"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) gələn il yanvarın 1-dən "MyASCO" adlı mobil əlavəsini istifadəyə verəcək.
Report xəbər verir ki, bunu qurumun sədri Rauf Vəliyev bildirib.
"Rəqəmsallaşma istiqamətində bir sıra işlər görmüşük və onları davam etdiririk. Mobil əlavəmizdə istənilən dənizçi istədiyi məlumatı, hətta yeməkxanalarımızda olan menyuya baxa biləcək", - o qeyd edib.
Bundan başqa, sədr deyib ki, ASCO 8 ildir ki, mənfəətlə işləyir: "Mən bura gələndə əməkdaşlarımıza söz verdim ki, uzağı birinci ildən zərərlə çıxacağıq. Əgər ikinci il zərər olsa, mən istefa verəcəyəm. Şükürlər olsun ki, 2014-cü ildən bəri biz mənfəətlə işləyirik. Hazırda 15-ə yaxın gəmimiz dünya sularında üzür".
Bakı Kitab Mərkəzində Azərbaycanın Ukraynadakı səfiri, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyyətə bərabər sevgi” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şərq-Qərb” nəşriyyatında buraxılan nəfis tərtibatlı kitabda müəllif öz qəhrəmanlarının uşaqlıq və gənclikdən ta kamil yaşlarınadək olan həyat yolundan danışır, iki görkəmli xadimi bağlayan tellərdən, uşaqlarını tərbiyə etmələrindən, Zərifə xanım və Heydər Əliyevlərin payına düşən həyat sınaqlarından söhbət açır. Müəllifin sözlərinə görə, o, qəhrəmanını qeyri-rəsmi tərəfdən göstərmək istəyib. Zəngin illüstrasiyalı kitabda baş qəhrəmanların yaxınlarının və doğmalarının xatirələri toplanıb.
Təqdimat mərasimində iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, diplomat və ictimai xadim Həsən Həsənov, sənətşünas Nigar Axundova, Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatı Jalə Əliyeva və digərləri çıxışlarında Heydər və Zərifə Əliyevlər haqqında xatirələrini bölüşüb, onların münasibətlərində çox gözəl harmoniyadan danışıblar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin sevimli xalq mahnıları onun öz ifasında səsləndirilib. Heydər və Zərifə Əliyevlərin qeyri-adi yaradıcılıq istedadının, musiqini düzgün qavrama qabiliyyətinin onların övladlarına - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və ictimai xadim Sevil xanım Əliyevaya da sirayət etməsi vurğulanıb.
Təqdimatda dünyaşöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin ifasında Sevil Əliyevanın bəstələdiyi mahnılar səsləndirilib.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Azər Zeynalov və beynəlxalq müsabiqələrin laureatı, vokalçı İslamə Abdullayeva çıxış ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində dəmiryolu xəttinin altından yeni avtomobil tuneli tikib.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, yeni tunelin qapalı hissəsinin uzunluğu 30 metr olmaqla açıq hissəsinin (yanaşma yollar ilə birgə) ümumi uzunluğu 420 metr təşkil edir. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarətdir. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr təşkil edir.
Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və eni 1.20 metr olmaqla piyada səkilərinin inşası da layihə üzrə həyata keçirilib.
Tuneldaxili yolun eni hər iki istiqamət üzrə 4 metr, yan yolların eni 5-7 metr, hərəkət hissəsinin eni 4-6 metrdir. Layihə üzrə yolların genişləndirilməsi üçün söküntü, tikinti ərazisinə düşən maneələrin və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması üzrə işlər icra olunub.
