Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Musiqili Teatr Nizami Gəncəviyə həsr edilmiş xoreoqrafik kompozisiya hazırlayıb

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı daha bir təqdimata hazırlaşır.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xoreoqrafik kompozisiya dekabrın 1-də saat 19:00-da teatrın kiçik səhnəsində nümayiş olunacaq.

    Videoçarx formatında hazırlanan layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu baletmeysteri Xalq artisti Təranə Muradova, operatorları Kamal Məmmədov, Murad Həsənov və montajçısı Fuad Təhməzovdur.

    Layihənin xoreoqrafı, teatrın quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyev, eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin obrazını yaradıb. SSRİ Xalq artisti Müslüm Maqomayevin ifasında Üzeyir Hacibəylinin “Sənsiz” romansının sədaları altında qurulan kompozisiyada teatrın aktyorları və balet truppasının üzvləri də iştirak edirlər.

  • Rəşad Məcid Türk Ədəbiyyatı Vəqfinin yüksək mükafatına layiq görülüb

    Şair, nasir və publisist, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Türk Ədəbiyyatı Vəqfinin 2021-ci il üçün “Türk Dünyasına Üstün Xidmət” mükafatına layiq görülüb.

    Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, vəqfin başqanı Sərhat Kabaklının bu barədəki açıqlamasında Rəşad Məcidin həm Azərbaycan, həm də türk dünyasında gənc ədiblərin yetişməsinə önəmli töhfələr verməsi, şeir, hekayə janrında yazdığı əsərlərinin onlarla dilə tərcümə olunması, xüsusən, publisistik yazıları ilə türk dünyasının fərqli problemlərini diqqət mərkəzinə çəkməsi üstün cəhətlər kimi vurğulanıb. Həmçinin bildirilib ki, R.Məcid özünün yüksək təşkilatçılığı ilə Azərbaycanın və AYB-nin Türk dünyasının ədəbi mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayıb, onun rəhbərlik etdiyi “525-ci qəzet”də bu istiqamətlər hər zaman xüsusi yer tutub.

    Qeyd edək ki, R.Məcid son 30 ildən artıq bir müddətdə təkcə Türkiyədə deyil, Krımda, Qaqauz elində, Orta Asiya ölkələrində, eləcə də dünyanın digər bir sıra bölgələrində yaşayıb-yaradan türkdilli ədəbiyyat və mədəniyyət xadimlərilə sıx yaradıcı təmaslar qurub. Onların Azərbaycanda tanıdılması, bir çoxunun fəaliyyətinin, əsərlərinin ölkəmizdə ilk dəfə nəşri və təbliği işinə dəyərli töhfələr verib. Türk Ədəbiyyatı Vəqfi, Avrasiya Yazarlar Birliyi, Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) və digər qurumlarla əməkdaşlığı sayəsində R.Məcid həm də Azərbaycan ədəbiyyatının, mədəniyyətimizin Türk dünyasında təbliği naminə ciddi işlər görüb.

    R.Məcidin yaradıcılığı Türkiyə ədəbi mühitində diqqət və maraqla izlənilir. 2016-cı ildə Ankarada Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə R.Məcidin türk dilində nəşr olunmuş "Bir daha gelmeyecek" irihəcmli şeirlər toplusunun, 2017-ci ildə isə ILESAM-ın təşkilatçılığı ilə Ankaradakı Türk Tarix Qurumunun salonunda "Delicesine" kitabının geniş təqdimat mərasimi keçirilib. 2019-cu ilin noyabrında İstanbulda - Türk Ədəbiyyat Vəqfində, 2020-ci ilin yanvarında isə Bakıdakı Yunus Əmrə İnstitutunda R.Məcidin "Kalemsiz yazılanlar" kitabının təqdimatı olub.

    Sözügedən vəqfin seçimində bütün bu cəhətlərə xüsusi diqqətlə yanaşıldığı üçün qurumun rəhbərliyi R.Məcidin 2021-ci il üçün “Türk Dünyasına Üstün Xidmət” mükafatı ilə təltif olunmasına qərar verib.

