Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Dağ vüqarlı sənətkar” adlı ədəbi-bədii gecədə Seyfəddin Dağlının yaradıcılığından danışılıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Cəfər Cabbarlının ev-muzeyi Seyfəddin Dağlının anadan olmasının 100 illiyinə həsr olunmuş “Dağ vüqarlı sənətkar” adlı ədəbi-bədii gecə keçirib.

    İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir Seyfəddin Dağlının həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

    Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, Əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev Seyfəddin Dağlı ilə bağlı xatirələrini bölüşüblər. Bədii qiraət ustası, Əməkdar artist Azad Şükürov Seyfəddin Dağlı poeziyasına müraciət edib və şairin bədii yaradıcılığı haqqında fikirlər söyləyib.

    Gecədə Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Rəşad İlyasov, sevilən gənc müğənnilər Vüsal Hacıyev, Günay İmamverdiyeva, Gülzar Fərəcova, Kamilə Nəbiyeva, muğam ifaçısı Hüseyn Məlikov, aktyorlar Toğrul Rza Müşfiq, Zülfiyyə Məmmədova iştirak ediblər.

    Tədbir boyu Seyfəddin Dağlının əsərləri əsasında lentə alınmış tamaşalardan və “Mozalan” satirik kinojurnalından fraqmentlər nümayiş olunub.

    Sonda Cəfər Cabbarlının ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı çıxış edərək, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

    Tədbirin təşkilində yaxın iştirakına görə Əməkdar jurnalist, Qızıl Aypara Cəmiyyətinin vitse–prezidenti Qafar Əsgərzadəyə və Könüllülər İctimai Birliyinin və Qaradağ rayon Qızıl Aypara Cəmiyyətinin sədri Niyaz Eyvazova Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanları təqdim edilib.

  • AZƏRTAC daimi mühafizə məqsədilə 9529 saxlama vahidi fotosənədi Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verib

    Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC tərəfindən 9529 saxlama vahidi fotosənəd daimi mühafizə məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

    Təhvil verilən fotosənədlərin məzmununu torpaqlarımızın işğaldan azad olunması, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti–quruculuq işləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020–2021-ci illərdə keçirdiyi görüşləri, KİV nümayəndələrinə verdiyi müsahibələr, rəsmi qəbulları, tədbirlərdə iştirakı, ölkə daxilinə və xarici ölkələrə işgüzar və rəsmi səfərləri təşkil edir.

    Qəbul edilmiş sənədlər içərisində 44 günlük Vətən müharibəsi iştirakçıları olan qəhrəman hərbçilərimizin şücaətini, həmçinin aidiyyəti dövlət qurumlarının fəaliyyətini əks etdirən fotosənədlər də yer alıb.

  • Heydər Əliyev Fondu və Tretyakov Qalereyası Tair Salahovun sərgisini təqdim edəcək

    Tretyakov Qalereyası Heydər Əliyev Fondu ilə birgə SSRİ və Azərbaycanın xalq rəssamı Tahir Salahovun sərgisini təqdim edəcək.

    AZƏRTAC qalereyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Tretyakov Qalereyasının, Moskva Şərq xalqları Muzeyinin və Azərbaycan muzeylərinin kolleksiyalarından rəssamın 50 əsəri təqdim olunacaq Tahir Salahovun Avropada ilk böyük beynəlxalq sərgisi olacaq.

    “Tretyakov Qalereyası CSAR Mərkəzi, Ca'Foscari Venesiya Universiteti, Moskvadakı Dövlət Şərq Muzeyi və Heydər Əliyev Fondu ilə birlikdə Tahir Salahovun sərgisini təqdim edir. Bu, Tahir Salahovun Avropada ilk iri beynəlxalq sərgisidir və burada rəssamın Tretyakov Qalereyası, Moskvadakı Şərq Xalqları Muzeyi və Azərbaycan muzeylərinin kolleksiyalarından 50 əsəri nümayiş etdiriləcək”, - Tretyakov Qalereyasının 2022-ci il üçün planlar ilə bağlı məlumatda deyilir.

