Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Moskvanın turizm potensialı Bakıda nümayiş olunacaq

    Moskva Şəhəri Turizm Komitəsi iyulun 21-də “Four Seasons Hotel Baku”da Moskvanın turizm potensialını Azərbaycanda təqdim edəcək.

    AZƏRTAC xəbər verir ki, tədbirdə 20-yə yaxın yerli şirkət, o cümlədən DMC, otel və istirahət məkanlarının nümayəndələri iştirak edəcəklər. Tədbirdə ölkələrin turizm sənayesinin nümayəndələri arasında ikitərəfli görüşlər və Moskva şəhərinin turizm potensialını əks etdirən təqdimatın keçirilməsi nəzərdə tutulur. Həmçinin, Moskvanın mədəni irs, təbiət, macəra, kulinariya və digər özəllikləri də nümayiş olunacaq.

    Moskva təkcə populyar turizm məkanı deyil, turistlər tərəfindən seçilmiş görməli məkanlar üzrə reytinqlərdə də liderdir. Ötən il Rusiyanın paytaxtı “Dünya Səyahət Mükafatları 2021”-də “Dünyanın Aparıcı Şəhər Gəzintisi Məkanı” və “Dünyanın Aparıcı İrs Şəhəri” kateqoriyaları üzrə qalib olub və “Dünyanın 100 Ən Yaxşı Şəhəri” siyahısında 4-cü yeri tutub.

    Moskva Şəhəri Turizm Komitəsinin bildirdiyinə görə, Rusiyanın paytaxtı müxtəlif turizm məhsulları ilə həm istirahət, həm də işgüzar səfərlər, eyni zamanda, səyahət-ticarət üçün ən maraqlı və əlverişli şəhərlərdən biri kimi sürətlə inkişaf edir. Pandemiyadan sonrakı dövrdə, bu tanıtım tədbiri Moskvadan qatılan tərəfdaşlarla Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri arasında əlaqələri yeniləmək üçün əla fürsətdir.

    Qeyd edək ki, Moskva Şəhəri Turizm Komitəsi Moskvanı dünyada turizm məkanı kimi tanıdan rəsmi təşkilatdır. Təşkilat yerli və beynəlxalq ziyarətçi axınını artırmaq üçün və yerli turizm sənayesini, o cümlədən regionları, turizm məkanlarını, otel şəbəkələrini, barları, restoranları, turizm şirkətlərini və s. tanıtmaq üçün çalışır.

  • UNESCO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" 2005-ci il Konvensiyası mövzusunda təlim kursuna start verilib

    Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarə edilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti, 3-cü təlim kursuna start verilib. Təlim kursunun mövzusu UNESCO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" 2005-ci il Konvensiyasını əhatə edir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə təlim kursunun açılışını edərək, “İrsin İdarəedilməsi Bacarıqlarının İnkişafı” təlim proqramı çərçivəsində əvvəlki iki təlim kursu haqqında məlumat verib. V.Eyvazzadə UNESCO-nun növbəti vacib konvensiyası haqqında baş tutan bu təlim kursunun da iştirakçılar üçün maraqlı olacağını və bu təlim günlərində dörd ayrı təlim modulu üzrə fərqli təlimçilər və qonaq çıxışçıların iştirakı ilə maraqlı mövzuların birgə öyrənmə prosesində təqdim ediləcəyini bildirib. Daha sonra Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev çıxış edərək UNESCO-Azərbaycan münasibətlərinin tarixi, birgə əməkdaşlıq prosesində UNESCO Konvensiyalarının əhəmiyyəti barədə danışıb. O, həmçinin multikulturalizm və mədəniyyətlərarası dialoq ilə əlaqədar beynəlxalq və eləcə Azərbaycan təcrübələri haqqında da fikirlərini iştirakçılarla bölüşüb. Qarabağda dağıdılmış milli mədəni irsimizin araşdırılması və beynəlxalq səviyyədə tanıdılması, eləcə də işğal dövründə ölkə ərazisindən qanunsuz çıxarılmış mədəni irs nümunələrinin siyahılarının təşkili istiqamətində aparılan və qarşıda duran vacib fəaliyyətlərdən də bəhs edib.