Yeni tunel istifadəyə verildikdən sonra isə qabaritindən asılı olmayaraq burdan bütün avtonəqliyyat vasitələri istifadə edə bilir. Yeni inşa edilən piyada səkiləri vasitəsi ilə isə insanalar təhlükəsiz şəkildə dəmir yolu xəttini kəsib keçmədən hərəkət edirlər.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana rəsmi səfəri çərçivəsində ölkənin Parlamentinin Senat sədrinin müavini Askar Şakirov ilə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, Parlament Senatının sədr müavini Askar Şakirov Qazaxıstan Respublikası tərəfindən qardaş türk dövlətləri ilə əlaqələrə böyük önəm verildiyindən söz açıb. Askar Şakirov Türk dünyasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinin bölgənin beynəlxalq aləmdə əhəmiyyətinin artırılmasında da mühüm rol oynadığını bildirib. Parlament Senatının sədr müavini hazırda türk dövlətləri arasındakı dialoqun gücləndirilməsinə töhfə verən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yaradılmasında Qazaxıstan tərəfindən göstərilən dəstəyi diqqətə çatdırıb. Askar Şakirov Fond tərəfindən aparılan genişmiqyaslı işləri təqdirəlayiq hesab etdiyini bildirərək, Qazaxıstanın zəngin tarixi və mədəni irsinin tanıdılmasında Fond ilə tərəfdaşlığın vacibliyini vurğulayıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın qurucu üzv ölkəsi Qazaxıstanda vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində aparılan islahatları yüksək qiymətləndirib. Günay Əfəndiyeva təşkilat tərəfindən ümumtürk dəyərlərinin, o cümlədən Qazaxıstanın çoxəsrlik mədəniyyətinin öyrənilməsi, yaşadılması və dünya səviyyəsində təbliği ilə bağlı həyata keçirilən layihələrdən, təşkil olunan tədbirlərdən bəhs edib. Fondun prezidenti təşkilatın prioritet məqsədləri istiqamətində gələcək planlarını bölüşərək, həmçinin ölkə ilə münasibətlərin daha da genişləndirilməsi yönündə atılacaq addımlara da diqqət çəkib. Görüş zamanı Günay Əfəndiyeva Parlament Senatının sədr müavininə Fond tərəfindən Qazaxıstanın və bütövlükdə Türk dünyasının böyük şairi, ictimai xadim, bəstəkar Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş, İspaniyada çap edilmiş poçt markasını təqdim edib.
Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadilələri ilə davam edib.
Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə türk dünyasından Şuşaya-Şuşadan türk dünyasına layihəsi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunacaq. Adıçəkilən kitabın Bakı, İstanbul və Daşkənd şəhərlərində təqdimat mərasimləri təşkil ediləcək.
Bundan əlavə, layihə çərçivəsində türk ölkə və topluluqlarından olan ədəbiyyat nümayəndələri qarşıdakı günlərdə Azərbaycana səfər edəcəklər və Bakıda müxtəlif tədbirlər, görüşlər keçiriləcək. Eyni zamanda türk dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gələcək ədəbiyyat nümayəndələri Şuşa şəhərinə səfər edəcəklər.
2023-cü il yanvarın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bəstəkar, sənətşünas, Xalq artisti Elnarə Dadaşovanın 70 illiyi qeyd olunacaq.
AZƏRTAC xəbər verir ki, gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Əməkdar artist Fuad İbrahimov, Xalq artisti Gülnaz İsmayılova, solistlər Fəxri Kazım-Nicat və Səidə Tağızadə - piano) ifasında bəstəkar Elnarə Dadaşovanın əsərləri səslənəcək.
Qeyd edək ki, Elnarə Dadaşovanın qeyri-adi yaradıcılıq istedadı uşaqlıq illərindən özünü büruzə verib. Bəstəkarlığın sirlərini o, Azərbaycan Dövlət Konservatoriyasında dünyaşöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevdən öyrənib. Milli prinsiplərə əsaslanan müasir musiqi dilində əsərlərin yazılması ona məhz Qara Qarayevdən miras qalıb. Elnarə Dadaşova 30 ildən çoxdur bəstəkar kimi fəaliyyət göstərir. O, bu illər ərzində müxtəlif janrlarda 100-dən artıq əsər yazıb. Fortepiano əsərləri onun yaradıcılığının ayrılmaz və mühüm bir hissəsini təşkil edir. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış "24 Prelüd" silsiləsi, "Sayalı" baleti, orqan üçün "Variasiya", "Fantaziya", "Postlüdiya" əsərləri təşkil edir. O, simfoniya, konsert-simfoniya, fortepiano konserti, balet, baletdən simfonik süitalar, xor əsərləri, vokal-simfonik əsərlər, kvartetlər, fortepiano, orqan, xalq çalğı alətləri, simfonik orkestrin müxtəlif alətləri üçün əsərlərin müəllifidir. Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirən E.Dadaşova, həmçinin "Polifoniya", "Solfecio" üzrə 5 dərs vəsaitinin, xor topluları və tədris proqramlarının rəhbəridir. Bəstəkarın əsərləri, eyni zamanda, bir çox xarici ölkələrin konsert salonlarında səsləndirilib. Elnarə Dadaşova Azərbaycanda tuba aləti üçün solo əsər yazmış bəstəkardır. ABŞ-ın tuba aləti üzrə məşhur ifaçısı, professor C.Kenyon Bakıya gəldiyi zaman bəstəkarın tuba, eləcə də fortepiano üçün "Xoral" və "Layla" əsərlərini dinləyərək, onun notunu ifa etmək üçün Amerikaya aparıb. Bəstəkarın əsərlərini bir çox dünya orkestr ifaçıları öz konsert proqramlarına daxil edərək ifa ediblər. Xarici ölkə təşkilatları E.Dadaşovanın yaradıcılığına yüksək qiymət verərək, onun əsərlərinin ifasını İtaliyada "Donna In Muzika" təşkilatının xətti ilə yayımlanmasını təmin ediblər. Elnarə Dadaşova, eyni zamanda, 1970-ci ildən AzTV-də müəllif kimi silsilə verilişlər aparıb. Onun 80-a yaxın əsəri Azərbaycan Televiziyasının fonotekasında saxlanılır.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin 30 illiyinə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, musiqili gecənin əvvəlində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Günel Zeynallı çıxış edərək, tədbirin əhəmiyyətindən söz açıb.
