Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Aİ "yaşıl" enerjinin inkişafına 350 milyard avroyadək sərmayə yatıracaq

    Avropa İttifaqı (Aİ) “yaşıl” enerjinin əldə olunması üçün sənaye məhsullarının istehsalına təxminən 350 milyard avro sərmayə yatıracaq ki, bu da Aİ-nin ümumi daxili məhsulunun (ÜDM) təxminən 2 %-ni təşkil edəcək.

    "Report"un məlumatına görə, bu barədə "El Pais" qəzetinə Avropa komissarı Tyerri Breton bildirib.

    Onun sözlərinə görə, Aİ ölkələri resursları birləşdirdikdə daha güclü olur.

    Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "REPowerEU" planı (Avropa Komissiyasının 2030-cu ilə qədər Rusiyanın qalıq yanacaqlarından asılılığı sürətlə azaltmaq planı) çərçivəsində “yaşıl” enerjinin inkişaf etdirilməli olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, investisiyalar Rusiyanın “enerji şantajı” ehtimalını aradan qaldırmaq üçün zəruridir.

  • Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrinə başlanılır

    “Turan” maliyyə tətbiqi Türkiyədən Azərbaycana bir neçə saniyə ərzində komissiyasız pul köçürmələrinə başlayıb.

    Report bu barədə xarici mətbuata istinadən xəbər verir.

    Məlumata görə, komissiyasız pul köçürmələri Türkiyədən Azərbaycandakı bütün kartlara təklif edilir.

    Qeyd edək ki, 2022-ci ilin sonuna Türkiyədə 68 mindən çox Azərbaycan vətəndaşı yaşayır. Bu vətəndaşların ən mühüm problemlərindən biri ölkələrinə pul köçürmələri prosesində yaranan çətinliklərdir. Tətbiq bu addımla həmin şəxslər üçün rahat ödəmə imkanı yaradacaq.

    Xatırladaq ki, “Turan” maliyyə tətbiqi Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi türkdilli dövlətlərdə də fəaliyyət göstərməyi hədəfləyir.

  • Azərbaycanda ƏDV-nin ödənilməsi vaxtı bir gün uzadılıb

    Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və onların əlavə maliyyə itkilərinə məruz qalmaması məqsədilə aparılan əməliyyatlar üzrə ƏDV məbləğinin əsas məbləğ ödənildikdən sonra 1 iş günü müddətində ödənilməsi imkanı yaradılıb.

    Report xəbər verir ki, bu barədə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilib.

    Beləliklə, bundan sonra vergi ödəyiciləri əsas məbləğin ödənildiyi gün ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyasına məruz qalmayacaqlar.

    Qeyd edək ki, Vergi Məcəlləsinin dəyişikliyə qədər qüvvədə olan tələblərinə əsasən, vergi ödəyicisi tərəfindən ƏDV-nin məbləği alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmadan ödənilməli idi. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən isə vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilirib.

    Aparılan əməliyyat üzrə ƏDV-nin ödənilməsi vaxtı ilə bağlı tələb əməliyyatın əsas məbləğinin ödənilməsi ilə eyni gündə olduğundan, praktikada vergi ödəyicisindən asılı olmayan səbəblərdən, məsələn, banklar tərəfindən köçürmə əməliyyatının növbəti gün icra edilməsi səbəbindən bu müddət ötürülür və nəticədə vergi ödəyicisi maliyyə sanksiyası ilə üzləşirdi.

  • Cəfər Cabbarlının Ev-Muzeyində bərpa işləri başa çatdırılıb

    Cəfər Cabbarlının Ev-Muzeyinin dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.

    Bu barədə Reporta Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirlik tərəfindən dərhal verilən tapşırığa əsasən, yanvarın 15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.

    Qeyd edək ki, yanvarın 13-də günün ikinci yarısında güclü külək Xızı rayonunda Cəfər Cabbarlının Ev-Muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı.

  • Dövlət Turizm Agentliyi: Azərbaycanda 100-dən çox hotel hələ də ulduz dərəcəsi ala bilməyib

    Azərbaycanda hotellərin ulduzlaşması prosesinə başlanıldığı gündən 150 hotel tərəfindən müraciət daxil olub ki, onlardan 44 hotel 5, 4 və 3 ulduz dərəcələrinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib. 100-dən çox hotel isə hələ də ulduz dərəcəsi ala bilməyib.

    Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

    “Ulduz dərəcəsinin verilməsindən sonra 3 il ərzində hotellər mütəmadi olaraq monitorinq olunur və həftəlik olaraq hotelin vəziyyəti ilə bağlı hesabat təqdim edilir. Milli Ulduz Təsnifatı zamanı, həmçinin hotelin xidmət səviyyəsi “TrustYou” beynəlxalq qonaq rəy platforması vasitəsilə dəyərləndirilir. Bu da daimi olaraq xidmət səviyyəsinin təkmilləşdirilməsini tələb edir. Hotel bu tələblərə cavab vermədikdə isə ona verilən ulduz dərəcəsi ləğv olunur. Bundan əlavə, respublika ərazisində sertifikatsız fəaliyyət göstərən hotellərlə maarifləndirici görüşlər keçirilir və onlara Milli Ulduz Təsnifatı, ulduz təsnifatının hotellər üçün yaratdığı üstünlüklər barədə informasiya təqdim olunur”, -deyə məlumatda bildirilir.

