Şuşada Vaqif Poeziya Günləri başlayıb.
Report-un məlumatına görə, əvvəlcə "Qarabağ" otelinin qarşısında kitab sərgisi təşkil edilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu və ədəbiyyatşünaslar iştirak edirlər.
Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirlikdən Report-a bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının quru ot, kol-kos və seyrək ağaclıq ərazidə baş verdiyi məlum olub.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Beynəlxalq Kino Sənəti və Elmləri Akademiyası tərəfindən verilən beynəlxalq “Emmi” mükafatlarına namizədlər açıqlanıb.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, 74-cü dəfə təqdim olunacaq mükafat sentyabrın 12-si sahiblərinə veriləcək.
Mükafatlar arasında “Netflix”in “Squid Game” serialı ən yaxşı dram nominasiyasında “HBO”nun “Succession” serialı ilə namizəddir.
Bunlardan başqa, “Ted Lasso” və “The White Lotus” 20 nominasiyada, “Hacks” və “Only Murders In The Building” 17 nominasiyada və “Euphoria” 16 nominasiyada mükafatın favoritləridir.
Mədəniyyət naziri Anar Kərimov Xəzər rayonunun Türkan qəsəbəsi yaxınlığında yerləşən “Kurqan çölü”, “Türkan yaşayış yeri” və “Daş yollar” tarixi abidələrinə baxış keçirib.
AZƏRTAC xəbər verir ki, baxış zamanı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, tədqiqatçı Faiq Nəsibov, “Agro Food İnvestments” şirkətinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Unikal abidə olan “Daş yollar”a edilən müdaxilə faktı ilə yerində tanış olan nazir, həmin tarixi abidəyə dəyən zərərin müəyyənləşdirilməsi və aradan qaldırılması, habelə daha ciddi şəkildə qorunması üçün tapşırıqlar verib.
Vurğulanıb ki, bundan sonra da tarixi abidələrə edilən qanunsuz müdaxilələrin qarşısı qətiyyətlə alınacaq, qanunvericilik çərçivəsində ən ciddi addımlar atılacaq.
Qeyd edək ki, nazir Anar Kərimovun tapşırığı ilə “Daş yollar” abidəsinə edilən kənar müdaxilələrin qarşısının alınması, tarixi abidənin qorunması üçün ətrafı çəpərlənib.
Həmçinin əraziyə arxeoloqları cəlb edərək abidələrin son durumunun və çəpərlənmə zamanı nəzərə alınmalı olan əlavə tapıntıların dəqiqləşdirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, nazir "Daş yolları"na edilən müdaxilələrin ciddi araşdırılması üçün göstəriş verib.
Bu gün görkəmli kinooperator, rejissor və ssenarist Rasim İsmayılovun anadan olmasından 86 il ötür. O, 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub. Kinoya olan sevgisi 1958-ci ildə onu Bakı kinostudiyasına gətirib, orada operator assistenti kimi işləməyə başlayıb. 1958-1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini, məşhur operator Boris Volçekin sinfini bitirib. Rasim İsmayılovun Moskvada təhsil aldığı illərdə çəkdiyi kurs işləri artıq onun peşəkarlığından xəbər verirdi.
AZƏRTAC xəbər verir ki, 1962-ci ildən Azərbaycan Televiziyasında çalışan gənc operatorun ssenariləri əsasında “Azərbaycan raport verir”, “Daha iki nəfər” qısametrajlı bədii televiziya filmləri istehsal olunub. Rejissor kimi “Mavi ekranın yolları”, “Şəhərin ritmləri” və başqa sənədli filmlər çəkib.
Azərbaycan Televiziyasında animasiya filmlərinin yaradıcılarından biri kimi də tanınıb. 1965-ci ildə “Danışan işıqlar”, 1969-cu ildə “Qırmızılar, qaralar və başqaları” cizgi filmlərinə quruluş verib. Onun ssenarisi əsasında çəkilən bu film-alleqoriya Kiyevdə “Prometey - 69” festivalında “Ən yaxşı rejissor işinə görə” diploma layiq görülüb.