    Ardından, təlim proqramının rəhbəri və birinci yarım günün təlimçisi, Vasif Eyvazzadə UNESCO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" 2005-ci il Konvensiyası haqqında məlumat verərək, Konvensiyanın məqsədləri, mədəniyyətin universal tərifi və anlayışı, mədəni müxtəliflik anlayışı və müxtəliflik kateqoriyaları, mədəni özünüifadə anlayışı, mədəni fəaliyyətlər, mallar və xidmətlər mövzuları iştirakçılarla müzakirə şəklində təqdim edib. Vasif Eyvazzadə, həmçinin Konvensiyanın icrasına məsul İdarəetmə Orqanları, Baş Tərəflərin Konfransı, Hökumətlərarası Komitə, Beynəlxalq Mədəni Müxtəliflik Fondu və Fond tərəfindən dəstəklənən layihələr üzrə uyğunluq meyarları haqqında da məlumat verib. Növbəti qonaq çıxışçı kimi təlim kursuna dəvət edilmiş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qlobal və tarixi kontekstə multikulturalizmin idarə edilməsi təcrübələri, ənənələri, meylləri haqqında çıxış edərək idarəetmədə tətbiq edilən uğurlu modelləri müqayisəli təhlil etdi və bu əsnada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən və məqsədlərindən geniş bəhs edib. Təlim iştirakçılarının sualları ətraflı cavablandırılıb.

    Təlim kursunun ikinci yarım günü üzrə təlimçi, innovasiyalar və rəqəmsallaşma üzrə ekspert, I2B layihəsinin rəhbəri Rəşad Əzizov innovasiyalar və startapların inkişafı üçün zəruri ekosistem elementləri, mədəni fəaliyyət sahələrində innovativ rəqəmsal həllər, platformalar haqqında təlim iştirakçılarına məlumat verib. O, həmçinin startapların inkişaf mərhələləri, innovativ məhsul və həllərə dair konkret nümunələri təqdim edərək startap quruculuğunun inkişaf mərhələlərinin hər biri haqqında mədəni müəssisələrin nümunələrində konkret keyslərlə ətraflı bəhs edib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən müvafiq qurumlarla birgə əməkdaşlıqda həyata keçirilən və özünün rəhbərlik etdiyi “İdeyadan Biznesə” (I2B) layihəsi haqqında və regionlarda yerli müsabiqə prosesləri haqqında da maraqlı təcrübələri iştirakçılarla bölüşüb.

    Təlim kursunda Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən müəssisələrin, Dövlət Turizm Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, "Şuşa" Şəhəri Dövlət Qoruq İdarəsinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA-nın Rəyasət Heyəti aparatının və Akademiyanın müvafiq institutlarının, Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, yaradıcı ittifaq və birliklərin, “Education HUB” və “Zəka İşığında” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

  • Bu gün Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 107 il ötür

    Sabirin heykəli... Nərimanovun heykəli... Bakıda bu heykəlləri görməyən, bu heykəllərin qarşısında dayanıb onlara tamaşa etməyən tək-tək adam olar. Görürük, tamaşa edirik, amma çox vaxt onları yaradanın kim olduğunun fərqinə varmırıq. Bu bənzərsiz sənət əsərlərinin müəllifi Cəlal Qaryağdıdır.

    AZƏRTAC xəbər verir ki, bu gün tanınmış heykəltəraş, Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 107 il ötür.

    Cəlal Qaryağdı 1915-ci il iyulun 15-də Şuşa şəhərində anadan olub. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. Ötən əsrin 30-cu illərində qəzetlərdə rəssam, həm də Rəssamlıq məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltəraşlıq əsərlərini yaratmağa başlayır.

    Gəncliyi müharibə illərinə təsadüf etdiyindən, bu, yaradıcılığında da öz izlərini qoyub. Bir neçə əsərinin adını çəkmək kifayətdir. Təyyarəçi Adil Quliyevin büstü, tank qoşunları general-mayoru Həzi Aslanovun, snayper Ziba Qəniyevanın portretləri. Cəlal Qaryağdının müəllifi olduğu digər portretlər – Bülbül, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Niyazi kimi məşhur insanların silsilə portretləri zamanında böyük maraqla qarşılanmışdı.

    Qaryağdı yaradıcılığında Mirzə Ələkbər Sabirin abidəsi xüsusi yer tutur. Bunun maraqlı bir tarixçəsi var. 1920-ci illərdə indi gördüyümüz heykəlin yerində Sabirin betondan hazırlanmış heykəli qoyulmuşdu. Müəllifi Y.Keylixıs olan bu abidə çox keçmədən ovulub tökülməyə başlayır və texniki cəhətdən yararsız vəziyyətə düşür. Onun yenisi ilə əvəzlənməsi Cəlal Qaryağdıya həvalə olunur. Beton heykəl 1958-ci ildə indi gördüyünüz heykəllə əvəzlənir.

