Yanvarın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İnanclardan qaynaqlanan ornamentlər” adlı mühazirə keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, mühazirədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, muzeyimizin eksperti, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalqımızın inanc sistemindən söhbət açacaq. O, həmçinin din və inancların naxış yaradıcılığına təsirindən ətraflı bəhs edəcək.
Pandemiya ilə əlaqədar yerlər məhduddur. Bunu nəzərə alaraq, öncədən qeydiyyatdan keçmək vacibdir.
Yaponiya hökuməti əcnəbi vətəndaşların bu ölkəyə gəlişinə qoyulmuş qadağanı ən azı fevralın sonuna qədər uzatmağı qərara alıb.
AZƏRTAC “Tourdom” saytına istinadla xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin rəhbəri Fumio Kisida çərşənbə axşamı bu barədə qərar imzalayıb.
Hökumət başçısının sözlərinə görə, növbəti məhdudiyyətlərin səbəbi koronavirusun yeni ştamının təkcə Yaponiyanın özündə deyil, bütün dünyada sürətlə yayılmasıdır. Ölkədə “omikron” ştamına yoluxma hallarının sayı daim artır. ABŞ-ın hərbi bazasının yerləşdiyi Okinavada bu xəstəlik yaxın vaxtlarda xüsusilə ciddi yayılıb.
Baş nazir daha sonra əlavə edib ki, əcnəbi vətəndaşların təhsil, işgüzar məqsədlər və turizm ilə əlaqədar Yaponiyaya gəlişinə məhdudiyyət qoyulması təkcə hökumətin qərarı deyil. Sosioloji sorğu nəticəsində məlum olub ki, yaponların 80 faizindən çoxu sərhədlərin bağlanmasına tərəfdardır.
Yaponiyanın hakimiyyət orqanları hələ keçən ilin noyabr ayında tam vaksinasiya olunmuş turistlərin ölkəyə gəlməsinə bu şərtlə icazə vermişdi ki, onlar gələndən sonra 3 gün karantin keçsinlər. Lakin noyabrın sonunda “omikron” ştamı turistlərin bütün planlarını pozub, ölkə xarici qonaqları qəbul etməkdən yenə imtina edib.
Azərbaycan Milli Xalça Muzeyinin “Ənənələri yaşadanlar” rubrikasının budəfəki mövzusu toxuculuq sənətinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, canlı bağlantı vasitəsilə baş bərpaçı-toxucu Şəkər Ələsgərova iştirakçıları dəstərxanın toxunma prosesi ilə tanış edib.
O, bu ənənəvi xalça məmulatını ərsəyə gətirməyi və unudulmaqda olan qədim toxuculuq texnologiyasının sirlərini izləyicilərlə bölüşüb.
Yanvarın 12-də Heydər Əliyev Sarayında istedadlı rəssam, “Nargiz Art Studio”nun rəhbəri Nərgiz Quliyevanın fərdi sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində keçiriləcək.
Sərgidə tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edəcək.
“Paramount Pictures” kino şirkəti “Dəyişilməyən kütbeyin” filminin son treylerini təqdim edib. Komediyanın Rusiyada premyerası martın 10-da baş tutacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, filmin rejissoru əvvəllər franşizanın 3 hissəsini çəkən Ceff Treymeyndir. Filmdə Conni Noksvill, Ceyson Akunya, Stiv O, Kris Pontius, Eren MakQexi, Preston Leysi və başqaları rol alıb. Epizodlarda Machine Gun Kelly və Tyler, The Creator, yumorist Erik Andre, skeytbordçu Tony Houk, basketbolçu Şakil Onil görünəcək.
Qeyd edək ki, əvvəlcə filmin nümayişi 2021-ci ildə nəzərdə tutulurdu, lakin onun ABŞ-da premyerası 2022-ci il fevralın 3-nə, Rusiyada isə mart ayına keçirilib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu ay tamaşaçılarına maraqlı səhnə əsərləri vəd edir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 12-də sənət ocağının səhnəsində “Leyli və Məcnun” operası, 15-də “Traviata” operası, 16-da isə “Romeo və Cülyetta” baleti nümayiş ediləcək.
Həmçinin yanvarın 19-da “Sevil” operası, 22-də “Jizel” baleti, 23-də “Zoluşka” operası göstəriləcək.
Bakının Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsi nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.
Bu barədə Report-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, həmin küçədə yenidənqurma işləri çərçivəsində yolda üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq. Bu çərçivədə küçədə yolun hərəkət istiqaməti dəyişdirilərək birtərəfli təşkil olunacaq.
Sürücülərə Ağa Nemətulla, Aşıq Molla Cümə, İzzəddin Həsənoğlu və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur.
