Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • 18 may - Beynəlxalq Muzeylər Günüdür

    Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.

    AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü üçün “Muzeylər. Dayanıqlılıq və rifah” devizi seçilib.

    Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

    Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.

    Eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmiz ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.

    Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.

    Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.

    Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.

    Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb.

    Təəssüf ki, neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunub və dağıdılıb.

    Canlı muzey olan və bu gün düşməndən azad edilən Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunub.

    Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.

    Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

    Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

    “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulub.

    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.

    Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.

    Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.

    Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.

  • "Bel Suono” üç royal şousu: məşhur fortepiano triosu ilk dəfə olaraq Bakıda çıxış edəcək

    İyunun 8-də Heydər Əliyev sarayının səhnəsində "Bel Suono” üç royal şousu - məşhur fortepiano triosu çıxış edəcək.

    AZƏRTAC xəbər verir ki, milyonlarla insanın şüurunda klassika ilə bağlı təsəvvürləri dəyişən virtuozlar unikal müəllif oranjimanında klassik və müasir musiqinin ən yaxşı nümunələrini, eləcə də kollektivin solistləri tərəfindən xüsusi olaraq layihə üçün yazılan yeni kompozisiyaları ifa edəcəklər. Konsertdə Vivaldi, Bax, Motsart, Pyatsolla, Dük Ellinqton, “Queen” qrupu və bir çox başqalarının musiqi əsərləri səsləndiriləcək.

    “Bel Suono” – Rusiya kollektivi, mütərəqqi klassik krossover janrında çıxış edən dünyada yeganə fortepiano triosudur. “Bel Suono”nun repertuarı klassik və müasir musiqinin ən yaxşı nümunələrindən ibarətdir. Kollektivin tərkibinə müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrin qalibləri, eləcə də bəstəkar və parlaq improvizatorlar olan üç inanılmaz dərəcədə artistik və həqiqətən də xarizmatik virtuozlar Kirill Quşşin, Anton Mosenkov və Nikita Xabin daxildir.

  • Eddi Mörfi “Çəhrayı pantera” filminin yeni versiyasında çəkiləcək

    Hollivud ulduzu, aktyor Eddi Mörfi “MGM” istehsalı olan “Çəhrayı pantera” filmində baş rolda çəkilmək üçün müqavilə imzalayıb.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, sevilən aktyor adıçəkilən ekran əsərində müfəttiş Jak Kluzo rolunu canlandıracaq.

    Filmin rejissoru Jeff Fowler, ssenaristi Chris Bremner, icraçı prodüserləri isə Ryan Halprin, Dan Lean, Jonathan Eirich, və Julie Andrewsdir.

    Yeni tammetrajlı bədii filmdə kompüter qrafikasından istifadə olunacaq.

    Qeyd edək ki, dünyaşöhrətli aktyor Eddi Mörfi bu yaxınlarda “Netflix” istehsalı olan "You People" və "Coming to America" filmlərinin növbəti bölümünə çəkilib. Aktyor “Beverly Hills cop” filminin növbəti bölümündə məşhur polis Aksel Foli rolunu yenidən canlandırmağı planlaşdırır.

  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının növbəti rüblük iclası keçirilib

    Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasının növbəti rüblük iclası keçirilib.

    İdarədən AZƏRTAC-a bildiriblər ki, iclasda Müşahidə Şurasının üzvlərinin yekdil qərarına əsasən, ŞŞDQİ-nin icraçı direktorunun səlahiyyətlərini icra edən, icraçı direktorun müavini Tural Novruzov icraçı direktor vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, T.Novruzov beynəlxalq münasibətlər ixtisası üzrə Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb. O, həmçinin Uestminister Universitetində diplomatiya və Kembric Universitetində biznes idarəçiliyi üzrə magistr pillələrini bitirib.

  • “Nar” 5G sürətini Sumqayıta gətirdi!

    “Nar” ultra sürətli 5G texnologiyasını Sumqayıt şəhərində test rejimində təqdim edir. Bununla da, “Nar” 5G texnologiyasını paytaxtdan kənara gətirən ilk mobil operator olub. Abunəçilər 5G texnologiyasını dəstəkləyən şəxsi mobil telefonları ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi, 34 ünvanında yerləşən “Nar” mağazasında şəbəkəyə qoşula və ya mağazada şəbəkəyə qoşulmuş cihazlardan istifadə edərək 5G sürətini sınaqdan keçirə bilərlər.

    İlk dəfə 5G şəbəkəsinə qoşulan “Nar” abunəçiləri *775#YES şifrəsini yığmaqla 10GB həcmində pulsuz 5G internet paketi əldə edə bilərlər ki, bu da onlara gün ərzində həmin ərazidə 5G sürətini sınaqdan keçirməyə imkan verəcək.

