Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Əməkdar artist Suğra Bağırzadə “Leonardo Da Vinci” medalı ilə təltif olunub

    Azərbaycan aktrisası və rəssamı, Əməkdar artist Suğra Bağırzadə BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyətinə verdiyi xidmətlərinə görə “Leonardo Da Vinci” medalı ilə təltif olunub.

    Bu barədə AZƏRTAC-a “Azərbaycanfilm” Kinostudiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lətif Lətifsoy məlumat verib.

    Qeyd edək ki, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı olan Suğra Bağırzadə bundan əvvəl də mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələrə görə bir çox beynəlxalq mükafatlarla təltif olunmuşdur. “Ulduz” filminin Yetəri, “Alma almaya bənzər”in telefonçu qızı, “Güllələnmə təxirə salınır!...”ın Nərgizi, daim gözəl və gənc qalan istedadlı aktrisamızı bu münasibətlə təbrik edir və ona yaradıcılığında tükənməz ambisiya, bol uğurlar arzu edirik!

  • İlk dəfə 4 ildən sonra “Oskar” mərasimi aparıcının iştirakı ilə keçiriləcək

    Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2018-ci ildən bəri ilk dəfə olaraq aparıcının iştirakı ilə keçiriləcək. Bu barədə “Variety” jurnalı tədbiri yayımlayacaq ABC telekanalının əyləncə şöbəsinin rəhbəri Kreyq Erviçə istinadən xəbər verib.

    AZƏRTAC “Life” saytına istinadla xəbər verir ki, Erviç aparıcının adını açıqlamayıb. Ancaq zarafatla qeyd edib ki, mərasimi onun özü də keçirə bilər. ABC sözçüsü qısa zamanda daha ətraflı məlumat verəcəyini vəd edib.

    94-cü “Oskar” mükafatlandırma mərasimi martın 27-də ənənəvi olaraq Los-Ancelesdəki “Dolby Teatrı”nda keçiriləcək. Namizədlərin adları fevralın 8-də açıqlanacaq.

    Qeyd edək ki, sonuncu dəfə 2018-ci ildə “Oskar”ın aparıcısı komediya ustası, aktyor və ssenarist Cimmi Kimmel olub.

  • “Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb

    Dünyanın məşhur televiziyalarından olan Euronews Azərbaycanın folklor mahnıları, xalq rəqslərindən süjet hazırlayıb.

    Report xəbər verir ki, süjetdə xalq rəqslərinin Azərbaycan mədəniyyətində xüsusi yer tutması vurğulanır.

    Qeyd edilir ki, Azərbaycanın folklor mahnıları və xoreoqrafiyası ilə birləşərək milli rəqsləri təşkil edir.

    Azərbaycan xalq rəqsinin mənşəyi yüz illərlə yaşı olan tarixə və irsə gedib çıxır. Zərifliyi və atletik hərəkətləri böyük harmoniya ilə birləşdirən rəqslər üslubca dərin fərqlərə malikdir.

    Telekanal vurğulayıb ki, 1938-ci ildə yaradılan Azərbaycan Dövlət Rəqs Ansamblı hər il dünyanı gəzir.

    Milli paltar, saç düzümü və bəzəklə bağlı heç bir detal unudulmur. Rəqs rejissorunun vəzifəsi təkcə hərəkətləri deyil, həm də geyimləri nümayiş etdirən maraqlı proqram hazırlamaqdır.

  • Anar Kərimov iki şöbəyə müdir və özünə müşavir təyin edib - SİYAHI

    Mədəniyyət Nazirliyində yeni yaradılan Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinə və Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinə yeni müdirlər təyin edilib.

    Report-un əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

    Əmrlərə əsasən, Ramil Abbəkirov Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin, Vüqar Məmmədov isə Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə gətirilib.

    A.Kərimov digər əmrlə Fuad Məmmədovu özünə müşavir təyin edib.

    Qeyd edək ki, hazırda mədəniyyət nazirinin iki müşaviri var. A.Kərimovun digər müşaviri Vüqar Şahinzadədir.