Neftçalada 13 kəndi birləşdirən 30 kilometrlik yolun keçilməz olması sakinlərin narazılığına səbəb olub.
Report-un Aran bürosu xəbər verir ki, Şorsulu-Qaçaqkənd-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun 12 kəndin ərazisindən keçən hissəsi 2012-2013-cü ildə əsaslı təmir edilərək istismara verilib.
Sakinlərin sözlərinə görə, üstündən bir il keçməmiş yol yenidən bərbad vəziyyətə düşüb. Buna səbəb ağır tonnajlı yük maşınlarının bu yolda intensiv hərəkət etməsidir: "Bu yol 8 ildir bərbad vəziyyətə düşüb. Düzdür, 2013-cü ildə yol təmir işləri aparıldı və üzərinə asfalt döşənərək istismara verildi. Lakin bir ildən sonra buradan yük maşınlarının mütəmadi istifadə etməsi bu yolu yenidən bərbad vəziyyətə saldı".
Sakinlər bildiriblər ki, yolun bərbad olması səbəbi ilə xəstələri vaxtında xəstəxanaya çatdıra bilmirlər: "Yanğın hadisəsi baş verdikdə isə yanğınsöndürən maşınlar gələnədək ev tamamilə yanaraq külə dönür. Ən çox da zərərçəkən sürücülər olur. İdarə etdikləri avtomobillərin hissələri tez-tez sıradan çıxır".
Xüsusilə payız-qış aylarında yağış, qar yağan kimi yolda hərəkət etmək belə mümkün deyil. Avtomobil yolu bərbad vəziyyətdə olduğundan indi sakinlər çətin durumda qalıblar. Bununla bağlı aidiyyatı qurumlara müraciət etmələrinə baxmayaraq, hələlik hər hansı bir tədbir görülməyib. Yerli əhali isə bu əzab-əziyyətdən qurtulmaq üçün avtomobil yolunun nə vaxt təmir olunacağını səbirsizliklə gözləyir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində həllini tapır: "13 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 42,4 kilometr olan Neftçala rayonunun Qaçaqkənd-Xolqaraqaşlı-Xəzərkənd avtomobil yolunun, həmçinin uzunluğu 31,4 kilometr olan 12 yaşayış məntəqəsini əhatə edən Salyan rayonunun Şorsulu-Seyidlər-Sarvan-Alçalı avtomobil yollarının da yenidən qurulması da Dövlət proqramına salınıb. Təbii ki, maliyyə vəsaitinin ayrılması gözlənilir. maliyyə vəsaiti ayrılan kimi sözügedən avtomobil yollarını və bu kimi təmirə ehtiyacı olan yolların qurulması icra olunacaq".
Magistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Sabunçu rayonunun Kürdəxanı və Pirşağı, eləcə də Abşeron rayonunun Novxanı, Goradil və Mehdiabad qəsəbələrinin bağ masssivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Report-a "Azərsu" ASC-dən bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
YARAT Müasir İncəsənət Məkanının 10 illiyi münasibətilə Daş Salnamə Muzeyində açılan “Ön söz-On söz” xronikal qrup sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, sərgi YARAT-ın ilk layihəsi olan “Ön söz”ə istinadla bu dövr ərzində YARAT-ın keçdiyi yol və yeni nəsil müasir rəssamların yetişdirməsi və formalaşdırılmasında oynadığı müstəsna rolunu vurğulayır.
Yaddaş və tarix anlayışları ətrafında toplanmış ekspozisiya keçmişin indiki anımıza qədər diffuziya etməsinin etirafıdır. Keçmişin maddi reallığı ilə qarşılaşan indiki reallıq bir sürətə bağlıdır. Sərgi yaşadığımız sürətin bizi əhatə edən keçmişin simvolları və xatirələri ilə necə uzlaşdığını nəql edir, ənənə və cəmiyyət, dəyərlər sistemi, ziddiyyətli həqiqətlər mövzularına toxunur. İnsan varlığı və mövcudluğunun fərqli aspektləri araşdırılaraq, onların formalaşmasında keçmişin əhəmiyyətini və rolunu ön plana çəkir.
YARAT kolleksiyasının ən mühüm əsərlərindən ibarət ekspozisiya Afruz Amighi, Faiq Əhməd, Rəşad Ələkbərov, Çinarə Məcidova və Elturan Məmmədovun instalyasiya, heykəl, video və foto əsərlərini bir araya gətirib.
Yanvarın 31-dək sərgidə nümayiş edilən əsərlərlə çərşənbə axşamından bazar gününə kimi, saat 10:00-dan 19:00-dək tanış olmaq mümkündür. Sərginin kuratoru Fərəh Ələkbərlidir.