Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xalça Muzeyində mühazirə - “İlkin toxuculuq vərdişləri arxeoloji tapıntılarda”

    Yanvarın 14-də Azərbaycan Milli Xalça Muzeyində “İlkin toxuculuq vərdişləri arxeoloji tapıntılarda (Azərbaycanın cənub bölgəsi əsasında etnoarxeoloji tədqiqat)” adlı mühazirə keçiriləcək.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, mühazirə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə tərəfindən təqdim olunacaq.

    O, Azərbaycanın cənub bölgəsində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanan maddi mədəniyyət nümunələri əsasında qədim dövrlərdə bu bölgədə yaşamış insanların təsərrüfat həyatında ibtidai toxuculuğun ilkin təzahürləri və sonrakı inkişaf mərhələlərindən bəhs edəcək.

    İştirak etmək istəyənlər https://forms.gle/GCMz6aQP2vCQTT1K9 linkinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

  • Dünya İqtisadi Forumunda Orta Dəhliz müzakirə olunacaq

    Davosda keçiriləcək Dünya İqtisadi Forumunun panel müzakirələrindən biri Orta Dəhlizin inkişaf perspektivlərinə həsr olunacaq.

    “Report” təşkilatın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, tədbir iştirakçıları yanvarın 19-da Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin Ukraynadakı müharibənin nəticələrinə necə uyğunlaşacağını, nəqliyyat əməkdaşlığının genişləndirilməsini, enerji infrastrukturuna sərmayə qoyuluşunu və Avropa və Asiyanın yeni geosiyasi reallıqda necə effektiv tərəfdaşlıq qura biləcəyini müzakirə edəcəklər.

    Yanvarın 16-da başlayacaq forumda NATO-nun Baş katibi Yens Stoltenberqin, Avropa Komissiyasının sədri Ursula fon Der Lyayenin, həmçinin Almaniya, Polşa, Latviya, Litva, Kosta-Rika prezidentlərinin və digər yüksək vəzifəli şəxslərin iştirakı gözlənilir. Dünya İqtisadi Forumu yanvarın 20-də başa çatacaq.

  • Daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib

    Nardaran qəsəbəsi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edən 189 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə həvalə edilib.

    Report xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

    Bildirilir ki, müntəzəm marşrut xətlərinin istismara verilməsi ilə bağlı keçirilən müsabiqənin nəticələrinə əsasən, “BakuBus” MMC qalib olub.

    Məlumata görə, yanvarın 16-dan bu xətt üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada həyata keçiriləcək.

    Qeyd edək ki, 189 nömrəli marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti qənaətbəxş deyil. Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi Nardaran qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasına imkan verəcək.

    Ətraf kənd və qəsəbələrdə vətəndaşlara müasir, keyfiyyətli və təhlükəsiz müntəzəm sərnişindaşıma xidmətlərinin göstərilməsini təmin etmək məqsədi ilə tədbirlər davam etdirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq, son 7 ildə ölkəyə 1 500 ədədə yaxın sərnişindaşıma tələblərinə cavab verən orta və iritutumlu avtobuslar gətirilərək istismara verilib. Ümumilikdə, müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 70 %-i yenilənib. Avtobusların böyük əksəriyyəti dövlət investisiyası hesabına alınıb.

  • Bakı metrosunda “Qarabağda Urbisid” fotosərgisi açılıb

    Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının keçidlərində “Qarabağda Urbisid” fotosərgisinin nümayişinə başlanılıb.

    Report xəbər verir ki, “Bakı Metropoliteni” QSC ilə Qarabağ Dirçəliş Fondunun birgə təşkil etdikləri sərgidə erməni vandallarının Qarabağda dağıtdıqları şəhər və kəndlərimizin, eləcə də tarixi, mədəni və dini abidələrimizin 90-a yaxın fotosu yerləşdirilib.

    Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet resursunun materialları əsasında təşkil olunan fotosərgi metronun sərnişinlərinə konkret nümunələr əsasında 30 illik işğal dövründə Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.

    Altı ay davam edəcək sərgi çərçivəsində təqdim olunacaq hər bir fotoşəkildə abidələrin indiki və işğaldan əvvəlki vəziyyəti göstərilib. Şəkillərin üzərində yerləşdirilən QR kodlar vasitəsilə daha ətraflı məlumatla tanış olmaq, həmçinin Qarabağın bərpası üçün ianə etmək mümkündür.

    Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin azad olunmuş ərazilərimizdə törətdikləri dağıntılar, həyata keçirdikləri qeyri-qanuni hərəkətlər və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm daşıyır. İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır. Bu məqsədlə Qarabağ Dirçəliş Fondu ermənilərin işğal altındakı ərazilərdə törətdikləri dağıntıları əks etdirən “Qarabağda Urbisid” fotosərgisini mütəmadi olaraq fərqli platformalarda təşkil edir.

    “Qarabağda Urbisid” fotosərgisi bu günə qədər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, “Rebuild Karabakh 2022” sərgisində, iri alış-veriş mərkəzlərində, ali təhsil müəssisələrində və digər yerlərdə təşkil olunub. Sərgini minlərlə ziyarətçisi erməni vandallarının Qarabağda dağıtdıqları şəhər və kəndlərimizin, eləcə də tarixi, mədəni və dini abidələrimizin fotoları ilə tanış olmaqla yanaşı, Qarabağda aparılan bərpa və yenidənqurma işləri ilə bağlı da məlumat alıblar.

  • Bakıda “Suşini sevirəm” adlı sərgi keçiriləcək

    Bakıda suşiyə həsr olunmuş sərgi keçiriləcək.

    “Report” Yaponiyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, “Suşini sevirəm” adlı dünya sərgisi yanvarın 14-dən 22-dək Bakıda yerləşən Daş Səlnamə Muzeyində baş tutacaq.

    Yaponiya mətbəxində xüsusi rol oynayan və UNESCO-nun Bəşəriyyətin qeyri-maddi-mədəni irsinin reprezentativ siyahısına daxil edilən suşi gözəlliyi və dadı ilə, həmçinin sağlam qida kimi dünyanın bir çox ölkələrində sevilir və tanınır.

  • Rəngkarlıq Muzeyində ustad dərsi keçiriləcək

    Yanvarın 18-də YARAT İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlığı Muzeyində böyüklər üçün ustad dərsləri təşkil olunacaq.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, ustad dərsi hazırda əsərləri "METAKOD" sərgisində nümayiş olunan rəssam Leyli Ələkbərova tərəfindən keçiriləcək.

    Dərs zamanı ilk növbədə iştirakçılar tekstil dizaynının incəliklərini öyrənəcəklər, daha sonra parçalardan istifadə edərək, abstrakt kollajlar yaradacaqlar.

    Yaşı 16-dan yuxarı hər kəs dərslərə qatıla bilər.

  • Milli Kitabxanada “Tofiq Kazımov – 100” adlı ənənəvi kitab sərgi açılıb

    Yanvarın 14-də Azərbaycanın tanınmış teatr rejissoru, aktyor, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə yanvarın 12-də Milli Kitabxanada ənənəvi kitab sərgisi açılıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bir həftə nümayiş olunacaq sərgidə Tofiq Kazımovun müəllifi olduğu əsərlər, onun haqqında yazılan kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr əks olunub.

    Yubiley çərçivəsində həmçinin, Milli Kitabxananın əməkdaşları tərəfindən “Tofiq Kazımov – 100” adlı virtual sərgi də hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim edilib. 

    Qeyd edək ki, Tofiq Kazımov klassik pyeslər əsasında hazırladığı tamaşalarda əsərə günümüzün reallığı baxımdan yanaşaraq, tarixi bir dövrdə cərəyan edən hadisələrin mayasındakı müasirliyi üzə çıxara, tamaşanı hazırkı dünyanın mənzərəsi müstəvisində yoza, ümumbəşəri problemlərin bədii həllinə nail ola bilirdi. “Ölülər”, “Pəri Cadu”, “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşaları T.Kazımovun klassik milli dramaturgiyaya müasir münasibətinin təzahürü kimi qiymətləndirilir.

