Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Azərpoçt” “VISA” beynəlxalq ödəniş sisteminə tamhüquqlu üzv olub

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü statusunu alıb.

    Report nazirliyə istinadən xəbər verir ki, bununla da “Azərpoçt”un POS-terminal istifadə olunan bütün şöbə və filiallarında “Mastercard” sahibləri ilə yanaşı, “VISA” kart sahibləri nağdsız ödənişlər edə biləcəklər.

    Eyni zamanda, “Azərpoçt”a kart emissiyası, kart qəbulu, pulköçürmələr və elektron kommersiya üzrə lisenziyalar verilib. Bu da öz növbəsində fiziki və hüquqi şəxslərin qurumdan kart xidmətləri sahəsində tam funksional şəkildə faydalanmasına imkan yaradacaq.

    Poçt əməliyyatlarında şəffaflığın təmin edilməsi üçün “Azərpoçt” Bakının bütün poçt şöbələri daxil olmaqla, ölkə üzrə 500-dən artıq poçt şöbəsində POS-terminal quraşdırıb.

    “Azərpoçt” ənənəvi poçt xidmətləri ilə yanaşı, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər maliyyə xidmətləri, eləcə də biznes xidmətləri təqdim edir.

  • Rusiya və Çin Ayda elmi stansiya yaradacaq

    Rusiyanın “Roskosmos” Dövlət Korporasiyası və Çin Milli Kosmik İdarəsi 2023-2027-ci illər üçün əməkdaşlığın inkişafı proqramını təsdiqləyib.

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, proqrama Ayda stansiyanın yaradılmasına dair hökumətlərarası saziş də daxildir.

    “Rusiya və Çin hökumətləri arasında Ayda Beynəlxalq Elmi Stansiyanın yaradılması üzrə əməkdaşlıq haqqında saziş imzalanıb ki, bu da Yerin təbii peykinin tədqiqi istiqamətində ciddi addımdır”, - “Roskosmos”un 2022-ci ilin yekunlarına dair materialında deyilir.

    Xatırladaq ki, hökumətlərarası saziş noyabrın 25-də imzalanıb.

  • İki beynəlxalq türk təşkilatı bir arada

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana rəsmi səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasını ziyarət edib və təşkilatın yeni təyin olunmuş prezidenti Şahin Mustafayevlə görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə türk xalqlarının qədim tarixə söykənən dostluq və qardaşlıq bağlarından, müasir dövrdə qarşılıqlı münasibətlərindən bəhs olunub. Türk dövlətlərinin hərtərəfli əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

    Tərəflər türk dünyasında inteqrasiya proseslərinin gücləndirilməsi yönündə Türk Əməkdaşlıq Təşkilatlarının roluna və fəaliyyətlərinə diqqət çəkərək, rəhbərlik etdikləri təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində birgə atılacaq addımları dəyərləndiriblər.

    Görüş Fond və Akademiya arasında əməkdaşlığın genişləndirilməsinin gələcək perspektivləri ətrafında fikir mübadilələri ilə davam edib.

  • Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Sabirabadda vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli tərəfindən 2023-cü il yanvarın 26-da saat 10:00-da Sabirabad şəhər Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 95) Sabirabad, Şirvan şəhərlərindən və Saatlı, Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar yanvarın 21-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

  • Milli Kitabxanada “Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov” adlı virtual sərgi hazırlanıb

    Milli Kitabxananın əməkdaşları tərəfindən “Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgi Milli Aviasiya Akademiyasının prorektoru Şəmsəddin Axundovun 90 illik yubileyi münasibətilə hazırlanıb.

    Virtual sərgidə fotolar, Şəmsəddin Axundovun müəllifi olduğu kitablar, tərtibçisi və redaktoru olduğu əsərlər, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

    Qeyd edək ki, Şəmsəddin Axundov 1932-ci il dekabrın 3-də Bakı şəhərində anadan olub. Bakı şəhərindəki 51 nömrəli orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika şöbəsinə daxil olub və 1956-ci ildə universiteti bitirib.