    Dünya şöhrətli rəssam Tahir Salahovun əsərlərindən ibarət sərgi aprel-sentyabr aylarında keçiriləcək. Bu, 1962-ci ildə Venesiya biennalesində iştirak edən üç "sərt üslublu" sovet rəssamına həsr olunmuş layihənin davamı olacaq.

  • “ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomu çapdan çıxıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyi münasibətilə “ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomu çapdan çıxıb.

    AZƏRTAC xəbər verir ki, kitab-albom Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən “1905.az kitabı” seriyasında tərtib edilib. Seriyanın ideya müəllifi və naşiri AVCİYA-nın prezidenti Elxan Süleymanov, tərtibçisi və elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayevdir.

    AZƏRTAC-ın materialları və fotoları əsasında nəfis şəkildə tərtib edilən kitab-albomda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın son 10 il ərzində gördükləri işlərin bir qismi xronoloji ardıcıllıqla - xəbərlərin, əvəzsiz fotosənədlərin dili ilə diqqətə çatdırılır.

    “Ön söz”də bu on il ərzində dövlət başçısı və xanımının iştirakı ilə keçirilən tədbirlərin bir kitaba sığışdırmağın qeyri-mümkün olduğunu qeyd edən Elxan Süleymanov yazır: “Biz bu çoxşaxəli zəngin fəaliyyətin kiçik bir hissəsindən, cəmi 60 epizoddan söz açmışıq. Yaddaşlarda əbədi qalacaq, ən yeni tariximizin şərəfli səhifələrində yer tutmuş belə hadisələrin sayı isə yüzlərlədir. Azərbaycan Prezidentinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımızı tarixi qələbəyə aparan siyasi, iqtisadi, hərbi, diplomatik addımlarına, düşməndən azad etdiyimiz torpaqlarımıza hər səfərinə cild-cild kitablar həsr etmək olar. Əminəm ki, bu iş də görüləcək. Tarix yazan, xalqımızı müzəffər millətə, ölkəmizi qalib dövlətə çevirən Sərkərdənin hər addımı öyrəniləcək və elə öyrənilir də. Üstəlik, bu iş tək ölkəmizdə görülmür, yaxında, uzaqda saysız-hesabsız tədqiqatçılar 44 günlük müharibədə böyük Qələbə əldə etmiş Azərbaycanın təcrübəsini öyrənirlər”.

    Yüksək poliqrafik üslubda çap olunmuş kitab-albomda yer alan hər bir epizod müasir, müstəqil ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, sosial-iqtisadi dirçəlişi, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərimizə işıq salır, son 10 ildə bütün sahələrdə əldə edilən nailiyyətləri xronoloji ardıcıllıqla bir daha oxucuya təqdim edir.

     

  • Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılıb

    Dekabrın 22-də Heydər Əliyev Mərkəzində təsviri incəsənətin küçə sənəti (“street art”) üslubunda işləyən braziliyalı rəssam Nina Pandolfonun “Minnətdarlıq” (“Gratitude”) adlı fərdi sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

    Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, pandemiya dövründə uzun müddətdir ehtiyac duyulan belə bir sərginin məhz Mərkəzdə təşkil olunması çox əhəmiyyətlidir. Bir neçə gündür Bakıda olan Nina Pandolfo ekspozisiyanın qurulmasında şəxsən iştirak edib. Həmçinin sərginin ərsəyə gəlməsində Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzanın, Jan David Malat qalereyasının direktoru Jan David Malatanın böyük əməyi var.

    Anar Ələkbərov bütün bu əlaqələrdə, eləcə də belə tədbirlərin təşkilində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi rolu olduğunu vurğulayıb və ona təşəkkürünü bildirib.

    Sərginin konsepsiyası haqqında məlumat verən braziliyalı rəssam Nina Pandolfo əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü ifadə edib.

    Rəssam qeyd edib ki, “Minnətdarlıq” sərgisi hər kəsin minnətdar olmasını ehtiva edən bir sərgidir, daha doğrusu həyat tərzi anlamındadır.

