.
Prezident İlham Əliyev: Bəli, təbii.
Anar Ələkbərov: İnsanların asudə vaxtlarının səmərəli təşkili üçün burada bütün şərait yaradılacaq.
Prezident İlham Əliyev: İdman meydançaları da.
Anar Ələkbərov: Əsasən idman meydançalarına, idman qurğularına üstünlük veriləcək. Burada insanların daha çox təbiət qoynunda idman etmələri üçün xüsusi zolaqlar, velosiped yolları, sadə pikniklər üçün yerlər olacaq. İnsanların vaxtlarını, bayramlarını burada keçirmələri üçün bütün imkanlar yaradılacaq.
Prezident İlham Əliyev: Çox yaxşı. Burada iaşə obyektləri də olmalıdır ki, vətəndaşlar gələndə onlardan istifadə edə bilsinlər.
Anar Ələkbərov: Elədir, cənab Prezident.
Prezident İlham Əliyev: Amma əlbəttə ki, bu təbii mənzərə qorunmalıdır. İndi burada yeni ağaclar əkilir.
Anar Ələkbərov: Bu gün 30 minə yaxın ağac əkiləcək. Sizin dəstəyinizə böyük ehtiyacımız var ki, biz bu parkı salaq və insanların istifadəsinə verək.
Prezident İlham Əliyev: Hesab edirəm ki, park qısa müddət ərzində tamamilə abadlaşdırılacaq və vətəndaşlar üçün burada gözəl imkanlar yaradılacaq.
Birinci xanım Mehriban Əliyeva: Suvarma sistemi necə olacaq?
Anar Ələkbərov: Artıq onu həll edirik. Bu gün ağacları əkirik deyə biz artıq Sizin göstərişinizlə suvarma sistemini də çəkdik. Amma təbii ki, burada əlavə işlər var. İşıqlandırma sistemlərinə yenidən baxılmalıdır. Xüsusi suvarma sistemləri qurulmalıdır. Onu təşkil edəcəyik.
Prezident İlham Əliyev: Burada zeytun ağacları da görürəm. Vaxtilə əkilib?
Anar Ələkbərov: Bəli, vaxtilə burada çoxlu zeytun ağacı olub, məhsul da yığılıb.
Prezident İlham Əliyev: İndi də əkmək lazımdır, əsasən zeytun və şam ağacları.
Anar Ələkbərov: Biz burada Eldar şamına da üstünlük veririk. Əvvəllər burada zeytun ağacları ilə bərabər, Eldar şamları da çox idi. Ona görə bu qaydada davam edəcəyik.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda ağac əkdilər.
Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev Azərbaycan vətəndaşının sosial məsələlərinin həllini, onların sağlamlıqlarının qorunmasını prioritet məsələlərdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə indiyədək çox sayda layihələr icra olunub. Bu layihələr sırasında əhalinin sağlam ekoloji mühitdə yaşaması məsələsinə də xüsusi diqqət yetirilir. Ölkəmizdə həyata keçirilən ekoloji siyasət nəticəsində yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi Azərbaycanda ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir, yaşıllıq zonalarının sahəsini artırır.
Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Ölkəmizdə yeni yaşıllıqların salınmasında və mövcud yaşıllıq sahələrinin qorunmasında Fondun töhfəsi olduqca böyükdür. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var. Bu baxımdan Heydər Əliyev Fondunun “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi xüsusi əhəmiyyət daşıyır.
Aksiyada gənclər, rayon sakinləri, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri fəal iştirak etdilər.
Bakıda və respublikanın müxtəlif rayonlarında ağacəkmə aksiyalarının təşkilini nəzərdə tutan layihə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin aradan qaldırılması istiqamətində mübarizədə birgə fəaliyyətə səsləyir. Layihənin məqsədi, eyni zamanda, insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönəlib. Dövlət Bayrağı bayramının qeyd edildiyi günlərdə və 12 noyabr - Konstitusiya Günü ərəfəsində təşkil olunan bu aksiya həm də vətəndaşların ölkə üçün vacib layihə ətrafında birləşməsi ilə yadda qaldı.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb söhbət etdilər.
Sonda xatirə şəkilləri çəkdirildi.
Qeyd edək ki, ağac əkilən ərazidə əvvəlcə müvafiq iməcilik təşkil olunub, təmizlik işləri aparılıb.