Sonra orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, general-mayor Yusif Axundzadə, orkestrin rəisi, Əməkdar İncəsənət xadimi, polkovnik Rüfət Axundzadə və baş leytenant Elnur Qurbanovun rəhbərliyi ilə solistlər Əməkdar artist Xəyyam Mustafazadə, Aynur İsgəndərli, Kənan Qədimov, Züleyxa Usubova, Elman Mustafayev, Anar Hüseynov, Namiq Qurbanov, Sərxan Fətəliyev öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qara dəniz” və “Koroğlu” operasından rəqs, James Lastın “Tənha çoban”, John Villiamsın “İmperial marş”, “Anamız Azərbaycan”, Eric Vitacrein “The Seal Lullaby”, Müslüm Maqomayevin “Odlar yurdu” və “Azərbaycan”, Rafael Hernandesin “El Cumbanchero”, Elza İbrahimovanın “Ey Vətən”, Zeqinya Abreunun “Tico-tico”, Rüfət Axundzadənin “Qələbə” marşı səsləndirilib.
Dünyaşöhrətli musiqiçi, pianoçu Riçard Klayderman ilk dəfə Bakıya gəlir.
AZƏRTAC xəbər verir ki, sənətçi martın 7-də möhtəşəm orkestrin müşayiəti ilə Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.
Karyerası ərzində 270 qızıl və 70 platinium mükafata sahib musiqiçi klassik və pop musiqini birləşdirərək yeni romantik üslub yaradıb. Bu günə qədər 1200-dən çox musiqi əsəri yazan Klayderman ümumi tirajı 90 milyon olan 100-dən çox kompakt-diskin sahibidir. Vaxtının böyük hissəsini konsertlərdə iştirakla keçirən Riçard Klaydermanın 2006-cı ildə əsərlərinin 70 milyon satışı qeydə alınıb. Onun adı “Dünyanın ən uğurlu pianoçusu” kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.
2023-cü il yanvarın 28-də Heydər Əliyev Sarayında əfsanəvi Yapon pianoçu və bəstəkar Keiko Matsuinin konserti təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, konsertdə pianoçu rəngarəng caz musiqi nömrələri ilə tamaşaçıların qarşısına çıxacaq.
Qeyd edək ki, dünyaşöhrətli pianoçu Keiko Matsui 17 yaşı olarkən “Yamaha System” studiyasından təklifi alıb. Həmin ildə o, ilk dəfə film üçün kompozisiya yazıb. Bundan sonra pianoçu "Cosmos" adlı caz qrupu yaradıb və bu qrupla bərabər dörd albom buraxıb. Eyni zamanda “Oasis Awards” mükafatlandırma mərasimində K.Matsui “İlin ən yaxşı caz qadın ifaçısı” nominasiyası üzrə mükafata layiq görülüb.
Bu gün Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 90-cı ildönümü tamam olan bəstəkar Astara şəhərində anadan olub.
O, 1950-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun Xor dirijorluğu şöbəsində orta musiqi təhsilini almağa başlayıb və paralel olaraq bəstəkarlıqla məşğul olub. 1957-ci ildə O.Kazımi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsinə daxil olub, bir il sonra isə Bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirib. 1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoymuş O.Kazımi musiqi sənətinin müxtəlif janrlarında öz qələmini sınayıb. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud - nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, “Nəğməmsən, Azərbaycan” kantatasının, Piano və orkestr üçün poema-konsertin, Xalq çalğı alətləri üçün konsertin, “Millətin oyaq gecəsi” vokal-simfonik poemasının, “Qarabağ rapsodiyasının”, Təntənəli uvertüranın, Xor və simfonik orkestr üçün “Trilogiya”nın, kamera-instrumental əsərlərin, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.
Onun yaradıcılığında mahnı janrı xüsusi yer tutub. Onun 200-dən artıq mahnısı - “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları” və “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodiyası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadə və başqalarının repertuarında möhkəm yer tutub. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanıb.
O, ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak edib. Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, Sumqayıt estrada orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb. O, 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti Oqtay Kazımi 2010-cu il avqustun 9-da vəfat edib.