    “Minnətdarlıq bizi daha yüksək səviyyəyə ucaldan ülvi bir hissdir. O, bizə çətin anların keçib getdiyini, tezliklə gözəl bir şəfəqin gələcəyini öyrədir. Bizə paylaşmağı, birləşməyi, başqalarını duymağı öyrədir. Ürəyimizin sıxıldığını hiss etdiyimiz zaman gözlərimizə təbəssüm gətirən bir hissdir. Bizi digər insanlarla və həyatla unikal və sıx şəkildə əlaqələndirir. Ümidvaram ki, bütün ziyarətçilər mənim üçün heç bir etnik mənsubiyyəti yox, daha çox qadın olmaq vəziyyətini təmsil edən personajların təsirini, gücün kövrəklikdə olduğunu hiss edə bilərlər. Çünki qadın zəif deyil, kövrəkdir. Zəiflik gücün olmamasıdır. Kövrəklik isə həssaslıqdır. İşləmək, başqalarına dəstək olmaq, onlara qayğı göstərmək, bir sözlə biz qadınların etdiyi hər şeyi etmək üçün bizə güc verən elə qadının həssaslığıdır”, - deyə rəssam bildirib.

    Sərginin açılış mərasimində çıxış edən Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruza Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bu möhtəşəm təşəbbüsə görə, Fondun vitse-prezidenti Leyla Əliyevaya Nina Pandolfonu Azərbaycana dəvət etdiyi üçün təşəkkürünü bildirib.

    Daha sonra sərgi ilə tanışlıq olub.

    Sərgidə müəllifin multikultural dünyanı təqdim edən, etnik baxımdan müxtəlifliyi ilə seçilən qadınlara həsr olunan əsərləri nümayiş etdirilir. Ziyarətçilər həm də Nina Pandolfonun qraffiti instalyasiyaları ilə də tanış ola bilərlər.

    Müəllif hesab edir ki, minnətdarlıq hissi daim ətrafa aşılanmalı və təşviq edilməlidir. Vəziyyətdən asılı olmayaraq, hər zaman minnətdar olmaq üçün səbəb tapmaq mümkündür. Nina Pandolfo onda ən güclü minnətdarlıq hissinin məhz yaradıcılıq zamanı yarandığını söyləyir.

    Sərgiyə çıxarılan əsərlərdəki qadın obrazları fərqli mədəniyyətlərə mənsub olaraq geniş açılmış gözlərlə təsvir ediliblər. Bununla da müəllif bizi əhatə edən multikultural dünyanın seyr edilməsinin və buna minnətdarlıqla yanaşılmasının vacibliyini vurğulayır.

    Braziliyalı rəssam Nina Pandolfo əsərləri ilə bağlı təəssüratlarını jurnalistlərlə də bölüşüb. O deyib: “Mənim sərgimin əsası təkcə minnətdarlıq deyil, eyni zamanda, minnətdar olmaqdır. Mən cəmiyyətə bu mesajı ötürmək istəyirəm. Sərgi çərçivəsində yaratdığım qaranlıq otağın öz mənası var. Demək istəyirəm ki, biz minnətdar olsaq, qaranlıqda olan, kölgədə olan şeyləri işıq üzünə çıxaracağıq. O otağa keçən hər bir kəs öz işığını orada görəcək”.

    Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruza isə müsahibəsində vurğulayıb ki, pandemiya dövründə bu sərginin təşkili yeni həyatın başlanğıcıdır, yəni öncədən gələn bir yazdır, canlı aləmin oyanışıdır. “Çox xoşbəxtəm ki, bu duyğuları Braziliya rəssamı gətirdi. Azərbaycan odlar yurdu olduğu kimi, biz də buraya hisslərimizlə bir od gətirdik. Bu sərgi dünyəvi xarakter daşısa da, burada Braziliyanın nüansları var. Sərgidə nümayiş olunan əsərlərdəki obrazlar müxtəlif irqlərin nümayəndələridir - Braziliyada olduğu kimi”.

    Heydər Əliyev Mərkəzindəki “Minnətdarlıq” sərgisi 2022-ci il iyunun 19-dək davam edəcək.