Aksiya çərçivəsində ağacların əkilməsi, sulanması, ərazinin tullantılardan təmizlənməsi ilə yanaşı, buradakı mövcud ağaclarda quş yuvaları və yem qabları quraşdırılıb.
Tədbir çərçivəsində ərazidə müxtəlif əyləncəli və musiqili proqramlar, yarışlar təşkil olunub.
İştirakçılar aksiyaya qatılmaqdan məmnun qaldıqlarını bildiriblər.
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.
"Report"un məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Kiprdə APOEL-in qonağı olacaq. A qrupunun digər matçında lider "Sevilya" Lüksemburqda "Düdelanj"la üz-üzə gələcək.
Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" klubu Fransa "Sent-Etyen"ini qəbul edəcək.
Türkiyə təmsilçilərinin hər üçü bu tur oyunlarını səfərdə keçirəcək. "Trabzonspor" Rusiyada "Krasnodar"la, "Başakşehir" Avstriyada "Volfsberq"lə, "Beşiktaş" isə Portuqaliyada "Braqa" ilə qarşılaşacaq.
Qeyd edək ki, ötən gün Portuqaliyada "Gimaraynş" və İngiltərənin "Arsenal" komandaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Avropa Liqası
Qrup mərhələsi, IV tur
7 noyabr
A qrupu
21:55. APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)
21:55. "Düdelanj" (Lüksemburq) - "Sevilya" (İspaniya)
Xal durumu: "Sevilya" - 9, "Qarabağ" - 4, "Düdelanj" - 3, APOEL - 1.
B qrupu
21:55. "Kopenhagen" (Danimarka) - "Dinamo" (Kiyev, Ukrayna)
21:55. "Luqano" (İsveçrə) - "Malmö" (İsveç)
Xal durumu: "Kopenhagen" - 5, "Dinamo" - 5, "Malmö" - 4, "Luqano" - 1
C qrupu
21:55. "Bazel" (İsveçrə) - "Xetafe" (İspaniya)
21:55. "Krasnodar" (Rusiya) - "Trabzonspor" (Türkiyə)
Xal durumu: "Bazel" - 7, "Xetafe" - 6, "Krasnodar" - 3, "Trabzonspor" - 1.
D qrupu
21:55. "Rusenborq" (Norveç) - "Sportinq" (Portuqaliya)
21:55. LASK (Avstriya) - PSV (Hollandiya)
Xal durumu: PSV - 7, "Sportinq" - 6, LASK - 4, "Rusenborq" - 0
E qrupu
21:55. "Latsio" (İtaliya) - "Seltik" (Şotlandiya)
21:55. ÇFR (Rumıniya) - "Renn" (Fransa)
Xal durumu: "Seltik" - 7, ÇFR - 6, "Latsio" - 3, "Renn" - 1.
F qrupu
21:55. "Standard" (Belçika) - "Ayntraxt" (Frankfurt, Almaniya)
6 noyabr
21:55. "Gimaraynş" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 1:1
Xal durumu: "Arsenal" - 10, "Ayntraxt" - 6, "Standard" - 3, "Gimaraynş" - 1.
G qrupu
23:00. "Feyenoord" (Hollandiya) - "Yanq Boyz" (İsveçrə)
23:00. "Reyncers" (Şotlandiya) - "Portu" (Portuqaliya)
Xal durumu: "Yanq Boyz" - 6, "Portu" - 4, "Reyncers" - 4, "Feyenoord" - 3.
H qrupu
24:00. "Espanyol" (Espanyol) - Lüdoqorets" (Bolqarıstan)
24:00. "Ferentsvaroş" (Macarıstan) - MOİK (Moskva, Rusiya)
Xal durumu: "Espanyol" - 7, "Lüdoqorets" - 6, "Ferentsvaroş" - 4, MOİK - 0
I qrupu
24:00. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika)
24:00. "Aleksandriya" (Ukrayna) - "Sent-Etyen" (Fransa)
Xal durumu: "Gent" - 5, "Volfsburq" - 5. "Sent-Etyen" - 2, "Aleksandriya" - 2.
J qrupu
24:00. "Borussiya" (Mönxenqladbax, Almaniya) - "Roma" (İtaliya)
24:00. "Volfsberq" (Avstriya) - "Başakşehir" (Türkiyə)
Xal durumu: "Roma" - 5, "Başakşehir" - 4, "Volfsberq" - 4, "Borussiya" - 2.
