Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • "20 Yanvarda doğulanlar" adlı bədii-sənədli filmin treyleri yayımlanıb

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü əsasında xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz haqqında çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmin treyleri yayımlanıb.

    ASCO-dan AZƏRTAC-a bildirilib ki, filmin ssenarisi hadisələrin iştirakçısı olmuş dənizçilərin açıqlamaları və xatirələri əsasında yazılıb. Həmçinin ssenarinin ərsəyə gəlməsində o dövrün araşdırmaçı tarixçiləri, peşəkar ssenaristlər və hərbi ekspertlər də yaxından iştirak ediblər. Bədii-sənədli filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərovdur.

    Qeyd edək ki, “20 Yanvarda doğulanlar” filmi yanvarın 20-də İTV-də və ASCO-nun bütün rəsmi sosial şəbəkə hesablarında yayımlanacaq.

  • VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı bu ilin sentyabrında keçiriləcək

    Hazırda VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı ilə bağlı hazırlıq işlərinə başlamışıq. 2023-cü il ən böyük və ən əsas planımız bu festivalı keçirməkdir.

    Bu barədə AZƏRTAC-a Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyev məlumat verib.

    Onun sözlərinə görə, artıq 6-cı festivala film müraciətləri qəbul olunur. Festival bu ilin sentyabrında keçiriləcək.

  • Bakı metrosu qarlı havada normal rejimdə işləyib

    "Bakı Metropoliteni" QSC qarlı hava şəraitində normal iş rejimində fəaliyyət göstərib.

    Bu barədə Reporta qurumdan məlumat verilib.

    Məlumata görə, ötən gün gecə saatlarından metro gücləndirilmiş iş rejiminə keçib, açıq hava şəraitindəki elektrik depolarında Qarla mübarizə qərargahlarının fəaliyyəti operativ tədbirlər planına uyğun tənzimlənib.

    Qışa hazırlıq səhmdar cəmiyyətininin sədrinin əmrinə əsasən, bütün təsərrüfat sahələrinin qışa hazırlığı və onun sabit işinin təmin edilməsi məqsədilə növbətçilik cədvəlləri, o cümlədən əməkdaşların yaşayış məkanı və şəxsi əlaqə vasitələri barədə məlumatlar hazırlanmaqla müntəzəm yoxlanması, işçilərin texniki məşğələ və təlim-məşqlərə cəlb olunması həyata keçirilir, bütün texniki vasitələr optimal hazırlıq vəziyyətində saxlanılır. Bu plana uyğun olaraq, əməliyyat tədbirləri vaxtında yerinə yetirilib. Səhər saatlarından qatarların xəttə verilməsi, stansiyaların açıq hava şəraitində olan giriş sahələrinin qardan və buzdan təmizlənməsi vaxtında təmin edilib.

    Bütün gün ərzində depolar və stansiyalar, xüsusən açıq sahələr tam nəzarətdə saxlanmaqla metropolitenin, o cümlədən qatarların hərəkətinin, stansiyaların infrastrukturunun normal iş rejimində fəaliyyəti təmin edilib.

    Yanvarın 9-da metrodan 661 min 593 sərnişin istifadə edib.

  • Əbədiyaşar və həmişəcavan musiqilər

    Mahnıları ilə yaddaşlarda dərin iz qoymuş Elza İbrahimovanın anadan olmasından 85 il ötür

    Əsl nəğmələr heç vaxt unudulmur. Dinləyicidə elə təəssürat oyadır ki, bu mahnılar bir müəllifin, bir bəstəkarın, bir sənətkarın ürəyindən qopub gəlməyib. Səsləndikcə hamının hissinə toxunur, hamının qəlbini ovsunlayır. Onun yaradıcılıq məhsulu olan mahnıların hamısı belədir: qəlb ovsunlayır, ruhu sakitləşdirir, duyğulara hakim kəsilir. Bu nəğmələrin mənəviyyatın zənginləşməsi, duyğularının kamilləşməsində əvəzsiz rolu var. Əbədiyaşar mahnılarda yaşamaq, ürəklərə yol tapmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.

    Azərbaycanın Xalq artisti Elza İbrahimova belə xoşbəxtlik qazanmış sənətkarlardandır.

    AZƏRTAC xəbər verir ki, yanvarın 10-da bəstəkarın anadan olmasının 85-ci ildönümü tamam olur.

    Böyük bəstəkarın tələbəsi

    Musiqiyə həvəsi lap erkən yaşlarından hiss olunmağa başlayıb. Onda olan həvəs və bəlkə də istedadı hiss edən valideynləri Elzanı Bakıda 8 nömrəli musiqi məktəbinə qoyublar. Sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb və Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq şöbəsini bitirib. Konservatoriyada Qara Qarayevin sinfində bəstəkarlıq dərsi alıb. Onun sinfinə daxil olmaq üçün hazırladığı kompozisiyanı dinləyən Qara Qarayev deyib: “Bu qız yaxşı bəstəkar olacaq”.