    Nina Pandolfo 1977-ci ildə Braziliyada anadan olub. Karlos de Kampos adına Dövlət Texniki Məktəbdə vizual kommunikasiya üzrə təhsil alan Nina Pandolfo incəsənətin yeni üsulu ilə San-Paulu küçələrini bəzəməyə başlayır, qısa zamanda 1990-cı illərin Braziliya qraffiti səhnəsinin ayrılmaz nümayəndəsinə çevrilir, qraffiti sənətinin muzey və qalereyalara yol tapmasında əvəzsiz rol oynayır.

    Pandolfo təkcə Braziliyada yox, dünyanın bir çox yerlərində, o cümlədən Avropanın bir sıra ölkələrinin və Amerika Birləşmiş Ştatlarının müxtəlif sənət qalereyalarında keçirilən sərgilərdə iştirak edib.

    2007-ci ildə Pandolfo Şotlandiyanın 800 il yaşı olan tarixi Kelburn qəsrinin fasad və qülləsini boyamaq üçün Braziliyanın tanınmış küçə rəssamları ilə əməkdaşlıq edir. Bu təşəbbüs o qədər uğurlu olur ki, layihə 2011-ci ilin “Top-10 küçə sənəti nümunələri” siyahısına daxil edilir.

  • Teymur Rzayev: İlham Əliyev Azərbaycan xalqının qəlbində bir yaraya dönən Qarabağ həsrətinə son qoydu

    Azərbaycanın tarix səlnaməsinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin qəhrəmanı olan Prezident İlham Əliyev uzun illər Azərbaycan xalqının qəlbində bir yaraya dönən Qarabağ həsrətinə son qoydu. Bunun üçün, eləcə də ölkəmizin inkişafı baxımından gördüyü əvəzsiz xidmətlərə görə ölkə başçımıza sonsuz minnətdarlığımızı bildiririk.

    Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Əməkdar rəssamı İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayev bildirib.

    Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə ən xoş arzularını çatdıran Teymur Rzayev deyib: “Ölkə başçısının hər zaman xalq tərəfindən sevilməsi və daima dəstəklənməsi dünyada çox nadir görülən haldır. Qəhrəman Azərbaycan xalqı olaraq biz, daima ölkə başçımızın yanındayıq və onunla bərabər addımlamaqdan qürur duyuruq”.

  • Görkəmli fırça ustası Mikayıl Abdullayevin 100 illiyinə həsr olunan sərgi açılıb

    Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” adlı sərgisi açılıb. Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinə həsr olunmuş sərgidə Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından əsərlər nümayiş olunub.

    AZƏRTAC xəbər verir ki, sərgini açıq elan edən Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev kollektivin Mikayıl Abdullayevin 100 illik yubileyinə böyük məsuliyyət və sevgi ilə hazırlaşdığını bildirib.

    Sərgidə görkəmli rəssamın 190-a yaxın rəngkarlıq və qrafik əsəri nümayiş olunur. Vernisajda “Axşam”, “Sevinc”, “Azərbaycan tarlalarında”, “Saədət qurucuları”, “Mingəçevir işıqları”, “Hindistan anası”, “Çəltikçi qızlar” tematik tabloları, “C.Cabbarlı”, “Y.Məmmədəliyev”, “M. P.Vaqif”, “M.F.Axundzadə”, “Yazıçı H.Seyidbəyli”, “Şair S.Rüstəm” portretləri yer alıb. Ekspozisiyada həmçinin Əməkdar rəssam, heykəltəraş Zeynalabdin İsgəndərovun müəllifi olduğu, Mikayıl Abdullayevin obrazı canlandırılan heykəltəraşlıq kompozisiyası da sərgilənir.

    Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Mikayıl Abdullayevin Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərindən söz açıb. Deyib ki, Azərbaycan incəsənətində elə şəxslər vardır ki, onların hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq mədəniyyətimizin tarixinə əbədi olaraq öz adlarını qızıl hərflərlə yazıblar. Bunlardan biri də SSRİ Rəssamlıq Akademiyasının akademiki, SSRİ Xalq rəssamı Mikayıl Abdullayevdir. O, bir çox beynəlxalq mükafatların laureatı olub. Fırça ustası ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninə layiq görülüb.

