Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanın türkdilli ölkələrlə qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

    Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrlə qarşılıqlı investisiya qoyuluşu 35 milyard ABŞ dollarını keçib.

    Report Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Macarıstanın paytaxtı Budapeştdə keçirilən TDT-nin enerji nazirlərinin III iclasında bildirib.

    O, ölkə prezidentinin təşəbbüsü ilə Ankarada Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsini türk dövlətləri arasında yüksək həmrəyliyin göstəricisi kimi qeyd edib, bildirib ki, münasibətlərin yeni səviyyəyə yüksəldilməsinə dövlət başçılarının ortaq strateji baxışları, son dövrlər intensivləşən təmasları, çoxvektorlu əməkdaşlığın yol xəritəsini müəyyənləşdirən tarixi əhəmiyyətli səfərləri töhfə verməkdədir. Nəticədə bu gün münasibətlərimizin xarakterini qardaşlıq, dostluqdan əlavə strateji tərəfdaşlıq və müttəfiqlik müəyyənləşdirir.

    Nazir çıxışında türk dövlətlərinin mənəvi birliyinin siyasi-iqtisadi tərəfdaşlıqlarla möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edib, təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 42,7% artaraq 7,2 milyard ABŞ dollarını keçdiyini, bu ölkələrin iqtisadiyyatımıza 14,3 milyard ABŞ dolları, Azərbaycanın isə bu dövlətlərə 21 milyard ABŞ dollarından çox investisiya qoyduğunu qeyd edib. Enerji əməkdaşlığının inkişafının əhəmiyyəti isə ölkələrimizin rifahı və Avrasiyada enerji təhlükəsizliyi aspektində dəyərləndirilib. O, bildirib ki, TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyəyə 20,9 milyard kubmetr, Avropaya isə 22 milyard kubmetr Azərbaycan qazı tədarük edilib. Bu il 24,5 milyard kubmetr gözlənilən qaz ixracımızın 10,2 milyard kubmetrinin Türkiyəyə, 12 milyard kubmetrə yaxın həcmin isə Avropaya tədarükü nəzərdə tutulur.

    P.Şahbazov Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığın isə Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələrinin genişləndirilməsi, Azərbaycanın “yaşıl enerji”nin tədarükçüsünə çevrilməsi ilə bərabər türk dövlətləri arasında enerji əməkdaşlığına da yeni impuls verdiyi vurğulayıb: “Dekabrda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin və bu ilin yanvarında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunun imzalanması imkan verir ki, Macarıstan yeni mənbədən təbii qaz və elektrik enerjisi ilə təmin edilsin. Xəzəri Avropaya birləşdirən “yaşıl enerji” dəhlizinin Azərbaycan başlanğıc nöqtəsidirsə, Macarıstan son məntəqəsidir. Lakin hesab edirik ki, Macarıstan gələcəkdə bu dəhlizi yeni ölkələrə genişləndirən, “yaşıl enerji”nin tranzit qovşağı olacaq.”

    Nazir BTC ilə illik 1.5 milyon ton Qazaxıstan neftinin dünya bazarlarına nəqlinə, Özbəkistanla yeni layihələrə başlanması, həmçinin Türkmənistanla enerji sahəsində üçtərəfli formatda əməkdaşlığa dair sənədin imzalanmasını da mühüm irəliləyişlər kimi qeyd edib, türk dövlətlərini Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi prosesində iştiraka dəvət edil.

    Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan, Türkmənistan və Şimali Kipr isə müşahidəçi dövlətlərdir.

  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib

    Prezident İlham Əliyev “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012-ci il tarixli qanununun tətbiqi barədə” 4 sentyabr 2012-ci il tarixli və “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 22 may 2015-ci il tarixli nömrəli fərmanlarında dəyişiklik edib.

    Report xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

    Fərmana əsasən, Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən mədəni irs obyektləri aşkar edildikdə, aparılan iş dərhal dayandırılır və bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə məlumat verilir.

    Bu halda tikinti işlərinin davam etdirilməsi barədə qərarı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qəbul edir.

