Yeni il bayramı münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində xeyriyyə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Daşkənddəki 21, 22, və 30 nömrəli uşaq evlərinin 200-dən çox şagirdi və müəllimi iştirak edib. Tədbirə əsasən valideyn himayəsindən məhrum olan uşaqlar qatılıblar.
Əvvəlcə iştirakçılar Azərbaycanın Dövlətçilik Tarixi Muzeyinə, Heydər Əliyev Muzeyinə baxıblar, mərkəzin foyesində təşkil olunan kitab sərgisi ilə tanış olublar.
Mərkəzdəki Heydər Əliyev Muzeyində keçirilən görüşdə mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, uşaqların elm və biliklərə yiyələnmələrinin vacibliyini vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində gördüyü işlərdən danışıb.
Sonda uşaqlar nahar süfrəsinə dəvət olunub, milli təamlara qonaq ediliblər.
Tokioda tanınmış caz ifaçısı, “Excellence Award” mükafatının qalibi xanım Kyoko Yamamotanın Azərbaycan dilində səsləndirdiyi “Sarı gəlin” və “Bana-bana gəl” mahnıları və soydaşımız Dilarə Qazıyeva-Sato tərəfindən nümayiş etdirilən milli rəqslər tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Yaponiya paytaxtının məşhur Qinza əyləncə mərkəzindəki “Swing Jaz Club”da təşkil olunan konsert zamanı müxtəlif dünya xalqlarının caz musiqisi ilə yanaşı, Azərbaycan mahnıları da səslənib, rəqsləri ifa edilib.
Yapon tamaşaçılara Azərbaycan musiqisinin və rəqslərinin əsrarəngizliyi barədə məlumat verən K.Yamamota öz gözəlliyi ilə bura gələn qonaqları heyran edən Bakının həm Avropa, həm də Asiya mədəniyyətinin parlaq nümunəsi olduğunu deyib.
Biznes əlaqələri qurmaq üçün ölkəmizə səfər edən yapon xanım burada həm də çox zəngin musiqi ilə qarşılaşdığını bildirib. Qeyd edib ki, Azərbaycan musiqisi ritmlərin fərqliliyi, xüsusilə pop musiqisinin çox maraqlı olması ilə onun diqqətini cəlb edib. Qərara alıb ki, orijinallığı ilə seçilən Azərbaycan musiqi nümunələrini öz repertuarına daxil etsin. “Sarı gəlin” və “Bana-ban gəl” mahnılarının yapon tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanacağına əmin olduğunu vurğulayan K.Yamamota qeyd edib ki, bundan sonrakı fəaliyyətində də Azərbaycan musiqisi nümunələrinə geniş yer verəcək.
Yaponiyada caz improvizasiyasında səslənən “Sarı gəlin” və “Bana-bana gəl” mahnıları yapon tamaşaçılar tərəfindən böyük diqqətlə dinlənilib və sürəkli alqışlarla qarşılanıb.
Konsertdən sonra təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən K.Yamamota söyləyib ki, Azərbaycan mahnılarının və rəqslərinin yapon tamaşaçılar tərəfindən alqışlarla qarşılanması onu gələcəkdə yeni mahnılarımıza müraciət etməyə sövq edir: “Bu konsert Yaponiya Mədəniyyət Nazirliyinin icazəsi ilə “Gələcək üçün incəsənət” layihəsi çərçivəsində təşkil edilib və pandemiyaya baxmayaraq, maraqlı əyləncə üçün əlverişli fürsət idi. Repertuara Latın Amerikası və yapon mahnıları ilə yanaşı, Azərbaycan mahnıları da daxil edilməsi tamaşaçıların böyük marağına səbəb oldu. Həmçinin ifa etdiyim mahnılar fonunda azərbaycanlı rəqqasə Dilarə Qazıyeva-Satonun Azərbaycan milli rəqslərini ifa etməsi alqışlarla qarşılandı. Siz özünüz Azərbaycan musiqisinin tamaşaçılara xoş təsirinin və onlar tərəfindən yüksək qiymətləndirilməsinin canlı şahidi oldunuz. Çox sevinirəm ki, Yaponiya ilə Azərbaycan arasında uzun məsafənin olmasına baxmayaraq, sizin musiqiniz belə rəğbətlə qarşılandı. Yaxın gələcəkdə Azərbaycan musiqisinin yeni nümunələri üzərində işləməyi planlaşdırıram. Düşünürəm ki, Azərbaycan musiqisinin Tokioda səslənməsi bu zəngin mədəniyyəti Yaponiyada tanıtmaqla yanaşı, həm də iki dost xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm təsir göstərəcək”.
Dekabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecədə teatrın keçdiyi uzun və zəngin yola nəzər salınıb.
Əvvəlcə mədəniyyət naziri Anar Kərimovun yubileylə bağlı təbrik məktubu oxunub. Bildirilib ki, Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Xorvatiya, Rusiya, Gürcüstan və başqa ölkələrdə teatr uğurla çıxış edib. Teatrın hazırladığı tamaşalar hər zaman azyaşlı tamaşaçıların rəğbətini qazanıb.
Yola salmağa hazırlaşdığımız 2021-ci ilin möhtəşəm yubileylərlə yadda qaldığını bildirən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib ki, bu il 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Qələbədən bir il ötür. Bu il həm də dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlərlə qeyd edilib: “Bu silsilədə bu gün yaranmasının 90 illiyini qeyd etdiyimiz Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının da öz yeri var. Kukla teatrı, teatr aləmində vacib bir fenomendir, çünki uşaqların zövqünü formalaşdıran, onların teatr aləminə marağını açan yeganə mədəniyyət ocağıdır.
İncəsənətin televizor və kompüter, telefon ekranları ilə rəqabətdə olduğunu deyən Elnur Əliyev bildirib ki, bu rəqabətdə üstünlüyü saxlamaq üçün canlı ünsiyyət mühüm amildir. Canlı tamaşalar həm də uşaqlarda milli dəyərlərin formalaşması baxımından vacibdir. Nazir müavini Kukla Teatrının bu rəqabəti nəzərə alıb işini gələcəkdə də öz prinsip və ənənələrinə uyğun quracağına inamını ifadə edib.
O, teatrsevərləri, kuklaçıları təbrik edib və bildirib ki, teatr Mədəniyyət Nazirliyi üçün ən vacib sahələrdən biridir və bu ənənəni qorumaq lazımdır.
Sonra teatrda fərqlənən aktyorlara Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov ittifaqın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun Kukla Teatrının kollektivinə təbriklərini çatdırıb. Sonra Kukla Teatrın bir sıra aktyor və yaradıcı heyəti milli teatrın inkişafında xidmətlərinə görə Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olunublar.
Tədbirdə teatrın repertuarındakı ən yaddaqalan tamaşalardan ibarət səhnələşdirilmiş kompozisiya təqdim edilib. Tamaşa arası səhnədə 90 il bundan əvvəl ilk kuklaçı Mollağa Bəbirlinin hazırladığı kuklaların fotoşəkilləri proyeksiya olunub. Böyük ekranda Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan və digər ölkələrdə fəaliyyət göstərən kukla teatrlarının təbrikləri çatdırılıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə böyük teatr fədaisi, ilk peşəkar kuklaçı Mollağa Bəbirli qoyub. 1932-ci ildə kollektiv “Sirk” adlı tamaşa ilə səhnəyə çıxıb. Bu günədək 600-dən artıq tamaşa hazırlayan teatr daim rəngarəng və zəngin repertuarı ilə seçilir. Hazırda teatrın cari repertuarında 28 səhnə əsəri var. Teatrda Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Milli Mərkəzi yaradılıb və teatr qurumla six yaradıcılıq əlaqələri saxlayır.
Dekabrın 28-də Nizami Kino Mərkəzində “Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 44 günlük Vətən müharibəsindəki qələbəmizi simvolizə edən və xalqımızın həmrəyliyini nümayiş etdirən sənədli film “Qarabağ ilmələrdə” sosial layihəsi çərçivəsində hazırlanıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilən sosial layihədə bir xalçanı 44 gün ərzində minlərlə insan toxuyub. Sonuncu ilmələri Zəfər günü ərəfəsində işğaldan azad olunan Şuşa şəhərində vurulan xalçanın toxunma prosesi əvvəldən axıra qədər filmdə əks olunur.
Azərbaycan xalqının birliyini, həmrəyliyini bir daha nümayiş etdirən “Qarabağ ilmələrdə” filmi izlənildikdən sonra 44 gün ərzində toxunan Qarabağ “Çələbi” xalçasının kəsim mərasimi olacaq.
Milli Məclisin dekabrın 27-də keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, 5 fəsil, 22 maddədən ibarət qanun layihəsinin qəbulunda məqsəd bütövlükdə ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək, beynəlxalq turizm bazarında Azərbaycanın etibarlı və cəlbedici imicini formalaşdırmaq və rəqabət qabiliyyətini artırmaqdır.