    İlk mahnısını 1969-cu ildə bəstələyib. Məmməd Rahimin sözlərinə yazdığı "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmayıb. O vaxt tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilib. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları sırasına daxil olur.

    O, bir müddət “Dan ulduzu” vokal-instrumental ansamblında işləyib. Bəstələdiyi mahnıları Rəşid Behbudov, Oqtay Ağayev, Flora Kərimova, Akif İslamzadə, Elmira Rəhimova, Gülağa Məmmədov, İslam Rzayev, İlhamə Quliyeva və başqa tanınmış ifaçılar səsləndirib.

    Mahnılar, prelüdiyalar, kamera əsərləri...

    Onun müəllifi olduğu və illərdən bəri səslənən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər mahnıları kim dinləməyib? Bu mahnıları kim zümzümə etməyib? Yəqin ki, səsi olan və olmayan hər kəs!

    Onu unudulmağa qoymayan, ürəklərdə əbədiyyət heykəlini ucaldan da elə bu bənzərsiz və həmişəcavan bəstələrdir.

    Elza İbrahimova fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açıb, ifaçıların rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü dinləyicilərin məhəbbətini qazanıb. Musiqini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən bəstəkar məşğul olduğu sənət sahəsində silinməz izlər qoyub.

    Görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimovanın yaradıcılığı mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarını əhatə edir. Onların arasında fortepiano üçün prelüdiya və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skertso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara musiqiləri xüsusi yer tutur. Onun qələmindən çıxan bu əsərlər məzmun dərinliyi və yüksək bədiiliyi ilə səciyyələnir.

    “Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir. Bəstəkarın Milli Qəhrəmanlar Təbriz Xəlilbəyliyə və Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri da parlaq istedad və böyük zəhmətin məhsuludur.

    Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov, Murad Kajlayev, Qara Qarayev, Niyazi kimi dünyaşöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.

    Mahnı janrında lövhə ustası

    Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas olan sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də öz əksini tapıb. Elza İbrahimovanın mahnıları ən ülvi hisslərin - vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Həmin əsərlərdə milli muğamların, Azərbaycan və Qərb musiqisinin böyük sintezi var. Bəstəkarın milli intonasiyanın və ritmlərin estrada janrında ifadə etdiyi mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə, sözün geniş mənasında sevməyə sövq edir. Onun hər bir əsəri dinləyicini fərqli duyğular aləminə - bəstəkarın musiqi dünyasına aparır. Bütün bu keyfiyyətlər onun əsərlərinə ölməzlik qazandırıb. Təsadüfi deyildir ki, Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığı haqqında deyib: “Elza İbrahimova mahnı janrında lövhə ustasıdır. O, gözlə görünən dünyanın deyil, görünə bilməyən, içəridən bizi dalğalandıran hisslərin, həyəcanların, bir sözlə iç dünyamızın rəssamıdır”.

    Çox səlist, dəqiq və düzgün qiymətdir.

    Əbədiyaşar bəstələr

    Elza İbrahimovanın yazdığı məşhur “Ey Vətən” mahnısı ölməz sənətkar Rəşid Behbudovun ifasında Azərbaycanı dünyada tərənnüm edən mahnılardan biri olub.

    Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə onlarla mahnı bəstələyib. Onun təkcə bu janrda yazdıqları bəlkə də on bəstəkarın yaradıcılığından daha çoxdur. Məsələ həm də təkcə sayda deyil, musiqi bəstələdiyi şeirlərin gözəl məzmun və dil vəhdəti isə onun yüksək bədii zövqünü təsdiqləyir.

    Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. Vəfatından sonra isə sənətkar “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə layiq görülüb.

    Bu gün qlobal dünyaya sürətlə inteqrasiya edən ölkəmizin yerli və xarici televiziya və radio kanallarında növbənöv musiqilər səsləndirilir, hətta bəzən məzmun və janr “bolluğu” qulaq deşir. Lakin Elza İbrahimovanın musiqisi səslənəndə əsl sənətin heç zaman ölməyəcəyi qənaətinə gəlirik. Tam əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı istiqamətlər yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək.

    Elza xanım bu dünyanın 74 ilinə qonaq oldu, ömrünün yarım əsrdən çoxunu musiqiyə həsr etdi. Bu gün 85 yaşı tamam olan sənətkarın yaşı artdıqca bəstələri daha da cavanlaşır.