    Şəmsəddin Axundov 1956-1965-ci illərdə Mədəniyyət Nazirliyində metodist-inspektor, baş metodist, şöbə müdiri vəzifələrində çalışıb. 1965-cı ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, 1967-ci ildən sədr vəzifələrində çalışan Ş.Axundov 1969-1981-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasında şöbə müdiri işləyib.

    Şəmsəddin Axundov 1981-1987-ci illərdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının Elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 1988-ci ildə o, Mədəniyyət Nazirliyinin Mədəni-maarif Müəssisələri İdarəsinə rəis təyin olunub, 1991-2001-ci illərdə nazir müavini işləyib, həmçinin Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə Mədəniyyət Nazirliyi Kollegiyasının üzvü təyin edilib.

    Şəmsəddin Axundov 2005-ci ildən Milli Aviasiya Akademiyasında prorektor vəzifəsində çalışır. O, burada Aviasiya Tarixi Muzeyinin fəal qurucularından biri və ilk direktoru olub. Onun gərgin əməyi sayəsində Muzeydə Azərbaycanda aviasiya tarixinə dair, xalqımızın ilk qəhrəman aviator oğul və qızları haqqında zəngin material toplanıb.

    Topladığı məhz bu dəyərli materiallar əsasında Azərbaycanda ilk dəfə olaraq Azərbaycan və rus dillərində aviasiya tarixinə dair “Azərbaycanda aviasiyanın tarixi: Biblioqrafiya” adlı fundamental kitab tərtib edib.

    Şəmsəddin Axundov “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, “Əla mədəniyyət işçisi” medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

     

     

  • Milyonların sevimlisi

    Bu gün Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür

    Zeynəb Xanlarova sənəti bütün zamanlarda diqqət mərkəzində olub. Onun ömür yaşı səksəni haqlasa da, sənət yaşının tarixi yoxdur. Zeynəb Xanlarova sənətinin yaşı Azərbaycan musiqisinin tarixi qədər qədim və zəngindir...

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

    Hər dəfə nəğmələri sərhəd tanımayan Azərbaycanın təkrarsız sənətkarı Zeynəb Xanlarovanı dinləyəndə böyük ədiblərdən birinin - “Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil”, - müdrik kəlamını xatırlayıram.

    O da bu yola böyük həyat eşqi, sonsuz sevgi ilə çıxdı. Sənətə qədəm qoyduğu ilk gündən kamil bir sənətkar olmaq üçün gecəsini gündüzünə qatdı, dövrünün ən məşhur ustadlarından muğamlarımızın, təsniflərimizin, xalq mahnılarımızın sirlərini öyrəndi. Sənətə elə ürəkdən bağlandı ki, artıq ondan ayrılmağın mümkünsüzlüyünü anladı və musiqisiz keçən gününü ömürdən saymadı.

    Milli olduğu qədər də bəşəri

    Qısa müddətdə səsinin şirin avazı ilə milyonların ürəyinə yol tapdı. Bu səs hər bir azərbaycanlının qapısını döydü, evinin ən əziz qonağı oldu. Bu səs sərhədləri aşaraq yaxın-uzaq məmləkətlərdə eşidilməyə başladı. Musiqinin sərhəd tanımaması onun timsalında bir daha təsdiqini tapdı. Sərhədlərindən quşların belə səkə bilmədiyi keçmiş sovetlər məkanının qanunlarının ən sərt dönəmində o, öz şaqraq, bənzərsiz ifası ilə çox-çox uzaqlarda milyonların sevimlisinə çevrilə bildi. Dilimizi bilməyən əcnəbilər belə o şirin avazın, ecazkar ifanın sehrinə düşdü. Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova qısa bir zaman kəsiyində milli olduğu qədər də bəşəri bir ifaçıya çevrildi.

