Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xınalıqda 20 ev təmir-bərpa olunur

    Bu il Quba rayonunun Xınalıq kəndində 20 evin təmir-bərpası həyata keçirilir.

    Report xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tikinti sektorunun müdiri Elşən Ağalarov bildirib.

    "Hava şəraiti imkan versə, bu evlərin hamısının təmir-bərpası sona çatdırılacaq. Əks təqdirdə 17 ev təhvil veriləcək. Ümumilikdə Xınalıqda 4 il müddətində - 2021-2024-cü illərdə 60 evin təmir-bərpası layihələndirilib. 2021-ci ildə 16, 2022-ci ildə 11 ev sakinlərinə təhvil verilib. 2024-cü ilə isə qalan evləri təmir-bərpa etməyi planlaşdırırıq", - deyə o qeyd edib.

    E.Ağalarov vurğulayıb ki, Xınalıq tarixi yer olduğu üçün evlər kəndin özünəməxsus memarlıq üslubuna uyğun bərpa edilir.

  • Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb

    Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 km-lik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.

    Report bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, magistral youn yenidən qurulan hissəsinin istifadəyə verilməsi mərasimində qurumun İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və digər vəzifəli şəxsləri iştirak ediblər.

    Təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 km-də 3 hissədə aparılıb. Yenidənqurma işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci km-lik hissələrini əhatə edib.

    Sözügedən hissələr üzrə beton örtüyün sökülməsi və kənarlaşdırılması, yararsız materialların qazılması və kənarlaşdırılması, karxana materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi, yeni asfalt-beton örtüyün sərilməsi işləri görülüb.

    Bu istiqamətdə nəqliyyat axının intensivliyi, həmçinin təmir-bərpa işlərinin avtomobil yolu ilə hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu nəzərə alaraq işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunub.

  • Məcnun Məmmədov ikitərəfli görüşlər keçirib

    Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı və II Türk Dövlətləri Aqro Biznes Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib.

    Report xəbər verir ki, nazir əvvəlcə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə görüşüb.

    Görüşdə Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlərə dair ətraflı məlumat verilib, aqrar sahədə rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasının vacibliyi barədə geniş müzakirələr aparılıb. Görüşdə həmçinin, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Tərəflər kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını, bu formatda tədbir və görüşlər keçirilməsinin vacibliyini vurğulayıb.

    Daha sonra M.Məmmədov və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev arasında görüş keçirilib. Görüşdə Azərbaycanın dövlət başçısının ölkəmizin TDT-nin güclənməsində maraqlı olduğu və təşkilata üzv ölkələr arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini dəfələrlə qeyd etdiyi vurğulanıb.

    Görüşdə təşkilata üzv ölkələrlə aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub. Kənd təsərrüfatı sahəsində ikitərəfli və çoxtərəfli müstəvidə təşkilata üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.

  • Bakı-Pirşağı-Sumqayıt qatarlarının hərəkət qrafiki dəyişəcək

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edib.

    Bu barədə Reporta ADY-dən məlumat verilib.

    Bildirilib ki, sərnişinlərin xahişini nəzərə alaraq həmin sürət elektrik qatarı oktyabrın 1-dən etibarən Bakı Dəmiryol Vağzalından 45 dəqiqə tez, saat 23:00-da yola düşərək Sumqayıta saat 23:52-də çatacaq.

    Bu, həm iş, həm də qeyri-iş günləri üçün nəzərdə tutulub.

    Qeyd olunub ki, bu dəyişiklik payız-qış mövsümünə keçidlə əlaqədardır.

  • DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə 26 sentyabr - 1 oktyabr tarixlərində DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək.

    Bu brədə Reporta Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, DokuBaku festivalı son iki ildə Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi olmaqla 2017-ci ildən hər il keçirilir. VII festivalın mövzusu “KosmoDarvinizm: Dolça dövrü”dür. Festivalın proqramı 43 nümayişdən ibarətdir.

    Bu müddət ərzində beş kateqoriya üzrə 60-dan çox film nümayiş etdiriləcək: Ən yaxşı tammetrajlı film, Ən yaxşı qısametrajlı film, DokuDarvin, No Main Müsabiqə, Müsabiqədən kənar və DokuKids - uşaqlar üçün filmlər.

