Sentyabrın 30-dan "Azərbaycan Dəmir Yolları" QSC payız-qış mövsümü ilə əlaqədar Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarının hərəkət qrafikini yeniləyəcək.
Report bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, qatar Bakıdan-Qəbələyə yalnız hər həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız hər həftənin bazar günü yola düşəcək.
Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə keçiriləcək İkinci Azərbaycan Milli Şəhər Forumunda (NUFA) şəhərsalma sahəsində təhsili dəstəkləmək və şəhər inkişafında gələcək liderləri ruhlandırmaq üçün hazırlanmış eksklüziv mühazirələr silsiləsi təşkil ediləcək.
İki günlük mühazirələrdə müxtəlif ölkələrin şəhərsalma siyasətinin və şəhərlərin gələcək planlaşdırılmasında yeni yolların müzakirə edilməsi üçün iştirakçılara unikal imkan yaradılacaq.
Tədbirə beynəlxalq universitetlərdən seçilmiş mütəxəssislər dəvət edilib. Bunlar London Universitet Kollecinin professoru Le-Yin Zhang, A Coruna Universitetinin professoru Ricardo Garcia Mira, Varşava Texnologiya Universitetinin professoru Jerzy Grochulski və Orta Doğu Texniki Universitetinin professoru Olgu Çalışkandır.
Qonaqlar şəhərin inkişafı və şəhərlərin İdarəsi, layihələndirmə, davamlılıq, ekoloji psixologiya, iqlim dəyişikliyi ilə sənayeləşmə arasındakı əlaqə və digər mühüm mövzularda öz təcrübə və araşdırmaları, habelə dəyərli fikirləri ilə bölüşəcəklər.
"Baku Marriott Hotel Boulevard"a, 30 sentyabr - 1 oktyabr tarixlərində keçiriləcək tədbirin xüsusi mühazirə hissəsi bütün tələbələr, peşəkarlar və mövzu ilə maraqlanan hər kəs üçün açıqdır. Lektoriya qabaqcıl mütəxəssislərin şəhər problemləri və həll yolları haqqında təcrübə və fikirlərini öyrənmək üçün əlverişli platforma rolunu oynayacaq.
Qeydiyyatı təsdiq etmək üçün bu linklə keçərək formanı doldurmaq lazımdır: bit.ly/3PD0MlA
“Maya” Türk Dünyası Film Festivalının açılış filmi seçilib.
Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza məlumat verib.
Birinci və İkinci Qarabağ müharibəsindən, əzablı, iztirablı qadın taleyindən bəhs edən “Maya” filmi Festivalın Yayım Şurasının seçimlərində səs çoxluğu ilə açılış filmi seçilib.
Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə 8-ci Türk Dünyası Sənədli Film Festivalının açılış mərasimi oktyabrın 19-23-də Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.
Bundan başqa, Festivalın Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Bosniya və Herseqovina, Şimali Makedoniya və Şimali Kipr Türk Respublikasındakı təqdimatlarında da “Maya” filmi açılış filmi olaraq nümayiş etdiriləcək.
Filmin operatoru Rafiq Əliyev, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.
Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı davam edir. Konfransda Azərbaycanın qədim söz-sənət beşiklərindən olan Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülüb.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla erməni işğalından azad olunan qala şəhərimizin tarixi şöhrəti özünə qaytarılır. Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirilib.
Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası burada olub, şəhərdə aparılan quruculuq işləri yüksək qiymətləndirilib.
Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni irsinin, mədəni, tarixi və dini abidələrinin bərpa etdirilməsini diqqətə alan İslam dövlətləri, yekdil qərarla Şuşa şəhərini növbəti il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan ediblər. Qeyd edək ki, Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım mühüm dəstək göstərib.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan olunub. Şuşa bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır.
Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə oktyabrın 9-dan 13-dək Bakıda “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfrans təşkil olunacaq.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tarixi şəhər və qoruqlarının iştirakı ilə keçiriləcək.
Beynəlxalq tədbirdə Türk Dövlətləri Təşkilatının rəhbərliyi, Türk dövlətlərindən tarixi şəhər və qoruqlarının rəhbərləri, ekspertləri və İdarənin tərəfdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri, eləcə də mətbuat nümayəndələri iştirak edəcəklər.