    Onun qastrol səfərlərinin xəritəsini cızmaq çətindir, bəlkə də mümkün deyil. Zeynəb xanımın səsinin qət etdiyi məsafəni, yolları bir-birinə calasaq, bu sehrli nəğmə çələngini bəlkə də bir neçə dəfə planetin başına dolamaq mümkün olardı. Onu dilindən, dinindən, əqidəsindən asılı olmayaraq hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni məhəbbətlə, eyni hərarətlə qarşılayır, eyni coşqunluqla alqışlayırlar.

    Bu xoşbəxtlik hər sənət adamına qismət olmur. Səni doğulduğun məmləkətdə olduğu qədər uzaq ellərdə də sevsinlər, dəyərləndirsinlər. Bu, yalnız və yalnız Zeynəb Xanlarova kimi xoşbəxt sənətkarlara nəsib ola bilərdi və oldu da...

    Zeynəb xanım üz tutduğu, konsert proqramları ilə çıxış etdiyi hər bir məmləkətə təkcə özünü və Tanrının ona bəxş etdiyi səsini aparmır, o, həm də həmin ünvanlara Azərbaycanı aparır. O, öz Vətəninin, xalqının adını, şöhrətini yaxın-uzaq ellərdə zirvələrdən-zirvələrə qaldırmaq üçün bu yola çıxmışdır, bəlkə də bu səbəbdən harada olurdusa, orada tükənməz bir Azərbaycan sevgisi qoyub gəlir.

    Novator ifaçı

    Zeynəb xanımın XX əsr Azərbaycan ifaçılığında bəlkə də heç kəsin yüksələ bilməyəcəyi bir sənət zirvəsi vardır. Onun sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.

    Z.Xanlarova 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbini, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, əvəzsiz ifaçı olmasını Opera və Balet Teatrının səhnəsində yaratdığı bir-birindən maraqlı, bənzərsiz rollarla çoxdan təsdiqləyib. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizdə əbədi qalacaq obrazlardır. Sənətkar heç vaxt uğurları ilə kifayətlənməyib. Onun repertuarını xalqımızın milli kimlik pasportuna çevrilmiş muğamlarımız, təsnif və xalq mahnıları, böyük bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Ələkbər Tağıyev, Emin Sabitoğlu və başqalarının, eləcə də Şərq xalqlarının mahnıları bəzəyir.

    Xalqımızın istəklisi Zeynəb Xanlarovanın klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan müğənnilik sənəti milli musiqimizdə bir təzəlik, yenilikdir. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, səhnə davranışında, mahnı ifaçılığında özünü qabarıq göstərir.

    Əvvəllər qadın xanəndələrin repertuarında, əsasən “Şahnaz”, “Qatar” muğamları yer alırdı. Çünki bu muğamlar tessitura cəhətdən zil, diapazonca məhdud, həcmcə yığcamdır. Lakin Zeynəb xanım bu ənənəni cəsarətlə pozdu, qadınlar arasında ilk dəfə “Çahargah” kimi geniş monumental dəstgah oxudu və böyük yaradıcılıq müvəffəqiyyətinə nail oldu. Zeynəb Xanlarovanın ifasında bu muğam yeni başlanğıc, yeni nəfəs kimi dəyərləndirilirdi. Bütün muğamsevərlər və ustad sənətkarlar onun ifasındakı “Çahargah”ı yüksək qiymətləndirməklə yanaşı, bu səsin sahibinin gələcəkdə böyük sənətkar olacağına inamlarını böyük cəsarətlə bildirirdilər. Zeynəb xanım bu inamı doğrultmağı bacardı və bir daha sübut etdi ki, çəkilən zəhmət mütləq bir gün öz bəhrəsini verəcək. O, “Çahargah”la yanaşı, “Şur”, “Dilkəş” təsniflərini, “Mahur-hindi”, “Qatar”, “Xaric segah”, “Hümayun”, “Bayatı-kürd” muğamlarını cidd-cəhdlə öyrənib oxudu. Bu, onun üçün adi yaradıcılıq prosesi deyildi. Zeynəb Xanlarova əsl novator ifaçı kimi hər bir musiqi əsərini tamamilə yeni səpkidə oxuyurdu. Bu səbəbdən onun muğam ifaçılığındakı üstünlüyü danılmazdır.