  • Azərbaycanla Moldova arasında mədəni əlaqələrin inkişafı müzakirə olunub

    Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov bu ölkənin mədəniyyət naziri Serciu Prodan ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, müzakirələr zamanı Qüdsi Osmanov Azərbaycan Respublikasının mədəniyyət naziri adından S.Prodanı Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

    Görüşdə, həmçinin ikitərəfli münasibətlərin perspektivləri müzakirə edilib, iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafının ümumi məqsədi və rəqabətədavamlı yaradıcı sənaye xidmətlərinin inkişafında Azərbaycana yardımın vacibliyi vurğulanıb.

    Müzakirə olunan mövzular arasında Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında Dostluq və əməkdaşlıq haqqında dövlətlərarası müqavilənin yenilənməsi, iki ölkənin mədəniyyət günlərinin təşkilində mədəni təcrübə və qabaqcıl praktika mübadiləsinin təmin edilməsi məsələləri də yer alıb.

  • Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verilib

    UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq Sülh səfiri, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri dünya şöhrətli rəssamı Azərbaycan vətəndaşlığı alması münasibətilə təbrik edib və ona ölkəmizin dünyada layiqli təmsilçiliyində uğurlar arzulayıb.

    Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan vətəndaşlığı alan Xalq rəssamı Avropanın aparıcı dövlətlərindən olan Almaniyada Azərbaycan həqiqətlərinin təbliğ olunmasında əvəzsiz rol oynayır, əsərlərində xalqımızın adət-ənənəsinə geniş yer verir, doğma Azərbaycana həsr etdiyi əsərləri ilə digər xalq və millətlər arasında vətənə, onun tarixinə, təbiətinə və mədəniyyətinə sevgi aşılayır.

    Təsadüfi deyil ki, zəngin yaradıcılıq bioqrafiyası olan Ə.Heybətovun əsərlərinin toplandığı “Qarabağa gedən 44 günlük yol”, “Xocalı faciəsi” jurnal-kataloqlar və “Almaniyadan 100 rəsm” adlı kitab, eləcə də rəssamın ərsəyə gətirdiyi Vətən müharibəsində zəfəri tərənnüm edən genişmiqyaslı panno böyük marağa səbəb olub.

    Azərbaycan vətəndaşlığı almasından böyük sevinc hissi ilə danışan rəssam ölkə başçısına minnətdarlığını ifadə edib, bundan sonra da yaradıcı gücünü Azərbaycan naminə sərf edəcəyini, ölkəmizi layiqincə təmsil edəcəyini diqqətə çatdırıb.

    Ə.Heybətovun Azərbaycan vətəndaşlığı alması bilgi sahibi və daşıyıcısı olan insanlarımızın bilik və təcrübələrini, intellektual potensiallarını həm də Ana Vətənlə bölüşmələrinin ən gözəl nümunələrindən biridir.

  • Bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş silsilə konsertlər təqdim olunacaq

    Dekabrın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Azərbaycan Respublikasının Xalq artisti, professor, bəstəkar Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində konsertlər keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, təqdim olunan konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu və Azərbaycan Dövlət Simli Kvarteti çıxış edəcək.

    Dekabrın 8-də bəstəkarın fortepiano və tar üçün yazılmış əsərlərindən ibarət konserti keçiriləcək. Konsertdə Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı Sahib Paşazadənin solo ifası və Sevinc Kərimovanın müşayiəti ilə bəstəkarın əsərləri təqdim olunacaq.

  • Florensiyada festivalda Şuşa və Şəki şəhərləri ilə bağlı təqdimatlar olub və fotosərgi açılıb

    Avropa Parlamentinin yüksək himayədarlığı, “Romualdo Del Bianco” Fondunun və “Life Beyond Tourism” Hərəkatının təşkilatçılığı ilə Florensiyada keçirilən “Dünya Mədəni özünüifadə Festivalı” çərçivəsində Şuşa və Şəki şəhərləri ilə bağlı təqdimatlar olub və fotosərgi nümayiş etdirilib.