    Qeyd edək ki, “Turizm haqqında” Qanuna əsasən, hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz kateqoriyası üçün müraciət etməlidir.

  • Azərbaycanın Əməkdar artisti Sankt-Peterburq caz festivalında iştirak edəcək

    Azərbaycanın Əməkdar artisti Həsən Bağırov Sankt-Peterburqda keçiriləcək “Gitara forumu”nun aparıcılarından biri olacaq.

    AZƏRTAC xəbər verir ki, forum XXII Sankt-Peterburq Yeni il Caz Festivalı çərçivəsində ilk dəfə təşkil olunacaq. Bu barədə jurnalistlərə festivalın musiqi direktoru David Qoloşenko məlumat verib.

    Xatırladaq ki, Həsən Bağırov Sankt-Peterburq kapellası nəzdində Xor kollecinin və M.Musorqski adına Musiqi Kollecinin caz gitara ixtisası üzrə məzunu, Sankt-Peterburq Caz Filarmoniyasının solistidir.

  • Türkiyənin sevilən müğənnisi Rafet El Roman Bakıda konsert verəcək

    Yanvarın 14-də Heydər Əliyev Sarayında məşhur türk ifaçısı Rafet El Roman konsert proqramı ilə çıxış edəcək.

    Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sevilən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.

    Qeyd edək ki, artıq konsertin biletləri satılıb.

  • Xalça Muzeyinin əməkdaşlıq əlaqələri genişlənir

    Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzeyin əməkdaşı Rəma Zeynalova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

    Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, onlar MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanışlıq zamanı burada toplanan nəşrlərə, məlumat bazalarına, Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərdən ibarət guşələrə baxıblar, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsində Ulu Öndərin həyatı, zəngin siyasi irsini özündə əks etdirən nəşrlərə diqqət yetiriblər.

    MEK-in baş direktoru Məmməd Əliyev qonaqlara kitabxananın tarixi, fondları, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.

    Şirin Məlikova tərəfindən MEK-ə xalçaçılıq, bədii tikmələr, zərgərlik, dekorativ tətbiqi sənət sahələrinə aid nəşrlər, MEK tərəfindən isə “Heydər Əliyev İli” çərçivəsində hazırlanan “Heydər Əliyev-100” adlı illik təqvim təqdim olunub.

    Sonra iki müəssisə arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib. Görüşdə “Vikipediya”da xalçalar haqqında dolğun məlumatların yerləşdirilməsinin önəmindən danışılıb.

    Müzakirələr zamanı xalçaçılıq terminlərinin, anlayışlarının xarici dillərə dəqiq tərcümələri, eləcə də ən çox tanınan Azərbaycan xalçaları haqqında informasiyanın əlçatanlığının prioritet məsələlərdən olduğu, Azərbaycan xalçaçılığının dünyada tanıdılmasında doğru təbliğatın aparılmasının vacibliyi vurğulanıb.

    Görüş hər iki müəssisə arasında həyata keçiriləcək əməkdaşlığın müzakirəsi əsasında davam edib.

  • Heydər Əliyev Mərkəzində Ulu Öndərin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq

    İlk olaraq fevralın 24-də saat 20:00-da Milli Dram Teatrının təqdimatında “Ölülər” tamaşası göstəriləcək

    Fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və milli teatr sənəti" layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək.

    Tamaşanın quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovdur. Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək. Musiqi Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa olunacaq.

    İki hissəli tamaşada Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, İsgəndəri isə Əməkdar artist Anar Heybətov canlandıracaq. Eləcə də səhnəyə Xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, Əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxacaqlar.

    Qeyd edək ki, Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi əsərdir. Ulu Öndər özü müsahibələrində belə deyirdi: “Yuxarı siniflərdə oxuyarkən mən teatra böyük maraq göstərir, tez-tez yerli dram teatrının tamaşalarına gedib baxırdım... Beləliklə, teatrımız Mirzə Cəlilin "Ölülər" pyesini tamaşaya qoydu və mən də böyük məmnuniyyətlə bu tamaşaya bir neçə dəfə baxdım. "Ölülər" pyesi dərin fəlsəfi əsərdir. Öz fəlsəfi siqlətinə görə, o, Azərbaycan ədəbiyyatının dramatik əsərləri arasında ilk cərgədə durur. Eyni zamanda, onu digər əsərlərdən fərqləndirən cəhət dərin milli ruhu, xəlqiliyidir... Mən Şekspirdən başlayaraq bütün dram əsərlərini bilirəm. Hesab edirəm ki, "Ölülər" kimi əsəri heç kim yarada bilməyib. Çünki bu cür mövzu tapmaq özü bir fəlsəfədir, dahilikdir..."