    Musiqimizin Zeynəb yolu

    Zeynəb Xanlarova bu uğurlara heç də birdən-birə nail olmayıb. Bu uğurların, böyük tamaşaçı sevgisinin kökündə yorulmadan, usanmadan çəkilmiş zəhmət dayanır. Zeynəb Xanlarova Azərbaycan xanəndəlik sənətinin, vokal ifaçılığının qüdrətli nümayəndələrinin yaradıcılıq çeşməsindən bəhrələnib. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva və digər sənət korifeyləri onun yaradıcılıq yolunda örnək, məhək daşı rolunu oynayıblar. Zeynəb xanım böyük sənətkarların hər birinin ifaçılıq üslubunu mənimsəyib, lakin böyük istedadı, iradəsi hesabına heç vaxt təqlid yolunu seçməyib.

    Zeynəb Xanlarovanın ifaçılığında emosionallıq, aydın tələffüz, zəngin səs palitrası, səhnə plastikası insanı heyran qoyur. Onun səsi qəlb yanğısından yoğurulduğundandır ki, hər zaman insanı valeh edir, kamilliyə səsləyir. Bu səsdə fərəh də var, kədər də. Zeynəb Xanlarova olmağın yolu alın təri, tükənməz zəhmət, gecə-gündüz usanmadan çalışmaqdan keçir. Z.Xanlarova olmağın mahiyyətində məcnunluq, sənətə, ifaya, muğama dəlicəsinə çılğın aşiqlik vardır.

    Sənətə bütün ifaçılar kimi oxumaq, özünü sübut etmək amalı ilə gələn Zeynəb Xanlarova qısa zaman kəsiyində çoxlarından, bəlkə də elə hamıdan fərqləndi. Ən azı ona görə ki, özü olmağa çalışdı və oldu. Təkcə səsi, avazı, zili, bəmi ilə yox, həm də danışığı, gülüşü, geyimi, insanlara münasibəti, xeyirxahlığı və bir də qazandığı tükənməz tamaşaçı sevgisi ilə. Sənət yollarına hamı kimi çıxsa da, özü kimi addımlamağa qərar verdi və musiqimizin Zeynəb yolunu tapa bildi, yarada bildi.

    Onun varlığı ilə fəxr etməyə dəyər

    Onun zəhməti həm qədirbilən xalqımız, həm də dövlətimiz tərəfindən həmişə yüksək dəyərləndirilib. Zeynəb xanım tək-tək sənətkarlara nəsib olan bütün fəxri adların hamısına layiq görülüb. Dövlət mükafatı laureatıdır. Bununla yanaşı, Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflər qazanıb. Sinəsini neçə-neçə orden bəzəyir – keçmiş SSRİ-nin “Şərəf nişanı”, “Xalqlar Dostluğu” ordenləri. Bütün dünyada məşhur olan “Melodiya” firmasının “Qızıl val” mükafatı da sənətkarın bənzərsiz istedadına, zəngin yaradıcılığına verilən layiqli qiymətdir. Onun üçün isə ən yüksək, ən ali mükafat müstəqil Azərbaycanın “Şöhrət”, “İstiqlal” və “Heydər Əliyev” ordenləridir.

    Z.Xanlarovanın yaradıcılığı ulu öndər, Azərbaycan incəsənətinin hamisi ümummilli lider Heydər Əliyev tərəfindən daim yüksək qiymətləndirilib.

    Zeynəb xanım haqqında deyilən qiymətli fikirlərin sırasında bir neçəsini bu yazıda xatırlamağı məqsədəuyğun hesab edirik. Azərbaycanın Xalq rəssamı Tahir Salahov deyib: “Zeynəb musiqimizdə hadisədir, mərhələdir və onun varlığı ilə fəxr etməyə dəyər”. Filologiya elmləri doktoru, professor Əziz Şərif isə dəyərli sənətkarla bağlı düşüncələrini belə ifadə edib: “...Haçan səhnədə görünübsünüzsə, haçan qəlbən sevdiyiniz nəğmələri oxumağa başlayıbsınızsa tamaşaçı salonu gurultulu alqışlara bürünüb. Zeynəb səsinə, Zeynəb oxumasına pərəstiş edənlər sevgilərini də o alqışlara qatıb müğənniyə ərməğan ediblər. Siz oxuyursunuz və oxumalarınızdakı Vətən ətri, bayatı rayihəsi ürəklərə dolur. Şirin səsinizdən, kövrək nəğmələrinizdən doya bilmirik. Sizin hər nəğməniz həssas bir ürəyin hekayətidir. Odur ki, həmin nəğmələrə biganə qalmaq mümkün deyil...”.

    Zeynəb Xanlarova keçmiş Sovet İttifaqında bir neçə dəfə qardaş Türkiyədə qastrol səfərində olmuş yeganə və xoşbəxt sənətkarlardandır. 1972-ci ildə Türkiyəyə üçüncü qastrol səfəri zamanı xanəndənin ifasında 24 mahnı bu ölkənin səsyazma firmasında vala yazılıb. Həmin vallarda “Azərbaycan”, “Reyhan”, “Qonaq gəl bizə”, “Sevən könül”, “Lalələr”, “Ay qəlbi kövrək”, “Tələbəlik illəri” və başqa mahnılar yer alıb. Valların üstünə müğənninin şəkli vurulub, firmaya isə “Zeynəb” adı verilib.

    Zeynəb Xanlarova musiqimizin və mədəniyyətimizin tarixində əbədi qalmaq haqqını qazanmış sənətkarlardandır. Zeynəb səsi, Zeynəb ifası sanki bütün keçilmiş yolun yekunu, qazanılmış təcrübənin məcmusu və zirvəsidir.

    Bütün bunlar bir daha deməyə tam əsas verir ki, Zeynəb Xanlarova təkcə yaşadığı zamanın deyil, bütün zamanların sənətkarıdır.

  • Bu gün Beynəlxalq Kino Günüdür

    Dekabrın 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” ekran əsəri də var idi.

    Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaq. Ona maraq tezliklə sönəcək. Lakin bəşəriyyət xroniki sinematoqraf xəstəliyinə tutuldu. Kino körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi.

    Çoxları kinonun yaranması ilə teatrın məhv olacağını deyirdi. Yaxşı ki, həyat bu ehtimalı təkzib etdi. Siyasətçilər kinonun böyük gücə malik olmasını hamıdan əvvəl anlamışdılar. Onlar Lümyer qardaşlarının ixtirasının köməyi ilə kütlələrə təsir etməyin mümkün olduğunu görürdülər.

    AZƏRTAC xəbər verir ki, Azərbaycanda Milli Kino Günü hər il avqustun 2-də qeyd edilir.

    Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.

    Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

    Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

    Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

    1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən “Azərbaycanfilm” kinostudiyası Cəfər Cabbarlının adını daşıyır.

    “Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

    Qeyd edək ki, 2018-ci ildə Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib. Bu il 124-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

    Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına tammetrajlı və qısametrajlı bədii, sənədli, habelə cizgi filmləri çəkilib. Bu gün gənclərimiz dünyanın bir sıra ölkələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir.

  • Xalq artisti Fərhad Bədəlbəylinin 75 illiyi qeyd olunub

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) dünya şöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin yubilyara təbriki elan olunub. Prezident tərəfindən Fərhad Bədəlbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinin “Şərəf” ordeni ilə təltif olunması musiqisevərlər tərəfindən böyük sevinclə qarşılanıb.

    BMA-nın Nəfəs və zərb alətləri kafedrasının tələbə orkestri (bədii rəhbər Əməkdar incəsənət xadimi Rüfət Axundzadə) çıxış edib.

    Sonra Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestrinin ifasında İohan Sebastian Baxın “Brandenburq” konserti səsləndirilib.

    Tədbirdə Xalq artisti, professor Yeganə Axundova, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, prorektor Tahir Fərəcov, Xalq artisti Xuraman Qasımova, Xalq artisti Roza Cəlilova və Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov və başqaları çıxışlarında yubilyarı təbrik ediblər.