    Nazir bildirdi ki, Mikayıl Abdullayevin ilham mənbəyi, yaradıcılığının təməli doğma vətəni Azərbaycandır. Rəssamın “Azərbaycan doğma Vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” sözləri də bunun əyani sübutudur. O, yaradıcılığında milli-mənəvi ənənələri əks etdirməklə yanaşı, hər zaman bəşəri dəyərlərə, ideallara da geniş yer verib. Sənətkar Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və bir çox başqa ölkələrdə olduğu zaman gördüyü maraqlı anları, insanların həyat tərzini, mədəniyyətini əks etdirən silsilə əsərlər yaradıb. Mikayıl Abdullayevin əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə, Brüssel və digər ölkələrin muzeylərində ən dəyərli eksponatlar kimi qorunub saxlanılır.

    Anar Kərimov Prezident İlham Əliyev tərəfindən bu il mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində müstəsna xidmətləri olan bir çox şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi ilə əlaqədar sərəncamlar imzalandığını qeyd edib. Bildirdi ki, Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2021-ci il tarixli Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb, bir sıra tədbirlər həyata keçirilib. Hazırda Mikayıl Abdullayevin yaradıcılığını özündə əks etdirən nəfis tərtibatlı kataloq üzərində son tamamlama işləri aparılır və yaxın günlərdə işıq üzü görəcək. Həmçinin rəssamın mərmərdən büstü hazırlanaraq Milli İncəsənət Muzeyinin kolleksiyasına daxil edilib.

    Nazir çıxışının sonunda dedi: “Mikayıl Abdullayevin əsərləri zamanın bütün sınaqlarından keçərək hələ uzun illər boyu sənətsevərləri ruhlandıracaq. Sənətkarın həyat yolu isə gələcək nəsillər üçün seçdikləri peşəyə məsuliyyətli və fədakar yanaşması baxımından hər zaman nümunə olacaq”.

    Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxışı zamanı Mikayıl Abdullayevin yaradıcılıq özünəməxsusluğu barədə danışdı. Bildirdi ki, o, ictimai xadim kimi hər zaman insanların köməyinə çatıb, xeyirxah əməlləri ilə qəlblərdə iz salıb.

    Rəssamın oğlu Cəmil Abdullayev Prezident İlham Əliyevə atasının irsinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirdi. O, həmçinin silsilə tədbir və layihələrin gerçəkləşməsinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə etdi.

    Çıxışlardan sonra qonalar geniş və xüsusi zövq və dizaynla hazırlanmış ekspozisiya ilə tanış olublar. Ekspozisiyada nümayiş olunan həm rəngkarlıq, həm də qrafika nümunələri, tematik tablo, portret və mənzərə janrlarında əsərlər Mikayıl Abdullayevun rəngarəng sənət duyumunu əks etdirir.

    Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisi mart ayına qədər davam edəcək.

  • İstiqlal Muzeyində “Əbədiyyət ünvanı-şəhidlik” adlı tədbir – sərgisi təşkil edilib

    Dekabrın 23-də Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihəsinin birinci mərhələsinin sonuncu - “Əbədiyyət ünvanı-şəhidlik” adlı tədbir–sərgisi təşkil olunub.

    İstiqlal Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək 44 gün davam edən hərbi əməliyyatlar zamanı rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıqlarından bəhs ediblər. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşərək xalqın dəstəyindən güc alan ordumuz 44 gün ərzində 30 illik torpaq həsrətinı son qoyub.

    Bildirildi ki, Vətən müharibəsində əldə olunan möhtəşəm zəfərimiz tarix boyu qürur mənbəyimiz olaraq qalacaq.

    Sonda tədbir iştirakçıları polkovnik-leytenant Sədi Musayevin, baş leytenantlar Elçin Əzizovun, Muxtar Qasımlının, gizirlər Vüsal Rüstəmovun, Elnur İbrahimovun və əsgər Murad Məmmədovun fotoşəkilləri və şəxsi əşyalar ilə tanış olublar.

    Tədbirdə şəhid ailələri, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbin kursantları iştirak ediblər.

    Sərgi dekabrın 28-dək davam edəcək.

  • “CinemaPlus”da jurnalistlər üçün 4DX texnologiyasının təqdimatı olub

    “Dəniz Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında media üçün ən son 4DX texnologiyası ilə “Hörümçək adam: Geriyə yol yoxdur” filminin nümayişi keçirilib.