    AZƏRTAC xəbər verir ki, beş il ərzində keçirilməsi nəzərdə tutulan festivalın builki ilk tədbirində İtaliya və Azərbaycan, Kamerun, Çin, Hindistan, Gürcüstan, Yaponiya, Rusiya, Çexiya, Slovakiya, Litva, Polşa, Hindistan kimi 10-dan çox ölkədə 45-dək şəhər və məkanla bağlı təqdimatlar keçirilib və mütəxəssislər tərəfindən turizm sahəsində aktual mövzularda çıxışlar olub.

    “Life Beyond Tourism - Travel to Dialogue” keçirdiyi tədbir bir sıra beynəlxalq qurumlar, iştirakçı ölkələrin təşkilat və universitetlərinin himayəsi ilə baş tutub. Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri fəal iştirak ediblər.

    Tədbir çərçivəsində Şuşa və Şəki şəhərləri ilə bağlı təqdimatlar keçirilib. Belə ki, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri “Şuşa - dağlardan gələn səsin harmoniyası”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri isə “Şəkinin mədəni və memarlıq irsi” mövzularında təqdimatlarla çıxış ediblər. İştirakçılara Şuşa və Şəkinin tarixi, burada mövcud olan mədəni, milli, dini irs nümunələri, yerli mətbəx, ictimai xadimlər və sair barədə məlumat verilib.

    AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri professor Səbinə Hacıyeva COVID-19 pandemiyasının mədəni irs obyektlərinin bərpası və fəaliyyətinə təsiri ilə bağlı təqdimatla çıxış edib, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni irsimizə dəyən zərərlə bağlı bir sıra məqamlara toxunub.

    Festival çərçivəsində cari il noyabrın 25-28-də Florensiyanın intibah binalarından hesab edilən Palazzo Medici Riccardi sarayında İtaliya və Azərbaycan da daxil olmaqla, 10-dan çox ölkədə müxtəlif şəhər və məkanlarla bağlı fotosərgi nümayiş etdirilib. İştirakçılar öz smartfonları vasitəsilə NFC texnologiyasından istifadə etməklə sərgidə nümayiş olunan müxtəlif şəhərlər, o cümlədən Şuşa və Şəki şəhərləri və oradakı mədəni irs nümunələri və turizm obyektləri ilə bağlı “Life Beyond Tourism - Travel to Dialogue” təşkilatının saytındakı müxtəlif məlumatlarla tanış olmaq imkanı əldə ediblər.

    Tədbirdə iştirak edən Azərbaycanın İtaliyadakı səfirliyinin birinci katibi Nemət Əliyev təşkilatçılara təşəkkür edərək ölkəmizin mühüm şəhərlərinin dünya intibahının beşiyi sayılan Florensiyada təşviq etmək imkanının yüksək qiymətləndirildiyini qeyd edib. Eyni zamanda, festivalda Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin intibahında oynadığı rol vurğulanıb, işğal dövründə şəhərin və buradakı mədəni irs nümunələrinin əksəriyyətinin dağıdıldığı və vandalizmə məruz qaldığı qeyd edilib. Şuşanın Azərbaycan mədəniyyətinin beşiyi olması və şəhərin işğaldan azad edildikdən dərhal sonra Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı məlumat verilib, Şuşa ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün İtaliyada görülən işlərə toxunulub və bu xüsusda cari il noyabrın 8-də Azərbaycanın İtaliyadakı səfirliyinin təşkil etdiyi Zəfər Günü ilə bağlı tədbirdə italyan dilində nəşr olunan “Şuşa” kitabının təqdimatının keçirildiyi bildirilib.