Tanınmış azərbaycanlı dizayner Gülnarə Xəlilovanın "Xalçaların dili", "Qurama" və "Turan" adlı üç kolleksiyası TÜRKSOY-un 30 illiyini qeyd edən beynəlxalq festival çərçivəsində sentyabrın 20-dən 26-dək Özbəkistan və Qazaxıstanda təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, VI Beynəlxalq “Türk dünyasının Etnomodu” həftəsi Fərqanədə başlayacaq, Türküstanda davam edəcək.
Türk xalqlarının mənəvi birliyi və mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün yaradılan layihədə TÜRKSOY rəhbərliyi ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Monqolustan və Rusiyadan olan etnodizaynerlər də iştirak edəcəklər.
Müəllim təkcə elm və bilik öyrədən deyil, həm də zəngin mənəviyyatın və yüksək əxlaqi keyfiyyətlərin daşıyıcısıdır.
AZƏRTAC RİMM-in (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) mətbuat xidmətinə istinadla xəbər verir ki, Müəllim gününün qeyd olunacağı ərəfədə Bakıdakı Rus evində “Çox sağ olun, müəllimlər!” adlı konsert keçiriləcək.
Oktyabrın 3-də təşkil olunacaq konsert proqramı, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gəncliyə dəstək” layihəsinin iştirakçıları tərəfindən hazırlanıb.
Hər il oktyabrın 5-də Beynəlxalq Müəllim Günü qeyd edilir. Bu əlamətdar gün YUNESKO tərəfindən 1994-cü ildə elan edilib və Beynəlxalq Əmək Təşkilatı və UNESCO-nun 1966-cı il Müəllimlərin vəziyyəti barədə tövsiyələrinin - təhsil işçilərinin hüquqi statusu haqqında ilk beynəlxalq sənədin qəbul edilməsinin ildönümü ilə əlaqədar qeyd olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Masallı şəhərində vətəndaşları qəbul edib.
Reportun Agentliyə istinadən verdiyi məlumata görə, qəbulda Masallı və Yardımlı rayonlarından olan vətəndaşların əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.
Agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddət ərzində araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
Azərbaycan Milli Xalça Muzeyində Milli Musiqi Günü çərçivəsində təşkil olunan “Xalçalarda musiqi” sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, sərgidə qobelen üzrə tanınmış rəssam Pavel Kuzmenkonun milli musiqimizi tərənnüm edən bir neçə əsəri nümayiş olunur.
Pavel Kuzmenko musiqi mövzusunu öz yaradıcılığında sevərək təcəssüm etdirib. O, sərgidə yer alan “Musiqiçilər” əsərini Azərbaycan musiqisinə bəslədiyi xüsusi məhəbbətlə ərsəyə gətirib. Bu süjetli kompozisiyada musiqi ilə rəsmin, ahəngdar koloritin gözəl vəhdəti var. Eyni duyğu və hissləri incə stilizə, obrazın plastik həlli, xalça naxışları ilə işlənmiş “Kamançaçı” və eləcə də “Muğam sədası” qobelenlərində izləmək mümkündür.
2023-cü ilin Buker mükafatına iddialı olan kitablarının qısa siyahısı elan edilib. Siyahı mükafatın rəsmi saytında dərc olunub.
AZƏRTAC xəbər verir ki, nominantlar arasında Sara Bernşteynin “İtaətkarlığın öyrənilməsi” (“Study for Obedience”), Conatan Eskofferinin “Mən səndən çox yaşasam” (“If I Survive You”), Pol Hardinqin “Bu başqa cənnət” (“This Other Eden”), Pol Linçin “Peyğəmbərin nəğməsi” (“Prophet Song”), Çetna Marunun “Qərb döngəsi” (“Western Lane”) və Pol Murreyin “Arı sancması” (“The Bee Sting”) kitabları da var.
Qalib 2023-cü il noyabrın 26-da Londonda keçiriləcək tədbirdə açıqlanacaq.
Buker mükafatı dünyada ən prestijli ədəbiyyat mükafatlarından biridir. Mükafat ilk dəfə 1968-ci ildə təsis edilib və 1969-cu ildən etibarən hər il təqdim olunur.
Beynəlxalq Buker mükafatı isə yalnız 2004-cü ildən kitabları ingilis dilinə tərcümə olunan və Böyük Britaniyada və İrlandiyada dərc edilən müxtəlif ölkələrdən olan müəlliflərə və həmin kitabların tərcüməçilərinə təqdim edilir. Mükafat fondu 50 000 funt təşkil edir və kitabın müəllifi və onun ingilis dilinə tərcüməçisi arasında bərabər məbləğdə bölünür.