    Heydər Əliyev hələ gənc yaşlarından teatra çox bağlı idi. Məktəb və tələbəlik illərində dram dərnəklərində səhnədə çıxışlar edən Heydər Əliyev teatrı çox sevirdi və o, Azərbaycan milli teatrını bizim milli sərvətimiz adlandırırdı. Müntəzəm olaraq teatr tamaşalarını izləyən ümummilli lider yaradıcı heyətlə görüşüb, öz tövsiyə və tapşırıqlarını verirdi.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlərin keçirilməsini planlaşdırır. “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində isə Heydər Əliyev Mərkəzində silsilə teatr tamaşalarının nümayişi nəzərdə tutulur.

    “Ölülər” tamaşasına biletləri Mərkəzin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.

  • Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür

    Hər dəfə Mirzə Babayevin sənət dünyası haqqında fikirləşəndə adama elə gəlir ki, o, ifa etdiyi mahnının musiqisini də, sözlərini də özü yazıb. Sənətkarın özünəməxsus üslubu və bənzərsiz ifa tərzi dinləyicini sehrinə salırdı. O, mahnını, sadəcə olaraq, oxumurdu, mahnı ilə yaşayırdı. Şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və digər mahnılarla hər kəsin qəlbini ovsunlayır, yaddaşlara əbədi həkk olunurdu.

    AZƏRTAC Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən biri Mirzə Babayevin vəfatının 20-ci ildönümündə sənətkarın həyat yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salır.

    Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin bütöv bir dövrü canlanır. Görkəmli estrada ifaçısının Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarla birgə yaratdığı mahnılar musiqi xəzinəmizin parlaq incilərindəndir. Onun repertuarında xarici ölkə xalqlarının mahnıları da yer alırdı.

    Mirzə Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakıda, ziyalı ailəsində dünyaya göz açmışdı. 1935-1940-cı illərdə Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdı. Böyük Vətən müharibəsinin başlanması onun gələcək həyatını büsbütün dəyişdi: cəbhəyə getdi, bir çox döyüşlərdə igidliklər göstərdi. Musiqiyə böyük marağı onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatan səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçı rəğbəti qazandı.

    Müğənni müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanın musiqi sənətinin təbliğatçısı kimi çıxış edib, milli estrada musiqimizi zirvələrə qaldırıb.

    Mirzə Babayevin radionun “Qızıl fond”unda saxlanan xeyli mahnısı var. O, Mirzə Ələkbər Sabirin sözlərinə yazılmış mahnıları xüsusi ustalıqla oxuyub. Eyni zamanda, otuzdan çox filmdə rol alıb: “Kölgələr sürünür”, “Qaraca qız”, “Sən niyə susursan”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” və sair. “O olmasın, bu olsun” filmində Məşədi İbadın mahnılarını Mirzə Babayev ifa edib, “Onu bağışlamaq olarmı?” filmində isə Tərlanın mahnısını səsləndirib.

    Müxtəlif vaxtlarda çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini daha da artırıb. “Dərviş Məstəli şah”da Dərviş, “Bəyin oğurlanması”nda Mirişin atası, “Dəli Kür”də Dərviş obrazlarını məharətlə yaradıb. “Qorxma, mən səninləyəm”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur” filmlərindəki maraqlı və rəngarəng obrazları kino tariximizə həkk olunub.

    Sözsüz ki, Mirzə Babayevin fəaliyyətində əsas yeri müğənnilik tutur. Məhsuldar yaradıcılığa malik sənətkarın 1998-2002-ci illərdə üç diski çıxıb, 1999-cu ildə isə Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) solo konsert verib. Onun milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib: Xalq artisti fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub, “Şöhrət” ordeni ilə təltif edilib.

    Mirzə Babayev Azərbaycan estradasının ən uzunömürlü müğənnilərindən biridir. Söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. Müsahibələrinin birində deyirdi: “Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam”. Amma ömrünün 90-cı ilində səhhətində gözlənilməz problem yaşandı və 2003-cü il yanvarın 13-də bənzərsiz sənətkarımızı itirdik.

    Bəlkə də çoxları bilmir ki, o, həm də memar idi. Bakı şəhərində, Gəncədə, Sumqayıtda, Mingəçevirdə və başqa şəhər və rayonlarda onun layihələrinə əsasən binalar tikilib.

    Kimlər gəldi, kimlər getdi bu dünyadan,

    Arif olan nakam getməz bu dünyadan...

    Bəstəsi Soltan Hacıbəyova, sözləri Zeynal Xəlilə aid olan bu möhtəşəm mahnını çox müğənnilər ifa edib. Amma onu Mirzə Babayev qədər ürəkdən, yanğılı oxuyan olmayıb. Mahnıda deyildiyi kimi, bu dünyadan nakam getmədi. Həm sənətkar, həm də insan kimi şərəfli bir ömür yaşadı. İllər, qərinələr keçəcək, lakin Mirzə dayının ürəyəyatımlı səsi, bənzərsiz ifası yenə könülləri oxşamaqda davam edəcək.