  • Bakının Müzəffər Nərimanov küçəsinin bir hissəsi təmir edilib

    Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Müzəffər Nərimanov küçəsində (Heydər Əliyev prospektindən Pəhlivan Fərzəliyev küçəsinə qədər olan hissədə) cari təmir işlərini başa çatdırıb.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, təmir çərçivəsində uzunluğu 325 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyünün döşənib.

  • "Yeni adlar" layihəsi çərçivəsində növbəti konsert Ulu Öndərin 100 illiyinə həsr olunacaq

    Aprelin 25-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Orxan Həşimov) müşayiəti ilə istedadlı violin ifaçıları Ümidə Abasova və Dəniz Həsənov çıxış edəcəklər.

    Qeyd edək ki, layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Tanınmış dirijorların rəhbərliyi altında gənc ifaçıların simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

  • Baksol yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

    Bakının Nərimanov rayonunun Baksol yolunda aprelin 2-də saat 08:00-dan 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilir ki, buna səbəb dəmir yolu xətti üzərində aparılacaq təmir işləridir.

    Agentlik sürücülərə qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etməyi tövsiyə edir.

  • Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”

    YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Özünü kəşf et” layihəsi çərçivəsində ustad dərsləri davam edir.

    AZƏRTAC xəbər verir ki, layihənin növbəti ustad dərsi aprelin 5-də “Düşüncələrlə baş-başa” adlı mövzuya həsr olunacaq.

    Dərslər zamanı hər bir iştirakçı kətan üzərində akril boyalarla rəsm çəkməklə öz yaradıcılığını üzə çıxaracaq və bədii təxəyyülünü inkişaf etdirmək imkanı əldə edəcək.

    XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində reallaşacaq dərslərə 16 yaşdan yuxarı hər kəs qatıla bilər.

    Qeydiyyat çərşənbə axşamı və bazar günü saat 11:00-dan 18:00-dək aparılır.

  • Azərbaycanda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçiriləcək

    "Azərkosmos" ASC və Kosmik Nəsil Məşvərət Şurasının (SGAC) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Space Generation Azerbaijan” (SG Azerbaijan) tədbiri keçiriləcək.

    Bu barədə Report Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyinə istinadən xəbər verir. “Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusuna həsr olunmuş tədbir 27 aprel tarixində ADA Universitetində təşkil olunacaq.

    Dünyada hər il aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də Qızlar” günü kimi qeyd edilir. Bu il 27 aprel tarixinə təsadüf edən bu əlamətdar günün məqsədi qızları informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb etmək, onların bu sahədə rolunun artırılmasına dəstək verməkdir.

    “SG Azerbaijan” tədbirinin də əsas məqsədi gənclərə kosmos sahəsində düzgün təhsil, peşə seçimində yol göstərmək və onları kosmos sahəsinin imkanları barədə maarifləndirməkdir. Xatırladaq ki, ölkəmizdə artıq peyklərimizin idarə olunmasında peyk mühəndisi, hüquqşünas, iqtisadçı, peyk əməliyyatları üzrə operator, peyk təsvirləri üzrə mütəxəssis kimi çalışan peşəkar qadınlar vardır.

    “SG Azerbaijan” tədbirində Azərbaycanın bütün bölgələrindən tələbələrin, gənc mütəxəssis və alimlərin, kosmos həvəskarlarının bir araya gəlməsi nəzərdə tutulub. Tədbir çərçivəsində iştirakçılar kosmik elm və texnologiya sahəsinə dair sessiyalarda, panel müzakirələrdə, vebinarlarda, master-klaslarda və netvörkinqdə iştirak etmək imkanı əldə edəcəklər.

  • Beynəlxalq turizm sərgisi - “AITF” yenidən fəaliyyətə başlayır

    Aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində pandemiya ilə bağlı yaranan 3 illik fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

    Sərgi ənənəvi olaraq müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir.

    Fəal istirahətin ən geniş yayılmış, həmçinin kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. “AITF 2023” sərgisi səyahət etməyi sevən Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək imkanı yaradan bir platforma olacaq.

    Sərgiyə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrindən - Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və başqa ölkələrdən olan şirkətlər qatılacaq. Bu dəfəki sərgidə Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edəcəklər.