  • Şəhid Vüsal Babayevin xatirəsi anılıb

    Bu gün Vətən müharibəsi şəhidi Vüsal Babayevin anadan olmasının 30 illiyi tamam olub.

    AZƏRTAC xəbər verir ki, Yasamal rayon MKS-nin 4 nömrəli kitabxana filialının təşkilatçılığı ilə ikinci Fəxri xiyabanda şəhidin xatirəsi yad edilib.

    Müharibə qəhrəmanı, polkovnik Ədhəm Məmmədov, kulturoloq, şair-publisist Aydınxan Əbilov, “Şəhidlərimizi tanıyaq və tanıdaq” layihəsinin rəhbəri Fərhad Ələkbərli, kitabxana filialının nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz Mansurova, baş leytenant Vüsal Babayevin Vətən üçün, xalq üçün doğulduğunu və qəhrəman kimi şöhrət qazandığını bildiriblər.

    Müharibənin gedişində komandir vəzifəsinə yüksələn Vüsalın öz qəhrəmanlığı ilə əsgərlərə nümunə sayıldığı vurğulanıb. Bildirilib ki, o, ömrünün ən gözəl çağında Vətən uğrunda canını qurban verib.

    Şagirdlərə şəhid Vüsal Babayevin həyat yolundan danışılıb, eyni zamanda ona həsr edilmiş şeirlər səsləndirilib.

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialının müdiri Aynur Babayeva həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə ziyarətçilərə təşəkkürünü bildirərək, Vüsalla bağlı xatirələrini bölüşüb. O, Prezident İlham Əliyevin sərəncamları ilə qəhrəman şəhidin “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildiyinə və ailəsinə göstərilən böyük qayğıya görə dövlət başçısına təşəkkürünü bildirib.

  • Azərbaycanlı snayper Ziba Qəniyeva haqqında film çəkilib

    İkinci Dünya müharibəsində snayper kimi ad çıxarmış azərbaycanlı Ziba Qəniyeva haqqında “Özbəkfilm” və “Belarusfilm” studiyalarının birgə istehsalı olan ekran əsəri çəkilib.

    Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

    Qeyd edək ki, Ziba Qəniyeva əslən Şamaxı rayonundandır. 1923-cü ildə Özbəkistanın Gülistan şəhərində doğulub. 1937-ci ildə valideynləri repressiyaya məruz qalıblar. Sənətə böyük marağı olan Ziba Daşkəndə gedərək Özbəkistan Filarmoniyasının xoreoqrafiya şöbəsində məşğul olmağa başlayır. 1940-cı ildə Moskvaya gedir və Dövlət Teatr Sənəti İnstitutuna daxil olur.

    1941-ci ildə müharibənin başlaması onun sənət arzularını yarımçıq qoyur. Ziba tibb bacısı peşəsini öyrənmişdi, hospitalda çalışırdı. Sonra qısamüddətli atıcılıq kurslarına yazılır. 1941-ci il noyabrın 7-də Moskvada, Qızıl meydanda keçirilən paradda iştirak edir və cəbhəyə yollanır. Ziba Qəniyevanın cəbhədəki hünəri, snayperlik bacarığı həm müharibə illərində, həm də ondan sonrakı illərdə dəfələrlə qəzet materiallarının mövzusu olub. Tanınmış yazıçı Boris Polevoy onun haqqında "Pravda" qəzetində yazmışdı. O, 129 faşist məhv edən snayper kimi şöhrət qazanmışdı...

    Müharibədən sonra Moskvada yaşayan Ziba Qəniyeva azərbaycanlı sənətçilərlə, o cümlədən məşhur rəssam Tahir Salahovla dostluq edib. Tahir Salahov Ziba Qəniyevanın portretini çəkdikdən sonra heykəltaraş Cəlal Qaryağdı "Snayper Ziba Qəniyeva" adlı əsər yaradıb.

    Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib.

  • Azərbaycan vətəndaşları 70 ölkəyə vizasız gedə bilərlər

    Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də 76-cı yerdə qərarlaşıb və ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.

    Bu barədə "Report" qurumun 2023-cü ilin birinci rübünə dair hesabatına istinadən xəbər verir.

    Bu, ötən illə müqayisədə bir ölkə çoxdur.

    Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bu reytinqdə 78-ci yerdə qərarlaşmışdı.

    Reytinqdə ilk sıranı 193 ölkəyə vizasız getmək hüququ verən Yaponiya pasportu tutur. Sonrakı yerlərdə Sinqapur və Cənubi Koreya (192) qərarlaşıb.

  • Bu qız ruhların səsini eşidir...

    Azərbaycan Televiziyası yeni çoxseriyalı bədii filmin çəkilişlərinə başlayıb.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mistik janrda olan serial “Tam məxfi” adlanır.

    “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan serialın tizer-treyleri artıq yayımlanıb. Tizerdən aydın olur ki, filmin baş qəhrəmanı yuxularında gələcəyi görən, ruhların səsini eşidə bilən qızcığazdır. Söhbət 12 yaşlı Dəniz Abbasovadan gedir. Dəniz 12 yaşında itkin düşür və 30 il sonra tapılır. Lakin maraqlısı odur ki, o, tapılanda da 12 yaşında olur. Rəsmi dövlət qurumları gələcəyi görə bildiyi üçün bu qıza iş birliyi təklif edirlər, baş verəcək cinayətlərin qarşısını almaq üçün onun bu qabiliyyətindən faydalanırlar.

    Qeyd edək ki, çoxseriyalı bədii film tezlikdə AzTV-də yayımlanacaq.

  • “Gender bərabərliyi” üzrə yeni dərs vəsaiti çap edilib

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Bakı Dövlət Universiteti ilə birgə “Gender bərabərliyi” adlı dərs vəsait hazırlayıb.

    Report xəbər verir ki, elmi vəsait BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasının 1-2-ci, 7-8-ci, 10-cu maddələrinin, Avropa Şurasının Gender bərabərliyi üzrə Strategiyasının (2018-2023-cü illər) 3, 4 və 6-cı strateji məqsədlərinin və Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanunun icrasına yönəlib.

    Yeni dərs vəsaitində gender bərabərliyi anlayışı, onun yaranma tarixi və təmin edilməsi, cinsi ayrı-seçkilik, gender stereotiplərinin yaranması və onunla mübarizə üsulları sahəsində beynəlxalq müqavilələr və milli qanunvericilik, dövlət qulluğunda gender bərabərliyi prinsipinin tətbiqi və digər mövzular əhatə edilib.

    Nəşrdə, həmçinin iqlim dəyişikliyinin və COVİD-19 virusunun gender bərabərliyinin təmin edilməsinə, eləcə də ətraf mühitin ailəyə və cinsi nisbətə təsiri kimi yeni və maraqlı mövzuların əhatə edilməsi bu dərs vəsaitinin geniş şəkildə istifadəsinə şərait yaratmaqla, ölkədə insan hüquq və azadlıqlarının təbliğinə öz layiqli töhfəsini verəcək.

    Dərs vəsaiti Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və milli qanunvericiliyə əsasən hazırlanıb. 6 fəsildən ibarət vəsait ali təhsil ocaqları və dövlət orqanlarının istifadəsi üçün yararlı hesab edilir.

    Vəsait əhatə etdiyi məsələlərin genişliyi və əhəmiyyəti baxımından gender bərabərliyi sahəsində ali təhsil ocaqlarının tələbələri, dövlət qulluqçuları, bələdiyyələr, müvafiq fənləri tədris edən müəllimlər, elmi işçilər, hüquqşünaslar, ümumiyyətlə, dövlət idarəçiliyində gender məsələsi ilə maraqlanan oxucular üçün faydalı informasiya mənbəyidir.

  • “NUR Art House” qalereyasında Yeni ilin ilk sərgisi

    Yanvarın 14-də “NUR Art House” qalereyasında “Arts Council Azerbaijan” və “World Crafts Council Europe” təşkilatlarının birgə dəstəyi ilə modelyer-rəssam Nailə Kərimovanın "Keçə sənəti: Zamanın və məkanın vəhdəti" adlı ilk fərdi sərgisi açılacaq.

    Qalereyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, keçə ustası Nailə Kərimovanın yaratdığı əsərlər müxtəlif mövzuları əhatə edir. Onun xalq tətbiqi sənətinə marağı uşaqlıqdan yaranıb. O, Azərbaycan Milli İncəsənət Muzeyində işlədiyi müddətdə incəsənət sahəsini dərindən öyrənməyə başlayıb və uşaqlıq marağı sənətə çevrilib. Daha sonra modelyer-rəssam kimi təhsil alıb və ciddi şəkildə tətbiqi sənətdə yenilik yaratmaq arzusu onu keçə sənətinə gətirib.

    N.Kərimova Azərbaycan mədəniyyəti üçün çox nadir və unikal olan bu sənətin unudulmasını istəmədiyinə görə, ona müraciət edib. Ölkəmizin isti iqlim şəraitini nəzərə alaraq keçəni müxtəlif materiallarla kombinə edərək, yalnız dekor üçün deyil, həmçinin geyimdə və aksesuarlarda da keçə sənətindən istifadə edir.

    Qeyd edək ki, modelyer-rəssam Nailə Kərimovanın dizayner kimi axtarışlarında əsas məqsəd keçə sənətinin müasir ifadə vasitələri və imkanlarını tam olaraq sənətsevərlərə təqdim etməkdir.