    Xatırladaq ki, F.Məmmədovdan əvvəl bu vəzifəni hazırda nazirin birinci müavini olan Elnur Əliyev tuturdu.

  • Opera və Balet Teatrı “Traviata”ya baxmağa dəvət edir

    Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italiyalı bəstəkarı Cüzeppi Verdinin “Traviata” operası nümayiş ediləcək.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının repertuarında xüsusi yer tutan səhnə əsərində baş rolları Əməkdar artistlər Ramil Qasımov (Alfred) və İnarə Babayeva (Violetta) canlandıracaqlar.

    Dirijoru Xalq artisti Fəxrəddin Kərimov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olan operada digər rollarda Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor D' Obinyi), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Tural Ağasıyev (Qaston) və solistlər Nina Makarova (Flora), Mahir Tağızadə (Baron Bufol), Səbinə Bağırova (Anina) çıxış edəcəklər.

    Qeyd edək ki, məşhur fransız yazıçısı Aleksandr Dümanın “Kameliyalı qadın” əsərindən operaya uyğunlaşdırılan “Traviata”, Parisin elit təbəqəsinin tanınmış simalarından olan Violetta adlı dəbdəbəni sevən gənc qadının enişli-yoxuşlu həyatını əks etdirir.

  • Jurnalistlərin Şuşa səfəri ərəb mediasında

    Jurnalist Əli Zülfüqaroğlunun Şuşa ilə bağlı hazırladığı reportaj Misirin nile.com və Əlcəzairin alharir.info informasiya agentliklərində yayımlanıb.

    AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə jurnalistlərin Şuşaya səfərindən bəhs edilir.

    Səfər çərçivəsində Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılır. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə verdiyi zərər ərəb oxucuların diqqətinə çatdırılır. Bundan başqa işğaldan azad edilən digər ərazilərdə olduğu kimi Şuşada da məscidlərin erməni vandallığına, təhqirə məruz qalması və məscidlərin timsalında bütün İslam dünyasının ermənilər tərəfindən təhqir edilməsi önə çəkilir.

    Yazıda Prezident İlham Əliyevin tapşırığı və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə məscidlərimizin, eyni zamanda, digər tarixi abidələrimizin əsaslı bərpası qeyd olunur.

  • Məşhur qrupun adına buraxılan markalar satışa çıxarılacaq

    Böyük Britaniyanın Royal poçtu məşhur rok qrupu “The Rolling Stones”a həsr olunmuş 12 yeni marka seriyası buraxacaq.

    AZƏRTAC xəbər verir ki, markalar yanvarın 20-də satışa çıxarılacaq.

    Qeyd edək ki, Böyük Britaniyanın “Royal Poçtu” dördüncü dəfədir ki, qrupa marka həsr edir.

    Bundan əvvəl “The Beatles” (2007), “Pink Floyd” (2016) və “Queen” (2020) bu şərəfə layiq görülüb.

  • “Little YARAT” proqramının ustad dərsləri davam edir

    YARAT Müasir İncəsənət Məkanının uşaqlar üçün təşkil etdiyi “Little YARAT” proqramının ustad dərsləri davam edir.

    AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində bu ay üçün nəzərdə tutulan ustad dərsləri yanvarın 8-dən başlayacaq. Belə ki, yanvarın 8-i və 15-də Azərbaycan Rəngkarlıq Muzeyində Anar Şəmsin iştirakı ilə “Rəssam olaydım” ustad dərsləri keçiriləcək. Həmçinin yanvarın 22-də Günel Ravilovanın iştirakı ilə “Xəyallar şəhəri”, 29-da isə Gülnarə Xəlilovanın iştirakı ilə “Ünsürlər” adlı ustad dərsləri təşkil olunacaq.

    Xatırladaq ki, qeydiyyat çərşənbə axşamı və bazar günü saat 12:00-dan 20:00-dək aparılacaq.

  • Ötən il kinomuz üçün məhsuldar olub

    Pandemiyanın yaratdığı müəyyən məhdudiyyətlərə baxmayaraq ötən il Azərbaycan kino sənayesi üçün məhsuldar keçib.