    "Abunəçilərimiz üçün mümkün ən yaxşı rəqəmsal təcrübəni təmin etmək üçün ilk dəfə olaraq paytaxtdan kənarda-Sumqayıtda 5G texnologiyasını təqdim etməkdən qürur duyuruq. Əminik ki, bu yenilik müştərilərimizə yeni rəqəmsal imkanları araşdırmaq üçün əla fürsət yaradacaq”, - deyə “Nar”ın baş icraçı direktoru Qunnar Panke bildirib.

    Qeyd edək ki, hal-hazırda keyfiyyətli və kəsintisiz “Nar” şəbəkəsi ölkə ərazisinin 98 %-ni, əhalinin isə 99 %-ni əhatə edir.

    “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

  • “Forsaj 10” filmi ili uğurla başa vura bilər

    "Universal Pictures" studiyasının istehsal etdiyi “Forsaj” filminin növbəti 10-cu bölümünün kassa gəlirləri 300 milyonu keçə bilər.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, ekran əsərinin ilin sonuna kimi dünya film nümayişləri arasında ən yaxşı nəticə ilə xeyli gəlir əldə etmək şansı var.

    Beləliklə, “Forsaj” filminin onuncu bölümünün gəlir baxımından səkkizinci (519 milyon dollar) və yeddinci bölümlərdən (397 milyon dollar) sonrakı pillədə qərarlaşacağı ehtimal olunur.

    Xatırladaq ki, Justin Linin rejissorluq etdiyi, Vin Dizel və Tyrese Gibson kimi dünyaşöhrətli kino ulduzlarının rol aldığı ekran əsərinin premyerası cari ilin aprelində olub. Filmin dünya üzrə nümayişləri davam etməkdədir.

    "Forsaj" filmləri 2001 ildən istehsal olunur və "Universal Pictures" studiyasının ən böyük, gəlirli layihəsi hesab edilir. Bu filmlərin ümumi gəliri 6 milyard dolları keçib.

  • Aktyor Maykl Duqlas Kann Festivalının fəxri mükafatına layiq görülüb

    Aktyor Maykl Duqlas Kann Film Festivalında fəxri Qızıl Palma budağına layiq görülüb.

    Bu barədə Report xarici mətbuata istinadən xəbər verir.

    Mükafatı Duqlasa aktrisa Uma Turman və aparıcı Kyara Mastroyani təqdim ediblər.

    “Bu mükafata və xoş sözlərə görə təşəkkür edirəm. Dünyada yüzlərlə festival mövcuddur, ancaq bir Kann var. Bu festivalın 76 yaşı var, amma mən daha da qocalmışam”, - 78 yaşlı aktyor səhnədə çıxış edib.

    Duqlas kino sənətinin inkişafında müstəsna xidmətlərinə görə fəxri mükafata layiq görülüb. O, tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Aktyor film festivalına həyat yoldaşı Ketrin Zeta-Cons və qızı Karislə gəlib.

  • Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq

    İyunun 18-dən 25-dək Azərbaycanda “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı təşkil olunacaq.

    Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçiriləcək festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edəcəklər. Festivalda iştirak üçün beynəlxalq ifaçıların qeydiyyatı isə mayın 20-də başa çatır.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.

    Musiqi bayramına iyunun 18-də Heydər Əliyev Sarayında Xalq artisti Alim Qasımovun, Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri ilə start veriləcək.

    İyunun 19-da festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edəcək.

    “Muğam aləmi” festivalı çərçivəsində növbəti ifalar iyunun 20-də Kamera və orqan musiqisi zalı, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyada dinləniləcək. Həmin məkanlarda Azərbaycandan Xalq artisti Səkinə İsmayılova, Beynəlxalq müsabiqələr laureatı Etibar Əsədli, Hindistandan Vasumathi Badrinathan və Jyotsna Srikanth, Malidən Kankou Kouyatenin çıxışları olacaq.

    Festivalın növbəti günü – iyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyevin ifaları gözlənilir.

    Beynəlxalq Muğam Mərkəzində Misirdən Mustafa Said və “Asil” ansamblı, Milli Konservatoriyada Azərbaycandan Firudin Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Kamera və orqan musiqisi zalında Yunanıstandan “En Chordais” ansamblı iyunun 22-də səhnəyə çıxacaq.

    İyunun 24-də Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyada Xalq artisti, xanəndə Teyyub Aslanov və piano ifaçısı Nicat Aslanovun konsertləri keçiriləcək.

    Bakıdakı konsertlərə biletlər tezliklə iTicket.az saytı və kassalarında satışda olacaq.

