Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • İstedadlı rəssam Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılacaq

    Mayın 26-da Muzey Mərkəzinin sərgi qalereyasında istedadlı rəssam Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının 105, Türkiyə Cümhuriyyətinin 100 və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan sərgi rəssamın yaradıcılığının müxtəlif dövrlərini əks etdirəcək.

    Sərgidə rəssamın əsasən portret, natürmort, məişət və tarixi janrlarda yaratdığı təqribən yetmişə qədər boyakarlıq və qrafika əsərləri nümayiş olunacaq.

    Burada Azərbaycanın Zəfər müharibəsində qazandığı misilsiz Qələbəsi, “bir millət iki dövlət” deyiminin aktuallığını açıqlayan Azərbaycan-Türkiyə dostluğunu tərənnüm edən, həmçinin xalqımızın məişətini, adət-ənənələrini, mədəniyyətini vəsf edən təsviri sənət nümunələri sərgilənəcək.

    Sərgidə Azərbaycan və Türkiyənin istiqlal, azadlıq ideyalarını yaradıcılıqlarında önə çəkmiş şairlərin qrafik portretləri nümayiş olunacaq ki, bu da ilk növbədə millət vəhdətini və iki dövlətin heç vaxt enməyəcək bayraqları altında müstəqil həyatını rəmzləyir.

    Eyni zamanda, sərgidə rəssamın həyat və yaradıcılığını, ictimai və maarifçilik fəaliyyətini özündə əks etdirən “Eldəniz Babayev. Zəfər müjdəsi” (müəllif Mirzə Talıbov) adlı kitab- kataloqunun da təqdimatı keçiriləcək.

    Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Azərbaycanda Atatürk Mərkəzinin, Muzey Mərkəzinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Azərbaycan Rəssamlar İttifaqının, “Bakı” Rəsm Qalereyasının, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin, Xətai İncəsənət Mərkəzinin dəstəyi ilə keçiriləcək.

    Qeyd edək ki, Eldəniz Babayev 1990-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1997-ci ildə də Azərbaycan Dövlət İncəsənət Universitetinin boyakarlıq fakültəsini bitirib. 1989-1991-ci illərdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində rəssam kimi fəaliyyət göstərib. 1989-cu ildən Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin və 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1998-2006-cı illərdə Bakı Şəhər Mədəniyyət İdarəsinin “Qala” Rəsm Qalereyasının müdiri vəzifəsində çalışıb. 2006-cı ildən “Bakı” rəsm qalereyasının müdiridir. O, ötən müddət ərzində yaradıcılıq uğurlarına görə bir çox yerli və beynəlxalq mükafatlara layiq görülüb.

  • Rusiya istehsalı olan "Çağırış" filminin kassa gəlirləri 1,5 milyard rublu ötüb

    Rusiya kinematoqrafçıları amerikalı həmkarlarını üstələyərək, film çəkmək üçün ilk dəfə kosmosa yollanıblar.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, kosmosdan bəhs edən "Çağırış" adlı ekran əsəri yerli kassada yeni mərhələyə çatıb. Filmin ümumi kassa gəlirləri 1,5 milyard rublu ötərək ən uğurlu layihələr sırasında yer alıb.

    Layihənin ilk istehsal büdcəsinin 900 milyon rubl olduğu təsdiqlənib və nümayişlərdən gələn gəlirlərin hələ də xeyli artacağı proqnozlaşdırılır.

    "Çağırış" filminin əksər epizodları real kosmosda lentə alınıb. Ekran əsərinin rejissoru Klim Şipenko və baş rol ifaçısı Yuliya Peresild Rusiya kosmik gəmisində orbitə çıxaraq Beynəlxalq Kosmik Stansiyada (BKS) bir neçə epizod lentə alıblar. Onlara rusiyalı ekipaj kömək edib.

    Qeyd edək ki, kosmosun tədqiqi ilə bağlı elmi-maarifləndirci layihə olan “Çağırış” bədii filmi xüsusi effektlərin köməyi ilə çəkisizlik vəziyyətini simulyasiya edən ənənəvi çəkiliş pavilyonlarında deyil, real kosmosda çəkilmiş ilk filmdir.

  • Ulu Öndərin 100 illiyi münasibətilə “Qızıl Şah" 3-cü Milli Kulinariya Çempionatı keçirilir

    Mayın 18-də “INTERFOOD 2023” Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qızıl şah” 3-cü Milli Kulinariya Çempionatına start verilib.

    AZƏRTAC xəbər verir ki, yarışma Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və “CEO Azerbaijan” MMC-nin dəstəyi ilə keçirilir.

    İki gün ərzində Milli Kulinariya Çempionatında 100-dən çox iştirakçı “Gənc aşpaz”, “Böyük aşpaz” və “Qənnadçı aşpaz” kateqoriyaları üzrə yarışacaq. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yarışmanın sonunda ən yaxşı 100 iştirakçının reytinqi müəyyənləşdiriləcək.

    Çempionatın münsiflər heyətində İtaliya, Böyük Britaniya, Serbiya, ABŞ, Xorvatiya, Rusiya, Monteneqro və digər ölkələrdən olan Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) hakimləri təmsil olunur.

    Bu il "Qızıl Şah" Milli Kulinariya Çempionatı Azərbaycanda ilk dəfə olaraq rəsmi “Worldchefs” çempionatı statusu ilə keçirilir. Bu isə Milli Kulinariya Çempionatının qaliblərinin, yarışmanın nəticələrinin və praktika keçən münsiflərin sertifikatlarının Beynəlxalq Kulinariya Cəmiyyəti tərəfindən birbaşa tanınmasına imkan yaradır.

    Qeyd edək ki, Milli Kulinariya Çempionatı çərçivəsində “Worldchefs”dən gələn münsiflər və iştirakçılar üçün müxtəlif mövzularda seminarlar da təşkil edilib. 2019-cu ildən bəri keçirilən Çempionat azərbaycanlı kulinarlara öz peşəkarlıqlarını nümayiş etdirməyə, beynəlxalq səviyyəli yarışlarda iştirak etməyə imkan yaradır.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Macarıstanla əməkdaşlıq əlaqələrini genişləndirir

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Günay Əfəndiyeva təşkilat tərəfindən qədim Türk mədəniyyətinin təşviqi istiqamətində təşkil edilən tədbirlərdən, Türk xalqlarının qədim dəyərlərinin yaşadılmasına yönəlmiş gələcək layihələrdən, eləcə də Fondun müşahidəçi dövləti olan Macarıstan ilə mövcud əməkdaşlıq əlaqələrindən bəhs edib. Fondun prezidenti Bela Bartok, Mikloş Radnoti və Macarıstanın digər görkəmli şəxsiyyətlərinin yaradıcılıqlarının təbliği sahəsində Fond tərəfindən həyata keçirilən layihələri qeyd edib.

    Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, Türk dünyasının çoxəsrlik zəngin irsinin beynəlxalq miqyasda tanıdılmasında təşkilat tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb. Həmçinin, Ş.Lejak Macarıstanın Türk dövlətləri ilə olan sıx münasibətlərindən, Fond ilə birgə layihələrin vacibliyindən söz açıb.

    Görüşdə Fond və Macarıstan arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

  • "Fredi ilə beş gecə" qorxu filminin ilk treyleri yayımlanıb

    Yeni layihə kimi ilk dəfə 2015-ci ildə elan edilən "Fredi ilə beş gecə" adlı qorxu filmi nəhayət ki, təqdim olunub.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, “Universal” studiyası ekran əsərinin ilk görüntülərindən ibarət tizer-treylerini yayımlayıb. Studiya filmin premyerasının cari il oktyabrın 27-də Halloween bayramında olacağını elan edib.

    Qeyd edək ki, rejissor Emma Tamminin çəkdiyi "Fredi ilə beş gecə" qorxu filmində rolları Coş Hatçerson, Elizabeth Lail, Piper Rubio, Kat Conner Sterling, Mary Stuart Masterson və Metyu Lillard canladırıblar.

    Ekran əsərinin təqdim olunan ilk treylerini https://www.kinonews.ru/movie_345468/five-nights-at-freddys linki vasitəsilə izləmək mümkündür.

  • Xalça Muzeyində mühazirə - “İqlim dəyişmələri qlobal ekoloji problem kimi”

    Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “İqlim dəyişmələri qlobal ekoloji problem kimi” adlı mühazirə keçirilib.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək və onlara qarşı mübarizəyə təşviq etmək məqsədi daşıyan mühazirə İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən təqdim edilib.

    Xatırladaq ki, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində bu gün muzeyin balaca dostları üçün 132-134 nömrəli təhsil kompleksinin şagirdləri tərəfindən “Təbiətin səsi sən ol” adlı interaktiv tamaşa göstəriləcək.

  • Mədəniyyət Nazirliyi regionlara qastrol səfərlərinə start verir

    Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycanda Peşəkar Milli Teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi mayın 22-i saat 11:00-da Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Turqut Özakmanın “Adət” tamaşasını nümayiş etdirəcək.

  • Milli Kitabxana “Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi hazırlayıb

    Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş miqyasda qeyd edilir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

    AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi hazırlanıb. Sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Muzeyler_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

  • Şahbuzun Kolanı kəndində rabitə xətləri yenilənir

    Şahbuz rayonun Kolanı kəndində rabitə xətt təsərrüfatında yenilənmə işləri aparılır.

    Bu barədə Reportun yerli bürosu Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə istinadən məlumat verib.

    Məlumata görə, muxtar respublikanın digər rayonları kimi Şahbuzda da hər bir sahədə inkişaf tempi artır. Aparılan abadlıq və quruculuq işləri çərçivəsində əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlər davam etdirilir.

    Rayonun Kolanı kəndində rabitə xətlərinin yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahənin inkişafına göstərilən dövlət qayğısını özündə əks etdirir. Kənddə aparılan quruculuq işləri çərçivəsində rabitə xətt təsərrüfatında təmir işləri aparılıb. Bu məqsədlə 22 ədəd dəmir rabitə dirəyi basdırılıb, 800 metr fiber-optik xətt və 2 700 metrdən artıq kabel çəkilib, o cümlədən 1 ədəd paylayıcı şkaf və 30 ədəd yeni abonent qutusu quraşdırılıb.

    Qeyd edək ki, Keçili kəndində də aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində rabitə xətlərinin texniki normalara uyğunlaşdırılması məqsədilə 4 ədəd dəmir dirək basdırılıb, 150 metrə yaxın fiber-optik kabellər çəkilib, 120 metr müxtəliftutumlu kabellərdən istifadə edilib.

    Şahbuz rayonunun yaşayış məntəqələrində rabitə infrastrukturunun müasirləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər rabitə və internet xidmətlərinin tam kəsintisiz həyata keçirilməsinə şərait yaradacaq.

  • "Wolt+" və yaxud çatdırılma bazarının "Netflix" abunəliyi

    Bu gündən etibarən "Wolt" Azərbaycanda abunəlik əsasında çatdırılma xidmətini təklif edən ilk şirkət olacaq. Bu abunəlik ilə istifadəçilər ödənişsiz çatdırılma haqqı ilə yüzlərlə restoran və mağazalardan sifariş vermək imkanı əldə edəcəklər. Xidmət artıq əlçatandır və ilk 30 gün ərzində bütün istifadəçilər tərəfindən ödənişsiz sınaqdan keçirilə bilər.

    “Wolt Azərbaycan”ın baş meneceri Tofiq Süleymanovun sözlərinə görə, "Wolt+" xidmətini izah etməyin ən asan yolu onu "Netflix" ilə müqayisə etməkdir. “Qısaca olaraq "Wolt+" istifadəçiləri "Netflix"dəki kimi aylıq ödəniş ödəyərək, abunəliyə daxil olan restoranlardan və yaxud mağazalardan heç bir çatdırılma haqqı olmadan sifariş verə bilərlər”.

    T.Süleymanov qeyd edib ki, koronavirus pandemiyası insanların vərdişlərini dəyişib və onların həyatını asanlaşdıran xidmətləri populyarlaşdırıb. “Koronavirus məhdudiyyətləri aradan qaldırılsa da, insanlar həyatlarını asanlaşdıran vərdişlərindən imtina etmək istəmirlər. Yemək və ya mağazalardan çatdırılma bir çox insan üçün normaya çevrilsə də, ödənişsiz olması bir çoxlarının istəyi idi. "Wolt+" ilə istifadəçilər ayda 1 dəfə abunəlik haqqı ödəyərək, seçilmiş məkanlardan olan sifarişlərdə çatdırılma haqqı ödənişlərindən azad olunacaqlar".

    "Wolt+" nədir?

    "Wolt+" xidməti ilə istifadəçi aylıq ödəniş ödəməklə "Wolt+" abunəliyinə qoşulmuş restoran və yaxud mağazadan verdiyi hər sifariş üçün ödənişsiz çatdırılma haqqı əldə edir.

    Ayda cəmi 5,49 manat ödəyərək, bütün istifadəçilər pulsuz çatdırılmadan yararlana bilər. Əgər siz ay ərzində 2 dəfədən çox sifariş edirsinizsə, qənaət etdiyiniz məbləğ aylıq ödənişdən daha çox olur.

    Bu necə işləyir?

    "Wolt+" abunəliyinə qoşulduqdan sonra istifadəçilər "Wolt+" daxil olan məkanları "Wolt" tətbiqində kiçik "W+" loqosu ilə tanıya bilərlər. Bu məkanlar istifadəçinin ətrafında olan 4 km radiusu əhatə edir və ödənişsiz çatdırılma abunəliyinin bir hissəsidir. İstifadəçi öz sifarişini əvvəlki kimi yerləşdirir, lakin ödəniş mərhələsinə çatdıqda çatdırılma haqqı əlavə olunmur. İstifadəçi istənilən vaxt hesaba daxil olaraq, "Wolt+" bölməsindən abunəliyi ləğv edə bilər.

    "Wolt+" abunəliyi hal-hazırda Bakı şəhərində aktivdir və 8 AZN-dən başlayan minimal sifariş məbləği ilə keçərlidir.

    "Wolt" şirkəti haqqında

    "Wolt" restoran və mağazalardan çatdırılmanı təmin edən və asanlaşdıran texnologiya şirkətidir. On minlərlə restoran və mağaza partnyorları ilə 25 ölkənin 250-dən çox şəhərində yüz minlərlə kuryer tərəfdaşları ilə fəaliyyət göstərir. "Wolt" şirkəti 2014-cü ildə Finlandiyanın Helsinki şəhərində təsis olunub və baş icraçı direktoru olan Miki Kuusi tərəfindən idarə olunur. 9 noyabr 2021-ci ildə "Wolt" və "Doordash" şirkətlərinin birləşməsi haqqında rəsmi olaraq elan olunub. Bu gün "DoorDash" 29 ölkədə fəaliyyət göstərir, onlardan 25-i "Wolt" məhsulu və brendindən istifadə edir.