    Report xəbər verir ki, 4DX texnologiyası ən yaxşı Hollivud filmlərinə baxmaq üçün yeni formatdır.

    Xarici effektlər zaldakı bütün tamaşaçılar üçün eyni təcrübəni təmin edir ki, bu da filmi tam hiss etmək imkanını artırır. Personajların hərəkətləri çox təsirli idi. Əvvəlcə kreslolar yan-yana hərəkət edirdi və qəhrəmanlar yerə yıxılanda tamaşaçılar böyürdən təkan hiss edirdilər. Format əsl uçuş hissini çatdırırdı.

    Güclü hava axını, qoxular, kresloya quraşdırılmış dinamiklər, üzə yönəldilmiş hava dalğaları, vibrasiya və ya sıçrayan su kimi əlavə effektlər filmə dalma təcrübəsini daha da dərinləşdirir.

    Jurnalistlər bu qərara qəldilər ki, 4DX formatında olan filmlər digərlərdən fərqlənir.

    Rejissorluğu Con Uottsun etdiyi ekran işində baş rollarda Tom Holland, Benedikt Camberbetç, Benedikt Vonq, Ceykob Batalon, Zendaya, Toni Revolori, Marisa Tomey, Ceymi Foks, Alfred Molina və Villem Dafo çəkilib.

  • Beynəlxalq Muğam Mərkəzinin beynəlxalq əlaqələri genişlənir

    Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Macarıstanın Mədəni İrs Evi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

    AZƏRTAC xəbər verir ki, BMM-də keçirilən imzalanma mərasimində mərkəzin direktor, Xalq artisti Murad Hüseynov qonağa təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib.

    Bildirib ki, milli–mədəni irsə dövlətin göstərdiyi diqqət, muğam sənətimizin dünyada təbliği istiqamətində Heydər Əliyev Fondu və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycan musiqisi dünyanı fəth edir.

    Direktor həmçinin musiqinin müxtəlif sahələrində birgə əməkdaşlığın perspektivlərindən söz açıb. Muğam sənəti və milli musiqimizlə bağlı məqamları qonağın diqqətinə təqdim edib. Vurğulayıb ki, BMM öz fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi önəm verir. Bu mənada memorandumun imzalanması Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin genişlənməsinə, hər iki mədəniyyətlərin qarşılıqlı təbliğinə həmçinin muğam sənətinin və bütövlükdə Azərbaycan musiqisinin təbliğinə töhfə verəcək.

    Macarıstanın Mədəni İrs Evinin direktoru Pal İştvan əməkdaşlıq, həmçinin həyata keçirilə biləcək layihələrlə bağlı fikirlərini bölüşüb. BMM ilə Macarıstan musiqi kollektivləri arasında qarşılıqlı olaraq etnik musiqinin təbliği və birgə fəaliyyət istiqaməti mövzusuna toxunan direktor əməkdaşlıq çərçivəsində milli mədəni irs nümunələrini təbliğ edən sərgi, tədqiqat və konsert layihələrin keçirilməsinin zəruriliyini vurğulayıb.

    Görüş zamanı iki təşkilat arasında qarşılıqlı layihələrin təşkili, həm Macarıstan, həm də Azərbaycanda təşkil edilən festivallarda qarşılıqlı sənət mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı hər iki xalqın milli musiqisinin təbliği baxımından qarşılıqlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.

    Qeyd edək ki, Macarıstan Mədəni İrs Evi Macarıstan Mədəni İrs Nazirliyi tərəfindən macar xalq ənənələrini qorumaq və təbliğ etmək məqsədilə yaradılmış milli qurumdur. Qurum macar xalq ənənələri ilə bağlı bütün layihələri dəstəkləyərək təbliğ edir. Xarici dövlətlərlə musiqi sahəsində fəaliyyət göstərən qurumlarla əlaqələrin qurulması və eyni zamanda beynəlxalq əməkdaşlıq BMM-nin də prioritet istiqamətlərindən biridir. Bu günə kimi BMM-nin "Etnomusiqi inciləri" çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni ilə BMM -nin təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib.