Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mədəniyyət Nazirliyi işə qəbul və yerdəyişmə üzrə müsabiqə və müsahibələr keçirəcək

    Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən 2024-2025-ci tədris ili üçün musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən işə qəbul müsabiqə əsasında həyata keçirilir.

    Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla, iki mərhələdə təşkil edilir.

    Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə çalışan direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.

    Müsabiqə və müsahibələrin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

  • Daşkənddə Maqsud Şeyxzadəyə həsr olunan tədbir keçirilib

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə birgə yazıçı, özbək ədəbiyyatının dramaturqu, azərbaycanlı şair, ədəbiyyatşünas-alim, dünya ədəbiyyatı klassiklərinin özbək dilinə tərcümələrinin müəllifi, pedaqoq Maqsud Şeyxzadəyə həsr olunmuş “Azərbaycanlı böyük sima” adlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlmirzəyev yazıçının yaradıcılığının özbək mədəniyyətinin, incəsənətinin bütün sahələrinə təsir etməyindən söz açıb. “Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni, dostluq, qardaşlıq əlaqələrinin qurulmağında Maqsud Şeyxzadənin böyük rolu olub. Mədəniyyət Mərkəzi onun yaradıcılığını hər zaman diqqət mərkəzində saxlayıb. Hər il M.Şeyxzadə ilə bağlı nəşrlər, filmlər, məqalə və televiziya verilişlərinin hazırlanması layihəsinə dəstək verir, konfrans və seminarlar keçirir. Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistan Dövlət Televiziyası dramaturqla bağlı bir neçə sənədli film də ərsəyə gətirib”, - deyə o əlavə edib.

    Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru Dilşod Baratov, ədəbiyyat və humanitar məsələlər üzrə müşavir Şarmatulla Yusupov və özbək dili kafedrasının rəhbəri Nafisa Rahmatullayeva Maqsud Şeyxzadənin əsərlərinin gənc nəslin vətənpərvərlik, qəhrəmanlıq ruhunda yetişməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Qeyd olunub ki, yazıçı öz əsərləri ilə özbək xalqında qəhrəmanlıq və vətənə məhəbbət hisslərini aşılayıb. M.Şeyxzadənin təkcə özbək ədəbiyyatı üçün deyil, eyni zamanda Azərbaycan üçün də dəyərli əsərlər miras qoyduğu bildirilib.

    Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistanın Dövlət Televiziyasının “Mahalla” telekanalının hazırladığı, M.Şeyxzadəyə həsr edilən “Əziz insan” sənədli filmi nümayiş olunub. Ekran əsərində azərbaycanlı və özbəkistanlı alimlərin, incəsənət və mədəniyyət xadimlərinin şairin yaradıcılığı ilə bağlı fikirləri, xatirələri yer alıb.

    Tədbirin sonunda universitetdə təhsil alan tələbələr Maqsud Şeyxzadənin əsərlərindən ibarət şeir kompozisiyaları, tamaşa-səhnəcik və rəqslər ilə çıxış ediblər.

  • “Gələndə ilk bahar xatırla məni...” - Bəstəkar Bəhram Nəsibovun yaradıcılıq gecəsi keçirilib

    “Şahnaz təsnifi”, “Səni qəmli görəndə”, “Sən də həmdəm, mən də həmdəm”, “Xatırla məni”, “Qarabağ”, “Bəxtəvər gəlin”, “Naçar gedər”, “Var gülüşündə”, “Saf eşqim”, “Qal, sənə qurban”, “Eşqimin baharı”, “Ay dəli ceyran”...

    Qəlbimizdə xoş hisslər oyadan bu mahnıların adını çəkmək kifayətdir ki, söhbətin kimdən getdiyi aydın olsun. Təkcə bunlarmı? Yaşadığı dövrdə bəstələri “xalq mahnısı”, təsnif adı ilə təqdim olunan istedadlı bəstəkar Bəhram Nəsibov el arasında sevilən, dillərdə dolaşan, məclislərdə səslənən 200-dək mahnının, eyni zamanda, çoxlu şeir, qəzəl və bəhri-təvilin müəllifi, istedadlı gitara ifaçısı idi.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Filarmoniyasında mərhum bəstəkar Bəhram Nəsibovun 80 illiyinə həsr olunmuş yaradıcılıq gecəsində danışılıb.

    Əvvəlcə bəstəkarın dünyaya göz açdığı Füzuli rayonunda Ərgünəş dağının ətəklərindən, Qozluçayın sahillərindən başlanan həyat yolundan söhbət açılıb, hər notundan doğma yerlərin ətri, nəfəsi gələn tükənməz ilhamla bəstələdiyi mahnılar xatırlanıb.

    Milli Məclisin üzvü Fazil Mustafa bəstəkarın zamanında layiqincə qiymətləndirilməyən parlaq istedadından, onun könül oxşayan mahnılarından danışıb: “Zamanında dəyər verilməyən, öz qiymətini almayan sənətkarlar həmişə olub. Təəssüf ki, bu, Bəhram Nəsibovun da taleyinə düşüb. Lakin uzun illərdən bəri təkrar-təkrar oxunaraq yaddaşlara köçən mahnıları, ruhumuzu oxşayan nəğmələri nəinki öz müəllifini unudulmağa qoymadı, əksinə müğənni və ifaçıların repertuarında özünə daimi yer tutdu, melomanları və sənətsevənləri həmin musiqilərin qanadında yaşatdı. Xüsusilə onu qeyd etməyə dəyər ki, bəstəkarın yazdığı əsərlərdə Qarabağ ruhu, Qarabağ nəfəsi açıqca hiss olunur. Bəlkə də həmin mahnıların sevilməyinin başlıca səbəbi xalqın ruhundan süzülməyi, həzin və ürəyəyatımlı olmağıdır”.

    Gecədə bəstəkarın qələmindən çıxan mahnıları Əməkdar artistlər Nuriyyə Hüseynova, Almaz Orucova, Sevinc Sarıyeva, Vəfa Vəzirova, Hüseyn Məlikov, Ehtiram Hüseynov, Günay İmanverdiyeva, Rəvanə Qurbanova və başqaları ifa ediblər.

    Konserti F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti müşayiət edib. Ansamblın bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev, musiqi rəhbəri Mahir İbrahimovdur (Ordubadi).

    Yaradıcılıq gecəsi bəstəkarın son illərin trend musiqisinə çevrilən “Qarabağ” mahnısının tədbirdə iştirak edən bütün müğənnilərin birgə ifası ilə başa çatıb.

  • Bu gün Xalq artisti Sidqi Ruhullanın anadan olmasından 138 il ötür

    Bu gün görkəmli aktyor və rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Sidqi Ruhullanın ad günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 138-ci ildönümü tamam olan Sidqi Ruhulla Azərbaycan teatrının inkişafına öz töhfəsini vermiş müqtədir sənətkarlardandır.

    S.Ruhulla 1886-cı ildə Bakının Buzovna kəndində müəllim ailəsində anadan olub, ibtidai təhsilini bir kənd müəllimindən alıb. Əsl adı Ruhulla, soyadı Axundov olsa da, gəncliyində "Vətən" dramında Sidqi rolunu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhəti ilə Sidqi ləqəbini qəbul edib.

    Sidqinin mənəvi inkişafında atası Molla Fətullahın da təsiri olub. Qışda Bakıda, yayda isə Buzovnada müəllimlik edən Molla Fətullah özü də elmə, şeir və sənətə çox həvəskar idi. Füzuli və Nəsimi kimi şairləri xüsusilə çox sevər və uzun qış gecələrində bu şairlərin əsərlərini oxuyub, oğluna izah edərdi. Sidqi uşaqlıq və gənclik illərini Buzovnada keçirib. 1903-cü ildə 17 yaşında ikən atası onu Bakıda varlı bir tacirin dükanına şagird verir. Qoca müəllimin məqsədi oğlunu ticarətə alışdırmaq idi. Lakin atanın xəbəri yox idi ki, onun öz oğluna təlim etdiyi kitablar, elm, şeir və sənət onun mənəviyyatını tamamilə başqa bir istiqamətə yönəldib. Onun fikri-zikri təhsilini davam etdirmək idi. Buna görə də onu "ipə-sapa yatmayan şagird" adlandırırdılar. Sidqi vaxtında dükana gəlməz, günlərinin çoxunu elm sahəsində özündən qüvvətli olan gənc ziyalı yoldaşları ilə birlikdə keçirərdi. Sidqinin gənclik yoldaşlarının çoxu maarifpərvər və inqilabçı gənclər idi.

    1904-cü ildə Sidqinin atası ölür. Sidqi dostlarının və yoldaşlarının təşviqi ilə atasından qalan ev şeylərini satıb Moskvaya oxumağa gedir. Moskvada Sidqi qohumlarının köməyilə təhsilini davam etdirə biləcəyinə ümid edirdi. Lakin bu ümid boşa çıxır. Sidqi Moskvada qala bilməyib Bakıya qayıdır.

    O, 1906-cı ildə birinci dəfə Azərbaycan səhnəsində böyük tragik Ərəblinskini Axundzadənin “Vəziri Xani Lənkəran” komediyasında Teymur Ağa rolunda görür. Bu andan Sidqinin gələcək taleyi həll olunur. Sidqi sanki çoxdan axtardığı bir fəaliyyət sahəsini tapır. Onda hələ uşaqlıqdan aktyor sənətinə böyük həvəs var idi. Ərəblinski ilə dostlaşan Sidqi Ruhulla səhnəyə olan həvəsini ona bildirir. O, Sidqinin səsində, qamətində, mimikasında, jestlərində böyük gələcəyi olan aktyoru əvvəlcədən görə bilir və Sidqini səhnəyə cəlb edir.

    1906-cı ildə Sidqi birinci dəfə Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolunda səhnəyə çıxır. O vaxt milli teatr səhnəsində Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdilər.

    Sidqi Bakının müxtəlif fəhlə rayonlarında çıxış edir, arabir şəhərdə də tamaşa verirdi. Sidqinin hələ ilk kiçik rolları onun fövqəladə bir istedada malik olduğunu aydın göstərirdi. Xüsusilə Ərəblinski Sidqinin istedadına çox böyük qiymət verirdi. Ərəblinski Haqverdiyevin "Dağılan tifaq" faciəsinin bir əlyazmasını Sidqiyə bağışlayıb üzərində yazmışdır: "Şagirdim Sidqi Ruhullaya".

    1908-ci ildə Bakıda "Morskoe Sobranie" zalında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsi tamaşaya qoyulur. Burada Rüstəm bəy rolu Sidqiyə tapşırılır. Bu rolda Sidqi öz ifasının təbiiliyi, rolu dərindən hiss edib yaşaması ilə diqqəti cəlb edir. Bu tamaşadan sonra Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır. Ərəblinski ilə birlikdə bir neçə ay İrəvan, Naxçıvan, Tiflis, Batumi və Vladiqafqazı gəzib tamaşalar verir. Bir neçə il sonra Sidqi Ruhulla yenə səyyar aktyor kimi İrana gedir. Sidqini bu qastrola göndərən və həvəsləndirən Ərəblinski idi.

    50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla həmişə zəngin həyat təcrübəsi, müşahidə, bilik, məharət və bacarıq, gərgin əmək tələb edən 300-ə yaxın müxtəlif surətlər silsiləsi yaradıb. O, Azərbaycan yazıçılarından Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Sabit Rəhman, Süleyman Rüstəm, Rəsul Rza, İlyas Əfəndiyevlə yanaşı rus klassiklərinin, qərb dramaturqlarının da əsərlərində müxtəlif rollar ifa edib.

    Sidqinin səhnə fəaliyyəti ilə yanaşı, öz sənəti ilə əlaqədar olan ictimai fəaliyyətini də qeyd etmək lazımdır. Aktyor və aktrisaların yeni nəslinin tərbiyəsində, başqa görkəmli səhnə ustaları kimi, Sidqinin də müəyyən xidməti olub. Onun arxivində əksəriyyəti gənclər tərəfindən yazılmış yüzdən artıq məktub var ki, bu məktub və şeirlərin çoxunda Azərbaycan teatrının yeni qüvvələri onlara xüsusi qayğı göstərdiyi üçün öz təşəkkürlərini bildirirlər.

    1931-ci ildə Sidqi Ruhulla Azərbaycan SSR-nin Əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR Xalq artisti, 1949-cu ildə SSRİ Xalq artisti adını alıb.

    Sidqi Ruhulla 1959-cu ildə 73 yaşında vəfat edib.

  • “Mən Moskvanı gəzirəm” filminin ekranlara çıxmasından 60 il ötür

    Milyonlarla tamaşaçının sevgisini qazanmış əfsanəli “Mən Moskvanı gəzirəm” bədii filminin ekranlara çıxmasından 60 il ötür.

    AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, məşhur rejissor Georgi Daneliyanın kinodramaturq Qennadi Şpalikovun ssenarisi əsasında lirik komediya janrında çəkdiyi filmin premyerası 1964-cü il aprelin 11-də Moskvadakı “Rusiya” kinoteatrında olub. Lentin operatoru bir çox maraqlı kinolentlərində işləri ilə tanınan Vadim Yusovdur.

    60-cı illərin mühitini əks edən “Mən Moskvanı gəzirəm” filmi o zaman dəbdə olan italyan neorealizmi və fransız “yeni dalğa”sı cərəyanları üslubunda çəkilib, Sovet İttifaqında isə bu “yumşaq” kino adlanırdı.

    Aralarında səmimi dostluq, sevgi, bağlılıq hissləri olan gənclərdən bəhs edən bu filmdə baş rolda 18 yaşlı Nikita Mixalkov çəkilib. Filmdə debüt rollarını daha sonra geniş tamaşaçı auditoriyasının sevgisini və etibarını qazanan bir çox gənc aktyorlar ifa edib.

  • Gəncədə yeni yarımstansiya tikiləcək

    "Azərişıq" ASC Gəncə şəhərində "Mərkəz" yarımstansiyasının inşasına hazırlaşır.

    "Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, 110/35 kV-luq 2x40 MVA gücündə yarımstansiyasının tikintisi üçün təxminən 16 milyon manat vəsait ayrılıb.

  • Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

    10-14 aprel qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.

    "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

    Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 126 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 3 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

    Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

    https://uploads.cbar.az/press-releases/3b3aeb3e1ef61ca1c86aec167.pdf

    https://uploads.cbar.az/press-releases/c0b0ae4c35422b6b79d86a1f4.pdf

    https://uploads.cbar.az/press-releases/f92afe9000f421688adadd472.pdf

  • Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşasına başlanılıb

    Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşasına başlanılıb.

    "Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    Uzunluğu 80 km, hərəkət hissəsinin eni 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

    Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.

    Layihənin çətin relyefə malik dağlıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi, layihə eninin alınması üçün qayaların partladılması üsulundan istifadə olunacaq.

    Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa yol boyu 6 körpünün, lazımi yerlərdə istinad divarının inşası da nəzərdə tutulub.

    Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

    Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

  • “TikTok” foto paylaşmaq üçün sosial şəbəkə yaradacaq

    “TikTok” istifadəçilərə fotoşəkilləri paylaşmağa imkan verəcək yeni əlavə hazırlayır.

    “Report” xəbər verir ki, bu barədə TechCrunch portalı məlumat yayıb.

    Qeyd olunur ki, “TikTok” istifadəçiləri böyük ehtimalla “TikTok Notes” adlanacaq yeni proqramla bağlı artıq bildirişlər almağa başlayıblar, baxmayaraq ki, o, rəqəmsal mağazalarda hələ mövcud deyil.

  • Bakıda Əbdülvahab Salamzadə küçəsində normal gediş bərpa olunub

    Bakıda texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan yük maşını ərazidən götürülüb.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Qeyd olunub ki, yolda nəqliyyatın hərəkətinə yaranmış məhdudiyyət aradan qaldırılıb.