“Universal Pictures” studiyası amansız vampirin sadiq köməkçisindən bəhs edən “Renfield” filminin ilk rəsmi treylerini yayımlayıb.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, ekran əsərində Hollivud ulduzu Nikolas Keyc əfsanəvi Drakulanı, Renfield obrazını isə britaniyalı aktyor Nikolas Hoult canlandırıb.
Filmdəki hadisələr müasir dövrdə cərəyan edir. Süjetə görə, Renfield Drakulanın köməkçisi kimi acınacaqlı bir varlığın yanında olmaqdan yorulub. Amansız vampirin əlaltısı cəsarətli və daima qəzəbli polis Rebekka Quinsiyə aşiq olduğu zaman yeni həyat və bəlkə də xilas yolu tapır.
Xatırladaq ki, dünyaşöhrətli aktyor Nicolas Keyc bundan əvvəl də “Vampir öpüşü” filmində ölümsüz vampir rolunu canlandırıb.
"Mən bu obrazın əvvəlkindən çox fərqli olmasını istəyirəm. Xarakterin xüsusi plastikasını yaratmaq niyyətindəyəm. Layihəni mənim üçün xüsusilə cəlbedici edən isə onun komediya filmi olmasıdır. Komediya ilə qorxu janrı düzgün şəkildə birləşdirilən zaman mükəmməl bir iş ortaya çıxır”, - deyə N.Keyc bildirib.
“Arşın mal alan” (1945) bədii filminin çəkilişlərinin kadrarxası məqamlarını əks etdirən görüntülər üzə çıxıb. Görüntülər “AzTV Tarix” yutub kanalında yayımlanıb.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Lent yazısında aktyorlarla yanaşı filmin ərsəyə gəlməsində zəhməti olan şəxslərin də kadrları yer alıb.
Filmin rejissoru Rza Təhmasib və Nikolay Leşşenko, operatorları Əlisəttar Atakişiyev və Muxtar Dadaşovdur. “Arşın mal alan” tammetrajlı bədii filmi 1945-ci il oktyabrın 1-də tamaşaçılara təqdim olunub. Filmdə gənc tacir Əsgər rolunu Xalq artisti Rəşid Behbudov, Gülçöhrə rolunu isə Xalq artisti Leyla Bədirbəyli ifa ediblər.
Bu film Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.
Pakistanın IBL şirkəti Azərbaycanın sənaye zonalarına investisiya yatıra bilər.
Bu barədə Reporta İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata görə, qurumun İdarə Heyətinin sədri Elşad Nuriyevlə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və bu ölkənin ən böyük şirkətlərindən olan "IBL Qrup"un baş icraçı direktoru Seyid Nadim Əhməd arasında görüş keçirilib. Görüşdə pakistanlı iş adamları Azərbaycanın sənaye zonalarına sərmayə qoymağa dəvət edilib, IBL-in sənaye zonalarında əczaçılıq sənayesi üzrə investisiya yatırmaqda maraqlı olduğu diqqətə çatdırılıb, həmçinin Pirallahı Sənaye Parkının rezidentləri ilə birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.
Stiven Spilberq “Fabelmanlar” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb.
Report xəbər verir ki, NBC telekanalında yayımlanan mərasim Los-Anceles şəhərində baş tutub.
Mükafat uğrunda Ceyms Kemeron (“Avatar 2”), Baz Lurman (“Elvis”), Daniel Şaynert və Den Kvanın yaradıcı tandemi (“Hər şey hər yerdə və birdən”), eləcə də Martin Makdonax (“İnişerinin Banşisi”) yarışıblar.
Hollivud Xarici Mətbuat Assosiasiyasının (HFPA) “Qızıl Qlobus” mükafatı hər il kino və televiziya sahəsində nailiyyətlərə görə verilir. Mükafat 55 ölkədən təşkilata bağlı jurnalistlər tərəfindən təqdim olunur.
Spilberqin rejissorluq üzrə rekord 13 “Qızıl Qlobus” nominasiyası var və indiyədək yalnız ikisini qazanıb.
ABŞ-də isveçli fotoqraf, operator Mikael Silkeberqin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr etdiyi “Xarıbülbül əfsanəsi” sənədli filmi nümayiş etdiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, paytaxt Vaşinqtonda baş tutacaq təqdimat mərasimi Azərbaycanın ABŞ-dəki səfirliyi tərəfindən təşkil olunub.
Təqdimat mərasimində filmin yaradıcı heyəti və rejissor Mikael Silkeberq də iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələrin yer aldığı film Şuşada çəkilib. Filmdə Şuşanın tarixi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb.