Bu Qanun Azərbaycanda turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.
Layihəyə əsasən, turizmin forma və növləri, bu sahədə qanunvericiliyin çərçivəsi öz əksini tapıb, turizm sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə, vəzifələrinə aydınlıq gətirilib. Layihədə turizmin xidmət keyfiyyətinin yüksəldilməsi, turizm iştirakçıları, onların etik davranış qaydaları, reyestrdə qeydiyyatı, hüquq və vəzifələri, təhlükəsizliyi, turizm vizalarının verilməsi kimi mütərəqqi yeniliklər təsbit edilib, turizm sahəsinin maliyyə mənbələri açıqlanıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Türkiyənin Dövlət Himni-İstiqlal Marşının sözlərinin müəllifi Mehmet Akif Ərsoy vəfatının 85-ci ilində anılıb.
AZƏRTAC xəbər verir ki, anım proqramı çərçivəsində şairin İstanbulun Edibekapı qəbiristanlığındakı məzarı ziyarət olunub. Ziyarətçilər arasında Mehmet Akif Ərsoyun nəvəsi Selma Arqon da yer alıb.
Qeyd edək ki,1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisinin kürsüsündən oxunan Mehmet Akif tərəfindən yazılan şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilir.
İstiqlal Marşının yazılması üçün Mehmet Akifə verilən 500 lirə mükafat isə şair tərəfindən yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlanır.
Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnir.
Estoniyada 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Estoniyadakı Səfirliyi və Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkilatçılığı ilə reallaşıb.
Azərbaycanın Estoniyadakı Səfiri Anar Məhərrəmov tədbirdə açılış nitqi ilə çıxış edərək, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyəti və əhəmiyyəti barədə ətraflı məlumat verib və həmçinin qarşıdan gələn yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Səfir dünya Azərbaycanlılarının birliyinə hər zaman böyük önəm verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik təşəbbüsü ilə 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edildiyini və məhz Ulu Öndərin sayəsində xarici ölkələrdəki Azərbaycan diasporu ilə işin dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini vurğulayıb. Bu siyasətin hal-hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Tədbirin davamı olaraq, Azərbaycanlı gənc musiqiçilər tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş musiqi parçaları səsləndirilib. Tədbirin sonunda, Azərbaycan milli mətbəx nemətləri qonaqlara ikram olunub.
Tədbirdə, həmçinin Türkiyənin Estoniyadakı Səfirliyinin əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniyada təhsil alan azərbaycanlı tələbələr, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Kanadalı rejissor Jan-Mark Valle 58 yaşında dünyasını dəyişib.
Report “Variety”yə istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, rejissor “Dallas alıcılar klubu” (2013) filmi və “Böyük kiçik yalan” (2017) serialı ilə məşhurluq qazanıb.
Jan-Mark Valle 2013-cü ildə Jared Leto və Metyu Makkonaxiyə “Oskar” mükafatı qazandıran "Dallas alıcılar klubu" filminə görə ən yaxşı montaj üzrə “Oskar” nominasiyasına layiq görülüb. Film Texasa qaçaqmalçılıq yolu ilə dərmanlar keçirən və onları QİÇS xəstələrinə paylayan bu infeksiyanın daşıyıcısı Ron Vudrofun gerçək hekayəsinə əsaslanır.
Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media hesabında Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksindən çəkdiyi fotoları paylaşıb.
“Report” xəbər verir ki, Xudavəng monastır kompleksinin qış görüntülərinin yer aldığı paylaşımında fotoqraf məbədin tarixi barədə də məlumat verir.
O qeyd edib ki, Xudavəng monastırı XIII əsrdə Qarabağın Kəlbəcər şəhərində Alban knyazı Vaxtanqın arvadı Arzu xatun tərəfindən tikilib.
“Sovet dövründə və daha sonra Kəlbəcərin 1993-2020-ci illərdə işğalı zamanı memarlıq quruluşuna bir çox erməni elementləri əlavə edilib, bəzi qədim alban işarələri silinib. Sülh müqaviləsi imzalanandan bəri kompleksi Rusiya sülhməramlıları qoruyur”.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan Respublikasının Prezidenti – İlham Əliyev” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları, haqqında yazılmış kitablar, fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ilham_Eliyev/index.htm linkindən istifadə edə bilərlər.