    Qeyd edək ki, sərgi çərçivəsində panel müzakirələr aparılacaq, ikitərəfli B2B görüşlər keçiriləcək, yerli və xarici şirkətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq yollarını, eləcə də tərəfdaşlığın digər formalarını müzakirə edəcəklər. Həmçinin təhsil turizmi, xaricdə əmlak, idman turizmi, turizmdə İT texnologiyaları, ovçuluq və balıqçılıq, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səfirliklər, səyahət agentlikləri və turoperatorlar və s. kimi bir sıra sektorlar nümayiş olunacaq.

    “AITF 2023” turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir, belə ki, “AITF” beynəlxalq və yerli şirkətlərin bazar ehtiyaclarını və istehlakçı marağını qiymətləndirən, rəqabət mühitinin öyrənildiyi, inkişaf strategiyasının qurulduğu ölkənin turizm sənayesinin bərpasına təkan verən sərgidir.

  • “Firidun bəy Köçərli- 160” tövsiyə vəsaiti virtual rejimdə istifadəçilərin ixtiyarına verilib

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin 160 illiyi münasibətilə hazırlanan “Firidun bəy Köçərli- 160” adlı tövsiyə vəsaiti virtual rejimdə istifadəçilər üçün təqdim edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitin əvvəlində F.Köçərlinin müdrik deyimləri və görkəmli şəxslərin onun haqqında fikirləri yer alıb. Giriş hissəsində isə F.Köçərlinin fəaliyyətindən bəhs edilib. Tövsiyə biblioqrafiyasında 2014-2022-ci illərdə F.Köçərli haqqında yazılan kitablar, məqalələr və s. materiallar yerləşdirilib. Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub.

    Tövsiyə vəsait ilə tanış olmaq istəyənlər https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/milli-edebiyyat/tovsiye-biblioqrafiyasi/firidun-b-y-koc-rli-160 linkinə daxil ola bilərlər.

  • “SHORTS MEXİCO” beynəlxalq film festivalı keçiriləcək

    Sentyabrın 1-30-dək Meksikada “SHORTS MEXİCO” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, bu il 18-ci ildönümünü qeyd edən, Latın Amerikasındakı ən böyük ixtisaslaşmış qısametrajlı film festivalı olan “SHORTS MEXİCO”, dünyanın hər yerindən yeni başlayan və tanınmış kinorejissorların yaradıcılığını dəstəkləyən və təbliğ edən bir platformadır.

    Xüsusilə qısametrajlı filmlərə həsr olunmuş festival 2023-cü il üzrə dünyanın dörd bir yerindən mindən çox filmin təqdim olunacağı ən böyük hadisə hesab olunur.

    Qeyd edək ki, “SHORTS MEXİCO” festivalının əsas vəzifələri milli və beynəlxalq qısametrajlı filmləri sərgiləmək, yaymaq, təbliğ etmək, istehsalı artırmaq, izləyicilər və film istehsalçıları arasında qarşılıqlı əlaqələr qurmaq, yeni publika və format yaratmaq, kinematoqrafiya peşəkarlığını və yaradıcılığını dəstəkləməkdən ibarətdir. 15-dən çox ölkədə milli və beynəlxalq tura sahib olan festivalın təşkilatçıları hər il seçim üçün 5000-dən çox qısametrajlı filmi qeydiyyata alırlar. Festivalın son buraxılışlarında Meksika üzrə 60-dan çox məkanda 1 milyondan çox izləyici qeydə alıb. Festivalın təsisçisi və direktoru Xorge Maqana, proqramlaşdırma direktoru isə filmin kuratoru və prodüseri Isaak Basultodur.

    2011-ci ildən bəri festivalda, bəzi aktyorların əsərlərini əks etdirən xüsusi bir proqram yaradılıb.

    2012-ci ildə iştirakçıların qısametrajlı film ssenarilərini təqdim etdiyi müsabiqənin davam etdirilməsinə qərar verilib. 2013-cü ildə Meksika kinosunda yeni istedadları tanıtmaq üçün yarış proqramı, 2019-cu ildə isə iştirakçıların qısametrajlı film layihələrini təqdim etdiyi qısa film pitçinq müsabiqəsi yaradılıb.