K qrupu
24:00. "Braqa" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə)
24:00. "Vulverhempton" (İngiltərə) - "Slovan" (Bratislava, Slovakiya)
Xal durumu: "Braqa" - 7, "Vulverhempton" - 6, "Slovan" - 4, "Beşiktaş" - 0.
L qrupu
19:50. "Astana" (Qazaxıstan) - AZ (Hollandiya)
24:00. "Mançester Yunayted" (İngiltərə) - "Partizan" (Serbiya)
Xal durumu: "Mançester Yunayted" - 7, AZ - 5, "Partizan" - 4, "Astana" - 0.
Özbəkistanın Xarəzm vilayətinin mərkəzi Urgənc şəhərindəki Dövlət Dram Teatrında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət günləri Daşkənddəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilir.
Mərasimdə Azərbaycandan və Özbəkistandan mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Tədbiri Xarəzm vilayətinin hakimi Fərxad Ermanov açaraq iki milyona yaxın əhalisi, qədim tarixi və zəngin mədəniyyəti olan vilayətdə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin təşkilinin böyük bayram olduğunu bildirib. Vilayət rəhbəri dili, mədəniyyəti, adət-ənənələri, dini və ruhu bir olan Azərbaycanla münasibətlərin Özbəkistan üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı, orada keçirilən görüşlər barədə danışıb, Özbəkistanın Türk Şurasının tamhüquqlu üzvü olmasının böyük sevinclə qarşılandığını vurğulayıb.
AMM-in direktoru Samir Abbasov deyib ki, hər il Özbəkistanın müxtəlif şəhərlərində mədəniyyət günləri keçirilir və bu tədbirlərdə dünyanı heyran qoyan zəngin mədəniyyətimiz, Azərbaycan xalqının yaratdığı mədəni irs nümunələri nümayiş etdirilir. O, Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevlə görüşü zamanı səsləndirilən fikirləri yada salıb, bu görüşün ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyini vurğulayıb.
Samir Abbasov xalqlarımız arasında oxşar, ortaq dəyərlər haqqında danışıb, Azərbaycanın muğam, aşıq və xalçaçılıq sənətinin, Qobustan və Azıx mağarası kimi qədim yaşayış məskənlərinin ölkəmizin qədim tarixi və zəngin mədəniyyətini dünyaya bir daha nümayiş etdirdiyini söyləyib.
“Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva iki xalq arasında ədəbiyyat sahəsində əməkdaşlıq, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Əbdülhəmid Çolpan, Hüseyn Cavidin irsi arasındakı ədəbi əlaqələr, dostluq münasibətləri barədə danışıb, xalqlarımızı birləşdirən dəyərlərin çox olduğunu, ata-babalarımızdan bizə miras qalan Azərbaycan-Özbəkistan dostluğunu gələcək nəsillərə çatdırmaq və təbliğ etməyin vacib olduğunu qeyd edib.
Daha sonra AMM-in hazırladığı bədii proqram təqdim olunub. Konsert proqramında Azərbaycanın Əməkdar artistləri, tanınmış muğam ustaları Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva Azərbaycanın xalq mahnılarını, muğamlarımızı ifa ediblər.
Xanəndələri tarda Azərbaycanın Əməkdar artisti, 2017-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə müşayiət edib. S.Paşazadənin tarda solo ifaları da alqışlarla qarşılanıb.
Tədbir AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının milli rəqslərimizi ifa etməsi ilə davam edib.
Qədim mədəniyyət beşiyi olan Xarəzm torpağında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində tədbirlər davam edir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın kino aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar artist Zemfira Sadıqova, Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı xalq yazıçısının yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il nasir, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur.
Tədbirdə yazıçının oğlu Elçin Şıxlı çıxış edərək atası, İsmayıl Şıxlı haqqında xatirələrini qonaqlarla bölüşüb.
“Dəli Kür” filmindəki Mələk obrazı ilə yaddaşlarda qalan Zemfira Sadıqova çıxış edərək bildirib ki, bu rol onun kino həyatında ilk və uğurlu işidir. Sonra çıxış edən natiqlər bildiriblər ki, İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.