    Qeyd edək ki, festival müxtəlif məkanların tipik mədəni özünüifadələrini, yerli icmaların mədəni maarifləndirilməsini təşviq etmək, rəqəmsal platformalarla onların beynəlxalq cəlbediciliyini artırmaq, turizmdən inklüzivlik, həmrəylik və mədəniyyətlərarası dialoq naminə yararlanmaq məqsədi daşıyır.

  • Şuşada Aşağı Gövhərağa məscidində bərpa işləri davam edir

    Şuşada Aşağı Gövhərağa məscidində bərpa işləri davam edir.

    Bu barədə Report-a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.

    Xatırladaq ki, məscid İbrahim xanın xeyriyyəçi qızı Gövhərnisə xanımın vəsaiti ilə 1874-75-ci illərdə tikilib. Dini ibadət yeri işğal dönəmində ermənilər tərəfindən dağıdılıb. Məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir.

  • Bəstəkarlar İttifaqında Tofiq Bakıxanovun və Azər Dadaşovun yubiley tədbirləri keçiriləcək

    Dekabrın ilk ongünlüyündə Azərbaycan Bəstəkarlar İttifaqının iş planı tədbirlərlə zəngindir. Belə ki, ittifaq Azərbaycanın iki görkəmli bəstəkarının - Tofiq Bakıxanovun 90 illik və Azər Dadaşovun 75 illik yubileyləri ilə bağlı geniş proqram hazırlayıb.

    Bəstəkar İttifaqından AZƏRTAC-a bildirilib ki, dekabrın 1-dən 8-dək Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçiriləcək. Onu da qeyd edək ki, T.Bakıxanovun 90 yaşı 2020-ci ildə pandemiya dövrünə təsadüf etdiyinə görə təxirə salınmış və bu il geniş surətdə qeyd edilir.

    Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda görkəmli tarzən-pedaqoq Əhməd Bakıxanovun ailəsində dünyaya gəlib. O, uşaq yaşlarından skripka alətində təhsil almağa başlayır və öz çalğısı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin diqqətini cəlb edərək, onun xeyir-duası ilə böyük sənətə qədəm qoyur, keçmiş sovet məkanında istedadlı skripka ifaçısı kimi tanınır. Azərbaycan Dövlət Konservatoriyasında T.Bakıxanov zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin bəstəkarlıq sinfində təhsil alır, onun ənənələrini dərindən mənimsəyərək, özünəməxsus musiqi üslubu ilə diqqəti cəlb edir.

    T.Bakıxanov üç birpərdəli baletin, üç musiqili komediyanın, 8 simfoniyanın, 5 simfonik muğamın, müxtəlif çalğı alətləri üçün 24 konsertin, çox saylı simfonik, kamera-instrumental və vokal əsərlərin müəllifidir. Onun müxtəlif janrlı, rəngarəng məzmunlu əsərləri ifaçıların repertuarına daxil olaraq, həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda (Fransa, Rusiya, Türkiyə, Kipr, İran və s.) teatr və konsert salonlarının bəzəyi olub.

    Bəstəkarın 90 illiyi ilə əlaqədar keçirilən festivalın proqramı rəngarəngdir. Dekabrın 1-də Milli Kitabxanada T.Bakıxanovun anadan olmasının 90 və yaradıcılıq fəaliyyətinin 70 illiyi ilə bağlı not nəşrləri və kitablarından ibarət sərgi olacaq. Dekabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında iki balet - “Xəzər balladası”, “Xeyir və Şər” nümayiş olunacaq. Dekabrın 6-da və 8-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında iki tədbir - T.Bakıxanovun kamera-instrumental əsərlərindən, həmçinin tar və fortepiano üçün əsərlərindən ibarət konsert səslənəcək. Dekabrın 7-də isə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Tofiq Bakıxanovun Fortepiano və skripka üçün birinci konsertinin nəşrinin təqdimatı, eləcə də bəstəkarın 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.

    Digər yubilyar, Xalq artisti, professor Azər Dadaşovun 75 illiyi dekabrın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında elmi konfrans və konsert proqramı ilə qeyd olunacaq.