    Hər nominasiya üzrə qalibləri Fransua Skulye, Nik Voyt, Maykl Qraversen, Andrea Tsulkova, Emil Nəcəfov və Fuad Şabanov kimi janrın tanınmış ustaları da daxil olmaqla 20 ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin üzvləri müəyyən edəcək. Hər kateqoriya üzrə birinci yeri tutan kinorejissorlara festival mükafatları veriləcək. Bu il mövcud “iHuman”, “iCyborg”, “NewEye” mükafatları ilə yanaşı, yeni “CosmoHuman” mükafatı da təqdim olunacaq.

    Qeyd edək ki, festival tərəfdaşlarının sayı ildən-ilə artır. Bu il Bakıda keçirilən festivalda Saloniki Beynəlxalq Film Festivalının nümayəndəsi Yanis Palavos, eləcə də Lissabon Sənədli Filmlər Festivalının proqram tərtibatçısı Castin Cekl iştirak edir.

  • lk dəfə Bülbülün adını daşıyan vokal məktəbi yaradılıb

    Dahi Bülbülə həsr olunmuş “Bülbül vokal məktəbi” yaradılıb.

    Bülbülün Memorial Muzeyindən AZƏRTAC-a verilən məlumata görə, məktəbin yaranmasının ideya müəllifi Əməkdar artist, Azərbaycanın tanınmış vokal ifaçısı Ramil Qasımovdur.

    Ramil Qasımov deyib ki, Azərbaycanda klassik vokal ənənələrinin formalaşması, geniş vüsət alması, elmi vokal laboratoriyasının, Bakı Musiqi Akademiyasında “Solo oxuma və opera hazırlığı” kafedrasının yaradılması məhz Bülbülün adı ilə bağlıdır. O bildirib ki, məktəbi yaratmaq ideyası onda çoxdan yaranıb və dəfələrlə canlı əfsanəmiz olan Polad Bülbüloğlu ilə bu barədə danışıb.

    “Bildiyiniz kimi mənim ustadım Mobil Əhmədov Bülbülün tələbəsi olub. Bu gün tədrisdə müxtəlif vokal texnikalarından müəllimlərimiz istifadə edir. Bunlar tədqirəlayiqdir. Mənim təqdim edəcəyim vokal məktəbi isə məhz Bülbülün bizə miras qoyduğu Azərbaycan milli vokal elmi əsaslarına söykənərək bizə məxsus dil fonetikasına köklənir. Düşündüm və qərara gəldim ki, bu missiyanı öz üzərimə götürüm. İlkin olaraq 5 tələbəni seçərək təmənnasız olaraq intensiv məşqlərə başlayacağam. Düşünürəm ki, qısa zamanda əsl səslər eşidəcəyik”, - deyə Əməkdar artist vurğulayıb.

    Ramil Qasımov, həmçinin Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyətə başladığını və göstərilən bu etimadı da doğruldacağını qeyd edib.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qırğızıstan arasında əməkdaşlığın aktual məsələləri ətrafında müzakirələr aparılıb

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində Qırğız Respublikasının Dövlət katibi Suyinbek Kasmanbetov ilə görüşüb.

    Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib.

    Görüşdə tərəflər Fond ilə Qırğızıstan arasında əməkdaşlığın aktual məsələləri, türk xalqlarının mədəni-humanitar əlaqələrinin inkişaf etdirilməsi, dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi ətrafında müzakirələr aparıb.

    Görüşdə Qırğız Respublikasının dövlət katibi Suyunbek Kasmambetov Fondun qırğız xalqının mədəniyyətinin və irsinin təbliği istiqamətində səylərini xüsusi qeyd edib. O bildirib ki, Fond Oşda “VII Beynəlxalq Dünya Xalqlarının Dastanları” Festivalının keçirilməsinə dəstək göstərmiş və bu möhtəşəm bayramın əsas təşkilatçılarından birinə çevrilmişdir. Suyunbek Kasmambetov Fond tərəfindən azərbaycanlı alim Adil Cəmilin “Manas” eposuna həsr olunmuş kitabının Qırğız və Azərbaycan dillərində nəşr etdirilməsini, həmçinin Türk Akademiyası ilə birgə qırğız manasçısı Rısbay İsakovun “Manas” eposunun Sağımbəy Orozbakov variantına həsr olunmuş əlyazmasının nəşri layihəsinə dəstəyin verilməsini geyd edib. “Fondun daimi dəstəyi sayəsində qırğız xalqının mədəni irsi Türk dünyasında daha da yayılacaqdır”, - deyə S.Kasmambetov vurğulayıb.