Sonda İsmayıl Şıxlının kitablarından və şəkillərindən ibarət sərgi nümayiş olunub.
2 saylı Sumqayıt Şəhər Xəstəxanası yenidən tikiləcək.
Trend-in məlumata görə, artıq xəstəxananın tikintisi üzrə tender elan edilib.
Tender təklifləri dekabrın 16-dək tender komissiyasına təqdim edilməlidir.
İddiaçıların təklif zərfləri dekabrın 17-də açılacaq.
Qeyd edək ki, 2 saylı Sumqayıt Şəhər Xəstəxanası çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım müəssisəsidir. Xəstəxana 1992-ci ildə istifadəyə verilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cavadov Nemət Rövşən oğlu
Cəfərli Minijə Cəmşid qızı
Həşimov Murad Əhməd oğlu
İbrahimova Zülfiyyə Məhəmməd qızı
Kərimov Əhməd Musa oğlu
Qurbanov Samir Telman oğlu
Məmmədov Məmmədəli Nazim oğlu
Məmmədov Söhbət İsrafil oğlu
Musayev Ranar Rafael oğlu
Nəcəfli Anar Əşrəf oğlu
Sadıqov Faiq Əbülfəz oğlu
Şahbazov Rüfət Kamal oğlu
Şamıyeva Həyat Rəhman qızı.
Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aşağıdakı işçiləri təltif edilsinlər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Ağayev Bağış Ağaqulu oğlu
Əliyev Yaşar Aşır oğlu
Məhərrəmov Yaşar Üzeyir oğlu
“Tərəqqi” medalı ilə
Abdullayev Ənvər Əmiraslan oğlu
Budaqov Ələddin Məhəmməd oğlu
Əmrəliyev Rafiq Mehi oğlu
Əskərov Əskər Əkbər oğlu
İsmayılov Rəhimulla Dadaş oğlu
Mustafayev İzzət Mehti oğlu
Tağıyev Mərdan Mirzə oğlu.
Prezident İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli neftçilər! Sizi Neft Daşlarının 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
1949-cu il noyabrın 7-də Bakıda, Neft Daşlarında ilk neft fontanının vurması və dünya təcrübəsində birinci dəfə açıq dənizdə neft hasilatına başlanması neft sənayesinin inkişafında mühüm hadisə idi. Məhz Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində dənizdə neftçıxarmanın mümkünlüyü ideyası gerçəkləşdi və dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının başlanğıcı qoyuldu. Bu, eyni zamanda, Azərbaycanın neft mütəxəssislərini ən qabaqcıl mövqelərə çıxardı. Nadir Neft Daşları yatağının kəşfi bir çox dənizlərdə axtarış-kəşfiyyat işlərinə güclü təkan verdi. Hazırda dünyada karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür və dənizlərin dərinlikləri fəth olunmaqdadır. Fəxr edirik ki, həmin proseslərin mənbəyi bizim əfsanəvi Neft Daşlarıdır.
Ölkəmizin neft sənayesi tarixində müstəsna əhəmiyyətə malik Neft Daşlarında qazanılan təcrübə Xəzərin daha dərin sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə əlverişli zəmin yaratmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik rəhbərliyi altında 1970-ci illərdə neft sənayesinin müasirləşdirilməsi istiqamətində görülən işlər qısa müddətdə yeni yataqların kəşfi və istismarına yol açmışdır. Ulu Öndər Neft Daşlarını respublikamızın alim və mütəxəssislərinin mühəndis fikrinin, elmi və texniki mədəniyyətinin milli təcəssümü kimi qiymətləndirmiş, müstəqil dövlətimizin uğurlu neft strategiyasının təməllərinin məhz Neft Daşlarında qoyulduğunu xüsusi vurğulamışdır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə bu gün də regional və qlobal miqyaslı enerji layihələri müvəffəqiyyətlə həyata keçirilir.
Ötən müddət ərzində böyük məsafə qət edərək dəniz şəraitində müasir infrastrukturlu istehsalat “şəhəri”nə çevrilən Neft Daşları indi öz inkişafının yeni mərhələsini yaşayır. Əminəm ki, Neft Daşları yatağının zəngin ehtiyatları bundan sonra da uzun illər ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə və xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bu yolda hamınıza nailiyyətlər arzulayıram".