Yanvarın 17-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsinin növbəti konserti keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, musiqi gecəsində “Bayatı Kürd” və “Qatar” muğamlarını VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri Fuad Əzizzadə, Ülkər Abdullayeva və Daşqın Kürçaylı təqdim edəcəklər.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Layihənin rəhbəri BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələrini də musiqisevərlərə təqdim edir.
Yanvarın 18-də Beynəlxalq Muğam Mərkəzi və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi təşkil olunacaq.
Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə tanınmış ictimai xadimlər, söz adamları və incəsənət ustaları iştirak edəcəklər.
Gecənin bədii hissəsində Xalq artistləri Alim Qasımov, Mələkxanım Eyyubova, Gülyanaq Məmmədova, Əməkdar artist Elnarə Abdullayeva, fəlsəfə üzrə elmlər doktoru, aşıq Fəzail Miskinli, Əməkdar mədəniyyət işçiləri aşıq Zülfiyyə İbadova, Samirə Əliyeva, Nemət Qasımlı, Bəhmən Göyçəli, aşıq Ramin Qarayev və digər tanınmış musiqiçilər çıxış edəcəklər.
Martın 8-də Bakı Konqres Mərkəzində Türkiyənin məşhur müğənnisi Sibel Canın konserti olacaq.
AZƏRTAC xəbər verir ki, özünəməxsus ifa tərzi ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla növbəti dəfə paytaxtımızda pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Zəngəzur dəhlizi digər infrastruktur layihələri ilə yanaşı enerji növlərinin ixrac edilməsi ilə bağlı da mühüm rola sahib olacaq”.
Bunu Reporta müsahibəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova deyib.
"Zəngəzur dəhlizi vasitəsi ilə gələcəkdə Türkiyə və Avropaya enerji ixrac edilməsi də nəzərdə tutulur. Belə ki, “Cəbrayıl” enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan MR-na çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək”, - Agentliyin rəsmisi bildirib.
A.Zeynalova qeyd edir ki, işğaldan azad edilmiş ərazilər də Bərpa Olunan Enerji Mənbələri (BOEM) ilə olduqca zəngindir və bu ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqeyi bu potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır:
“İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-a dək külək enerjisi üzrə potensial mövcuddur.
Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Bildiyiniz kimi, artıq Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə müvafiq İcra Müqaviləsi imzalanıb.
Laçın və Kəlbəcər rayonları ərazisində isə 400 MVt-dək gücdə KES-in tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə olaraq ölkə Prezidentinin tapşırığına əsasən işğaldan azad edilmiş əraziləridə "Yaşıl enerji" zonası yaradılması nəzərdə tutulub".
A.Zeynalovanın sözlərinə görə, bununla əlaqədar olaraq, 6 may 2021-ci ildə Energetika Nazirliyi ilə Yaponiyanın "TEPSCO" şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində "Yaşıl Enerji Zonası" Konsepsiya layihəsi hazırlanıb və artıq hökumətə təqdim edilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin “Bəşəriyyətə şölə saçan teatr günəşi” adlı kitabı çap olunub.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, son illər rus ədəbiyyatının görkəmli nümayəndələri haqqında silsilə yazıları, nəşr olunmuş kitabları ilə oxucular arasında tanınan Reyhan Mirzəzadənin bu kitabı rus dramaturgiyasının, teatrının yaradıcısı olan Aleksandr Nikolayeviç Ostrovskinin həyat və yaradıcılığı haqqındadır.
Kitab rus teatrının çətin, mübarizəli yollarından bəhs edir. A.N.Ostrovskinin yaradıcılığına müraciət edən və onun pyeslərindən bəhrələnən Azərbaycan yazıçılarının fəaliyyəti də kitabda öz əksini tapıb. Azərbaycan səhnəsində A.N.Ostrovskinin dramlarını məharətlə oynayan aktyorlarımızın istedad və bacarığı haqqında Reyhan Mirzəzadə araşdırmalar apararaq, oxucuya zəngin materiallar təqdim edib.
“Bakı mətbəəsi”ndə çap edilən kitaba “Ön söz”ü yazıçı-publisist Zöhrə Əsgərova yazıb. Kitabda müəllif A.N.Ostrovskinin tamaşaya qoyulmuş səhnə əsərlərinin tarixi fotoşəkillərindən (C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin materiallarından) istifadə edilib.
Qeyd edək ki, kitab müəllif tərəfindən Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına hədiyyə edilib.