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilatın türk xalqlarının milli-mənəvi dəyərlərinin öyrənilməsi, qorunması, dünyada təbliği istiqamətindəki fəaliyyətlərindən söz açıb. Fondun prezidenti təşkilat ilə Türk dünyasının ayrılmaz parçası Qırğızıstan arasındakı əməkdaşlığın günü-gündən daha da dərinləşdiyini bildirib. Günay Əfəndiyeva Fond tərəfindən 2018-ci ildə Azərbaycanda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun irsinin təbliği yönündə və 90 illik yubileyi münasibətilə ədibin “Cəmilə” povesti əsasında tamaşanın qırğız dilində nümayişini, bu il yazıçının 95 illiyi ilə bağlı “Ana tarla” əsərinin səhnələşdirilməsini qeyd edib.

    Fondun prezidenti təşkilatın qurucu üzv ölkələrindən olan Qırğızıstanın mədəniyyətinin daha yaxından tədqiqi və tanıdılması yönündə digər müxtəlif layihələrin həyata keçirilməsinə hər zaman hazır olduğunu bildirib.

    Sonda tərəflər qırğız xalqının mənəvi irsinin tədqiqi və türkdilli xalqlar arasında təbliği istiqamətində səmərəli əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

  • İlham Əliyev: "Planlarımız gerçəkləşərsə, bizim Naxçıvan "yaşıl enerji" zonasına çevrilə bilər"

    "Üç gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan 3-cü Enerji Forumu keçiriləcək".

    Report xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

    "Əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var. Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, bizim Naxçıvan "yaşıl enerji" zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var", - dövlət başçısı qeyd edib.

  • İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimi keçirilir

    Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimində iştirak edirlər.

    Bu barədə Reportun Naxçıvana ezam olunan əməkdaşı xəbər verir.

    Qeyd edək ki, 2020-ci ilin dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dövlət büdcəsindən müvafiq vəsait ayrılıb. Layihə 5 iyun 2023-cü il tarixində qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.
    Diametri 16 düym (40 sm) olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17,5 km, Türkiyə hissəsinin uzunluğu 80 km-dir. Boru kəməri gündə 2 milyon, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
    Boru kəmərinin Azərbaycan hissəsinin tikintisi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC, Türkiyə hissəsinin tikintisi BOTAŞ şirkəti tərəfindən icra edilir.
    Boru kəmərinin Azərbaycan hissəsinin tikintisinə 2023-cü ilin iyul ayında start verilib. Bu günədək Azərbaycan hissəsində layihələndirmə və mühəndis işləri tamamlanıb, material və avadanlıqlar əraziyə gətirilib, xəttin 98 %-də torpağın münbit qatı götürülüb, 55 %-də xəndəyin qazılması aparılıb, boruların 92 %-i tras boyu düzülüb, qaynaq-quraşdırma işlərinin 82 %-i bitirilib və digər işlər görülüb. Layihə çərçivəsində mühəndis-inşaat nöqteyi-nəzərindən mürəkkəb tədbirlərin, o cümlədən Araz çayının altından üfüqi istiqamətlənmiş qazmanın aparılması nəzərdə tutulub.
    İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.

  • Xınalıqda qonaq evlərinə dəstək məqsədilə vətəndaşlara avadanlıqlar verilib

    Quba rayonunun Xınalıq kəndində qonaq evi yaradıb turistlərə xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub.

    Report xəbər verir ki, bu, Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək" layihəsi çərçivəsində baş tutub.

    Xatırladaq ki, sentyabrın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Agentliyin tabeliyində "Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir. Sentyabrın 18-də isə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında "Xınalıq və Köç yolu mədəni landşaftı"nın qurumun Ümumdünya irs siyahısına daxil edilməsinə dair qərar qəbul olunub.