    Festival çərçivəsində Ağcabədi şəhərində muğam ifaçılarının iştirakı ilə konsert təşkil ediləcək. Mədəniyyət paytaxtımız Şuşada müxtəlif məkanlarda muğam və poeziya ifaları olacaq. Festival günlərində Beynəlxalq simpozium keçiriləcək, İçərişəhərdə instrumental muğamlar təqdim ediləcək, 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunacaq.

    Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi qaliblərinin mükaftlandırılmasından sonra konsert təqdim ediləcək.

    Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək.

    Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

    Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

  • “Qazax xalçaları” qısametrajlı sənədli filminin çəkilişləri yekunlaşıb

    Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, kinorejissor Ziya Şıxlinskinin çəkdiyi “Qazax xalçaları” sənədli filmi artıq yekunlaşıb.

    AKİ-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin fonunda Qazax xalçalarından bəhs edən filmdə müxtəlif muzeylərdə, şəxsi kolleksiyalarda qorunan, rəsm əsərlərində təsvir edilən Qazax xalçalarından istifadə edilib.

    Z.Şıxlinski bildirir ki, xalçaların təsvirləri Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqisinin müşayiəti ilə və bir neçə dildə titrlərlə təsvir olunacaq: “Azərbaycan xalçaçılıq sənəti dünyada tanınır və qiymətləndirilir. Gözəl Azərbaycan xalçaları dünyanın ən böyük muzeylərini bəzəyir. Filmin ideyası mərhum sənətşünas alim Rasim Əfəndiyevin 1971-ci ildə ABŞ-da çap olunmuş “Qazax xalçaları” kitabını mənə göstərməsindən sonra yarandı. Kitabın müəllifi xalçaçı Raul Şəbuldur. Əsərdə, xaricdə Azərbaycan xalçalarına olan maraqdan söhbət açılır”.

    Onun sözlərinə görər, amerikalı yazıçı, detektiv romanların müəllifi Reks Stautun qələmə aldığı “Yekun qərar” əsərində Qazax xalçalarından bəhs olunub. Bu da onu göstərir ki, Azərbaycan xalçaları artıq dünya ölkələrinin də diqqətindədir.

    Z.Şıxlinski, filmi Azərbaycan xalçalarının böyük sərrafı olmuş anası Cəmilə xanım Şıxlinskayanın əziz xatirəsinə ithaf edib. Bakıda və Qazaxda çəkilən sənədli filmin operatoru Yuri Varnovskidir.

  • Milli Kulinariya Komandasının üzvləri Mişlen ulduzlu baş aşpazla birgə təqdimat keçiriblər

    Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının gənc üzvləri Mişlen ulduzunu qazanmış şef Jeff Tan ilə birgə təqdimatda iştirak ediblər.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, CASA Kulinariya Mərkəzində keçirilən mərasimdə İngiltərədən dəvət olunmuş dünya miqyaslı məşhur baş aşpaz Jeff Tan Beynəlxalq Gənc Aşpazlar Olimpiadasının qalibi Emil Zeynalzadə, “WSSE 2022” müsabiqəsinin medalçısı, Qlobal Aşpazlar Müsabiqəsinin Avropa Qran-Prisində bürünc medal qazanmış Leyla Vəliyeva və baş aşpaz Kənan Balaşovla birgə xüsusi menyu hazırlayıblar. CASA-nın aşpaz məzunları məşhur Jeff Tan ilə birlikdə qonaqlara 12 fərqli təam təqdim ediblər.

    Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova çıxış edərək Dövlət Turizm Agentliyinin qastronomiya sahəsindəki fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib, gənc aşpazlarla aparılan işin bu strategiyanın əsasını təşkil etdiyini bildirib.

    O, Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının fəaliyyətinin aktivləşdirilməsi üçün təlim-tədris, tədqiqat, marketinq-kommunikasiya, institusional inkişaf, təcrübə mübadiləsinin vacibliyindən söz açıb. Yaxın gələcəkdə gənc aşpazlarla birlikdə Azərbaycanın biomüxtəliflik potensialını nümayiş etdirməyə imkan verən menyuların tərtibatı üzərində işlərin başlanılacağını da bildirib.

    S.Əsgərova Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi - “Worldchefs”lə əməkdaşlığın yalnız qastronomiya sənayesinin canlanmasına deyil, həmçinin Azərbaycanın qastronomiya destinasiyası kimi təbliğatına zəmin yaratdığını vurğulayıb.

    Qeyd edək ki, Mişlen ulduzlu şef Jeff Tan 30 ildən çox kulinariya təcrübəsinə malikdir və özündə Qərb elementlərini daşıyan Asiya ölkələrinin mətbəxləri üzrə ixtisaslaşıb.