    Bir qədər də Nəriman Nərimanovun tunc abidəsi barədə bilgi vermək istəyirik. Fikir vermisinizsə, abidənin kürsüsü heykəllə nisbətdə xeyli kiçikdir. Harmoniyanın pozulduğunu kənardan baxan sadə insan da görə bilər. Ola bilməz ki, bunun səbəbi sizi maraqlandırmasın. Elə isə qeydləri oxumaqda davam edin.

    1970-ci illər idi. Heykəltəraş Nərimanovun heykəlini yüksək səviyyədə, içindən gələn milli təəssübkeşliklə hazırlayıb tamama yetirdi. Abidə yerinə qoyulduqdan bir qədər sonra ətrafı yenidən hasarlandı, heykəlin üstü kətan parça ilə örtüldü. Bunun şahidi olanlar xatırlayırlar ki, o vaxt Bakıda heykəlin götürüləcəyi barədə söz-söhbət gəzirdi. Bu söz-söhbət əsassız deyildi. Nərimanovun heykəli erməni şovinistlərin qısqanclığına səbəb olmuşdu. Moskvaya bu məzmunda donos verilmişdi: Azərbaycanlı Nərimanovun heykəli rus Kirovun Dağüstü parkdakı heykəlindən uca alınıb və buradan millətçilik qoxusu gəlir.

    Kreml işə qarışdı. İstədilər heykəli kiçiltsinlər. Amma abidə tuncdan töküldüyündən bu, mümkün olmadı. Çıxış yolunu kürsünün qısaldılmasında gördülər. Bununla da heykəl-kürsü nisbəti pozuldu və kompozisiya əvvəlcədən düşünülmüş monumentallığını itirdi.

    Cəlal Qaryağdı yaradıcılığının nişanələrinə təkcə Bakıda deyil, respublikanın müxtəlif şəhər və rayonlarında da rast gəlmək olar. Şair Səməd Vurğunun Qazaxda, kimyaçı alim Yusif Məmmədəliyevin Ordubadda ucaldılmış abidələri bu qəbildəndir. Səməd Vurğunun Fəxri xiyabandakı məzarüstü abidəsinin müəllifi də Cəlal Qaryağdıdır.

    C.Qaryağdı heykəltəraşlığın müxtəlif janrlarında – monumental heykəl, portret, büst, qorelyef, barelyef və s. bir-birindən maraqlı əsərlər yaradıb. Görkəmli tişə ustasının yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi, obrazların mahiranə plastik həllini, kompozisiya bitkinliyini, yaradıcılıq manerasının genişliyini, surətlərin fərdi xarakterlərinin ustalıqla açılmasını, heykəltəraşın özünə qarşı yaradıcılıq tələbkarlığını və s. xüsusiyyətləri qeyd etmək olar.

    Heykəltəraş 1954-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

    Görkəmli sənətkar 2001-ci ildə vəfat edib.

  • “Kapital Bank”ın dəstəyi ilə “Baku ID” startap tədbiri keçiriləcək

    İyulun 18-də “JW Marriott Absheron Baku” hotelində “Kapital Bank” ASC-nin dəstəyi və “SABAH.lab” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin ən böyük startap və innovasiyalar tədbirlərindən biri baş tutacaq. “Baku ID” adlı tədbirin əsas məqsədi Azərbaycanın ən güclü startap layihələrini yerli və beynəlxalq investorlara və ekspertlərə təqdim etmək, həmçinin ölkənin innovasiyalar ekosisteminin gələcəyini müzakirə etməkdir.

    “Baku ID”də “SABAH.lab”ın 21 rezident komandası və 9 müstəqil komanda çıxış edərək, tədbir iştirakçılarına öz startapları barədə ətraflı məlumat verəcəklər. Layihələr təhsil, tibb, moda, insan resursları texnologiyaları, elektron ticarət, NFT və blokçeyn texnologiyaları, influenser marketinq və digər sahələri əhatə edir. Tədbir haqqında ətraflı məlumatı www.bakuid.com saytından əldə etmək olar.

    “SABAH.lab” Akselerasiya Mərkəzi ötən il Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşəbbüsü ilə yaradılıb. Qurum fəaliyyəti dövründə “Yarat” və “Sürət” akselerasiya proqramlarını uğurla icra edib. “SABAH.lab” Avropanın ən nüfuzlu biznes məktəblərindən biri sayılan “IE Business School” ilə tərəfdaşlıq edir.

    Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

  • Xəzər dənizində beynəlxalq kruiz marşrutu 2023-cü ildə açıla bilər

    Qazaxıstan-Türkmənistan-İran-Azərbaycan-Rusiya kimi ölkələr arasında dairəvi kruiz marşrutu gələn ildən istifadəyə verilə bilər.

    Report-un “Kazinform”a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın Sənaye Nazirliyinin Nəqliyyat Komitəsinin sədri vəzifəsini icra edən Kasım Tlepov bildirib.

    Onun sözlərinə görə, Xəzər dənizi ilə həmsərhəd olan beş ölkə kruiz turizmini inkişaf etdirmək üçün müvafiq işlər görür və əsas məsələləri həll edir: “Məsələn, biz Aktau şəhərinin necə dəyişdiyini görürük. Sahil abadlaşdırılıb, otellər tikilib. Mangistau vilayəti, Aktau şəhəri turizmin inkişafında böyük potensiala malikdir”.

    K. Tlepov bildirib ki, hazırda onların gözləntisi kruiz gəmisinin hazır olmasıdır: “Bu gəmini Rusiya tərəfi Həştərxanda tikir. Gəmi "Velikaya Rus" adlanacaq. Düşünürük ki, gələn il gəmi tam hazır olacaq”.

    O, planlaşdırılan kruiz gəmisinin hansı marşrutla hərəkət edəcəyi barədə də məlumatla bölüşüb. "Həştərxandan Aktauya, Aktaudan Türkmənistanın "Avaza" turizm mərkəzinə, oradan İranın Əmirabad şəhərinə, Əmirabaddan Bakıya və Mahaçqalaya marşrutlar açılacaq. Beləliklə, gələcəkdə beş ölkə ərazisindən bütün dünyanı dolaşan turizm marşrutu fəaliyyət göstərəcək”, - deyə K. Tlepov bildirib.

    Qeyd edək ki, transsərhəd kruiz marşrutunun potensial turist axını mövsümdə 30 min nəfər təşkil edəcəyi gözlənilir.

  • Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

    İyulun 13-də mədəniyyət naziri Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpla vəzifə müddətinin bitməsi münasibətilə görüşüb. "British Council"in Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və incəsənət üzrə meneceri Dilarə İbrahimova da görüşdə iştirak edib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qonaqları səmimi salamlayan mədəniyyət naziri Anar Kərimov ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Böyük Britaniya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda göstərdiyi əvəzsiz xidmət üçün səfirə təşəkkürünü bildirib.

    Səfir Ceyms Şarp öz növbəsində ölkələrimizin sıx əməkdaşlığa və səmimi dostluğa söykənən əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayıb.

    Anar Kərimov "British Council" ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası arasında imzalanmış Anlaşma Memorandumunu bu sahədə məhsuldar əməkdaşlıq yolunda önəmli addım kimi dəyərləndirib. Yaradıcı sənayelərin inkişafına yönəlmiş 2018-2023-cü illəri əhatə edən "Creative Spark" proqramının faydasından danışıb.

    Həmçinin qədim və özünəxas mədəniyyətə malik olan ölkəmizin beynəlxalq səviyyədə düzgün təbliğ olunmasında Böyük Britaniya ilə müxtəlif humanitar sahələrdə baş tutan layihələrin vacibliyi vurğulanıb.

    Görüş tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi ilə davam edib.

    Anar Kərimov Ceyms Şarpa gələcək fəaliyyətində nailiyyətlər arzu edib.

  • “Şuşa İli” çərçivəsində Brüsseldə “Azərbaycan muğamı” adlı konsert təşkil olunub

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan olunmuş “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin Belçikadakı səfirliyi tərəfindən Brüsselin BOZAR İncəsənət Sarayında ölməz muğam ustadı Xan Şuşinskinin əziz xatirəsinə həsr edilmiş “Azərbaycan muğamı” adlı konsert təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, konsertdə Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun üzvləri - tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov və nağarada Əməkdar artist Kamran Kərimovun ifasında Azərbaycan muğamları, Xan Şuşinskinin, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun əsərləri və xalq mahnıları dinləyicilərə təqdim olunub.

    Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov tədbirin açılışında tamaşaçılara dünya mədəniyyətinə əvəzsiz töhfə vermiş Şuşa şəhərinin tarixi və görkəmli şəxsiyyətləri haqqında məlumat verib.

