“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi (DTMQİ) tərəfindən keçirilən təltifetmə mərasimində Mak’TAB (Tarixi Abidələrin Bərpası Məktəbi) məzunlarına diplomları təqdim olunub.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə, ADA Universitetinin rektoru Hafiz Paşayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Beynəlxalq Muzeylər Şurasının üzvü (BMŞ - ICOM) Erix Pummer, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək layihənin önəmindən bəhs edib, Mak’TAB məzunlarına mədəni irsimizin qorunması ilə bağlı gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra layihənin hesabat xarakterli videoçarxı nümayiş olunub.
Təltifolunma mərasimində, həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev və UNESCO yanında Abidələr və Tarixi yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) vitse-prezidenti Riin Alatalonun tədbir iştirakçılarına videomüraciətləri nümayiş olunub.
Qeyd edək ki, icrasına 2022-ci ildən başlanılan Mak’TAB layihəsinin əsas məqsədi tarixi-memarlıq abidələrinin bərpası sahəsində dövlət və özəl qurumlarda fəaliyyət göstərən bərpaçıları bir araya gətirərək beynəlxalq təcrübə ilə tanış etmək, onlara dünyanın qabaqcıl bərpaçılarının tətbiq etdiyi müasir metodları aşılamaq və bu istiqamətdə əlavə bilik və bacarıqlara yiyələnmələrinə dəstək verməkdir.
Ümumilikdə təşkil olunan 10 tədris modulunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Şuşa Şəhər Dövlət Qoruq İdarəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Mədəniyyət Nazirliyinin Qobustan Milli Tarix - Bədii Qoruğu və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi və Bakı Abadlıq Xidmətindən, həmçinin digər qurumlardan 28 nümayəndə alman alimi Corc Gilbertin, BMŞ-nin üzvü və “Atelier Erich Pummer” şirkətinin rəhbəri Erix Pummer tərəfindən keçirilən nəzəri və praktiki məşğələlərdə iştirak ediblər.
Mak’TAB layihəsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Avstriyanın “Atelier Erich Pummer” şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.
Bakıda Avropa Bədii Sənətkarlıq Günləri (EACD) təşəbbüsü çərçivəsində “NUR Art House” incəsənət evinin və Keramika Mərkəzinin dəstəyi ilə “Arts Council Azerbaijan” QHT ilə “World Crafts Council Europe” təşkilatının birgə təşkil etdikləri bir sıra tədbirlər keçirilib. Builki tədbirlərin “Kiçik barmaqlar, bacarıqlı əllər” mövzusu yeniyetmə tamaşaçılara xitab edib.
AZƏRTAC xəbər verir ki, Avropa Bədii Sənətkarlıq Günləri Azərbaycanın qeyri-maddi mədəni irsinə həsr olunmuş sərgi ilə açılıb. Təşkilatçıların qeyd etdiyi kimi, onun məqsədi Azərbaycanın incəsənətini və zəngin mədəni irsini, Azərbaycan xalqının həyat tərzini və qədim adət-ənənələrini təbliğ etmək idi. Sərgidə xalçalar, mis qablar, rəsmlər, keramika, kəlağayılar yer alıb.
Daha sonra Avropa Bədii Sənətkarlıq Günləri tədbirləri çərçivəsində Mir-Teymur Məmmədov tərəfindən keramika üzrə bir neçə ustad dərsləri keçirilib. Tanınmış usta öz bilik və təcrübəsini iştirakçılarla bölüşüb, onlara unikal sənət əsərləri yaratmağa kömək edib.
Avropa Bədii Sənətkarlıq Günləri uşaqların yaradıcılıq işlərindən ibarət xeyriyyə sərgi-yarmarkası ilə başa çatıb. Yarmarkanın kuratoru qismində 132-134 nömrəli ümumtəhsil kompleksinin şagirdi Sürayə Məmmədli çıxış edib.
