Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Lənkəranda şəhid ailələri ilə görüş keçirilib

    Ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Zəfər Muzeyinin fondunun komplektləşdirilməsi ilə əlaqədar Lənkəran şəhər Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş keçirilib.

    AZƏRTAC xəbər verir ki, Mərkəzin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan İstiqlal Muzeyinin elmi fond işləri üzrə direktor müavini Aida Axundova şəhidlərimizə məxsus şəxsi əşyaların, sənədlərin, fotoların, video yazıların və s. materialların yaxın gələcəkdə yaradılacaq Zəfər Muzeyində onların nümayiş etdirilməsi, həmçinin saxlanılması üçün Azərbaycan İstiqlal Muzeyinə təhvil verilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

    Qeyd edək ki, 2021-ci ilin yanvar ayından cari ilin müvafiq dövrünə qədər Zəfər Muzeyinin fondlarına 8000-dən çox eksponat toplanılıb.

  • II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunacaq

    İyunun 5-dən 11-dək ölkəmizdə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı təşkil olunacaq. Ötən il türkdilli ölkələrdən alimlərin, yazarların iştirakı ilə 3 gün davam edən bu festival böyük marağa səbəb olmuşdu. Festivalın təşkilində məqsəd kitabı təbliğ etmək və kitaba olan marağı artırmaqdır. Həmin festivalın bu il də keçirilməsi nəzərdə tutulur.

    Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza deyib.

    “Budəfəki festival tədbiri AMEA-nın önündəki park ərazisində təşkil olunacaq. Festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edəcəklər. Bundan əlavə, orada tədbirlər üçün böyük səhnə qurulacaq. Festival hər gün bir ölkənin adı ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü kimi adlandırılacaq. Eyni zamanda, müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunacaq. Bundan başqa uşaqlarla bağlı xüsusi layihələr nəzərdə tutulub. Gündəlik olaraq uşaq saatları keçiriləcək və uşaq tamaşaları nümayiş olunacaq. Bu layihə ilə bağlı müxtəlif qurumlarla əməkdaşlıq nəzərdə tutulur. Həmçinin bizim builki festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də gözlənilir. Hər il iyunun 5-də bizdə "Şairlər günü" layihəsi həyata keçirilir. Bu il də XI "Şairlər günü" layihəsi elə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı ilə birləşdirilərək ümumi formatda təşkil olunacaq", - deyə X.Rza bildirib.

  • Alimlər Renessans dövrünün böyük rəssamlarının sirrini açıblar

    Botiçelli və da Vinçinin rəsmləri hətta 500 il sonra da öz parlaq rəngləri ilə tamaşaçısını heyran edir. Yağlı boyalara yumurta sarısının əlavə edilməsi bu tabloları əbədiyaşar edir, onların üzərindəki boya təbəqəsində qırışlar və çat əmələ gəlməsinin qarşısını alır, həmçinin boyaların rənginin dəyişməz qalmasına səbəb olur.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu qənaəti İtaliyanın Piza Universitetinin və Almaniyanın Karlsrue Texnoloji İnstitutunun alimləri hasil ediblər. Onların bu kəşfi haqqında məqalə “Nature Communications” jurnalında dərc olunub.

    Suda həll olunmuş yumurta sarısından rəngləmək üçün piqmentləri birləşdirən maddə kimi istifadənin tarixi qədim zamanlara gedib çıxır. Lakin XV əsrdə Avropa rəssamları yağlı boyalarla rəsm çəkməyə başladılar və birləşdirici element qismində kətan yağından istifadə etdilər. Bununla belə, tədqiqatlar göstərir ki, Renessans dövrünün bir çox görkəmli rəssamları – Sandro Botiçelli və Leonardo da Vinçi yağlı boyalara yumurta sarısı qatmağa davam ediblər. Onların bunu nə üçün etdikləri bu günədək məlum deyildi.

    Bu suala cavab vermək üçün professor Norbert Villenbaxer və onun həmkarları eksperiment həyata keçirdilər və üç növ boya hazırladılar. Birincidə piqmentlərə kətan yağı əlavə edilib, ikincidə bu məhlula bir neçə damcı yumurta sarısı qarışdırılıb, üçüncüdə piqmentləri əvvəlcə suda həll edilmiş yumurta sarısı, məhlul quruduqdan sonra isə yağla siliblər.

    “Məlum olub ki, yumurta sarısı boyanın keyfiyyətinə, ilk növbədə onun qatılığına əhəmiyyətli dərəcədə təsir edib. Məhz yumurta sarısı əlavə olunmuş boya ilə impasto texnikasından (kətanın rənglənmiş təbəqələri axmadan onun səthini örtür) istifadə etmək mümkündür. Boyanın aşağı təbəqələrinin qatılığı sayəsində onun xarici təbəqəsi çatlamır və qırışmır”, - deyə Villenbaxer “The Guardian” nəşrinə şərhində bildirib.

    Bundan başqa, yumurta sarısı boya təbəqələrini rütubətdən qoruyur, xüsusən, bununla ağ-gümüşü rənglərin saralmasının qarşısını alır. Məhz bunun sayəsində yağlı boyalar gec quruyur və bu, onları daha da dayanıqlı edir, rəsm əsərinin uzun müddət yaxşı qalmasına şərait yaradır.

  • Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığa dair yol xəritəsi hazırlanacaq

    Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığa dair yol xəritəsi hazırlanacaq.

    Report xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin Özbəkistan Kinematoqrafiya Agentliyinin rəhbəri Firdavs Abduhalikovla görüşündə bildirilib.

    Görüş zamanı Azərbaycan və Özbəkistan kino sahəsində əməkdaşlıq, iki ölkə kinematoqrafçılarının birgə film layihəsinin reallaşdırılması, təcrübə mübadiləsi, hər il Özbəkistanda keçirilən ənənəvi “İpək yolunun incisi” adlı Daşkənd Beynəlxalq Kino Festivalında Azərbaycan tərəfinin daha geniş təmsil olunması müzakirə olunub.

    F.Abduhalikov iki ölkənin kino fondlarının əməkdaşlığının uzun tarixə malik olduğunu və son illərdə daha sıx əməkdaşlıq etdiklərini qeyd edib.

    Tərəflər cari ilin sentyabr ayında Azərbaycan kinematoqrafçılarının Özbəkistanda keçiriləcək XV Beynəlxalq Daşkənd Kino Festivalında iştirakının təmin edilməsi, festivala təqdim olunacaq Azərbaycan filmlərinin dublyajı, retro fimlərimizin nümayişi, festival çərçivəsində “Azərbaycan kino günləri”nin keçirilməsi, qarşılıqlı olaraq hər iki ölkənin televiziya kanallarında qarşı tərəfin bədii filmlərinin nümayişi, filmlərin qarşılıqlı mübadiləsi, tərəflər arasında əməkdaşlığa dair yol xəritəsinin hazırlanması, Bakıda “Özbəkistan kino günləri”nin təşkili məsələləri, birgə layihələrin həyata keçirilməsi, habelə ötən il Bakıda keçirilən “Özbəkistan kino günləri”ndə nümayiş etdirilən “Əbədi dostluq və qardaşlıq” sənədli filminin ikinci hissəsinin çəkilişinə dəstək barədə razılığa gəliblər.

  • Milli Kitabxanada tədbir - “31 Mart soyqırımını unutmadıq”

    Martın 31-də Milli Kitabxanada “31 mart Soyqırımını unutmadıq” adlı tədbir, ənənəvi kitab sərgisinin açılışı və elektron məlumat bazasının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə qeyd edilib ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Soyqırımı nəticəsində erməni silahlı dəstələri tərəfindən on minlərlə azərbaycanlı amansızcasına öldürülüb.

    Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan ”31 Mart Azərbaycanlıların soyqırımı günü” adlı elektron məlumat bazası (http://anl.az/soyqirim/) nümayiş olunub. Elektron məlumat bazası “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Görkəmli şəxslər Mart soyqırımı haqqında”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya”, “Soyqırımı yaddaşlarda” adlı bölmələrdən ibarətdir.

    Sonda tədbir iştirakçıları və qonaqlar “31 Mart – Azərbaycanlıların soyqırımı günüdür” adlı sərgi ilə tanış olublar.

    Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə mart soyqırımına hüquqi-siyasi qiymət verilib. 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

  • Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirəsi anılıb

    Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, görkəmli xanəndə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, gecədə Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi xanəndənin həyat və yaradıcılığından söz açıb.

    Konsert proqramı ilə davam edən tədbirdə unudulmaz xanəndənin repertuarından muğamlar, bəstələdiyi mahnı və təsniflər səsləndirilib.

    Tanınmış incəsənət xadimləri və xanəndənin ailəsinin də iştirak etdiyi tədbirdə əslən Cənubi Azərbaycandan olan dünyaca məşhur rəssam və xanəndə Vədud Müəzzin Əlibaba Məmmədovun özünəməxsus ustalıqla yaratdığı portretini ailə üzvlərinə hədiyyə edib.

  • Xalq artisti Könül Xasıyevanın yaradıcılıq gecəsi keçiriləcək

    Aprelin 3-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Könül Xasıyevanın yaradıcılıq gecəsi keçiriləcək.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsert proqramında xanəndənin ifasında muğamlarımızla yanaşı, xalq mahnılarımız da səslənəcək. Gecədə həmçinin xanəndənin sənət yoldaşlarının da çıxışları nəzərdə tutulur.

  • Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”

    Aprelin 1-də Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsəri əsasında hazırlanmış “Meyvələrin söhbəti” tamaşasının premyerası olacaq.

    AZƏRTAC xəbər verir ki, tamaşa “Muğam dünyanı birləşdirir!” layihəsi çərçivəsində hazırlanıb. Layihənin məqsədi gənc tamaşaçıları Azərbaycanın xalq musiqisi və digər ölkələrin ədəbi əsərləri ilə tanış etməkdir.

    Tamaşada rolları İskra Tarant, Yevgeni Maksimov, Məmməd Əlili və Sona Abdullayeva, eləcə də xanəndə Elgiz Əliyev ifa edirlər.

    “Meyvələrin söhbəti” tamaşasında deyilir ki, həyatda hər kəsin öz yeri var. Başqalarını alçaltmaqla öz ləyaqətini ucalda bilməzsən.

  • Bakıda növbəti Uşaq Kitab Festivalı təşkil olunacaq

    Aprelin 8-dən 11-dək Bakı İdman Sarayında II Uşaq Kitab Festivalı təşkil ediləcək.

    “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, festival çərçivəsində Bakı İdman Sarayında on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, əyləncəli tamaşalar təşkil olunacaq.

    Qeyd edək ki, tədbirin təşkilatçıları “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin Elm və Təhsil Nazirliyidir.

    Girişi sərbəst olan tədbirdə məşhur uşaq yazıçılarının imzalı kitabları festival ziyarətçilərinə təqdim ediləcək.

  • Azərbaycanda ilk teatr forumu keçiriləcək

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində aprelin 10-11-də Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçiriləcək.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, forumun rəsmi açılış mərasimi aprelin 10-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

    Tədbirdə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunacaq, sonra forum öz işinə panel müzakirələrlə davam edəcək. Panel müzakirələri “Azərbaycan teatrında ənənələr və trendlər”, “Milli teatrda müasir aktyor məktəbi: yenilənmə prosesində sistemli yanaşma”, “Konsepsiya və strateji hədəflər”, “Teatr sahəsində insan kapitalının inkişafı” mövzularına həsr olunub.

    Foruma ekspert kimi dəvət edilən Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Qriqoriy Zaslavskinin və Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) kafedra müdiri, prodüser Elşən Məmmədovun çıxışları tədbirin proqramına daxil edilib.

    Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.

    Forumda respublikanın tanınmış teatr xadimləri, rejissor və aktyorları, paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların rəhbər və yaradıcı kollektivlər, xalq teatrları və müstəqil teatrların nümayəndələri, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı nəzərdə tutulub.

    Heydər Əliyev Mərkəzində gerçəkləşəcək forumda iştirak üçün nazirliyin rəsmi internet saytında (“culture.gov.az”) yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.