    AZƏRTAC xəbər verir ki, ötən il C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, “Salnaməfilm” studiyası və Bakı Media Mərkəzi yeni ekran əsərləri ilə kinosevərləri sevindiriblər. Bir sıra özəl studiyalar da prosesə öz töhfələrini veriblər.

    “Azərbaycanfilm” il ərzində 3 tammetrajlı və 1 qısametrajlı bədii film, 1 bədii televiziya filmi (5 hissəli), bir serial, 9 sənədli film istehsal edib, o cümlədən 2 radio və televiziya layihəsi həyata keçirib.

    İl ərzində Mədəniyyət Nazirliyinin sifarişi ilə Elçin Musaoğlunun “Məryəm”, (“Sinema Evi” şirkəti ilə birgə), Xalq artisti Vaqif Mustafayevin 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Həyat, deyəsən, gözəldir” (“Fəryad II”), Asif Rüstəmovun “Mərmər soyuğu” (“İctimai TV”, Bakı Media Mərkəzi və “Arizona Productions” ilə birgə) tammetrajlı bədii filmlərinin istehsalı başa çatdırılıb. Hər üç ekran əsəri növbəti il tamaşaçılara təqdim ediləcək.

    Bununla yanaşı, 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq salnaməsi yaratmış Ordumuzun müxtəlif qoşun növlərinin müharibədəki şanlı döyüş yolunu, şücaətini və Zəfərimizi əks etdirən “Görünməyən qəhrəmanlar” (“İctimai TV” ilə birgə) adlı silsilə (5 ekran işi) filmlər istehsal edilərək tamaşaçılara təqdim olunub.

    2021-ci il “Azərbaycanfilm”in çəkdiyi 5 hissəli “Köşk” bədii televiziya filmi ekranlara çıxıb. Bununla yanaşı, Mədəniyyət Nazirliyinin sifarişi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş, 12 bölümdən ibarət “Xosrov və Şirin” (“İctimai TV” ilə birgə) 12 bölümdən ibarət bədii teleserial istehsal olunub.

    2021-ci ildə Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində seçilmiş 2 sənədli film layihəsindən “Fulya” (“Dada Yapım” ilə birgə, Türkiyə) filmi istehsal edilib. Filmin Türkiyə və Azərbaycanda premyeraları keçirilib. Müsabiqənin ikinci qalibi “Müharibənin uşaqları” sənədli filminin isə istehsalı yekunlaşmaq üzrədir. Daha sonra layihənin qalibi olan “Quyu” qısametrajlı bədii filmi istehsal edilib və hazırda xarici distribusiyası həyata keçirilir.

    Ötən ilin əvvəlindən etibarən Azərbaycan kinosuna həsr edilmiş “Bizim kino” (“İctimai TV”nin dəstəyi ilə) 24 hissəli kinojurnal tamaşaçılara təqdim olunub.

    Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında 2010-cu ildən ölkəmizin ərazi bütövlüyü uğurunda canını və qanını əsirgəməyən Vətən fədailəri – Milli Qəhrəmanlarımız haqqında 40-dan çox sənədli film çəkilib. Bu il isə 10 filmin çəkilişi başa çatdırılıb. “Hər şey yaxşı olacaq”, “Torpağına baş əyərəm”, “Oğuz elinin qəhrəmanı”, “Oğlumun gündəliyi”, “Poladın iziylə”, “Artilleriyanın atası”, “Bizim komandir”, “Vətənin sipəri, mərdin təpəri”, “Yarıda qalan uçuş” sənədli filmləri də Azərbaycanın qəhrəmanlıq tarixinə işıq salır.

    2021-ci ildə Bakı Media Mərkəzi ilə “Azərbaycanfilm”in birgə istehsal etdiyi “Biz” sənədli filmi (ideya müəllifi, rejissoru Orman Əliyev) Vətən müharibəsinin birinci ildönümü ərəfəsində iki dəfə “İctimai TV”də nümayiş olundu və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

    Ötən il həmçinin Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi (rejissor Cavidan Şərifov) böyük maraqla qarşılandı. “O, Xarqo idi” ekran əsəri dövlət başçısının sərəncamına əsasən ötən il 100 illiyi qeyd olunan Azərbaycan xalqının cəsur övladı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun ömür yolundan bəhs edir. “Aşıq Ələsgər – 200” filmi saz-söz ustadının yubileyinə həsr olunub. “Salnaməfilm” həmçinin ötən il görkəmli neftçi soydaşımız, Rusiyanın Tümen vilayətində neft kəşf edənlərdən biri Fərman Salmanova həsr olunan “Mən neft tapdım. Salmanov” adlı sənədli filmin istehsalına başlayıb.

    2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimat mərasimi keçirildi. Komissiyanın yaradılmasında əsas məqsəd Azərbaycanı beynəlxalq kino istehsalçıları üçün geniş imkanları olan çəkiliş məkanı kimi təqdim etmək, beynəlxalq kino istehsalçıları ilə müştərək layihələr həyata keçirmək və ölkəmizə xaricdən maliyyə vəsaitinin cəlb edilməsini təmin etməkdir.

    Mədəniyyət Nazirliyi tərəfindən Kino Agentliyinin yaradılması ilə bağlı işlərə də başlanılıb. Agentliyin yaradılmasında məqsədi kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaq, xarici investorları kino sənayemizə cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır.

    Pandemiya şəraitində həm onlayn, həm də ənənəvi formatda kinofestival və müsabiqələr də keçirildi.

    2021-ci il sentyabrın 3-dən 7-dək keçirilən IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı “Əlillik” mövzusuna həsr olunmuşdu. Festivalın müsabiqə proqramına 40 ölkədən 134 film daxil edilmişdi.

    19-23 noyabr tarixində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı gerçəkləşdi. “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirildi.

    Sentyabr ayında ölkəmiz Daşkənd Beynəlxalq Film Festivalında xüsusi proqramla təmsil olundu. Festival çərçivəsində “Azərbaycan kinosu günləri” keçirildi. Noyabrın 8-12-də İstanbulda keçirilən “Dədə Qorqud” (“Korkut Ata”) Türk Dünyası Beynəlxalq Film Festivalında da Azərbaycan kinosu geniş şəkildə təmsil olundu.

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi “OFF CİNEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc qəsr” mükafatına, azərbaycanlı rejissor Hilal Baydarovun “Durna çırağı” filmi 34-cü Tokio Beynəlxalq Film Festivalının “İncəsənətə töhfəyə görə” xüsusi mükafatına layiq görüldü.

    Rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi isə Amerika Kino Akademiyasının “Oskar” mükafatına Azərbaycanın namizədi olaraq təqdim edilib.

    Sadalananlar bir daha göstərir ki, 2021-ci ildə ölkəmizin kino sənayesi bir sıra uğurlara imza atıb. İnanırıq ki, bu uğurlar bu il də davam etdiriləcək.

  • Əlliyi olan şəxslər Heydər Əliyev Fondunun dəstəyi ilə “Dubay Ekspo”da çıxış edib

    “Dubay Ekspo 2020” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda "DanceAbility Azerbaijan" İnklüziv Performans şirkətinin “Bədənimin danışacaq hekayəsi var” rəqs tamaşası nümayiş etdirilib.

    AZƏRTAC Heydər Əliyev Fondunun feysbuk səhifəsinə istinadla xəbər verir ki, tamaşa Fondun və UNICEF-in dəstəyi ilə baş tutub.

    Xatırladaq ki, Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında ötən ilin dekabrında Anlaşma Memorandumu imzalanıb. Memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu istiqamətdə görülən işlər çərçivəsində əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun “Dubay Ekspo”da konsert proqramı dünya sərgisinin ziyarətçiləri tərəfindən maraqla qarşılanıb.

    “Dubay Ekspo 2020” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonda mütəmadi olaraq müxtəlif sahələri əhatə edən tədbirlər və konsert proqramları keçirilir. Sərgi 2022-ci il martın 31-dək davam edəcək.