Sərgi-yarmarkada Bakı məktəblərinin istedadlı şagirdlərinin, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Peşə Reabilitasiyası Mərkəzinin və Sosial Xidmətlər Agentliyinin yetirmələrinin əsərləri nümayiş etdirilib. Əsərlərin satışından əldə olunan gəlirin bir hissəsi sağlamlıq imkanları məhdud uşaqlar üçün xeyriyyə işlərinə yönəldilib.
Bununla yanaşı, Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində autizm diaqnozu qoyulmuş qız Anna Rainin əsərlərinin nümayişi olub. Bu gözəl tədbir gənc rəssama öz istedadını nümayiş etdirmək və əl işlərini ictimaiyyətlə bölüşmək, incəsənətdə və bütövlükdə cəmiyyətdə müxtəliflik haqqında mühüm dialoqu təşviq etmək imkanı verib.
Sərginin rəsmi açılışında Ümumdünya Sənətkarlıq Şurasının Avropa nümayəndəsi Sona Quliyevanın qeyd etdiyi kimi, Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində Azərbaycanda ikinci dəfədir ki, tədbir keçirilir: “Ənənəvi olaraq, baharın əvvəlində müxtəlif Avropa ölkələrində Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində tədbirlər keçirilir. Ümumdünya Sənətkarlıq Şurasının Avropa üzvü olan ölkələr hər il bir həftə ərzində sənətkarlıq tədbirlərinə ev sahibliyi edir”.
Tədbirin açılışında çıxış edən “Arts Council Azerbaijan” QHT-nin rəhbəri Dadaş Məmmədov qeyd edib ki, Avropa Bədii Sənətkarlıq Günləri 2002-ci ildə təsis edilib. O əlavə edib: “Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində Avropanın müxtəlif ölkələrində sərgilər keçirilir. Ümumdünya Sənətkarlıq Şurasının Avropa üzvü kimi qısa müddət ərzində bir çox tədbirlərə ev sahibliyi etmişik və bu, bizə mədəniyyətimizi və incəsənətimizi xaricdə nümayiş etdirmək imkanı verib”.
Dadaş Məmmədov, həmçinin çıxışında Avropa Bədii Sənətkarlıq Günlərinin Azərbaycanda keçirilməsinə göstərdikləri dəstəyə görə “NUR Art House” qalereyasının rəhbəri Röya Tağıyevaya və Keramika Mərkəzinin rəhbəri Mir-Teymur Məmmədova təşəkkürünü bildirib.
Qeyd edək ki, Bədii Sənətkarlıq Günləri Milli İncəsənət İnstitutunun (INMA) təşkilatçılığı ilə sənətkarlığa həsr olunmuş ilk beynəlxalq tədbir olub. “EACD 2024” tədbirində 20-dən çox ölkə iştirak edir.
Şuşa şəhərində Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının “Səsin tədqiqi elmi laboratoriyası” və “Azerbaijan Voice Orqanization-LLC”nin birgə layihəsi olan “Şuşanın səsi - Azərbaycanın səsi 2” adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir 16 Aprel - Ümumdünya Səs Gününə həsr olunub.
Konfransda Azərbaycan muğam ifaçılarının səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi, “Şuşanın təbiəti, səsləri və oxuma mədəniyyəti”, “Qarabağ xanəndəlik sənətinə dair bəzi mülahizələr” və “Azərbaycan muğam xanəndəlik sənəti foniatrik tədqiqatlarda” mövzusunda elmi məruzələr dinlənilib.
Tədbirin bədii hissəsində Sədəf Budaqova və Gülzar Fərəcovanın ifasında musiqi nömrələri səsləndirilib.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Naxçıvan – 100 illik şanlı tarix” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşları bu dəfə “Naxçıvan Muxtar Respublikası - 100” adlı təqvim hazırlayıb.
Təqvimin hazırlanmasında məqsəd Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutan, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamış Naxçıvan diyarı haqqında məlumatların geniş oxucu kütləsi arasında təbliğidir. Təqvimin birinci buraxılışı Naxçıvanın dini, elmi, mədəni, tarixi-memarlıq nümunələrinə, folkloruna, milli geyim, musiqi alətlərinə, rəqs, mətbəx nümunələrinə həsr edilib. Burada sözügedən mövzuları əhatə edən yazı materialları və fotogörüntülər təqdim olunub.
Məhdud sayda nəşr olunması nəzərdə tutulan təqvimin ikinci hissəsi bu diyarın görkəmli şəxsiyyətlərinə həsr edilib. Naxçıvan Muxtar Respublikasından bəhs edən məqalələri cəmləyən “Naxçıvan - 100” rubrikada isə “Heydər Əliyev: milli dövlət quruculuğunun Naxçıvan mərhələsi”, “Cahanın Nəqşi - Naxçıvan səyyah və coğrafiyaşünasların gözü ilə...”, “Qədim türk yurdu – Azərbaycanın ayrılmaz hissəsi”, “Möhtəşəm minilliklərin şanlı 100 ili”, “Şərqdən doğan Günəşə boylanan diyar” kimi məqalələrin tam mətni nümayiş olunub.
Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in yaranmasından 118 il ötür. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çıxıb.
AZƏRTAC xəbər verir ki, XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi mühitində mürəkkəb hadisələr baş verməkdə idi. Bu hadisələr “Şərqi-rus”, “Həyat” və “İrşad” kimi ciddi üslublu mətbuat orqanlarında öz əksini tapsa da, aktual problemləri geniş kütlələrə daha sadə, aydın, hər kəsin anlayacağı dildə çatdıran mətbuat orqanına ehtiyac duyulurdu. “Molla Nəsrəddin” jurnalı ictimai-siyasi zərurətin nəticəsi kimi meydana gəldi; nəşrin müəllifi və redaktoru, görkəmli yazıçı C.Məmmədquluzadənin dediyi kimi, “Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı”. Jurnalın bu cür adlandırılması da maraqlıdır. Məlumdur ki, Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı qəhrəmanıdır və həmişə də nadanlığa, haqsızlığa gülə-gülə münasibət bildirib. C.Məmmədquluzadə də Molla Nəsrəddinin dili ilə xalqın istək və arzularını açıqlayır, onu güldürür, düşündürür, həm də yol göstərirdi.
Nəşrin 1-ci nömrəsində əhatə olunmuş ədəbi, ictimai-siyasi məsələlər sonralar da dövrün tələbinə uyğun şəkildə davam və inkişaf etdirilib. Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. İyirmi beş il ərzində 748 nömrəsi çıxıb.
Jurnal öz "lüğət"lərində, "tapmaca"larında, "mükalimələr"ində, "hesab məsələləri"ində, felyeton və satirik şeirlərində mütərəqqi ideyaları təbliğ edib. Dərgidə müstəqil dövlətçilik ideyaları, xalqın maarifləndirilməsi, milli-mənəvi özünüdərk prosesləri, cəmiyyətin demokratik inkişafı məsələləri mühüm yer tutub. Sosial-siyasi problemlər sadə xalq dilində, düşündürücü şəkildə, orijinal satirik vasitələrlə əks etdirilib.
Dövrünün tanınmış sənətkarları Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Əzim Əzimzadə, Oskar Şmerlinq və başqaları mollanəsrəddinçi tənqidi-realist ədəbiyyatın inkişafında böyük xidmətlər göstəriblər.
Jurnalın nəşri ilə Azərbaycan mətbuatında yeni istiqamət - "Molla Nəsrəddin" adlı fikir cərəyanı və ədəbi məktəb yaranıb, satirik jurnalistikanın və karikatura sənətinin əsası qoyulub.
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması ilə bağlı təşkil edilən Komissiyanın növbəti iclası keçirilib
"Report"un yerli bürosu xəbər verir ki, komissiya tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası müəyyənləşdirilməsi ilə bağlı aparılan işlər haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, komissiya tərəfindən ilkin olaraq Qoruğun ərazisi 240 ha müəyyənləşdirilib.
İclasda həmçinin növbəti mərhələdə görüləcək işlər geniş müzakirə olunub.
Qeyd edək ki, 21 fevral 2024-cü il tarixdə Prezident İlham Əliyev “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncamla Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.
Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb.
"Report" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.
Məlumata görə, operatorlar adsızlaşdırılmış məlumatları real vaxt rejimində həmin sistemə ötürəcək. Bununla yanaşı ərazidə fiziki olaraq AYNA və yol polisi əməkdaşları buraxılış kartlarını yoxlayacaq.
Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.
Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində təmir-bərpa işlərinə start verilib.
"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir-bərpa işləri hazırda avtomobil yolunun 14-15-ci km-də aparılır.
Uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun müəyyən hissələrində monolit-beton örtükdə çatlar və dağılmış hissələr yaranıb.
Təmir-bərpa işləri çərçivəsində yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilir, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılır.
Bu işlər yekunlaşdıqdan sonra yola lazımi qalınlığında monolit-beton tökülərək örtük bərpa olunur.
Sonda təmir-bərpa işləri yekunlaşan hissə üzrə yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetiriləcək.
Sözügedən yol ilə nəqliyyat axının intensivliyi nəzərə alınaraq hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından işlərin aparıldığı hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
Dövlət Film Fondunda, Dövlət Kino-Foto Sənədləri Arxivində və digər bu tip arxiv və mənbələrdə kinematoqrafiyaya aid audiovizual materialların, foto və sənədlərin vahid reyestrinin yaradılması və qorunması nəzərdə tutulur. Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan kino klassiklərinin Dövlət Film Fondunda və yaxud yeni yaradacağımız kino muzeyində fərdi guşələrinin açılması və onlara aid olan əşya və sənədlərin bu muzeydə toplanaraq qorunmasını planlaşdırırıq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlun deyib.
Onun sözlərinə görə, ARKA AMEA ilə birlikdə kino irsini təbliğ edən “Milli kino tarixi” çoxcildliyinin nəşri, kino xadimlərinin yaradıcılığını və avtobioqrafiyasını əks etdirən elektron antologiyanın hazırlanmasını da nəzərdə tutur: “Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, milli kinomuzun təbliğ edilməsi məqsədilə A kateqoriyalı festivallarda Azərbaycan pavilyonlarının açılması haqqında artıq mədəniyyət naziri tərəfindən də qərar verilib. May ayında Kann festivalında Azərbaycan pavilyonlarının qurulmasına başlanılacaq. Ölkəmiz Kann festivalında yeni yanaşmamızın və yeni kino fəlsəfəmizin təqdimatı ilə təmsil olunacaq. Həmçinin ölkə daxilində fəaliyyət göstərən telekanallarda təbliğat mexanizmi olaraq müxtəlif təyinatlı kino verilişlərinin hazırlanması, müstəqil kino və mədəniyyət portallarının dəstəklənməsi nəzərdə tutulur”.
Milli kino sənətimizin inkişafında xidmətləri olan tanınmış simalardan biri də kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovdur. Onun filmlərinin hər birinin öz maraqlı süjeti, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi var. Tofiq İsmayılov Azərbaycan kino sənətinə dəyərli filmlər bəxş etməklə yanaşı, pedaqoji fəaliyyəti ilə də neçə-neçə tələbə yetişdirib.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasından 85 il ötür.
Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Bakı şəhər 190 nömrəli tam orta məktəbi bitirib. M.A.Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində, sonra Rejissorluq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb. Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, “Azərbaycanfilm” studiyasında rejissor köməkçisi, orada bədii təlimlər rejissoru vəzifələrində çalışıb. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb. Sonra “Azərbaycanfilm” studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. Tofiq İsmayılov bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Kinoaktyor” studiyasının bədii rəhbəri olub. 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq kafedrasında müəllim kimi çalışıb, kafedranın müdiri olub. 1994-2006-cı illərdə dəvət əsasında Türkiyənin Memar Sinan İncəsənət Universitetində professor işləyib. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
Onun “Sənətkarlığımızın portreti” silsiləsindən çəkilmiş bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə kimi mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığına həsr edilib. Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi “Ağ dəsmal” 1962-ci ildə “Göyərçin” jurnalında dərc edilib.
Tofiq İsmayılov 2016-cı il martın 25-də Bakı şəhərində vəfat edib.