    Sonra səhnəyə dəvət olunan Xalq artistləri Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Akademik Filarmoniyasının müdiri Murad Adıgözəlzadənin möhtəşəm dueti dinləyicilərin zövqünü oxşayıb.

    Rəngarəng konsert gecəsində Xalq artisti Mənsum İbrahimov, yubilyarın piano sinfinin yetirmələri çıxış ediblər.

    Sonda Fərhad Bədəlbəyli təbriklərə, xoş arzulara görə hər kəsə dərin minnətdarlığını və təşəkkürünü bildirib.

  • Qum və pomidordan hazırlanmış nəhəng Santa Klaus

    Hindistanın Odişa əyalətinin şərqində yerləşən Qopalpur şəhəri yaxınlığındakı çimərlikdə hindistanlı rəssam və heykəltəraş Sudarsan Pattnaik qum və pomidordan böyük ölçüdə Santa Klaus fiqurunu hazırlayaraq ictimaiyyətə təqdim edib.

    AZƏRTAC TASS-a istinadla xəbər verir ki, heykəltəraş eni 60 fut (18,2 m) və hündürlüyü 27 fut (8,2 m) olan böyük ölçülü fiquru 15 şagirdinin köməyi ilə yaradıb.

    Qeyd edək ki, bu, Hindistanın Odişa əyalətinin şərqində yerləşən Qopalpur şəhəri yaxınlığındakı çimərlikdə 1,5 ton pomidordan və qumdan ibarət dünyanın ən böyük Santa Klaus fiqurudur.

  • Naftalanda yeni tullantı sutəmizləyici qurğusu istismara verilib

    "Azərsu" ASC Naftalan şəhərində yeni tullantı sutəmizləyici qurğusunu istismara verib.

    Report bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində inşa edilmiş bioloji tipli təmizləyici qurğuda tullantı suları tam təmizləndikdən sonra kənarlaşdırılır.

    Ümumi məhsuldarlığı sutkada 6 000 kubmetr layihələndirilən qurğunun ilkin mərhələdə 3 000 min kubmetr emal gücü olan birinci mərhələsi inşa edilib. Qurğuya daxil olan suların tərkibindəki bərk tullantılar iri barmaqlıqlarda, xırda hissəciklər və yağlar qumtutucu və yağayırıcı kameralarda təmizlənir. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biofosfor qurğusuna ötürülür. Bioloji təmizləmədən keçən sular durulducu çənlərdə çökdürülür və lilsusuzlaşdırma binasında susuzlaşdırılır. Ən sonda tullantı suları diskfiltr vasitəsilə təmizlənib zərərsizləşdirilir.

    Təmizlənmiş və zərərsizləşdirilmiş tullantı sular Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə Naftalan çayına axıdılır. Bu məqsədlə diametri 800 mm diametrli borularla 1,8 km uzunluğunda kollektor inşa edilib. Qurğuda bütün proseslər avtomatlaşdırılmış idarəetmə sistemi (SCADA) ilə idarə olunur. Emal proseslərinin ekoloji tələblərə uyğunluğunun yoxlanılması məqsədilə müasir tipli laboratoriya yaradılıb. Qurğu ərazisində inzibati və yardımçı binalar inşa edilib.

    “Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla 9 800 nəfərin içməli su təminatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihənin icrasına 2013-cü ilin əvvəlində başlanılıb. Goranboy şəhərini içməli su ilə təmin edən Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4 km magistral su xətti çəkilib, hər birinin həcmi 3000 kubmetr olan 2 ədəd anbar tikilib. Naftalan şəhərində 36,8 km içməli su, 37,7 km kanalizasiya şəbəkəsi yaradılıb, 867 kanalizasiya baxış quyusu inşa edilib. Layihə çərçivəsində Naftalan Sukanal Sahəsi üçün yeni inzibati bina tikilib, Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərinə də içməli su verilib, 3 200 sakinin su təchizatı yaxşılaşdırılıb.