Bədii kinoda operator kimi debüt işi “Cazibə qüvvəsi” kinoalmanaxında “Dağ meşəsindən keçərkən” novellasıdır. Sonralar böyük kinoya vəsiqə alıb, görkəmli rejissor Hüseyn Seyidzadənin quruluş verdiyi tarixi-inqilabi janrda çəkilən “Yenilməz batalyon” (1965) filminin quruluşçu operatoru olub. Bu onun böyük kinoda ilk işi idi.
Azərbaycan kinosunun qızıl fonduna daxil olan bir çox filmlərə operator kimi quruluş verib. “Sevil”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Sevinc buxtası”, “Babək” və başqa filmlərin uğurlu ekran həllini tapmasında onun xidmətləri əvəzsizdir.
Sənətkar 68 illik ömrünün 46 ilini milli kinomuzun inkişafına həsr edib, bu illər ərzində operator kimi 20 bədii, 10 sənədli film, rejissor və ssenari müəllifi kimi dörd “Mozalan”, iki animasiya filmi çəkib. Quruluş verdiyi son ekran əsəri 1990-cı ildə lentə alınan “Tələ” filmidir. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib.
Görkəmli kinooperator, kinorejissor, ssenari müəllifi Rasim İsmayılov 1976-cı ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi” fəxri adına, 1978-ci ildə Dövlət mükafatına layiq görülüb.
Rasim İsmayılov 2004-cü il mart ayının 3-də vəfat edib. Onun “Uçan çinarlar” kitabı ölümündən sonra işıq üzü görüb.
“Hulu Originals” və “ABC Entertainment”in ərsəyə gətirdiyi “Eyni binada qətl” serialı üç mövsümlük uzadılıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ekran işinin ilk mövsümü bu qəbildən olan serial tarixində ən yüksək reytinqli komediya serialı kimi yer alıb. Hətta 2022-ci il iyulun 12-də keçirilən mükafatlandırma mərasimində serialın “Emmi” mükafatına namizəd olacağı da istisna edilməyib.
Qeyd edək ki, “Eyni binada qətl” komediya serialının ssenarisi Stiv Martin və Con Hoffmanın birgə səyi ilə ərsəyə gəlib. Selena Qomez, Stiv Martin və Martin Şortun rol aldığı "Eyni binada qətl" serialının yeni mövsümünə avqustun 31-də başlanılacaq.
Sosial eksperimentlər çərçivəsində yer alan, eləcə də real həyatı özündə əks etdirən dünya üzrə ən fərqli sənədli film 56 il ərzində çəkilib. Filmin ssenariləşdirilmiş süjet xətti və əvvəlcədən seçilmiş aktyor heyəti yoxdur. Dünyanın ən görkəmli film tənqidçisi, rejissor və ssenarist Rocer Ebert tərəfindən hazırlanan “Yeddidən yuxarı” adlı sənədli film adi insanların həyatından bəhs edir.
AZƏRTAC xəbər verir ki, ekran əsəri 1964-cü ildən bəri mütəmadi olaraq çəkilərək yayımlanır. Sənədli film qeyri-adi bacarıqları olmayan 7 yaş dövründə olan adi uşaqların davamlı həyat hekayələri haqqındadır. Onların hər birinin ayrıca həyat hekayələri var. Həmin uşaqlar müxtəlif sosial təbəqə və sosial dairələrdəndir.
Uşaqlardan birinin adı Nikdir, kasıb fermer ailəsində anadan olub. O, hər gün evdən məktəbinə qədər 6 km yol qət edir. Nik xəyalpərəst uşaqdır, o, böyüyəndə yerin təbii peyki olan Ayda nə baş verdiyini bilmək istəyir. Onu da vurğulayaq ki, bu sənədli film çəkiləndə insan övladının Aya ayaq basmasına hələ 5 il vaxt qalırdı.
Yarım əsr keçdi, növbəti çəkilişlərin nəticəsi olaraq Nik hazırda nə edir və ümumilikdə bu sənədli filmdə iştirak edən insanların gələcək həyatı hansı formada davam edəcək? İlk çəkilişləri 1964-cü ildə başlayan "Yeddidən yuxarı" sənədli filmində bu suallara cavab axtarılırdı. Birinci epizodda topladıqları 20 uşaqdan 14-ü seçilərək hər 7 ildən bir onlarla yenidən görüş müqabilində yeni epizod çəkilib. Beləcə sənədli filmin prodüseri və rejissoru Maykl Apted bu ideyanı həyatının layihəsinə çevirib. Real həyatı özündə əks etdirən, sosial eksperiment çərçivəsində olan bu sənədli filmdə biz həmin insanların 7, 14, 21, 28, 35, 42, 49, 56 və 63 yaşlarındakı həyatlarını izləyə bilmək imkanına sahib oluruq.
Onu da vurğulayaq ki, belə uzunmüddətli layihədə müəyyən çatışmazlıqlar da olur. Filmin ilk epizodundan 21 il sonra 1984-cü ildə yayımlanan 4-cü bölümdə 2 uşaq, daha doğrusu 28 yaşı tamam olan iki nəfər çəkilişlərin davamında iştirak edə bilməyib.
İnsanların real həyatını özündə əks etdirən ilk belə layihədə insan həyatı 7 illik fasilələrlə əvvəldən axıra kimi mütəmadi çəkilişlərlə qeydə alınıb. Onu da vurğulayaq ki, sənədli film təsadüfi seçilmiş adi insanların həyatından bəhs edir. Onların həyatları filmlərə mövzu olacaq hekayədən ibarət deyil. Filmlərə baxanda həmişə qeyri-adi hadisələr, maraqlı süjet xəttinin görəcəyini gözləyirsən. Ancaq bu sənədli filmdəki insanlar adi günlərdəki kimi məktəbə gedir, məzun olur, işə düzəlir, ailə həyatı qurur, uşaq sahibi olur və bəziləri boşanır, həmçinin işsiz qalır. Sənədli filmin hansı hissəsini izləməyimizdən asılı olmayaraq, hansısa səhnəsində keçmişimizi və ya gələcəyimizi görə bilirik. Tamamilə təsadüfi seçilmiş bu insanların həyatlarını izlədikcə qarşıdakı 7 ilin onlara nə gətirəcəyi izləyiciyə maraq doğurur. Sənədli filmin prodüserləri, ilk növbədə, uşaqlardan yalnız üçünün uğur qazanacağını düşünürdülər, amma sonra bu fikir özünü doğrultmur. Çünki Nik o 3 nəfərin arasında olmur. O, sosial status baxımından bəxtsiz doğulub. Amma görürük ki, sonradan Oksford Universitetini qazanaraq, ABŞ-da nüvə fizikası üzrə işləməyə başlayır. Sənədli filmin dördüncü bölümündə o, 28 yaşında evlənir. Ailə qurduğu şəxs tamaşaçılardan gələn tənqidləri bəyənmədiyi üçün çəkilişlərdə iştirak etməkdən imtina edir. Çünki tənqidlər bu evliliyin davamlı olmayacağı fikrini özündə əks etdirirdi. Sənədli filmin davamında isə lentə alınan epizodda Nikin boşanıb başqa qadınla evlənməsinin şahidi oluruq. Hazırda 66 yaşında olan Nik nüvə fizikası professorudur.
Sənədli filmdə bizə nümayiş etdirdikləri hər bir insan, əslində, yeddi ildən bir həyatında yeni mərhələyə keçən insana çevrilir. Yeddi yaşından bəri həyatını izlədiyimiz Nikin hekayəsindəki çətinliklə başlayan həyatında o, mübarizə apararaq qalib gəlib. Öz sözləri ilə desək, hazırda dünyanın ən gözəl qadını ilə evlidir və onu sevən uşaqları, həmçinin nəvələri var. Karyerasındakı uğurlara gəlincə isə, nüvə fizikası professoru kimi o, karyerasında olmaq istədiyi nöqtəyə çatıb. Lakin böyük ehtimalla Nik növbəti epizodda olmayacaq. Çünki əvvəlki epizodda sağlam olan bu adam son ildə boğaz xərçənginə tutulub.
Nik deyir: “Bu, mənim həyatımı tam əks etdirmir. Amma bu, kiminsə həyatının tablosu ola bilər”.
Qeyd edək ki, ilk çəkilişləri 1964-cü ildə başlayan "Yeddidən yuxarı" sənədli filmini çəkərkən prodüserlər yalnız bir epizodu düşünürdülər, onların məqsədi fərqli sosial siniflərin insan həyatına, davranışına necə təsir etdiyini anlatmaq idi. Hətta düşünürdülər ki, əgər zəngin doğulmusansa, yaxşı təhsil almaq baxımından şanslısan. Hətta maddiyatın verdiyi imkanlar sayəsində bir çox başlanğıclarda çoxlarından öndə olacaqsan. Biz bu dünyada kasıb və ya zəngin doğuluruq, çox çalışaraq uğurlara imza atırıq, hətta uduzduğumuz məqamlar da olur, çünki həyat enişli-yoxuşlu qəribəliklərlə zəngindir. Adi həyatlardan bəhs edən bu sənədli filmi xüsusi edən də elə budur.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRSKOY) türk dövlətləri başda olmaqla, bütün türk dünyasının beynəlxalq səviyyəli ortaq mədəniyyət evidir. Ötən dövrdə böyük inkişaf yolu keçən TÜRKSOY tarixi nailiyyətlərə imza atıb. Qarşıda isə bizi çətin və şərəfli vəzifələr gözləyir. Bursa şəhərinin 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olması və estafeti gələn ilə Şuşa şəhərinə verməsi nəhəng mədəniyyət layihələri üçün böyük imkanlar yaradır. Hesab edirəm ki, TÜRKSOY yeni-yeni layihələrə imza atmaqla bütün türk dünyasının ortaq etimadını bundan sonra da doğruldacaqdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) Baş katibi Sultan Rayev ifadə edib.
İndiyədək Şuşa şəhərinə iki dəfə səfər etdiyini bildirən, Şuşanı insanlar üçün mədəniyyət qaynağı kimi dəyərləndirən Baş katib əminliklə ifadə edib ki, bundan sonra da türk dövlətləri TÜRKSOY ətrafında daha sıx birləşərək, ortaq mədəniyyətlərinin dünyada tanıdılması istiqamətində birgə addımlar atacaqlar.
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 1993-cü il iyulun 12-də Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Qazaxıstan mədəniyyət nazirlərinin Almatı şəhərində keçirilən təsis iclasında imzaladıqları saziş əsasında yaradılıb. Təşkilatın ali idarəetmə orqanı TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasıdır. TÜRKSOY-un mərkəzi qərargahı Ankara şəhərində yerləşir.
İyulun 14-də Nizami Kino Mərkəzində Tovuz döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki, Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filminin təqdimat mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin “Salnamə” studiyasında çəkilmiş film zəfərə aparan yola mühüm təkan vermiş Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunub.
Qeyd edək ki, filmin rejissoru Kəmalə Musazadə və prodüseri Nazim Hüseynovdur.
M.F.Axundzadənin anadan olmasının 210 illiyi münasibətilə görkəmli dramaturqun adını daşıyan Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Mirzə Fətəli Axundzadə – 210” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə haqqında rəsmi sənəd, fotolar, böyük mütəfəkkirin müəllifi olduğu kitablar, eləcə də haqqında yazılan məqalələr nümayiş olunur.