    Tədbirdə, həmçinin “Xan Şuşinski Fondu”nun rəhbəri və böyük sənətkarımızın qızı Bəyimxanım Verdiyeva atasının sənət yolundan danışıb və Şuşa ilə bağlı xatirələrini bölüşüb. Ustad xanəndənin “O olmasın, bu olsun” filmində ifa etdiyi “Şahnaz” muğamından fraqment nümayiş olunub.

    Belçikada yaşayan pianoçu-musiqişünas, “Fikrət Əmirov Beynəlxalq Assosiasiyası”nın rəhbəri və bəstəkar Fikrət Əmirovun nəvəsi Nəzrin Əfəndiyeva Azərbaycan muğamı, Qarabağ muğam məktəbi və müasir muğam istiqamətləri haqqında çıxış edib.

    Tədbir çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Şuşanın mədəniyyət inciləri” layihəsi çərçivəsində eyniadlı fotosərgi təşkil edilib. Sərgidə Şuşanın mədəniyyət və tarixi abidələrinin, geyimlərinin, xalçalarının və bu şəhərin yetirdiyi görkəmli yazıçıların, musiqiçilərin və mütəfəkkirlərin həyatını əks etdirən fotoşəkillər nümayiş olunub.

    Tamaşaçıların böyük marağına səbəb olan tədbirdə Belçika Parlamentinin və Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı qurumlarının, diplomatik korpusun, elm və mədəniyyət dairələrinin, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı, Benelüks ölkələrində yaşayan soydaşlarımız da iştirak etdilər.

  • “Azərbaycan – mədəni müxtəlifliyin məkanı” adlı videolayihəyə başlanılıb

    Mədəniyyət Nazirliyi zəngin mədəniyyətimizin carçısı olan abidələrimiz, dini məbədlərimiz haqqında ətraflı məlumatın təqdim olunacağı “Azərbaycan – mədəni müxtəlifliyin məkanı” adlı videolayihəyə start verib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində mütəmadi olaraq Azərbaycan xalqının qərinələr boyu nəsillərdən-nəsillərə ötürdüyü daş salnaməsinə həsr olunmuş videoçarxlar Mədəniyyət Nazirliyinin sosial media hesablarında paylaşılacaq.

    Layihənin ilk paylaşımı Azıx mağarası tarixi yaşayış məskəninə həsr olunur. Videoçarxda Azıx mağarasının elmi, mədəni, tarixi, coğrafi, arxeoloji əhəmiyyəti barədə məlumatlar Azərbaycan və ingilis dillərində qeyd edilib. Bu çoxtəbəqəli abidə dünyada sayı az olan qədim mağara tipli insan düşərgələrindəndir.

  • “Azərenerji" əhaliyə xəbərdarlıq edib

    “Azərenerji” ASC əhaliyə yüksək gərginlikli elektrik xətlərinin altındakı mühafizə zonasına yem, saman, odun yığmaq, ocaq və yaxud tonqal qalamaq, tarla və zəmiləri, o cümlədən taxıl sahələrinin biçindən sonra yandırmağın qanunla qadağan edilməsi barədə xəbərdarlıq edib.

    Report xəbər verir ki, qurum bu məqsədlə “Xətlərin altında ocaq, otlaq və ya əkin sahələrini yandırmayın ki, həyatınız və işığınız sönməsin!” devizi altında videoçarx hazırlayıb.

    Son günlər ölkənin bir çox ərazilərində biçindən sonra taxıl sahələrinin yandırılması halları artıb və bu da daha geniş əraziləri əhatə edən yanğınlara səbəb olmaqla yanaşı elektrik xətlərinin normal iş rejiminə də təhlükə yaradır.

  • İlon Mask: “Starship” kosmik gəmisinin orbital uçuşu avqustda baş tuta bilər”

    “Starship kosmik gəmisinin prototipinin ilk orbital uçuşu avqustun əvvəlində baş tuta bilər”.

    Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask bildirib.

    “Əgər sınaqlar yaxşı keçərsə, gələn ay”, - İ.Mask sosial şəbəkə istifadəçisinin sualına cavab olaraq tvitterdə yazıb.

    Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın Texas ştatında “Starship” üçün “Super Heavy” reaktiv daşıyıcısının prototipinin sınağı zamanı partlayış və bunun nəticədə yanğın baş vermişdi.

    İ.Mask həmin vaxt problemin mühərrik işə düşən zaman ​​yarandığını bildirmişdi.

    Qeyd edək ki, 100 nəfəri daşıya bilən “Starship” kosmik gəmisi Marsa uçuşlar üçün nəzərdə tutulub.