    Azər Dadaşov 1946-cı il dekabrın 1-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasının məzunu olub, böyük bəstəkarımız Qara Qarayevin tələbəsi olmuşdur. A.Dadaşov xüsusilə simfonik, kamera-instrumental və xor musiqisi sahəsində Azərbaycan musiqisinə böyük töhfələr verib. O, 14 simfoniyanın, müxtəlif janrlı simfonik və kamera-instrumental əsərlərin müəllifidir. Onu da qeyd etmək lazımdır ki, A.Dadaşov müasir dövrdə yeganə bəstəkardır ki, onun böyük miqdarda fortepiano əsərləri musiqi təhsili ocaqlarında tədris proqramlarında mühüm yer tutaraq, dönə-dönə konsertlərdə ifa olunur. Təsadüfi deyil ki, mütəmadi olaraq, respublikanın musiqi məktəbləri arasında A.Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçılarının müsabiqəsi keçirilir.

    Həmçinin bu il Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən A.Dadaşovun vətənpərvərlik mövzusunda xor əsərlərinin ifaçılarının onlayn müsabiqə-festivalı da təşkil olunub. Pandemiya şəraitini nəzərə alaraq, A.Dadaşovun 75 illiyinə həsr olunmuş yubiley tədbirində xor kollektivlərinin kiçik tərkibdə iştirakı, kamera-instrumental əsərlərin ifaçılar tərəfindən səsləndirilməsi, eyni zamanda, musiqişünas-alimlərin bəstəkarın yaradıcılığı haqqında müxtəlif səpkili elmi araşdırmaları təqdim olunacaq.

  • Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkarın abidəsi ucaldılacaq.

    Abidənin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılıb.

    Qeyd edək ki, Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O, çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb. Aşıq Ələsgər 1926-cı il martın 7-də doğulduğu kənddə vəfat edib, Ağkilsə qəbiristanlığında dəfn olub.

    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hazırda ölkəmizdə Aşıq Ələsgərin anadan olmasının 200 illiyi silsilə tədbirlərlə qeyd edilir.

  • Narkotik sərhədsiz fəlakətdir

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə “Narkotik sərhədsiz fəlakətdir” adlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva narkomaniyanın ictimai təhlükəliliyini, insanların fiziki və psixi sağlamlıqlarını ciddi şəkildə pozmasını, ruh düşgünlüyü yaratmasını, intellektual səviyyəni, ictimai fəallığı, sosial əlaqələri pozub-parçalamasını qeyd etdikdən sonra “Narkomaniya amansız fəlakətdir” adlı videoçarx nümayiş olunub.

    Həkim-narkoloq, yazıçı Asif Kəngərli ilk “Bəla” adlı kitabının yazılma tarixi, əsas mövzusu, Fyodor Dostoyevski adına mükafata, “Müqəddəs Anna” ordeninə layiq görülməsi haqqında məlumat verib.

    Çıxışının sonunda “Kremlin memarı-Kərəmli”, “Наркотики- “оружие” уничтожения семьи”, “Веда”, “Все о табакокурении”, “Алкоголь- враг здорового образа жизни” adlı kitablarından bir neçə nüsxə kitabxananın kitab fonduna hədiyyə edib.

    Psixoloq Aygün Kərəmova narkotik vasitələrə meyilin yaranma səbəbləri, bu sahədə ətraf mühitin çox böyük rolu, müalicə yolları və üsulları, dərman terapiyası, musiqi terapiyası, ebru terapiya, psixoloji seanslar mövzusunda çıxış edib.

    MTV Azərbaycan kanalının aparıcısı Gülnar Şəhriyarlı çıxışında narkomaniyanın insanları nəyə sövq etməsi mövzusunda mütəmadi şəkildə verilişlər hazırlanmasını xüsusi vurğulayıb.

    Tədbirə mövzu ətrafında sualların cavablandırılması və “Narkomaniya əsrin bəlasıdır” adlı kitab sərgisinə baxışla yekun vurulub.