    Görkəmli rejissor 1965-ci ildə “Antoni və Kleopatra”, 1979-cu ildə “Şəhərin yay günləri” tamaşalarına görə Dövlət mükafatları ilə təltif olunub. 1961-ci ildə “Əməkdar incəsənət xadimi”, 1974-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

  • Azərbaycan Kinematoqrafçılar İttifaqı cari il ərzində də intensiv kursların təşkilini planlaşdırır

    Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ötən il ərzində Şəki və Bakıda gənc kinematoqrafçılar üçün nəzərdə tutulmuş “Kino istehsalı A-dan Z-yə” rejissorluq emalatxanası və İsveçrə Əməkdaşlıq təşkilatı ilə birgə “Peşəsi ssenarist: Qadın müəlliflər üçün ssenari emalatxanası” layihələrini həyata keçirib. Bundan əlavə “ASAN Könüllüləri” təşkilatı ilə birgə “Gənc kinematoqrafçılar” layihəsi adı altında ssenari və rejissorluq ixtisası üzrə yeni başlayan gənclər üçün 3 aylıq kurs təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, layihələrin koordinatoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının beynəlxalq əlaqələr üzrə məsul meneceri Afaq Yusiflinin sözlərinə görə, İttifaqın təhsil sahəsində, fəaliyyətində intensiv kursların özünəməxsus yeri var: “AKİ-nin katibi Oleq Səfərəliyevin rəhbərliyi ilə Kino İttifaqın Kino Məktəbinin iki illik kursları ilə yanaşı intensiv kursları öz effektliyini göstərdi. İttifaq olaraq bundan sonra da bu formatda layihələr üzərində işləyirik, xarici mentorların dəvəti istiqamətində də düşünürük. Həmkarlarıma müraciət edib, İttifaqla bu istiqamətdə interaktiv olmağı, təşəbbüslər göstərməyə çağırıram. İttifaq olaraq kino sahəsində daha çox ehtiyac olan sahələr üzrə kursların təşkilində maraqlıyıq”.

    Xatırladaq ki, “Kino istehsalı A-dan Z-yə” kurslarının təlimçisi Əməkdar incəsənət xadimi Mirbala Səlimli, “Peşəsi ssenarist: Qadın müəlliflər üçün ssenari emalatxanası”nın təlimçisi isə ssenarist və rejissor Cavid Zaidov olub. İttifaq 2023-cü il ərzində də intensiv kursların təşkilini planlaşdırır.

  • Hüqonun qəhrəmanları yenidən Musiqili Teatrın səhnəsində

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Nort-Dam kilsəsi” romanın motivləri əsasında rejissor Samir Qulamovun quruluşunda səhnələşdirilən "Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə oynanılıb.

    AZƏRTAC xəbər verir ki, sənət ocağının repertuarında uğurla təqdim olunan tamaşa Avropanın əzəmətli abidələrindən biri olan Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf edilib.

    Azərbaycanın qocaman teatrı bu hadisəyə biganə qalmadığını dahi Hüqonun qəhrəmanlarını səhnəyə gətirməklə göstərib və dinindən, irqinindən asılı olmayaraq, bütün bəşəriyyəti tarixi abidələrin xilası üçün həmrəyliyə səsləyib.

    Tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Samir Qulamov, ideya müəllifi və bədii rəhbəri isə Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

    Səhnə əsərinin süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” əsərinin ölməz qəhrəmanları dayanır. Qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hissləri təcəssüm olunan bu məşhur əsər indiyə qədər dünyanın bir çox tanınmış teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-Damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.

    Xatırladaq ki, "Paris Notr-Dama ithaf" fevralın 24-də saat 19:00-da yenidən nümayiş olunacaq.

  • “Qızıl maska” laureatı Bakıda aktyorlara təlim keçəcək

    Yanvarın 14-də “Ritual mobil teatr laboratoriyası”nın təqdimatında “Avatar” aktyor təlimi təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, məşğələlər müəllim, aktyor, rejissor Konstantin Soldatov tərəfindən aparılacaq.

    “Oyunçunun ruhunun axtarışı” və “Özünütəqdimat, özünə kənardan baxış” mövzularını əhatə edəcək təlim iştirakçılara oyun əhval-ruhiyyəsinə qərq olmaq imkanı verəcək.

    Qeyd edək ki, K. Soldatov Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunu, Moskvadakı B.Şukin adına Teatr İnstitutunun müəllimidir. İki dəfə "Qızıl maska" teatr mükafatına namizəd olub. Aktyorluq texnikasının müəllifi, Moskvada "Taqanka Teatrı", "Müasir Dram Məktəbi", "Meyerhold Mərkəzi" kimi layihələrin və Rusiyadan xaricdə 40-dan çox tamaşanın quruluşçu rejissorudur.